Murtuza Muxtarov və Giləzi küçələrində yarımçıq qalan təmir-bərpa işlərini BNA nə zaman bitirəcək? – AÇIQLAMA - FOTO
Artıq 3 aya yaxındır Bakının Yasamal rayonu Bəsti Bağırova küçəsi müasir standartlara uygun təmir olunaraq təhvil verilib.
Bəsti Bağırova küçəsi və ona paralel olan Məhəmməd Naxçıvani küçəsində təmir-bərpa işləri yekunlaşsa da həmin küçələrə birləşən Murtuza Muxtarov və Giləzi küçəsində 3 aya yaxındır davam edən işlər hələ də yekunlaşmayıb.
Murtuza Muxtarov küçəsinin bir hissəsində yenidənqurma işləri bitsə də digər hissəsində işlər çox ləng davam edir. Uzunluğu 110 metrə yaxın olan Giləzi küçəsi də eyni vəziyyətdədir. Təmir-bərpa işlərinin uzun zaman davam etməsi həmin küçələrdə yaşayanların, həm də küçələrdən istifadə edənlərin narazılığına səbəb olur.
Bəs görəsən bu küçələrdə təmir-bərpa işləri nə zaman yekunlaşacaq?
Məsələ ilə bağlı 1news.az-ın suallarını cavablayan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli deyib ki, həmin küçələrdə təmir-bərpa işləri Bakı Nəqliyyat Agentliyinin sifarişi ilə həyata keçirilir.
“Həmin küçələrdə təmir-tikinti işlərini Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin tabeliyində məhdud məsuliyyətli cəmiyyətimiz aparır. Həmin cəmiyyətlə işlərin aparılması ilə bağlı müqavilə imzalanıb. Hazırda həmin məhdud məsuliyyətli cəmiyyətimiz “Formula-1” yarışları ilə əlaqədar olaraq təmir-bərpa işlərinin həyata keçirilməsinə cəlb olunub. Yaxın günlər ərzində işlər yekunlaşan kimi yenidən Bakı Nəqliyyat Agentliyinin pilot layihəsi çərçivəsində ərazidə aparılan təmir-tikinti işləri davam etdiriləcək”.
Ümid edirik ki, küçədə təmir-tikinti işləri tezliklə yekunlaşar, sakinlərin və küçələrdən istifadə edənlərin narazılığına son qoyular.
1news.az-ın fotoqrafı hər iki küçədən görüntülər çəkib. Həmin fotoları təqdim edirik:
Murtuza Muxtarov küçəsi
Giləzi küçəsi
FOTO: Nadir İbrahimli
Həmçinin oxuyun: Bəsti Bağırova küçəsi təmirdən sonra - FOTO - VİDEO
Əsaslı şəkildə təmir olunan Bəsti Bağırova küçəsində asfalt yenidən qazıldı - FOTO