Cəsarət və Vətənə sadiqlik nümunəsi

Heç kəsə sirr deyil ki, bu gün müasir dünyada hər bir xalqın, hər bir millətin var olmasının başlıca amillərindən biri və ən vacibi özünəməxsus dilinin olmasıdır. Ümummilli Liderimiz Heydər Əliyevin də dediyi kimi: “Hər bir xalq öz dili ilə yaranır”.
Bu gün fəxrlə deyə bilərik ki, qəhrəman xalqımız zamanın ən çətin sınaqlarından çox böyük məharətlə keçərək dilimizi, milliliyimizi, mənəvi dəyərlərimizi qoruyub bu günümüzə qədər gətirib çxarmışdır. Dərin köklərə malik öz tariximiz, mədəniyyətimiz və dilimiz var.
Bütün sahələrdə olduğu kimi, Ana dilimizin inkişafında, onun dövlət dili olaraq yüksək mərtəbəyə qaldırılmasında Ulu Öndər Heydər Əliyevin misilsiz xidmətləri olub. Onun qeyd etdiyi kimi: “Ana dilimiz müstəqil Azərbaycanın, Azərbaycan xalqının ən böyük milli sərvətidir”. Məhz Ulu Öndərin qətiyyətli və prinsipial mövqeyi, ciddi səyləri nəticəsində keçmiş SSRİ-nin 1978-ci ildə qəbul edilmiş yeni Konstitusiyasında Azərbaycan dili dövlət dili kimi təsbit olunmuşdur. O zamanki reallıqla belə bir qərarın qəbulu xalqımız üçün kifayət qədər mühüm bir hadisə idi.
Xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə qayıdan Heydər Əliyev 1970-ci illərin əvvəllərindən dil sahəsində başladığı islahatları uğurla davam etdirərək Ana dili ilə bağlı dövlət siyasətinin təməlini qoydu. Məhz Ümummilli Liderimizin apardığı məqsədyönlü və düşünülmüş siyasətinin nəticəsidir ki, 1995-ci ildə ilk milli Konstitusiyamıza Azərbaycan dili dövlət dili kimi daxil edilmişdir.
Sonralar da Ulu Öndər Heydər Əliyev tərəfindən Azərbaycan dövlətinin dil siyasətinin müəyyənləşməsi, formalaşması və möhkəmləndirilməsi istiqamətində, həmçinin dilimizin inkişafı ilə əlaqədar müntəzəm olaraq fərman və sərəncamlar imzalanmışdır. Belə ki, 2001-ci ildə imzalanmış fərmana əsasən avqustun 1-i Respublikamızda Azərbaycan Əlifbası və Azərbaycan Dili günü kimi təsis olunmuşdur.
Ulu Öndər gənc nəslin Ana dilini düzgün, hərtərəfli və elmi əsaslar zəmnində mənimsəməsini tövsiyə etmişdir: “Öz dilini sevməyən adam öz tarixini bilə bilməz. Tarixini bilməyən isə heç vaxt vətənpərvər olmayacaq, onda vətənpərvərlik duyğuları, hissiyatı olmayacaq”.
Eyni zamanda Azərbaycan dilinin beynəlxalq aləmdə nüfuz qazanması da dilimizi ən mükəmməl formada təqdim etməyi bacaran Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır.
Bu gün də Ulu Öndərin layiqli davamçısı olaraq Möhtərəm Prezidentimiz İlham Əliyev Ana dilinin inkişafı və qorunmasına yönəlik dövlət strategiyasını uğurla davam etdirərək dilimizə, milli adət-ənənələrimizə, mənəvi dəyərlərimizin təbliğinə, qədim tarixə malik mədəniyyətimizin tanıdılmasına böyük həssaslıqla yanaşır. Dövlət başçımızın səyləri nəticəsində Azərbaycan dilinin saflaşdırılması və inkişafı istiqamətində çox mühüm addımlar atılmışdır.
Yeni çağırışlara cavab verən müasir dünyamızda dil, mədəniyyət xalqın yaradıcılığını ifadə etmək, cəmiyyətin mövcudluğunun davamlılığını artırmaq, qorumaq üçün bir imkandır. Bu səbəbdən inkişaf etmiş zəngin dil mədəniyyətinə sahib olan qəhrəman xalqımız əyilməzdir, ölməzdir, böyük gələcəyə malikdir. Qədirbilən xalqımıza ulu babalarımızdan miras qalan bu ən qiymətli milli sərvəti hər bir Azərbaycan övladı bundan sonra da göz bəbəyi kimi qorumalı, daim qayğı ilə əhatə etməlidir.
Məzahir Əfəndiyev,
Azərbaycan Respublikası
Milli Məclisinin deputatı