Türk Dövlətləri Təşkilatı gömrük xidməti rəhbərlərinin iclası keçirilib - FOTO
Qırğızıstanın paytaxtı Bişkek şəhərində Türk Dövlətləri Təşkilatı Gömrük Xidməti Rəhbərlərinin 8-ci iclası keçirilib.
Dövlət Gömrük Komitəsindən 1news.az-a verilən məlumata görə, iclasda Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini, gömrük xidməti general-leytenantı İsmayıl Hüseynovun rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edib.
Tədbirdən bir gün öncə təşkilatın gömrük əməkdaşlığı üzrə işçi qrupunun 11-ci iclası keçirilib. İşçi qrupun iclasında “İpək yolu” təşəbbüsü və “Karvansaray” layihəsi üzrə görüləcək işlər, əvvəlki iclaslarda qəbul edilən qərarların icra vəziyyəti, üzv dövlətlər arasında sərhəd keçidləri sahəsində qarşılıqlı fəaliyyətin artırılması, “Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin hökumətləri arasında sadələşdirilmiş gömrük dəhlizinin yaradılması haqqında Saziş”in layihəsi və Səlahiyyətli İqtisadi Operator sistemlərinin təşviqi ilə bağlı məsələlər müzakirə edilib.
TDT Gömrük Xidməti Rəhbərlərinin 8-ci iclasında Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini İsmayıl Hüseynov çıxış edərək Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin fikirlərinə istinadla vurğulayıb ki, türk dövlətləri dünyanın çox mühüm coğrafi və strateji bölgəsində yerləşir, bu ölkələr zəngin təbii sərvətlər və yüksək intellektual potensiala malik insan resurslarına sahibdir.
İsmayıl Hüseynov ölkələrimiz arasında tarixi bağlar, dil və mədəni yaxınlıq, qardaşlıq münasibətləri zəminində hər sahədə yüksək səviyyədə əməkdaşlığın olduğunu söyləyib. Məlumat verilib ki, son illər Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan gömrük sistemində mühüm islahatlar aparılıb və ümumi strategiya regionda qanuni ticarətin inkişafı üçün əlverişli şərait yaratmaq, beynəlxalq ticarət və təchizat zəncirinin təhlükəsizliyini qorumaq, xarici ticarəti stimullaşdırmaqla ticarət və investisiya mühitini daha cəlbedici etmək və ölkəmizin tranzit potensialını gücləndirməkdən ibarətdir.
Vətən müharibəsində qazanılan tarixi zəfərdın sonra işğaldan azad edilmiş torpaqlarda aparılan bərpa işləri ilə sözügedən rayonlarda dövlət qurumlarının fəaliyyətindən danışan DGK sədrinin birinci müavini İsmayıl Hüseynov bu çərçivədə gömrük orqanlarının həyata keçirdiyi tədbirlərdən də bəhs edib və bildirib ki, işğaldan azad edilmiş torpaqlarda gömrük xidmətinin təşkili məqsədilə Qubadlı rayonunda “Qubadlı”, Zəngilan rayonunda “Qazancı” və Füzuli rayonunda “Füzuli Beynəlxalq Hava Limanı” gömrük postu istifadəyə verilib.
Post müharibə dövrünün reallıqlarından və imkanlarından söhbət açan İsmayıl Hüseynov bu imkanlardan ən mühümü- Zəngəzur dəhlizinin əhəmiyyətini vurğulayıb və qeyd edib ki, Zəngəzur dəhlizinin bərpası Avrasiya nəqliyyat şəbəkəsinin genişlənməsinə, ölkələrimizin tranzit potensialının gücləndirilməsinə öz töhfəsini verəcək.
Son illər ticarət, gömrük və tranzit prosedurlarının sadələşdirilməsi, investisiyalar üçün əlverişli mühitin yaradılması istiqamətində görülən işlər barədə də məlumat verilib. İsmayıl Hüseynov onu da bildirib ki, yaxın gələcəkdə imzalanacaq “Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin hökumətləri arasında sadələşdirilmiş gömrük dəhlizinin yaradılması haqqında Saziş” yükdaşımalarına dair ilkin məlumat mübadiləsi əsasında sadələşdirilmiş gömrük dəhlizindən istifadənin hüquqi təməlini təşkil etməklə daşımalarda səmərəliliyin artırılmasına, yüklərin sərhəd nəzarətindən keçirilməsinin optimallaşdırılmasına, nəqliyyat və logistika sisteminin inkişafı və bu proseslərin asanlaşdırılması və təhlükəsizliyinin təmin edilməsinə, ölkələrimizin ticarət dövriyyəsinin artırılmasına şərait yaradacaq.