Həqiqi hərbi xidmətə könüllü daxil olanlar icbari narkoloji müayinədən keçəcək
Həqiqi hərbi xidmətə könüllü daxil olanların və kadr-zabit heyətinə könüllü daxil olanların icbari narkoloji müayinədən keçməsi nəzərdə tutulur.
1news.az-ın məlumatına görə, bu barədə məsələ parlamentin bu gün keçirilən iclasında birinci oxunuşda müzakirəyə çıxarılan “Narkoloji xidmət və nəzarət haqqında” və “Hərbi qulluqçuların statusu haqqında”, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında”, ”Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunlarda və “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili xidmət nizamnaməsi”ndə dəyişiklik edilməsi barədə qanun layihəsində əksini tapıb.
Qeyd edilib ki, “Narkoloji xidmət və nəzarət haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində və “Hərbi qulluqçuların statusu haqqında”, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında”, ”Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunlarda və Azərbaycan Respublikasının 1994-cü il 23 sentyabr tarixli 887 nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili xidmət nizamnaməsi”ndə dəyişiklik edilməsi barədə” qanun layihəsində dəyişikliklər, narkomanlığın erkən müəyyən edilməsi və profilaktikası məqsədilə hazırlanıb.
Hər iki sənəddə müddətli həqiqi hərbi xidmətə çağırılan şəxslərin, həqiqi hərbi xidmətdə olan hərbi qulluqçuların, bağlaşma əsasında həqiqi hərbi xidmətə könüllü daxil olanların və kadr zabit heyətinə könüllü daxil olanların icbari narkoloji müayinədən keçməsi məsələlərinin hüquqi əsasları müəyyən olunub.
Müzakirələrdən sonra dəyişikliklər səsverməyə qoyularaq qəbul edilib.