200 km-dən çox sahil xətti: Bakı dünyanın ən geniş şəhərlərindən biridirmi? – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

200 km-dən çox sahil xətti: Bakı dünyanın ən geniş şəhərlərindən biridirmi? – FOTO

16:40 - 31 / 03 / 2022
200 km-dən çox sahil xətti: Bakı dünyanın ən geniş şəhərlərindən biridirmi? – FOTO

First News (1news.az) redaksiyasına Bakı sakinindən bir məktub daxil olub. Məktubda şəhərimizin sahil zolağının uzunluğuna görə dünyanın ən geniş şəhərlərindən biri sayıla biləcəyi qeyd olunub.

Məktubun müəllifi 47 yaşlı Elyar Hüseynovun təxmini hesablamalarına görə, Bakının sahil zolağının uzunluğu 200 km-dən çoxdur.

“Əgər bu doğrudursa, o zaman Xəzər dənizinin qoynunda yerləşən Bakı şəhərinin sahil xətti dünyanın dəniz və okeanların sahilində yerləşən bir çox şəhərlərindən xeyli böyükdür.

Bu faktın təsdiqi şəhərimizin reytinqinə və turist cəlbediciliyinə yaxşı təsir göstərə bilər. Bu məlumatlar turist broşürlərinə, Bakı ilə bağlı coğrafiya dərsliklərinə, ensiklopediyalara və s. əlavə edilə bilər”.

Müəllif Bakının genişliyinə görə hətta Ginnesin Rekordlar Kitabına düşməyə namizəd ola biləcəyini də istisna etmir.

Elyar Hüseynov öz ehtimalını onunla əsaslandırır ki, Bakı şəhərinin inzibati sərhədlərinə cənub tərəfdən Qaradağ rayonunun Ələt qəsəbəsi, şimal tərəfdən isə Sabunçu rayonunun yaşayış məntəqələri daxildir. Pirallahı rayonunun adaları da şəhərə aiddir.

Bakıdakı 6 saylı məktəbdə və Azərbaycan Neft Akademiyasında təhsil alan, daha sonra isə Almaniyanın Bonn Universitetinin məzunu olan Elyar Hüseynov hazırda şəxsi bizneslə məşğuldur və peşəkar olaraq kartoqrafiya ilə heç bir əlaqəsi yoxdur. Bakının genişliyi və şəhərin sahil xəttinin uzunluğu məsələsi onu ancaq şəhərin bir sakini kimi maraqlandırır.

First News-un (1news.az) redaktoru vasitəsilə Elyar Hüseynovun adından “AzərKosmos” ASC-yə kosmosdan çəkilmiş şəkillərdən istifadə etməklə Bakının sahil zolağının dəqiq hesablanmasına köməklik göstərilməsi xahişi ilə müraciət edilib. Orada sorğuya baxılaraq təsdiq edilib ki, Bakı şəhərinin sahil zolağının uzunluğu ona inzibati cəhətdən aid olan bütün yaşayış məntəqələri ilə birlikdə 282,7 km-dir. Abşeron sahillərində yerləşən kiçik adaları da nəzərə alsaq, bu rəqəm 400 km-dən çoxdur.

Şəklin mənbəyi: AzərKosmos

Çoxsaylı reytinqlərə görə, Mexiko (Meksika), Soçi (Rusiya Federasiyası), Krivoy Roq (Ukrayna), Pekin (Çin) və Tokio (Yaponiya) dünyanın sahil xəttinə görə ən geniş şəhərləri hesab olunur. Bu reytinqin lideri - Mexiko şəhərinin ərazisi 200 km boyunca uzanır.

Azərbaycanın Ekologiya və Təbii Sərvətlər nazirinin müşaviri Rasim Səttarzadə 1news.az-a bildirib ki, Bakının uzun sahil zolağı boyunca çoxlu sayda qumlu çimərliklər və istirahət zonaları yerləşir ki, bu da həm estetika, həm də istirahət baxımından böyük üstünlükdür:

“Digər tərəfdən, böyük şəhərin yaxınlığında sahil xəttinin böyük uzunluğu qaçılmaz olaraq antropogen amillərin güclü təsiridir ki, bu da sahil və dənizin ekologiyasını qorumaq üçün daha çox səy tələb edir”, o əlavə edib.

Bakının sahil zolağı məsələsinə münasibət bildirmək xahişi ilə professor Məqsəd Qocamanovun rəhbərlik etdiyi Bakı Dövlət Universitetinin Geodeziya və Xəritəçəkmə kafedrasının (Coğrafiya fakültəsi) kollektivinə müraciət etdik. Şöbənin mütəxəssisləri tərəfindən aparılan ölçmələr Elyar Hüseynovun nəticələrini cüzi fərqlə təsdiqlədi.

Fotoda: Elyar Hüseynov

BDU mütəxəssislərinin yazılı cavabında deyilir:

“Bildiyiniz kimi, Bakı şəhəri öz inzibati ərazi dairəsi üzrə 12 rayondan ibarətdir və Abşeron yarımadasının demək olar ki, bütün ərazisində yerləşir. Bakının 9 inzibati rayonunun sahil zolağı Xəzər dənizinin suları ilə yuyulur.

Sahil xəttini yoxlamaq üçün Google vasitəsilə 1:100.000 miqyaslı topoqrafik xəritədən və Google-nin peyk görüntülərindən istifadə etdik. Yoxlama MapInfo xəritəçəkmə proqramından istifadə etməklə həyata keçirilib. İlk olaraq Mapİnfo-nun köməyi ilə Binəqədi və Qaradağ rayonlarının sahil zolağı ilə bağlı bəzi şübhələr yaradan məlumatlar yenidən yoxlanılıb.

Əldə edilmiş ölçmələr Elyar Hüseynovun nəticələrini kiçik fərqlə təsdiqləyib: Binəqədi rayonunun sahil zolağı 11,4 km, Qaradağ rayonunun sahil zolağı isə 117,1 km təşkil etdi. Bizi yalnız Bakı şəhərinin sahil boyu uzunluğu maraqlandırdığından adaların (Pirallahı rayonu) sahil xəttinin uzunluğu nəzərə alınmayıb”.

Bu məsələ ayrı-ayrı mütəxəssislər, təşkilatlar və ya dövlət qurumları tərəfindən maraq doğurarsa, First News redaksiyası bu məsələ ilə bağlı bütün fikirləri dərc etməyə hazırdır.

Yelena Ostapenko

Paylaş:
1507

Son xəbərlər

Bütün xəbərlər