Məzahir Əfəndiyev: “Brüssel görüşü Azərbaycanın regionda real güc sahibi olduğunu bir daha göstərdi”
2020-ci il İkinci Qarabağ – Vətən Müharibəsindən sonra bir ildən artıq müddət ərzində Azərbaycan uğurlu xarici siyasəti ilə Böyük Sülh Sazişinin imzalanmasını, habelə regionda yeni quruculuq dövrünün başlanmasının vaxtı olduğunu ikitərəfli və çoxtərəfli beynəlxalq görüşlərdə mövqe kimi nümayiş etdirmişdir.
Eyni zamanda postmüharibə çağırışlarını da nəzərə alaraq Azərbaycanın çoxvektorlu xarici siyasətində ölkəmizin sülh və ədalət prinsiplərinin dönməz olduğu bir daha xarakterizə olunur. Bu prosesə şəxsən Prezident İlham Əliyevin rəhbərliyi baş tutan bütün görüşlərin əhəmiyyətini daha da artırır.
Cənab Prezidentin görüşləri və apardığı danışıqlar nəticəsində postmüharibə dövründə yeni format yarandı. 26 noyabr 2021-ci il tarixindəki Soçi görüşündən sonra 14-15 dekabr 2021-ci il tarixlərində Cənab Prezidentin Avropa İttifaqı tərəfindən təklif və təşkil olunan Brüssel səfəri çərçivəsində ilk üçtərəfli görüşü, habelə 06 aprel 2022-ci il tarixli səfəri ilə Brüssel sülh gündəliyinin əsası qoyuldu.
Görüşdən bir gün öncə Amerika Birləşmiş Ştatlarının Dövlət Katibi Antoni Blinkenin Prezident ilham Əliyevə zəngi bu görüşün doğrudan da diqqət mərkəzində olduğunu sübut etdi.
4 saat yarımdan artıq davam edən görüşün nəticəsi olaraq Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi üzrə danışıqlara başlanılması, bu istiqamətdə işçi qrupunun yaradılması, Azərbaycanın irəli sürdüyü 5 maddədən ibarət təklif, müzakirə olunan digər məsələlər ölkəmizin ərazi bütövlüyünün, eyni zamanda regionda sülh və əmin-amanlığın tam təmin olunmasına hesablanmışdır.
Həmçinin görüşün yekununa dair səslənən bəyanatda Avropa İttifaqı tərəfindən işğaldan azad olunmuş ərazilərin minalardan təmizləmə, itkin düşmüş şəxslərin tapılması, eləcə də quruculuq işlərində ölkəmizə dəstək göstərilməsi kimi məqamların yer alması da təqdirəlayiqdir.
Baş verən bu proseslər artıq Avropa İttifaqının əldə etdiyimiz tarixi Qələbədən sonra Cənubi Qafqazda yaranmış yeni geosiyasi reallığı qəbul etməsinin əyani sübutudur. Avropa İttifaqının dəstəyi ilə Ermənistan və Azərbaycan arasında birbaşa danışıqları nəzərdə tutan yeni mexanizm və format yaranmışdır.
Şarl Mişelin Prezident İlham Əliyevlə yaxın təmasları, ümmumiyyətlə son iki ayda Azərbaycan Prezidenti ilə dünya liderləri, dövlət və hökumət başçıları arasında dialoq, telefon danışıqları, Prezident İlham Əliyevə ünvanlanmış məktublar dövlət başçımızın dünyada böyük nüfuz sahibi olduğunun, eyni zamanda Azərbaycanın Cənubi Qafqazda sülhün bərqərar olmasında əsas faktor olduğunun göstəricisidir.
Həyata keçirilmiş bütün görüşlər, əldə olunmuş birgə razılaşmalar 10 noyabr 2020-ci il tarixində imzalanmış bəyanatın bütün bəndlərinin tam icrasını da bir daha vacib edir.
Postmüharibə mərhələsinin başlanğıcında Azərbaycanın xarici siyasəti və diplomatiyasında demək olar ki, bütün dövlət maraqlarının nəzərə alınması Prezident İlham Əliyevin əldə etdiyi növbəti qələbədir.
Cənab Prezidentin danışıqlarda nümayiş etdirdiyi qətiyyətli mövqeyi, ölkəmizin beynəlxalq hüquqa söykənmiş sülh müqaviləsinə dair şərtləri artıq Azərbaycanın regionda real güc sahibi olduğunu deməyə əsas verir.
Məzahir Əfəndiyev,
Azərbaycan Respublikası
Milli Məclisinin deputatı