Qanunsuz heyvan kəsiminə qarşı reydlər keçirilib
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkədə heyvan kəsiminin müasir tələblərə uyğunlaşdırılması, müasir kəsim məntəqələrinin təşkil olunması və qanunsuz heyvan kəsimi fəaliyyətinin qarşısının alınması istiqamətində nəzarət tədbirlərini davam etdirir.
AQTA-dan 1news.az-a verilən məlumata görə, nəzarət tədbirləri çərçivəsində Agentlik müfəttişləri tərəfindən Rayon İcra Hakimiyyətinin və Rayon Polis İdarəsinin əməkdaşları ilə birgə Qaradağ rayonu, Sahil qəsəbəsində fəaliyyət göstərən məntəqələrdə keçirilən reydlər zamanı qanunsuz heyvan kəsiminin və ət satışının həyata keçirildiyi aşkar edilib. Faktlarla bağlı məntəqə sahiblərinə ciddi xəbərdarlıq edilib, yol kənarlarında qanunsuz olaraq quraşdırılmış, qida təhlükəsizliyi tələblərinə uyğun olmayan bir sıra kəsim qurğuları yerli icra orqanlarının əməkdaşları tərəfindən sökülüb.
Agentlik bir daha qanunsuz heyvan kəsimi fəaliyyəti ilə məşğul olan şəxsləri qanunvericiliyin tələblərinə əməl etməyə və qanunazidd fəaliyyətdən yayınmağa çağırır.