Yasamalda törədilmiş qətlin üstü 9 ildən sonra açıldı
Prokurorluq və polis əməkdaşlarının birgə həyata keçirdiyi istintaq-əməliyyat tədbirləri nəticəsində əvvəlki illərdən bağlı qalmış daha bir ağır cinayətin üstü peşəkarlıqla açılıb.
Baş Prokurorluq və Daxili İşlər Nazirliyindən 1news.az-a verilən birgə məlumata görə, 30 mart 2013-cü il tarixdə paytaxtın Yasamal rayonu ərazisində İsmayıl Zeynalovun üzərində zorakılıq əlamətləri olan meyitinin aşkar edilməsi faktı ilə bağlı Yasamal rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanmış, həyata keçirilmiş istintaq və əməliyyat tədbirlərinə baxmayaraq cinayət törətmiş şəxs və ya şəxsləri müəyyən etmək mümkün olmadığından 23.04.2019-cu il tarixdə cinayət işinin icraatı dayandırılmışdır.
Baş Prokurorluğun İstintaq idarəsi tərəfindən cinayət işi yenidən öyrənildikdən sonra icraat təzələnmiş, həyata keçirilmiş çoxsaylı intensiv istintaq-əməliyyat tədbirləri nəticəsində əldə edilmiş sübutlarla müəyyən edilmişdir ki, Bakı şəhər sakini Zaur Sadıxov 29 mart 2013-cü il tarixdə saat 21 radələrində tanışı İsmayıl Zeynalovla narkotik vasitələrin satışı ilə məşğul olan Alik Bədirovun yaşadığı ünvanda narkotik vasitə qəbul etdikdən sonra evə qayıdarkən avtomobildə aralarında mübahisə baş vermiş, Zaur Sadıxov avtomobili yolda saxlayaraq maşından enməyə çalışan İsmayıl Zeynalova yaxınlaşıb sonuncunun bədəninin müxtəlif nahiyyələrinə təpiklə zərbələr vurub əlləri ilə onu boğaraq öldürmüş, daha sonra narkotik vasitənin doza həddini aşması səbəbi ilə ölməsi görüntüsünü yaratmaq üçün onu küçədə səki üstünə sürüyüb uzanıqlı formada orada qoyaraq hadisə yerindən uzaqlaşmış, həmçinin törətmiş olduğu cinayətin izlərini itirmək məqsədilə İsmayıl Zeynalova məxsus mobil telefonunu və köynəyini istintaqla müəyyən edilməyən yerlərə atmışdır.
Zaur Sadıxov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilmişdir.
Əvvəlki illərdən bağlı qalmış cinayətlərin açılması daim diqqət mərkəzində saxlanılmaqla bu istiqamətdə digər hüquq mühafizə orqanları ilə birgə işlər davam etdirilir.