Təhsil uğurlu gələcəyin təməli kimi

Təhsil hər bir xalqın mövcudluğunun və gələcək varlığının əsas şərtlərindən biridir.
Elmitexniki tərəqqinin və inkişafın müəyyənedici amil hesab olunduğu XXI əsrdə təhsilin keyfiyyəti məsələsi xüsusi əhəmiyyətə malikdir. Savadlı və peşəkar kadr ehtiyatının, “insan kapitalı”nın əsasını təşkil edən təhsil, artıq uzun illərdir ciddi rəqabət sahələrindən biridir.
Təhsil hər zaman gələcəyə yönəlik fəaliyyətləri özündə ehtiva edir və dinamik informasiya çağında yeniliklərin tətbiqi, nailiyyətlərin əldə olunması ilə yanaşı, dayanıqlı inkişafın da təməlində yer alır. Bu səbəblə hər bir dövlət üçün təhsilə qoyulan sərmayə uğurlu gələcəyə edilən yatırımdır desək yanılmarıq. Xüsusilə Azərbaycan nümunəsində təhsilin inkişafına və bu istiqamətdə yeniliklərin tətbiqinə əsaslanan təməl yanaşmalar uğurlu nümunələr yarada bilər.
Xarici təcrübənin daha sürətli transferi
Yeni, keyfiyyətli təhsil sistemi inşa etmək və onun davamlılığını təmin etmək olduqca uzun və çətin prosesdir. Lakin səmərəli təhsil proqramları ilə qısa zamanda təhsil sahəsində ciddi nailiyyətlər əldə etmək mümkündür. İndiki şəraitdə Azərbaycanda Avropa və ABŞ təhsil müəssisələri ilə rəqabətə davamlı infrastrukturun formalaşdırılması uzun vaxt ala bilər. Buna baxmayaraq savadlı kadrları dünyanın nüfuzlu ali təhsil müəssisələrinə yönləndirilməsi xarici təcrübənin Azərbaycana transferinə və qısa zamanda ciddi keyfiyyət dəyişikliyi yaratmağa imkan verə bilər.
Bu səbəblə Azərbaycanda təhsilin inkişafı baxımından önəmli addımlardan biri xaricdə təhsil proqramları ilə bağlıdır. Prezident İlham Əliyevin imzaladığı “2022-2026-cı illər üçün Dövlət Proqramı” çərçivəsində ümumilikdə 2000 nəfər tələbənin xaricdəki nüfuzlu universitetlərdə təhsil alması planlaşdırılır.
Proqramda nəzərdə tutulmuş prioritet ixtisaslar (informasiya texnologiyaları, mühəndislik, aviasiya və kosmos, energetika və s.) Azərbaycanın gələcək inkişaf istiqamətləri ilə birbaşa bağlıdır və bu istiqamətlər üzrə kadr potensialının formalaşdırılmasına xidmət edəcək. Dünya təhsil sisteminə inteqrasiya və peşəkar kadrların hazırlanmasına şərait yaradacaq bu cür proqramlar Azərbaycanda “insan kapitalının” formalaşdırılması prosesinin əsasını təşkil edir.
Xarici təcrübə əsasında yerli nümunələrin yaradılması
Keyfiyyətli və müstəqil təhsil sisteminin yaradılması sağlam və rəqabətədavamlı “insan kapitalı”nın formalaşdırılmasının əsasıdır. Çünki hər bir dövlətin öz peşəkar mütəxəssislərini daxili potensial hesabına yaratması daha təhlükəsiz və dayanıqlı inkişaf təmin edə bilər. Azərbaycan kimi önəmli iqtisadi və geosiyasi rəqabət şəraitindəki bir dövlət üçünsə bu amillər həyati əhəmiyyətə malikdir.
Bu səbəblə sadəcə ali təhsil sahəsindəki yeniliklərin və innovativ yanaşmaların tətbiqi sağlam təhsil mühitinin yaradılması üçün yetərli deyil. Çünki məktəbəqədər, orta və ali təhsil səviyyələri də bir-biri ilə sıx şəkildə əlaqəlidir. Bir pillədə buraxılan boşluq, daha sonrakı pillənin keyfiyyətində müəyyənedici rola malikdir. Bunun üçün ilk növbədə təhsilin bütün pillələrinin bərabər və inteqrasiya olunmuş şəkildə inkişafı təmin olunmalıdır.
Müasir dünyada təhsilin əsas inkişaf istiqamətləri arasında STEAM yanaşmasına uyğun tədrisin təşkili həyata keçirilir. Nəzəriyyə və təcrübəni birləşdirməyə imkan verən bu yeni yanaşma, təkcə bilik öyrənməyə deyil, həm də öyrənilmiş biliyin səmərəli şəkildə tətbiqinə imkan verir. STEAM metodikası texnologiya, incəsənət, riyaziyyat, təbii elmlər və mühəndisliyin vahid koordinasiyasını təmin edir. Bu yanaşma şagirdlərə gərəksiz məlumat yükü əvəzinə real təcrübədən keçirilməsi mümkün olan biliklərə yiyələnməyə şərait yaradır.
Azərbaycanda son illərdə təhsilə göstərilən qayğının real nəticələri özünü məktəbəqədər və orta təhsil müəssisələrində STEAM və digər innovativ yanaşmaların tətbiqi sahəsində göstərir. Artıq 2022-ci il etibarilə Azərbaycanda 302 ümumtəhsil məktəbi və 15 STEAM təmayüllü təhsil müəssisəsində 120 mindən artıq şagird innovativ yanaşmalara uyğun formada təhsil alır. Daha 5 STEAM təhsil mərkəzinin yaradılması istiqamətində isə işlər davam etdirilir.
Fərdi nailiyyətlərin ictimai nailiyyətlərlə əvəzlənməsi
Təhsilin inkişaf xüsusiyyətləri tək-tək fərdlərin hazırlıq səviyyəsi ilə deyil, daha çox cəmiyyətin orta təhsil göstəriciləri ilə müəyyən edilir. Sağlam və uğurlu inkişaf strategiyasının tətbiqi, əldə olunan nailiyyətlərin davamlılığının təmin olunması isə daha savadlı cəmiyyətin yaradılmasını şərtləndirir.
Bu baxımdan regionlarda təhsilin inkişaf səviyyəsinin yüksəldilməsi və yeni təhsil infrastrukturunun yaradılması cəmiyyətin orta təhsil səviyyəsinin inkişafına ciddi təsir edəcək amildir. İstənilən relyefə uyğunlaşdırıla bilən “modul məktəb” konsepti ilə ucqar regionlarda və kəndlərdə tələbata uyğun təhsil infrastrukturun yaradılması həyata keçirilir. Nəticədə yerləşdiyi relyefdən asılı olmayaraq hər kəsin təhsil almaq imkanı təmin edilir.
Öz çıxışlarında təhsil sahəsindəki bu günə qədərki islahatların dərinləşməsinin vacibliyini vurğulayan ölkə Prezidenti, təhsilin ölkəmizin ümumi inkişafına uyğun şəkildə inkişaf etməsini və ən müasir tələblərə cavab verməli olduğunu dəfələrlə qeyd edib. Xüsusilə son illərdə birbaşa ölkə Prezidenti İlham Əliyevin diqqəti və qayğısı ilə həyata keçirilən layihələr, təhsil istiqamətində görülən işlər və əldə olunan ilkin nəticələr yaxın gələcəkdə daha böyük uğurların əldə olunacağını göstərir.
Müəllimlərin maddi təminatının yüksəldilməsi, işə qəbul qaydalarının təkmilləşdirilməsi və yeni savadlı kadrların hazırlanması üçün gərəkli ifrastrukturun qurulması bu istiqamətdəki 3 fəaliyyətlərdən bir neçəsidir. Təhsilin inkişafının və kadr potensialının gücləndirilməsinin dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrilməsi gələcək Azərbaycanın daha sağlam və güclü təməllər üzərində yüksələcəyinin xəbərçisidir.
İlham Nağıyev