Lənkəranda məktəbli qızı döyən vəzifəli şəxsləri hansı cəza gözləyir? – TƏFƏRRÜAT | 1news.az | Xəbərlər
Cəmiyyət

Lənkəranda məktəbli qızı döyən vəzifəli şəxsləri hansı cəza gözləyir? – TƏFƏRRÜAT

13:21 - 18 / 07 / 2022
Lənkəranda məktəbli qızı döyən vəzifəli şəxsləri hansı cəza gözləyir? – TƏFƏRRÜAT

Artıq neçə gündür ki, Lənkəranda orta məktəb şagirdinin Lənkəran İcra Hakimiyyəti başçısının müavini və məktəb direktoru tərəfindən döyülməsi xəbəri gündəmi zəbt edib.

Məlumata görə, Lənkəran İcra Hakimiyyəti başçısının müavini, ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Rəsilə Əliyeva (Arifqızı) və V.Əliyev adına Lənkəran şəhər 4 saylı orta məktəbin direktoru Yeganə Əsgərova həmin məktəbin 9-cu sinif şagirdi Camalova Aliyə Samir qızına attestat vermək adı ilə evə çağırıb və ona fiziki zorakılıq tətbiq ediblər. Buna səbəb isə döyülən qızın Rəsilə Əliyevanın qızının telefonundan istədiyi oğlana mesaj yazması olub.

Döyüldüyü iddia edilən yeniyetmənin valideyni Ləman Camalova Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, hadisə dünən səhər saatlarında baş verib. Valideyn bildirib ki, Rasilə Arifqızının qızı Sara Əlizadə onun qızına zəng edərək attestatların məktəbdə verildiyini, onun attestatını da götürdüyünü bildirib:

“Sara qızıma deyib ki, “attestatın məndədir, sürücünü göndərirəm gəl bizə”. Qızım onların evinə gedəndə Rasilə onu sorğu-suala tutub. Onu qızını başqa oğlanla tanış olmaqda vasitəçilikdə ittiham edib. Qızım da bildirib ki, Saranın istəyi ilə onun sevdiyi oğlana məlumat aparıb-gətirib. Rasilə qızımı təhqir edərək döyüb. Kürəyinə, qarnına təpik vurub. Üzünü cırmaqlayıb. Öz qızını da döyüb. Amma mənim qızımı daha pis döyüb”.

L.Camalova bildirib ki, başçının müavini öz evində qızın telefonunu da əlindən alıb:

“Sonra onun telefonundakı bütün şəkil və videoları mənə göndərib. Bizi qızımın video və şəkillərini sosial şəbəkələrdə yaymaqla hədələyir. Qızım idmançı olduğundan, o həmişə bədəninin müxtəlif hissələrini ölçərək onu telefona çəkib. O videoları yayacağı ilə bizi şantaj edir”.

Valideyn iddia edib ki, məktəb direktoru da həmin vaxt başçının müavinin evində olub. Qızı döyən zaman hadisəyə şahid olub: “Amma diektor qızımı döyməyib”.

Ləman Camalova qızına ağır xəsarətlər yetirən Rəsilə Əliyeva barəsində Lənkəran rayon Polis Şöbəsinə şikayət ərizəsi yollayıb və icra başçısının müavininin məsuliyyətə cəlb olunmasını tələb edib.

“Fakt ortadadır. Xəsarətlərlə bağlı ekspertiza rəyi var. Bu məsələnin sonuna qədər gedəcəyəm və Rəsilə Əliyeva zorakı əməlinə görə cavab verəcək”, - deyə qadın əlavə edib.

Lənkəran Rayon İcra Hakimiyyəti başçısının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Rasilə Arifqızı isə barəsində səsləndirilən iddiaların əsassız olduğunu bildirib:

“Bu qız məktəbdə mənim qızımla bir sinifdə oxuyurdu. O, mənim qızımın və digər sinif yoldaşları olan qızların adından oğlanlara tərbiyəsiz mesajlar yazıb. Mən bu barədə xəbər tutan kimi onun valideynlərinə məlumat verdim. Qızıma isə tapşırdım ki, onun telefonunu alıb mənə gətirsin. Onun telefonundan mənim və sinifdəki digər qızların adından oğlanlara tərbiyəsiz mesajlar yazıldığını gördüm.Telefonda həmin yeniyetmənin özünün də əxlaqsız videoları vardı. Mən həmin videoları qızın valideynlərinə göndərdim”.

İcra hakimiyyəti başçısının müavininin sözlərinə görə, haqqında danışılan qız ata-anasının yanında yox, anasının xalasının himayəsində yaşayır:

“Eşitdiyimə görə, bundan sonra qızı valideynləri, xüsusilə atası döyüb. Onlar məndən həmin telefonu geri istəsələr də, mən telefonu polisə təqdim etdim ki, faktı araşdırsın. Ailə məndən qisas almaq üçün qızı mənim döydüyümü deyib. Qeyd olunub ki, güya mən onu attestat vermək adı ilə evə çağırmışam. Mənim evim isə attestat verilən yer deyil. Attestat məktəbdə verilir. Belə bir hadisə olmayıb. Sadəcə onlar məndən qisas almaq üçün mənə bu böhtanı atıblar”.

Hadisəyə aidiyyatı qurumlar da münasibət bildiriblər. Təhsil Nazirliyi Lənkəran şəhər V. Əliyev adına 4 nömrəli tam orta məktəbin 9-cu sinif şagirdi Camalova Aliyə Samir qızının döyülməsi faktını, eləcə də uşaqlara qarşı hər cür zorakılıq hallarının baş verməsini qətiyyətlə pisləyib və bunun yolverilməz olduğunu bildirib.

Nazirlik hadisə ilə bağlı aidiyyəti qurumların apardığı araşdırmanın günahkarların cəzalandırılması ilə nəticələnəcəyinə inamını ifadə edib.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi də məktəbli qızın vəzifəli şəxslər tərəfindən döyülməsi iddiası ilə bağlı açıqlama yayıb. Açıqlamada deyilir:

“Kütləvi informasiya vasitələrində 15 iyul 2022-ci il tarixdə Lənkaran şəhərində 9-cu sinif şagirdinin fiziki zorakılığa məruz qalmasi ile bağlı yayılan məlumat əsasında Dövlət Komitəsi tərəfindən dərhal Lənkəran Şəhər İcra Hakimiyyəti ilə telefon əlaqəsi saxlanılmısh və uşağın psixoloji vəziyyətinin qiymətləndirilməsi istiqamətində işlərin görülməsinə dair müvafiq tövsiyyələr verilmişdir.

Həmçinin hadisənin hərtərəfli araşdırılması məqsədi ilə aidiyyəti orqanlara 15 iyul 2022 ci il tarixli rəsmi məktublar da ünvanlanmışdır.

Müvafiq söhbətlər və psixoloyi qiymətləndirmənin aparılması məqsədilə yetkinlik yaşına çatmayan uşaq valideynləri ilə birlikdə 18 iyul 2022 ci il tarixdə Dövlət Komitəsinə dəvət edilmişdir.

Artıq faktla bağlı Lənkəran şəhər prokurorluğunda aparılan araşdırmanın ilkin nəticələri haqqında müvafiq açıqlama verilmişdir.

Dövlət Komitəsi bütün əlaqədar tərəflərlə birgə fəaliyyətin nəticələrinə,həmcinin öz səlahiyyətləri çərçivəsində gördüyü işlərə dair ictimaiyyəti məlumatlandıracaqdır”.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupunun baş inspektoru, polis baş leytenantı Məhəmməd Rzayev bildirib ki, məsələ ilə bağlı Lənkəran Şəhər Polis Şöbəsinə daxil olmuş müraciət əsasında araşdırma aparılır. Onun sözlərinə görə, müvafiq ekspertiza təyin edilib. Ekspertizanın və araşdırmanın nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək.

Baş Prokurorluq da Lənkəranda məktəbli qızın vəzifəli şəxslər tərəfindən döyülməsi ilə bağlı açıqlama yayıb. Açıqlamada deyilir:

“Bəzi sosial şəbəkə və media səhifələrində Lənkəran rayon İcra Hakimiyyətinin başçısının müavini Rəsilə Əliyeva və 4 saylı orta məktəbin direktoru Yeganə Əsgərova tərəfindən həmin məktəbin 9-cu sinif şagirdinə qarşı fiziki zorakılıq hərəkətlərinin edilməsi ilə bağlı məlumatlar yayılıb.

Qeyd edilən faktla bağlı dərhal Lənkəran rayon prokurorluğunda araşdırma başlanıb, hadisənin şahidi olmuş şəxslərin izahatları alınıb, məhkəmə-tibb ekspertizası təyin edilmiş və digər prosessual hərəkətlər yerinə yetirilib.

Qanunvericiliklə nəzərdə tutulmuş qısa müddət ərzində zəruri qərarların qəbul edilməsi və ictimaiyyətin məlumatlandırılması təmin ediləcək”.

Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə 1news.az-a açıqlamasında hadisə ilə bağlı xüsusi monitorinq qrupunun yaradıldığını bildirib.

"Bir neçə nazirliyin ictimai şura üzvləri ilə birgə çevik ekspertlər qrupu tərəfindən montitorinq keçirəcəyik, həm ailə ilə, həm də hadisədə adları keçən şəxslərlə görüşəcəyik. Montorinqin nəticələri barədə ictimaiyyətə məlumat veriləcək”- deyə, K.Ağazadə qeyd edib.

1news.az

Paylaş:
972

Son xəbərlər

Efiopiya ilə iqtisadi əməkdaşlıq imkanları müzakirə olunub28 / 11 / 2024, 19:16“Qarabağ” – “Lion” oyununa 22000 bilet satılıb28 / 11 / 2024, 17:51Azərbaycan millisi FIFA reytinqində irəliləyib28 / 11 / 2024, 17:40“Trendyol”dan azərbaycanlı müştərilər üçün “Əfsanə günlər” kampaniyası - FOTO28 / 11 / 2024, 17:28Sabah Yasamal rayonunun qaz təchizatında müvəqqəti fasilə yaranacaq28 / 11 / 2024, 17:22Xəzərdə zəlzələ olub28 / 11 / 2024, 17:01Azərbaycan və Türkiyə hərbçiləri birgə təlimdə növbəti tapşırıqları icra ediblər - FOTO28 / 11 / 2024, 16:42Bəzi yerlərdə leysan olacaq, qar yağacaq - XƏBƏRDARLIQ28 / 11 / 2024, 16:40Kuryerlərə qarşı dələduzluq edən şəxs saxlanılıb28 / 11 / 2024, 16:255 hərbçinin öldüyü dəhşətli qəzada ağır yaralanan yeniyetmə xəstəxanada dünyasını dəyişib28 / 11 / 2024, 16:13“Araz-2024” birgə taktiki təlimi başa çatıb - FOTO28 / 11 / 2024, 15:58Ağadadaş Ağayevin məhkəməsi keçirildi28 / 11 / 2024, 15:44Ordubadda hərbi sursat aşkar edilib28 / 11 / 2024, 15:33“PAŞA Holding” COP29-da qlobal əlaqələri möhkəmləndirib28 / 11 / 2024, 15:20Sahibkarları şantaj edən sayt rəhbərləri həbs edilib28 / 11 / 2024, 15:16Sumqayıtda avtomobil yanıb - VİDEO28 / 11 / 2024, 15:03Ağcabədi sakinindən 10 kiloqrama yaxın marixuana aşkarlanıb28 / 11 / 2024, 14:42Prezident Mərkəzi Nəbatat Bağının açılışında iştirak edib - FOTO28 / 11 / 2024, 14:09“Neftçi” – “Qarabağ” oyununun referisi bəlli olub28 / 11 / 2024, 13:54Cənubi Koreyada son 100 ilin ən güclü qar yağışı: 5 nəfər ölüb28 / 11 / 2024, 13:43
Bütün xəbərlər