Paytaxt rayonlarında birgə monitorinqlər davam edir - FOTO
Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) və “Regional İnkişaf” İctimai Birliyi (RİİB) arasında imzalanmış əməkdaşlıq memorandumu çərçivəsində paytaxt rayonlarında birgə monitorinqlərin aparılması davam etdirilir.
Bakı Şəhər İcra Hakimiyyətindən 1news.az-a veriln məlumata görə, Küçə və prospektlərdə, park və məhəllələrdə keçirilən monitorinqlər zamanı RİİB könüllüləri və icra hakimiyyətinin əməkdaşları tərəfindən müşahidələr aparılaraq yaşıllıq zolaqlarının salınması, küçələrin işıqlandırılması, asfalt örtüklərinin yenilənməsi, abadlıq işlərinin görülməsi, sakinlərin rahat və təhlükəsiz hərəkəti üçün səkilərin salınması və digər istiqamətlərdə təkliflər hazırlanır.
Artıq Səbail və Nərimanov rayonlarında keçirilmiş monitorinqlərin nəticələri ilə bağlı olaraq bir sıra küçə və prospektlərdə səkilər təmir edilir, ağaclar budanır, yaşıllıqlar salınır, işıqlandırma sistemləri qurulur və digər abadlaşdırma işləri aparılır.
Hazırda birgə monitorinq qrupları Yasamal rayonu ərazisində reydlər keçirir. Növbəti mərhələdə nəticələrdən asılı olaraq çatışmazlıqların aradan qaldırılması istiqamətində hazırlanan təkliflərin aidiyyəti qurumlarla əməkdaşlıq əsasında reallaşdırılması üçün tədbirlər görüləcək.