Bakı Elm Olimpiadasının I mərhələsinin nəticələri bəlli olub
Ümumi təhsil müəssisələrinin şagirdləri arasında keçirilən Bakı Elm Olimpiadasının I mərhələsinin nəticələri bəlli olub.
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən 1news.az-a verilən məlumata görə, 288, 315, 326, 26, 95, 276, 313, 117, 94, 136, 158, 252, 299, 200, 202, 229 nömrəli tam orta məktəblərin, 291 nömrəli Ekologiya liseyinin, 160 nömrəli Klassik Gimnaziyanın, 147 nömrəli Texniki-Humanitar Liseyin və 220 nömrəli məktəb-liseyin şagirdlərindən ibarət komandaları ən yüksək nəticə göstərərək olimpiadanın final mərhələsinə vəsiqə qazanıblar.
Qeyd edək ki, komanda şəklində yarışan VIII, IX, X sinif şagirdləri olimpiadanın I mərhələsində 3 saat ərzində hər fənn üzrə 15 sualdan (ümumilikdə 45 sual) ibarət test tapşırıqlarını yerinə yetiriblər.
Olimpiadanın I mərhələsində test tapşırıqlarının hər birinin doğru cavablandırılması 1 balla qiymətləndirilib.
Onu da qeyd edək ki, olimpiadanın I mərhələsində ən yüksək nəticə göstərən 20 komanda final mərhələsində iştirak edəcək.
Olimpiadanın keçirilməsində əsas məqsəd şagirdlərin təbiət elmlərinə (fizika, kimya, biologiya) olan marağını daha da artırmaq, bu sahədə nəzəri-təcrübi biliklərini təkmilləşdirmək, onların praktik və yaradıcılıq bacarıqlarının inkişaf etdirilməsinə şərait yaratmaq, dərin biliklərə malik şagirdləri aşkar etməkdən ibarətdir.