Azərbaycanda Ramazan bayramı qeyd olunur – VİDEO
Mayın 2-si və 3-ü tarixlərində Azərbaycanda Ramazan bayramı qeyd olunur.
1news.az-ın məlumatına görə, müqəddəs Ramazan bayramı müsəlmanlar tərəfindən hicri təqviminin ikinci ilindən qeyd olunmağa başlanıb.
Ramazan ayı insanlara Allah yolunda öz iradələrini, dözümlərini yoxlamaq imkanı verir; insanları gözüaçıq, təmiz vicdanlı olmağa yönəldir və bütün bunlar orucla ifadə olunur.
Məhz Ramazan ayının axırıncı 10 gecəsinin birində Qurani-Kərim nazil edilib. Deyilənlərə görə, bu hadisə ayın 23-dən 24-nə, ya da 26-dan 27-nə keçən gecə baş verib. Bu gecə "leylətül-qədr" - qüdrətli, əzəmətli gecə adlanır. Quranda (97:1-5) bu gecə haqqında belə yazılır: "Həqiqətən, Biz onu (Quranı) Qədr gecəsində nazil etdik! Sən haradan biləsən ki, Qədr gecəsi nədir? Qədr gecəsi min aydan xeyirlidir. O gecə Rəbbimin izni ilə mələklər və Ruh (Cəbrail) hər işə görə (yerə) enirlər. O gecə sübh açılanadək əmin-amanlıq olur".
Orucluq "Eydül-fitr" bayramı ilə başa çatır. Həmin gün bütün imkanlı müsəlmanlar kasıblara yardım etməlidirlər. Fitrə verərkən bütün ailə üzvləri nəzərə alınır.
Azərbaycanda Ramazan bayramı 1993-cü ildən dövlət səviyyəsində qeyd olunur.
Bu gün işğaldan azad edilmiş torpaqlarımızda ədalətin təntənəsi, xeyirin şər üzərində qələbəsinin rəmzi kimi doğma Şuşamızda müqəddəs azanın səsləndiyini eşidəndə qəlbində Vətən məhəbbəti olan hər kəsi sevinc hissi bürüyür.
Müqəddəs #Ramazan ayında imsak vaxtı #Şuşa|dakı Yuxarı Gövhər ağa məscidində azan səsləndirilir. pic.twitter.com/5u3g6PnsRp — Maftun Abbasov (@MaftunAbbasov) April 4, 2022
Dünyanın müxtəlif yerlərində yaşayan mömin soydaşlarımız mübarək Ramazan günlərində xalqımızın həmrəyliyinin və qardaşlığının möhkəmlənməsi, Vətənimizin firavanlığı üçün dualar oxuyurlar.
Bayramınız mübarək, əziz oxucularımız, sizə və ailənizə cansağlığı, xoşbəxtlik, firavanlıq arzulayırıq! Allah tutduğunuz orucu, etdiyiniz duaları qəbul etsin!