“Azərbaycan Ordusunun düşmənin təxribatlarına cavabı daha təsirli, daha dağıdıcı olacaq” - HƏRBİ EKSPERT | 1news.az | Xəbərlər
Cəmiyyət

“Azərbaycan Ordusunun düşmənin təxribatlarına cavabı daha təsirli, daha dağıdıcı olacaq” - HƏRBİ EKSPERT

17:10 - 04 / 08 / 2022
“Azərbaycan Ordusunun düşmənin təxribatlarına cavabı daha təsirli, daha dağıdıcı olacaq” - HƏRBİ EKSPERT

Məlum olduğu kimi, İkinci Qarabağ Müharibəsinin yekunu olaraq 2020-ci il noyabrın 10-da Rusiyanın vasitəçiliyi ilə Azərbaycanla Ermənistan arasında imzalanan üçtərəfli bəyanat hər iki tərəfin üzərinə bir sıra öhdəliklər qoyur.

Azərbaycan tərəfi üzərinə düşən öhdəlikləri bütünlüklə yerinə yetirdiyi halda, müharibədə ağır məğlubiyyətə uğrayan və sülh üçün yalvaran Ermənistan tərəfi öhdəliklərindən boyun qaçırmağa, iki ölkə arasında sülh müqaviləsinin imzalanmasına mane olmağa çalışır. Bu da regionda gərginliyin daha da artmasına səbəb olur.

Tez-tez təxribatlar törədən ermənilərin sonuncu təxribatları bardağı daşıran son damla oldu. Rusiya Federasiyası sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri avqustun 3-ü səhər saatlarında Laçın rayonu istiqamətində yerləşən Azərbaycan Ordusunun bölmələrinin mövqelərini intensiv atəşə tutması nəticəsində Azərbaycan Ordusunun əsgəri Anar Kazımov aldığı güllə yarasından şəhid oldu. Buna Azərbaycanın cavabı özünü çox gözlətmədi. Ordumuzun keçirdiyi “Qisas” əməliyyatı nəticəsində qanunsuz erməni silahlılarının canlı qüvvəsi məhv edildi və yaralandı, həmçinin bir neçə D-30 haubitsası, hərbi nəqliyyat vasitələri və çoxlu sayda döyüş sursatları məhv edildi.

Ehtiyatda olan polkovnik, hərbi ekspert Şair Ramaldanov 1news.az-a açıqlamasında bildirib ki, Azərbaycan ordusu bundan sonra da düşmənin heç bir təxribatını cavabsız qoymayacaq və o cavablar daha təsirli, daha dağıdıcı olacaq və düşməni itkilərə məruz qoyacaq.

"Bu “Qisas” əməliyyatı bir daha göstərdi ki, Azərbaycan bundan sonra heç bir təxribatı cavabsız qoymayacaq. Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin belə bir ifadəsi vardı: “Azərbaycan müvafiq tədbirlər görəcək”. Bu müvafiq tədbirlərin altında antiterror əməliyyatının olduğunu gördük. Düşünürəm ki, Azərbaycan terrorçulara çox sərt cavab verib və yenə də itki verən qarşı tərəf, yəni düşmən oldu. Endirilən bu zərbə həm əsgərimizin qanını yerdə qoymadı, həm də Azərbaycanın yumruğunun təsirini düşmənə bir daha göstərdi. Deyə bilərəm ki, mövqelər qısa zamanda ələ keçirildi, düşmənin hərəkətə keçmək istəyən hərbi hissəsi vuruldu. Biz bununla bağlı videomaterialları da gördük. Azərbaycan ordusu bundan sonra da düşmənin heç bir təxribatını cavabsız qoymayacaq və o cavablar daha təsirli, daha dağıdıcı olacaq və düşməni itkilərə məruz qoyacaq.

Azərbaycanın bu “Qisas” əməliyyatı hələ də eyforiyada olan revanşist qüvvələrin təsiri altındakı erməni cəmiyyətini də silkələməlidir və Ermənistan bilməlidir ki, Azərbaycanla ancaq danışıq, sülh və qonşuluq siyasətini yeritmək yolu ilə danışmaq olar. Xüsusən də, Azərbaycan ərazisində yerləşən ermənilər artıq öz seçimlərini etməlidirlər; ya rədd olub getməli, ya da Azərbaycan vətəndaşı kimi Azərbaycanın bütün qanunları və konstitusiya hüquqlarından istifadə etməlidirlər.

"Qanunsuz erməni silahlılarına gəlincə, onlar tərk-silah edilməlidirlər" - deyə, sözlərinə davam edən Ş.Ramaldanov bəyannamənin 4-cü bəndinin icrasına nail olacağımıza əminliyini ifadə edib:

"Düşünürəm ki, bu “Qisas” əməliyyatının məqsədi elə məhz məcbur etməkdir; bəyannamənin 4-cü bəndinin yerinə yetirilməsinə, yəni qanunsuz silahlıların Azərbaycan ərazisindən çıxarılmasına. Bu məcburiyyət öz nəticəsini verəcək. Azərbaycan prezidenti İlham Əliyev altı ayın yekununa həsr olunmuş müşavirədə 4-cü bəndin yerinə yetirilməməsi və bundan sonra Azərbaycanın gözləməyəcəyi ilə bağlı mesaj vermişdi. Biz onları dəfələrlə xəbərdarlıq edirdik. Onların son təxribatını isə hücum əməliyyatına çevirərək qələbə qazandıq. Düşünürəm ki, bu həmin xəbərdarlıqların bitdiyi nöqtədir. Azərbaycan “Qisas” əməliyyatı ilə bir daha göstərdi ki, 4-cü bənd dərhal yerinə yetirilməlidir və buna nail olacağıq".

1news.az

Paylaş:
587

Son xəbərlər

Bütün xəbərlər