“Dünya Azərbaycanlılarının V Qurultayının Şuşada keçirilməsi tarixi hadisə olmaqla yanaşı, tarixi fürsətdir” - Ekspert | 1news.az | Xəbərlər
Siyasət

“Dünya Azərbaycanlılarının V Qurultayının Şuşada keçirilməsi tarixi hadisə olmaqla yanaşı, tarixi fürsətdir” - Ekspert

16:50 - 18 / 04 / 2022
“Dünya Azərbaycanlılarının V Qurultayının Şuşada keçirilməsi tarixi hadisə olmaqla yanaşı, tarixi fürsətdir” - Ekspert

Xəbər verildiyi kimi, Dünya Azərbaycanlılarının V Qurultayının keçirilməsi ilə bağlı hazırlıq işləri yekunlaşmaq üzrədir.

Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, qurultayın Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qüdrətli ordumuzun düşmən işğalından azad etdiyi, Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində keçirilməsi nəzərdə tutulur.

Tədbirdə 65 ölkədən 400 nəfərə yaxın diaspor nümayəndəsinin iştirakı gözlənilir. Qurultayın rəsmi açılış mərasimindən sonra Diasporla İş üzrə Dövlət Komitəsinin fəaliyyətinə dair hesabat verilməsi, “Post-müharibə dövründə Azərbaycan diasporunun qarşısında duran vəzifələr”, “Qarabağın bərpası və yenidən qurulmasına Azərbaycan diasporunun töhfələri” mövzularında müzakirələrin təşkili planlaşdırılır.

Onu da bildirək ki, Dünya Azərbaycanlılarının V Qurultayı son illər yüksək təşkilatlanma və birlik nümayiş etdirən, beynəlxalq ictimaiyyətin Azərbaycan həqiqətləri ilə bağlı məlumatlandırılmasında xüsusi rol oynayan diasporumuzun Qarabağın azad olunmasından sonra ilk böyük görüşü olacaq.

Qeyd edək ki, Azərbaycanda hər zaman diaspora quruculuğuna böyük diqqət ayrılıb. Diaspor işinin gücləndirilməsi, xaricdə yaşayan soydaşlarımızın ümummilli maraqlar ətrafında birləşdirilməsi, Qarabağ həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması dövlət siyasətinin prioritet istiqamətlərindən birini təşkil edib.

Tanınmış jurnalist, diaspor məsələləri üzrə ekspert Əli Zülfüqaroğlu 1news.az-a açıqlamasında bildirib ki, diaspor Azərbaycan üçün strateji əhəmiyyət daşıyan sahədir. Bu səbəbdən də dövlət bu sahəyə xüsusi diqqət ayırır:

“Dünya azərbaycanlılarının təşkilatlanmasında, diaspor quruculuğunda ümummilli lider Heydər Əliyev mühüm addımlar atıb. Dünya azərbaycanlılarının ilk qurultayı “Dünya Azərbaycanlılarının I Qurultayının keçirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən 2001-ci il noyabrın 9-10-da Bakıda keçirilib. Bundan sonra qurultayların keçirilməsi ənənə halını alıb.

Qeyd edək ki, qurultayların keçirilməsi diaspor təşkilatlarının təşkilatlanması və koordinsiyası baxımından mühüm rol oynayıb. 2006, 2011 və 2016-cı illərdə qurultaylar keçirilib və Prezident İlham Əliyevin tövsiyə xarakterli çıxışları əslində yol xəritəsi rolunu oynayıb”.

Ə.Zülfüqaroğlu bildirib ki, Azərbaycanın yerləşdiyi coğrafi məkan daim qlobal güclərin maraq dairəsində olub və buna görə də ölkəmiz mütəmadi olaraq təhdid və təzyiqlərə məruz qalır:

“Məsələn, 2020-ci ildə həll etdiyimiz Qarabağ problemi də geosiyasi faktorlar səbəbindən yaranmışdı. Qarabağ müharibəsindən öncə, müharibənin gedişində və müharibədən sonra biz bu təzyiqləri daha çox hiss etdik. Xüsusilə erməni lobbisinin təsiri altında olan və yaxud erməni lobbisi tərəfindən maliyyələşdirilən media quruluşları, eyni zamanda ələ alınan jurnalistlər vasitəsilə Azərbaycana qarşı informasiya cəbhəsi də açıldı.

Amma onu da qeyd etməliyik ki, əvvəlki dönəmlərlə müqayisədə müharibə zamanı və ondan sonrakı dövrdə Azərbaycan informasiya savaşında da öz sözünü deyə bildi. Təbii ki, burada əsas rolu Ali Baş Komandan İlham Əliyev oynadı. Dövlət başçısı müharibə aparan bir ölkənin lideri olaraq orduya rəhbərlik etdi, həmçinin diplomatik cəbhədə mübarizə aparmaqla yanaşı informasiya savaşında da mühüm addımlar atdı. Prezident İlham Əliyev ona müraciət edən xarici KİV-lərə müsahibələr verməyə də zaman ayırdı və bununla da tarixi fürsəti dəyərləndirərək ermənilərin uzun illər ərzində milyardlarla vəsait xərcləyərək Azərbaycan haqqında formalaşdırdıqları yanlış təsəvvürləri darmadağın etdi. Təsadüfi deyil ki, Ermənistanın sabiq prezidenti Armen Sarkisyan Azərbaycanın informasiya müharibəsində də Ermənistana qalib gəldiyini dedi.

Amma erməni lobbisi müharibədən sonra da Azərbaycana qarşı qarayaxma kampaniyasını, qərəzli informasiyaların yayılmasını davam etdirdi. Bu həm də onu üzə çıxardı ki, haqq səsimizin dünya ictimaiyyətinə çatdırılması istiqamətində Azərbaycan diasporu və media da daha önəmli səviyyəyə yüksəlməlidir”.

Diaspora quruculuğu sahəsində hələ görüləcək çox işlərin olduğunu deyən ekspertin sözlərinə görə, bundan sonra da bu sahədə yorulmadan fəaliyyət göstərməliyik:

“Azərbaycan diaspor təşkilatlarının uğurlu fəaliyyəti dövlət və milli maraqların müdafiəsində ciddi rola malikdir. Buna görə də bu sahədə hazırlanan konsepsiyalar əhəmiyyət daşıyır. 2018-ci ildə yeni “Strateji Yol Xəritəsi”nin işlənib hazırlanması və icrası diaspor fəaliyyətinin inkişaf etdirilməsi üçün vacibdir.

Xarici ölkələrdə ana dili məktəblərinin, teatr və mədəniyyət ocaqlarının, “Azərbaycan evləri”nin açılması və inkişaf etdirilməsi soydaşlarımızın bir araya gəlməsinə, ikinci nəsil azərbaycanlıların assimilyasiyasının qarşısının alınmasına xidmət edir. Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə xaricdəki azyaşlı uşaqlar üçün “Qarabağ” Azərbaycan məktəblərinin təsis olunması bu baxımdan uğurlu strategiyadır. Bu gün həmin məktəblərdə 250-dən artıq azərbaycanlı uşaq ana dilində təhsil alır”.

Ə.Zülfüqaroğlu Vətən müharibəsi dövründə də Azərbaycan diasporunun öz vəzifəsini layiqincə yerinə yetirdiyini söyləyib:

“Vətən müharibəsindən öncə erməni lobbisi müxtəlif ölkələrdə, xüsusilə Rusiya, Amerika və Avropada soydaşlarımıza qarşı hücumlar təşkil etməklə onları təxribata çəkməyə çalışdı. Amma uğurlu təşkilatlanmaq və koordinasiya nəticəsində biz bu təxribatlara uymadıq, erməni lobbisinin bu hücumlarını öz lehimizə çevirməyi bacararaq bumeranq effekti yaratdıq. Həmçinin Vətən müharibəsi dövründə diaspor təşkilatları dünyanın 30-dan çox olkəsində 200-dək aksiya təşkil etdilər və bu istiqamətdə müxtəlif addımlar atdılar”.

Dünya Azərbaycanlılarının V Qurultayına toxunan Ə.Zülfüqaroğlu hesab edir ki, sözügedən qurultay bu günə qədər keçirilmiş qurultaylardan fərqlənir. Bu qurultayın torpaqlarımızın işğaldan azad olunduğu dövrə təsadüf etməsinin və tədbirin Şuşada keçirilməsinin tarixi əhəmiyyəti, xüsusi rəmzi mənası var:

“Prezident İlham Əliyevin uğurlu fəaliyyəti, milli maraqlarımızı qətiyyətlə müdafiə etməsi, düşünülmüş, praqmatik və qətiyyətli siyasəti nəticəsində torpaqlarımız işğaldan azad edildi. Amma dövlət başçısının dediyi kimi, işimiz hələ bitməyib, xüsusilə informasiya savaşında daha fəal olmalıyıq. Bu baxımdan hesab edirəm ki, bütün istiqamətlər, o cümlədən diaspor sahəsi də dövlət başçısının fəaliyyətinə adekvat olmalıdır.

Bu günə qədər diaspor sahəsində uğurlu addımlar atılıb, nailiyyətlər əldə edilib. Təşkilatlanma əvvəlki dövrlərlə müqayisədə daha müsbətdir. Amma fəaliyyət istiqamətlərimizi daha da genişləndirməli, fərqli lahyihələrin sayını artırmalı və xarici mediada daha mütəşəkkil formada çıxış etməliyik.

Bu baxımdan hesab edirəm ki, Dünya Azərbaycanlılarının V Qurultayının Şuşada keçirilməsi tarixi hadisə olmaqla yanaşı, tarixi fürsətdir. O baxımdan ki, Qurultayda 65 ölkədən 400 nəfərə yaxın diaspor nümayəndəsinin, həmçinin lobbi fəaliyyəti ilə məşğul olan şəxslərin iştirakı gözlənilir. İştirakçıların sayı önəmlidir və 65 ölkənin media orqanında Şuşa ilə bağlı yazıların olacağına ümid edirik. Belə olacağı halda tarixi hadisəni tarixi fürsətə çevirmiş olacağıq”.

1news.az

Paylaş:
420

Son xəbərlər

Ədalət Verdiyev həbs edildi25 / 11 / 2024, 18:19“Qarabağ” – “Lion” oyununa 17 mindən artıq bilet satılıb25 / 11 / 2024, 17:45Səfir məzunu olduğu məktəbdə şagirdlərlə görüşüb25 / 11 / 2024, 17:43Bakının bəzi ərazilərində qaz olmayacaq25 / 11 / 2024, 17:19DİM: İmtahanlarda buraxılış rejimini aparacaq qadın əməkdaşların seçimi üçün müsahibə başlanır25 / 11 / 2024, 17:12Vüqar Rəhimzadə: “Azərbaycan bütün sahələrdə malik olduğu imkanları təqdim etdi”25 / 11 / 2024, 16:50Bu gün Xalq yazıçısı İmran Qasımovun doğum günüdür25 / 11 / 2024, 16:37Vilayət Eyvazov Balakəndə qəbul keçirəcək25 / 11 / 2024, 16:36DYP-dən avtomobilini azyaşlılara həvalə edən şəxslərə MÜRACİƏT25 / 11 / 2024, 16:10Azərbaycan Ordusunun qırıcıları şərti hava kəşfiyyatı aparıblar - VİDEO25 / 11 / 2024, 15:38Yeni təcili tibbi yardım stansiyası istifadəyə verildi25 / 11 / 2024, 15:3731 il əvvəl törədilmiş qəsdən adam öldürmə cinayətinin üstü açılıb25 / 11 / 2024, 15:22Nazirlərin, komitə sədrlərinin dekabrda olan qəbul cədvəli açıqlandı25 / 11 / 2024, 15:08Lənkəranda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib25 / 11 / 2024, 15:05Gövhər Baxşəliyeva “Şöhrət” ordeni ilə təltif edilib25 / 11 / 2024, 14:42Azərbaycanda yeni bələdiyyələr yaradıldı - SİYAHI25 / 11 / 2024, 14:23“Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik - Prezidentdən SƏRƏNCAM25 / 11 / 2024, 14:14Azad edilmiş ərazilərdə daha 213 mina, 862 PHS aşkarlanıb25 / 11 / 2024, 14:09Yanğın təhlükəsi olan obyektin fəaliyyəti dayandırılıb25 / 11 / 2024, 13:46“Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 2019-cu ilə nisbətən 1,8 dəfə artıb”25 / 11 / 2024, 13:37
Bütün xəbərlər