Balakəndə narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan 13 nəfər saxlanılıb - FOTO
Balakən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən son iyirmi gündə keçirilən əməliyyatlar zamanı rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan 13 nəfər tutularaq məsuliyyətə cəlb edilib.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan 1news.az-a verilən məlumata görə, daxil olmuş əməliyyat məlumatı əsasında keçirilən tədbir zamanı üzərində narkotik vasitə daşımaqda şübhəli bilinən Əhməd Məmmədov,Mehdi İsayev və Fərhad Layıcov saxlanılıblar. Şəxsi axtarış zamanı saxlanılanlar hər birindən müxtəlif çəkilərdə qurudulmuş marixuana aşkarlanıb. Aparılan araşdırmalar zamanı onlara narkotik vasitəni satan şəxslərin Fərrux Xəlilov, Rəvan Şabanov və Yaşar Mahamacanov oluqları müəyyən edilib. Onlar tutularaq istintaqa təqdim ediliblər. Narkotacirlərdən satdıqları narkotik vasitədən əldə etdikləri pul və marixuana aşkar edilərək maddi sübut kimi götürülüb.
Keçirilən digər bir əməliyyat tədbiri nəticəsində isə daha 6 nəfər-Rasim Məmliyev,Çıraq Çıraqov, Şaban Qıstarov,Səbuhi Misirov,Rafael Manafov və Vəfadar Osmanov saxlanılıb. Onlardan külli miqdarda heroin, eləcə də qurudulmuş marixuana aşkarlanıb.
Yaşadığı ünvanda narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan Ramil Dibirov da polis əməkdaşları tərəfindən saxlanılaraq məsuliyyətə cəlb edilib. Onun yaşadığı ünvana baxış keçirilən zaman evin içərisində aqrotexniki qulluq göstərməklə yetişdirdiyi çətənə bitkisinin şitilləri qablaşdırılaraq götürülüb.
Faktlarla bağlı cinayət işi başlanılıb, zəruri əməliyyat-istintaq tədbirləri davam etdirilir.