Polis qayınatası tərəfindən yandırılan gəlinlə bağlı araşdırmaya başladı - VİDEO - YENİLƏNİB

Polis qayınatası tərəfindən yandırılan gəlinlə bağlı araşdırma aparır.
Bu barədə 1news.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev deyib:
"Zərərçəkənin ailə üzvləri vaxtında polisə məlumat vermədiyi üçün hadisədən bizim də məlumatımız olmayıb. Videogörüntülərə baxandan sonra müvafiq araşdırmaya başlamışıq. Araşdırmanın yekunu barədə məlumat veriləcək".
17:09
Qayınatası tərəfindən yandırılan gəlin ARB TV-nin efirində yayımlanan “Elgizlə İzlə” verilişinə gətirilib.
Yanıq izləri dərin olduğu üçün qadının üzünü efirə vermək mümkün olmayıb.
O bildirib ki, yanarkən özündən gedib: “Evdə maaş üstündə dava oldu. Qayınatam, mən, yoldaşım idik. Kimsə məni arxadan vurdu, ayılanda gördüm ki, yanmışam. Mənim atam fağır adamdır, onlar da bundan istifadə etdilər. Polisə vermədik”.
Beş aydır evdə yanıqları ilə mübarizə aparan qadın xəstəxanaya getmək istəmədiyini bildirib.
Qeyd edək ki, verilişdə qadının yaralarında artıq iltihabların olduğu bildirilib.
1news.az