Deputat “Parlamentlərarası Dialoq Seriyaları”nın iclasında iştirak edib
2020-ci ildə heç bir dövlətinin hazır olmadığı COVİD-19 pandemiyası bütün dünyanı yeni bir inkişaf dövrünə səslədi.
Baş verən hadisələr dünyanın iqtisadi inkişafına ciddi təsir göstərməklə qlobal arenada tamamilə yeni iqtisadi inkişaf amillərini formalaşdırdı. Bir sıra dünya dövlətləri tərəfindən həyata keçirilən tədbirlər, iqtisadi və sosial islahatlar, dünyada postpandemiya quruculuğunun əsasını qoymaqla iqtisadi potensialın əhəmiyyətli dərəcədə artırılmasına əsaslı zəmin yaratdı.
Baş verən hadisələrin fonunda ölkəmiz postpandemiya və postmüharibə quruculuğu işlərində işğaldan azad olunan ərazilərin reinteqrasiyası üçün yalnız 4-cü sənaye inqilabı prinsiplərinə uyğun deyil, həmçinin idarəetmənin təşkili və dövlətin makroiqtisadi, fiskal, monetar, sosial və digər siyasət alətlərindən istifadə edir.
Qələbənin regiona gətirdiyi yeni reallıqlar pandemiyanın ölkədə yaratdığı müasir çağırışlarla birgə yeni və dayanıqlı iqtisadi modellərin ərsəyə gəlməsini şərtləndirdi. Çünki, postpandemiya və postmüharibə quruculuğu, habelə daxil olduğumuz yeni inkişaf mərhələsi layihələrin və proqramların icrasının iqtisadi potensialını sosial inklüzivliklə birgə nəzərə almağı tələb edir.
Lakin, təəssüflə qeyd etmək lazımdır ki, bu günlərdə bütün dünyada müşahidə etdiyimiz qlobal ərzaq böhranı bir çox ölkəni aclığa sürükləməkdədir. 2022-ci il Qida Böhranları üzrə Qlobal Hesabatda da qeyd olunduğu kimi, 2021-ci ildə aclıq səviyyəsi bütün əvvəlki illərin rekordlarını üstələyib. Belə ki, 2020-ci illə müqayisədə təxminən 40 milyon insan daha çox – 193 milyona yaxın insan kəskin şəkildə qida çatışmazlığından əziyyət çəkib.
2020-ci ildən əvvəl də müxtəlif amillər, o cümlədən münaqişə və iqlim dəyişikliyi səbəbindən aclıq artmaqda idi. Dünyada pandemiyanın tüğyan etməsi və nəticədə qlobal iqtisadiyyatda əldə edilən gəlirlərin azalması, habelə tədarük zəncirlərinin pozulması, eyni zamanda Ukraynadakı müharibə ilə bağlı vəziyyət daha da pisləşdi. Çünki, Rusiya və Ukraynanın payı dünya ərzaq bazarında illik buğda satışlarının dörddə birindən çoxunu təşkil edir.
Onu da qeyd edək ki, əsas ərzaq məhsulları üçün 30 faizə qədər qiymət artımı ən yoxsul ev təsərrüfatlarına ciddi təzyiq göstərir və milyonlarla insanı aclığa sürükləməklə hədələyir. Bundan əlavə, yanacağın yüksək qiymətləri neftin idxal xərclərini artırmaqda davam edir, pandemiya ilə artıq gərginləşmiş xarici və fiskal balansları daha da pisləşdirir.
Bununla belə, hökumətlərin bir birinə kömək etmək imkanları olduqca məhduddur. Qlobal borcun rekord səviyyələri artıq çox ehtiyac duyulan maliyyəni ərzaq təminatından uzaqlaşdırır və inflyasiya sosial iğtişaşlar, kövrəklik və münaqişə risklərini artırır. Bu məcrada, münaqişə və etibarsızlıq ərzaq təhlükəsizliyinin artmasının əsas amilləri kimi müəyyən edilir, belə ki, dünyada qida çatışmazlığından əziyyət çəkən insanların 60 faizi artıq münaqişənin təsirinə məruz qalmış ərazilərdə yaşayır və bu, mənfi tendensiya yaratmaqdadır.
Təsadüfi deyil ki, 22 iyun 2022-ci il tarixində virtual formatda Dünya Bankı Qrupunun Beynəlxalq Valyuta Fondu ilə birgə həyata keçirdiyi “Parlamentlərarası Dialoq Seriyaları”nın növbəti mövzusu məhz "Qida, kövrəklik və maliyyə" adlandırıldı.
Qeyd edim ki, online formatda keçirilən tədbirdə ölkəmizi Azərbaycan Respublikası Milli Məclisi tərəfindən mən təmsil edirdim.
2000-ci ildən etibarən inkişaf və makroiqtisadi problemləri həll etmək, hesabatlılığın, şəffaflığın və çoxtərəfli inkişafın maliyyələşdirilməsinin tərəfdarı olmaq məqsədilə yaradılan Dünya Bankı və BVF üzrə Parlament Şəbəkəsi 140-dan çox ölkədən olan parlamentarilər üçün əsaslı bir müzakirə platformasıdır.
Platformanın keçirilən iclasının müzakirəyə açıq elan etdiyi mövzuların və rəhbər şəxslər tərəfindən səsləndirilən çağırışların digər illərə nisbətən əhəmiyyətini yüksək qiymətləndirmək şərtdir. İclasda parlament üzvləri postpandemiya dövründə dayanıqlı və inklüziv strategiyaların təbliğ olunması üçün özlərinin ən yaxşı təcrübələrini bölüşərək qlobal ərzaq böhranı ilə bağlı onları maraqlandıran strategiyalarla yanaşı, uğursuzluğa uğrayan və gözlənilən nəticələri verməyən proqram və iqtisadi modellər haqqında suallar ünvanladılar.
Eyni zamanda bu vəziyyətin sabitliyi və inkişafı təhdid etdiyi, təcili cavab tədbirləri, əlavə dəstək, əlaqələndirilmiş fəaliyyət, effektiv milli qanunvericilik və uzunmüddətli islahatlar tələb etdiyi vurğulandı.
Həmçinin tədbirdə Beynəlxalq Valyuta Fondunun və Dünya Bankının rəhbərliyi toplanaraq parlament üzvləri ilə birlikdə siyasət kontekstini və prioritetləri, habelə kövrəklik və mövcud ərzaq böhranının öhdəsindən gəlmək üçün lazımi maliyyəni səfərbər etməklə bağlı inkişaf təşəbbüsləri və layihələri müzakirə etdilər.
Forumda iştirakım zamanı səsləndirilən fikirləri və dünyanın cari vəziyyətini yenidən yaxından analiz edərək postpandemiya və post-konflikt quruculuğunda Prezident İlham Əliyevin rəhbərliyi ilə icra olunan qərarların, iqtisadi inkişaf yolunun beynəlxalq çağırışlara uyğunluğunun bir daha şahidi oldum.
Məzahir Əfəndiyev
Azərbaycan Respublikası
Milli Məclisinin deputatı