Konyada keçiriləcək beşinci İslam Həmrəyliyi Oyunlarının tarixi açıqlanıb
2021-ci ilin sentyabr ayında keçirilməsi planlaşdırılan, lakin dünyada yayılan COVID-19 pandemiyası səbəbindən təxirə salınan beşinci İslam Həmrəyliyi Oyunları 9-18 avqust tarixlərində Türkiyənin Konya şəhərində keçiriləcək.
1news.az xəbər verir ki, bu il keçiriləcək beşinci İslam Həmrəyliyi Oyunlarında 57 ölkədən 3 minə yaxın idmançının iştirakı gözlənilir.
Yarışlarda idmançılar atletika, basketbol (3x3), velosiped, trek velosipedi, qılıncoynatma, futbol, güləş, ağır atletika, həndbol, gimnastika, akrobatik gimnastika, bədii gimnastika, cüdo, karate, kikboksinq, stolüstü tennis, taekvondo, voleybol və üzgüçülük, kamandan oxatma, boccia və üzgüçülük növlərində güclərini sınayacaqlar.
İlk İslam Həmrəyliyi Oyunları Səudiyyə Ərəbistanının Məkkə şəhərində 2005-ci ilin 8-20 aprel tarixlərində 55 ölkədən təxminən 6 min idmançının iştirakı ilə keçirilib.
2010-cu ildə İranda keçirilməsi planlaşdırılan ikinci oyun isə İranla fikir ayrılığı səbəbindən ləğv edilib. Üçüncü İslam Həmrəyliyi Oyunları 2013-cü ildə İndoneziyada, dördüncü İslam Həmrəyliyi Oyunları isə 2017-ci ildə Bakıda keçirilib.