Şuşa şəhərinin qala qapıları - FOTO - VİDEO

1750-1752-ci illərdə Qarabağ xanı Pənahəli xan tərəfindən inşa edilmiş Şuşa qalası üç əsas qapıya malik olmuşdur: Gəncə, İrəvan və Ağoğlan qapıları. Hər üç qapının adı tarixi mənbələrdə tez-tez xatırlanır, həmçinin onların adı Şuşanın XIX əsrdə çəkilmiş bütün baş planlarında qeyd edilir.
1news.az xəbər verir ki, bu sözləri AZƏRTAC-a açıqlamasında Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının professoru, siyasi elmlər doktoru Elçin Əhmədov deyib.
E.Əhmədov bildirib ki, Gəncə qapısı - Şuşa qalasının üç əsas qapısından biri olmaqla, qalanın şimal tərəfində yerləşir. Pənahəli xanın hakimiyyəti dövründə inşa edilmiş qapı XVIII əsrdən etibarən Gəncə qapısı adlandırılırdı. Şuşa qalasının bu qapıdan çıxan yol şəhəri Gəncə şəhəri ilə birləşdirirdi. Şuşa qalasının Şimal qapısı hesab edilən Gəncə qapısı qala divarlarının ortasında – Ağoğlan və İrəvan qapılarının arasında yerləşir. Şuşa qalasının digər qapıları ilə müqayisədə Gəncə qapısı müasir dövrümüzə daha yaxşı saxlanmış vəziyyətdə çatmışdır.
İrəvan qapısı - Şuşa qalasının üç əsas qapısından biri olmaqla qalanın qərb tərəfində yerləşir. Pənahəli xanın dövründə inşa edilmiş bu qala qapısı XVIII əsrdən etibarən İrəvan qapısı və ya Xəlfəli qapısı adlandırılırdı. Bu qapıdan çıxan yol Şuşa şəhərini Xəlfəli kəndi, oradan isə İrəvan şəhərinə gedən yol ilə birləşdirirdi.
Ağoğlan qapısı - Şuşa qalasının üç əsas qapısından biri olmaqla qalanın şərq tərəfində yerləşir və şəhərin aşağı hissəsinə girişi təmin edirdi. XIX əsrdə qalanın aşağı tərəfində, şərq qapısı yaxınlığında Şuşa həbsxanası inşa edilmişdir. Həbsxananın inşa edilməsi zamanı qala divarlarının bir hissəsi və müdafiə qüllələri həbsxana divarları kimi istifadə edilmişdir. Bu zaman qapı da həbsxanaya giriş kimi dəyişdirilərək yenidən formalaşdırılmışdır.


