Sabunçu rayonunun qəsəbədaxili küçələri təmir edilir - FOTO
Vətəndaşların rahat gediş-gəlişini təmin etmək məqsədi ilə Bakı şəhəri və onun qəsəbələrində icra olunan tədbirlər Sabunçu rayonunu da əhatə edir.
“Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyindən 1news.az-a verilən məlumata görə, cari ilin “İnvestisiya Proqramı”na əsasən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Sabunçu rayonunun Kürdəxanı və Maştağa qəsəbələri ərazisində daxili küçələrdə əsaslı təmir işləri həyata keçirilir.
Bu çərçivədə Kürdəxanı qəsəbəsində 1700 metr uzunluğa malik Arif Abdullayev küçəsi, 45-46-cı dalanlar üzrə aparılan təmir işləri artıq yekunlaşmaq üzrədir. Belə ki, küçəyə 12 sm olmaqla yeni asfalt örtüyü döşənib. Hazırda ərazidə yol çiyinlərinin doldurulması işləri aparılır.
Maştağa qəsəbəsində uzunluğu 1100 metr olan Xanlar yaşayış massivi 1-ci keçid üzrə isə təmir işləri davam etdirilir.
Təmir işləri “İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin nəzarəti altında aparılır.
Qeyd edək ki, cari il ərzində Sabunçu rayonu üzrə 12.7 km uzunluğa malik qəsəbədaxili küçələrin təmiri nəzərdə tutulur.
Agentlik tərəfindən 2021-ci ilin “İnvestisiya Proqramı”na əsasən isə rayon ərazisində ümumi uzunluğu 9 km təşkil edən küçələr təmir edilib.