Ağdaban soyqırımından keçən 30 il və dünya birliyinin ədalətsizliyi – TƏHLİL | 1news.az | Xəbərlər
Siyasət

Ağdaban soyqırımından keçən 30 il və dünya birliyinin ədalətsizliyi – TƏHLİL

16:45 - 08 / 04 / 2022
Ağdaban soyqırımından keçən 30 il və dünya birliyinin ədalətsizliyi – TƏHLİL

Ermənilər dəfələrlə azərbaycanlılara qarşı soyqırımları, kütləvi qırğınlar həyata keçiriblər. Onlardan biri də Ağdaban soyqırımıdır.

1992-ci il aprelin 7-dən 8-nə keçən gecə Ermənistan silahlı qüvvələri və Qarabağdakı erməni hərbi birləşmələri Kəlbəcər şəhərindən 56 km şimal-şərqdə yerləşən Ağdaban kəndinin sakinlərinə qarşı vəhşiliklər törədib.

130 evdən ibarət olan kəndin işğalı zamanı evlərin hamısı yandırılıb, 779 dinc sakinə divan tutulub. 67 sakin müxtəlif işgəncələrlə qətlə yetirilib. Həmin gün 90-100 yaşlı 8 qoca, 2 uşaq, 7 qadın diri-diri yandırılıb, 12 nəfərə ağır bədən xəsarəti yetirilib, 2 nəfərin taleyi haqqında isə indiyədək heç bir məlumat yoxdur.

Kəndin işğalı zamanı ermənilər tərəfindən tarixi-memarlıq və mədəniyyət abidələri dağıdılıb, Türk-İslam dövrünə aid ziyarətgah və məzarlıq məhv edilib. Azərbaycanın aşıq şeirinin ustadı Aşıq Qurbanın və oğlu Aşıq Şəmşirin əlyazmaları, o cümlədən ev muzeyi yandırılıb.

Ağdaban qətliamından sonra daha da azğınlaşan ermənilər azərbaycanlılar yaşayan digər kəndlərdə də qətliamlar törədiblər.

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Ağdaban soyqırımının 30-cu ildönümü ilə əlaqədar yaydığı bəyanatda bildirib ki, Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Ağdaban kəndində ermənilər tərəfindən soyqırım cinayəti, habelə mədəni irsə qarşı vandalcasına dağıntılar törədilməsi nəticəsində insan hüquqları sahəsində mövcud olan beynəlxalq sənədlərin tələbləri kobud şəkildə pozulub:

“Beynəlxalq təşkilatları və dövlətləri Ağdaban soyqırımını törətmiş cinayətkarların ədalət mühakiməsi qarşısında cəzalandırılması üçün qətiyyətli addımlar atmağa, bu qətliamı soyqırım və bəşəriyyətə qarşı törədilmiş cinayət aktı kimi tanımağa çağırıram”.

Bəyanat BMT-nin Baş Katibinə, BMT-nin Təhlükəsizlik Şurasına, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarına, BMT-nin Qaçqınlar üzrə Ali Komissarına, BMT-nin İnsan Hüquqları Şurasına, UNICEF-in, UNESCO-nun, Avropa İttifaqının, Avropa Şurasının, ATƏT-in rəhbərlərinə, Beynəlxalq və Avropa Ombudsmanlar İnstitutlarına, Asiya Ombudsmanlar Assosiasiyasına, İslam Əməkdaşlıq Təşkilatına və bu quruma üzv dövlətlərin Ombudsmanlar Assosiasiyasına, İslam Əməkdaşlıq Təşkilatının Müstəqil Daimi İnsan Hüquqları Komissiyasına, Avropa Uşaq Hüquqları Ombudsmanları Şəbəkəsinə, Beynəlxalq Sülh Bürosuna, müxtəlif ölkələrin ombudsmanlarına və milli insan hüquqları institutlarına, Azərbaycan Respublikasının xarici ölkələrdəki və xarici ölkələrin respublikamızdakı səfirliklərinə, Azərbaycanın diaspor təşkilatlarına göndərilib.

Siyasi elmlər doktoru Vüqar Rəhimzadə Ağdaban faciəsinin ildönümü ilə bağlı 1news.az-a açıqlamasında bildirib ki, bu faciə Ermənistanın Azərbaycana təcavüzünün ən qanlı səhifələrindən biri, insanlıq əleyhinə ən böyük cinayətdir: “Ağdaban 1993-cü ildə ikinci dəfə ermənilərin hücumuna, vəhşiliklərinə məruz qalıb. Kəndin ikinci dəfə işğalı Kəlbəcərin tamamilə zəbt olunmasına şərait yaratdı. Belə ki, Kəlbəcər hər tərəfdən mühasirəyə alınaraq 1993-cü il aprelin 3-də erməni silahlı qüvvələri tərəfindən tamamilə işğal edildi”.

V.Rəhimzadə bildirib ki, iki ilə yaxındır ki, artıq torpaqlarımızın işğal deyil, işğaldan azad edildikləri tarixləri qeyd edirik. Bununla yanaşı, faciələrimizi, ermənilərin törətdikləri təxribatları, vəhşilikləri unutmur, onların dünya ictimaiyyətinə çatdırılması istiqamətində bütün səylərimizi birləşdiririk.

V.Rəhimzadə 44 günlük Vətən müharibəsində tarixi Qələbəmizi, Ermənistanın məğlubiyyətini təsdiqləyən 10 noyabr üçtərəfli Bəyanatının imzalanmasından sonra Kəlbəcərin, Ağdamın və Laçının boşaldılmasına diqqəti yönəldib:

“Mənfur düşmən Bəyanata uyğun olaraq Kəlbəcəri noyabrın 15-də boşaltmalı idi. Lakin vaxt məhdudiyyətini əsas gətirərək Rusiyanın vasitəsilə Azərbaycandan 10 gün əlavə vaxt istədi. Azərbaycan dövləti yenə də öz humanizmini nümayiş etdirərək vaxtı noyabrın 25-dək uzatdı. Ermənilərin Kəlbəcəri tərk etmələri ilə bağlı görüntüləri izləyəndə adamı dəhşət bürüyür. Bu vandalizm bir daha Azərbaycanın 30 il hansı vəhşi ilə üz-üzə qaldığını dünyaya göstərdi. Belə ki, qanunsuz yaşadıqları əraziləri - Azərbaycan torpaqlarını tərk edən ermənilər təhlükəsiz şəkildə, atəşə məruz qalmadan rahatlıqla əşyalarını götürür, hətta evlərin dam örtüyünü, pəncərə çərçivələrini çıxarıb aparırdılar. Bununla yanaşı, yaşadıqları və yaşamadıqları evləri yandırır, meşələrə od vurur, vandallıq edirdilər. 27 il əvvəl buradan qovulmuş azərbaycanlıların evlərində yaşayan mənfur düşmən həmin evlərə od vuraraq tərk etdi.

Azərbaycanlıların və ermənilərin Kəlbəcəri tərk etməsinin müqayisəsi ortada dəhşətli fərqin olduğunu üzə çıxarır. Azərbaycan tərəfi Kəlbəcərdəki erməni hərbi birləşmələrinin ərazidən çıxması üçün humanitar qaydalara tam uyğun olaraq, əvvəlcədən razılaşdırılmış müddət təyin etdi. Lakin 1993-cü ildə rayonun azərbaycanlı əhalisi oradan zorakılıqla qovulub, dağ yolları ilə, ayaqyalın, piyada şəkildə erməni təcavüzkarlarından qaçmağa çalışıb. Onların bir çoxu qırğına məruz qaldı, atəşə tutuldu, cəsədləri belə təhqir edildi. Nəticədə Kəlbəcərdə 500-dən çox dinc sakin həlak oldu, yüzlərlə insan girov götürüldü və ya itkin düşdü. Azərbaycan əhalisi özü ilə heç nə götürə bilməyib, sakinlərin bütün əmlakı işğalçı Ermənistan ordusu tərəfindən qarət olunub”.

Qeyd edək ki, Birinci Qarabağ müharibəsində 4000-ə yaxın azərbaycanlı itkin düşüb və ermənilər hələ də onlar haqqında məlumat verməkdən imtina edir. Çünki onların demək olar ki, hamısı erməni vəhşiləri tərəfindən işgəncələrə məruz qalaraq qətlə yetiriliblər. Buna görə də ermənilər onların taleyi haqqında məlumatları gizlətməyə çalışırlar. Lakin ermənilərin vaxtilə işğal etdikləri ərazilərdə törətdikləri vəhşilikləri, kütləvi qətlləri işğaldan azad olunandan sonra aşkar edilən kütləvi məzarlıqlar da sübut edir.

Xatırladaq ki, bu ilin fevral ayında Xocavəndin Edilli, mart ayında isə Xocalı rayonunun Fərrux kəndlərində qazıntı işləri aparılarkən insan meyitlərinin qalıqları aşkarlanıb. Zaman keçdikcə digər ərazilərdə də bu cür kütləvi məzarlıqların aşkar olunacağı şübhə doğurmur.

Prezident İlham Əliyev itkin düşən soydaşlarımızın taleyi və kütləvi məzarlıqlar məsələsini daim diqqətdə saxlayır. Məlumdur ki, ötən il dekabrın 14-də Brüsseldə Azərbaycan prezidenti İlham Əliyevin Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel və Ermənistan baş naziri Nikol Paşinyanl birgə görüşü keçirilib. Görüşdə bir sıra önəmli məsələlər müzakirə olunub. Görüşdə Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin minalardan təmizlənməsi məsələsi gündəliyə gətirilib. Eyni zamanda, Şarl Mişelin adından yayılan bəyanatda daha bir mühüm məqam o oldu ki, ilk dəfə olaraq Avropa İttifaqının gündəliyinə itkin düşmüş şəxslər mövzusu salınıb və onların taleyinə aydınlıq gətirilməsinin zəruriliyi qeyd olunub.

Bunun ardınca cari il fevralın 4-də Fransa prezidenti Emmanuel Makronun təşəbbüsü ilə prezident İlham Əliyevin, Fransanın Avropa İttifaqına sədrliyi qismində Emmanuel Makronun, Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin və Nikol Paşinyanın iştirakı ilə videoformatda görüş keçirilib. Müzakirələr zamanı prezident İlham Əliyev Birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş şəxslərin taleyinin, kütləvi məzarlıqların yerinin müəyyənləşdirilməsi məsələsinə də toxunub. Dövlət başçısı Birinci Qarabağ müharibəsi zamanı 71-i uşaq, 267-si qadın və 326-sı ahıl olmaqla ümumilikdə 3890 Azərbaycan vətəndaşının itkin düşməsini qabardıb.

Fevralın 23-də Moskvada TASS agentliyinin mənzil-qərargahında Rusiyanın aparıcı kütləvi informasiya vasitələrinin rəhbərləri ilə görüşdə də prezident İlham Əliyev itkin düşən soydaşlarımızla bağlı məsələyə toxunub:

“İkinci Qarabağ müharibəsindən sonra işğaldan azad etdiyimiz ərazilərdə 1700-dən çox həlak olmuş erməni hərbi qulluqçusu bizim tərəfimizdən tapılıb və biz onların hamısını qaytarmışıq. Birinci Qarabağ müharibəsi dövründən 3890 azərbaycanlı, o cümlədən təqribən 200 uşaq indiyədək itkin düşmüş hesab edilir. Biz erməni tərəfinə kütləvi məzarlıqların yerini göstərmələri barədə müraciət etmişik, lakin hələ cavab yoxdur. Mən bilmirəm niyə. Yəqin onlar başa düşürlər ki, orada, sadəcə, hərbi cinayətlərin sübutları olacaq. Lakin bununla belə biz tələb edirik və yeri gəlmişkən, Avropa İttifaqı da bu məsələ ilə bağlı fikrini bildirib ki, kütləvi məzarlıqların yeri bizə təqdim edilsin. Çünki ehtimal çox böyükdür ki, hər şey Qarabağdadır, bizim işğaldan azad etdiyimiz ərazilərdədir”.

Baş verməsindən 30 il keçsə də erməni quldurları tərəfindən törədilən nə Ağdaban, nə də digər soyqırımlarına beynəlxalq ictimaiyyət tərəfindən hələ də lazımi hüquqi qiymət verilməyib. Bu da Azərbaycana münasibətdə Qərb ölkələrinin ikili standarlardan çıxış etmələrini göstərir.

Aprelin 7-də BMT-nin Baş Assambleyasının Rusiyanın BMT İnsan Haqları Şurasında iştirakını dayandırması dediklərimizə əyani sübutdur. Rusiyaya qarşı ciddi sanksiyalar həyata keçirən Qərb dövlətləri və beynəlxalq təşkilatlar bu günə qədər azərbaycanlılara qarşı çoxsaylı qırğınlar törətmiş ermənilərə qarşı heç bir ciddi tədbir görməyiblər. İnsanlığa qarşı ən ağır cinayətlər törətmiş rəsmi İrəvanın BMT İnsan Haqları Şurasından çıxarılması ilə bağlı hər hansı fikir və yaxud təklif belə səsləndirilməyib.

Tarixi faktlar da göstərir ki, bu cür siyasət, yəni, təcavüzkar dövlətə qarşı vaxtında lazımi tədbirlərin görülməməsi sonradan digər ərazilərdə də soyqırımlarının, kütləvi qırınların baş verməsinə gətirib çıxarır. Odur ki, gec də olsa beynəlxalq ictimaiyyət ermənilərin azərbaycanlılara qarşı törətdikləri qırğınlara ədalətli hüqiq qiymət verməlidir.

B.Cahandar

Paylaş:
306

Son xəbərlər

Ədalət Verdiyev həbs edildi25 / 11 / 2024, 18:19“Qarabağ” – “Lion” oyununa 17 mindən artıq bilet satılıb25 / 11 / 2024, 17:45Səfir məzunu olduğu məktəbdə şagirdlərlə görüşüb25 / 11 / 2024, 17:43Bakının bəzi ərazilərində qaz olmayacaq25 / 11 / 2024, 17:19DİM: İmtahanlarda buraxılış rejimini aparacaq qadın əməkdaşların seçimi üçün müsahibə başlanır25 / 11 / 2024, 17:12Vüqar Rəhimzadə: “Azərbaycan bütün sahələrdə malik olduğu imkanları təqdim etdi”25 / 11 / 2024, 16:50Bu gün Xalq yazıçısı İmran Qasımovun doğum günüdür25 / 11 / 2024, 16:37Vilayət Eyvazov Balakəndə qəbul keçirəcək25 / 11 / 2024, 16:36DYP-dən avtomobilini azyaşlılara həvalə edən şəxslərə MÜRACİƏT25 / 11 / 2024, 16:10Azərbaycan Ordusunun qırıcıları şərti hava kəşfiyyatı aparıblar - VİDEO25 / 11 / 2024, 15:38Yeni təcili tibbi yardım stansiyası istifadəyə verildi25 / 11 / 2024, 15:3731 il əvvəl törədilmiş qəsdən adam öldürmə cinayətinin üstü açılıb25 / 11 / 2024, 15:22Nazirlərin, komitə sədrlərinin dekabrda olan qəbul cədvəli açıqlandı25 / 11 / 2024, 15:08Lənkəranda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib25 / 11 / 2024, 15:05Gövhər Baxşəliyeva “Şöhrət” ordeni ilə təltif edilib25 / 11 / 2024, 14:42Azərbaycanda yeni bələdiyyələr yaradıldı - SİYAHI25 / 11 / 2024, 14:23“Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik - Prezidentdən SƏRƏNCAM25 / 11 / 2024, 14:14Azad edilmiş ərazilərdə daha 213 mina, 862 PHS aşkarlanıb25 / 11 / 2024, 14:09Yanğın təhlükəsi olan obyektin fəaliyyəti dayandırılıb25 / 11 / 2024, 13:46“Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 2019-cu ilə nisbətən 1,8 dəfə artıb”25 / 11 / 2024, 13:37
Bütün xəbərlər