Milli Məclisin Aparat rəhbəri təyin olunan Fərid Hacıyev kimdir? - DOSYE
Milli Məclisin sədri Sahibə Qafarovanın müvafiq sərəncamı ilə Hacıyev Fərid Famil oğlu Milli Məclisin Aparatı rəhbəri vəzifəsinə təyin olunub.
1news.az Fərid Hacıyev haqqında məlumatı təqdim edir:
Hacıyev Fərid Famil oğlu 1989-cu ildə Bakı şəhərində anadan olub.
O, orta təhsilini 23 saylı orta məktəbdə almış, yüksək balla Bakı Dövlət Universitetinin Hüquq fakültəsinə daxil olub. Həmçinin Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında Dövlət qulluğunun təşkili və idarəedilməsi üzrə magistr təhsili alıb.
Fərid Hacıyev çox gənc yaşlarında - Universitetdə təhsil aldığı dövrdə müxtəlif şirkətlərdə hüquq məsləhətçisi kimi çalışıb. O, 2012-ci ildən Azərbaycan Respublikasının Milli Məclisində fəaliyyət göstərməyə başlamış və ötən dövrdə Milli Məclis Aparatında müxtəlif vəzifələrdə işləyib. Bu vəzifəyə təyin olunana qədər isə Milli Məclis Aparatının Dövlət qulluğu və kadr məsələləri şöbəsinin müdiri vəzifəsində fəaliyyət göstərib.
O, Azərbaycan Respublikasının təşəbbüsü və təşkilatçılığı ilə keçirilən müxtəlif beynəlxalq tədbirlərdə təmsil olunmuş, beynəlxalq təlimlərdə iştirak etmiş və müvafiq sertifikat almışdır.
TürkPA ilə əməkdaşlıq çərçivəsində bir neçə model qanunun müəllifidir. Avropa Parlamentinin təşkil etdiyi müxtəlif layihələrdə və tədbirlərdə Milli Məclis Aparatını təmsil etmiş və parlamentin fəaliyyəti və büdcə nəzarəti mövzularında məruzələrlə çıxış etmişdir. O, Şərq Tərəfdaşlığı ölkələrinin parlamentləri ilə Almaniya Beynəlxalq Əməkdaşlıq Agentliyi tərəfindən həyata keçirilən "Şərq Tərəfdaşlığında müasir və güclü parlament administrasiyası" layihəsində Parlament Aparatını təmsil edir.
Fərid Hacıyev Azərbaycan, ingilis və rus dillərini bilir.
Ailəlidir, iki övladı var.