İnsan Resursları strukturları rəhbərlərinin “Azərxalça” ASC-də strateji sessiyası baş tutdu
İyulun 6-da “Azərxalça” ASC-nin İçərişəhərdə yerləşən nümayiş və satış salonunda Azərbaycanın ən iri şirkətlərinin İnsan resursları (HR) strukturlarının rəhbərləri üçün strateji sessiya keçirilib.
1news.az xəbər verir ki, görüşün təşkilatçısı – beynəlxalq konsaltinq şirkəti “Korn Ferry”, moderator isə “Korn Ferry” şirkətinin Azərbaycan üzrə koordinatoru, Mərkəzi Avrasiyada Texnologiya və Fintech bölməsinin rəhbəri İrina Kalkina olub.
Tədbirdə “Pasha Holding”, “Azərbaycan İnvestisiya Holdinqi”, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Mərkəzi Bank, “Neqsol Holdinq” və s. kimi Azərbaycanın aparıcı şirkətlərinin və dövlət strukturlarının İnsan resursları strukturlarının rəhbərləri iştirak ediblər.
Baş tutmuş tədbirdə iştirakçılar kadrlarla iş sahəsində qabaqcıl dünya təcrübəsi ilə tanış olub, aktual məsələlər ətrafında fikir mübadiləsi aparıb və konkret işlərin həlli üzrə təcrübələrini bölüşüblər. Bundan əlavə, tədbir iştirakçıları Azərbaycan xalçaçılıq sənətinin gözəl nümunələrinin toxunma prosesi və “Azərxalça” sərgi salonunda təqdim olunan əl işi xalça kolleksiyasına baxıblar.