“Bayram əhval-ruhiyyəsi ilə Böyük qayıdışın ilk addımını atırıq” – Komitə sədri

“Bu gün çox sevincliyik. Bayram əhval-ruhiyyəsi ilə Böyük qayıdışın ilk addımını atırıq”.
1news.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev deyib. Komitə sədri Ağalıya ilk köçən sakinlərə təşəkkür edərək sözügedən kənddə müasir şəraitin yaradıldığını söyləyib:
“Ağalıya ilk köçən sakinlərə təşəkkür edirəm. Zəngilanda müasir bir kənd salınıb. Azərbaycanda ilk dəfə "ağıllı kənd" konsepsiyası həyata keçirilib, orada müasir şərait yaradılıb. İşğaldan azad olunan ərazilərin hər yerində irimiqyaslı işlər davam etdirilir”.
Komitə sədrinin sözlərinə görə, bu gün Ağalıya 58 nəfərdən ibarət 10 ailə köçürülür. Ayın sonuna qədər daha 41 ailə köçürüləcək. Beləliklə sözügedən kəndə köçürülənlərin sayı 201 nəfər olacaq:
“Onlar öz kəndlərini əlləri, canları, ürəkləri ilə yenidən bərpa edəcəklər. Bu işdə bütün Azərbaycan xalqı bir yerdə olacaq”.
Ayşən İsmayılova