Qala qoruğunda Beynəlxalq Çay Günü qeyd olunub - FOTO
22 may 2022-ci il tarixdə Qala qoruğunun ərazisində “Çay Fest” baş tutub.
1news.az xəbər verir ki, Beynəlxalq Çay Günü ilə əlaqədar təşkil olunan festivala ölkəmizin müxtəlif regionlarından olan nümayəndələr, ölkəmizdə fəaliyyət göstərən diplomatik nümayəndəliklərin əməkdaşları qatılıblar. Festivalda qonaq qismində İordaniya Haşimilər Krallığının səfiri Sami Asem Ğoşehin, Böyük Britaniya, Şimali İrlandiya Birləşmiş Krallığının səfiri Ceyms Layl Şarpın, Mərakeş Krallığının səfiri Məhəmməd Adil Embarşı və digər təşkilatların, qurumların nümayəndələri iştirak ediblər.
Tədbirdə müxtəlif təamlar, yerli və xarici çay nümunələri, müxtəlif mədəniyyətlərə aid çay süfrələri təqdim edilib. Ölkənin ən yaxşı həvəskar kulinariya mütəxəssislərinin iştirakı ilə kulinariya müsabiqələri, ayrı-ayrı yaş kateqoriyalarına uyğun ustad dərsləri, nərd çempionatı keçirilib.
Festivalda həmçinin bədii özfəaliyyət kollektivləri ədəbi-bədii kompozisiyalarla çıxış edib, rəngarəng musiqilər ifa olunub, intellektual-əyləncəli proqramlar göstərilib.
“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi və “Azeri Home Chef”in təşkilatçılığı ilə keçirilən festival ziyarətçilər böyük maraqla qarşılayıb.