Bərdədə 14 yaşlı qızın zorlanmasında kimdir günahkar? - TƏHLİL | 1news.az | Xəbərlər
Cəmiyyət

Bərdədə 14 yaşlı qızın zorlanmasında kimdir günahkar? - TƏHLİL

Ayşən İsmayılova17:30 - 02 / 09 / 2022
Bərdədə 14 yaşlı qızın zorlanmasında kimdir günahkar? - TƏHLİL

Məlum olduğu kimi, bir müddət öncə Bərdə rayonunun Kətəlparaq kəndində 4 nəfər 14 yaşlı qıza təcavüz etmiş və törətdikləri əməli çəkərək görüntüləri kənd sakinləri arasında yaymışdılar. Qızın valideynləri hüquq-mühafizə orqanlarına müraciət etdikdən sonra hadisəni törədən şəxslər Bərdə Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən müəyyən edilərək saxlanılıb.

1news.az Bizim.Media-ya istinadən xəbər verir ki, cinsi zorakılığa məruz qalan qızın ailəsinin vəkili Ruhəngiz Quliyeva zərərçəkmişin ailəsinin kənd sakinləri tərəfindən qınağa məruz qaldığını qeyd edib:

"Bu gün səhər başına bəla gələn qızın kiçik bacısı mənə zəng edərək ağlayıb. Kənddə qalmaq və orada məktəbə getmək istəmədiyini deyib. Təsəvvür edirsiniz bu, nə deməkdir? Kiçik qızın yalvarışları və məndən imdad istəməsi sadəcə ürək parçalayacaq bir məsələdir. İnanın ki, kənddəki qadınların fikirlərini də dəyişə bilmirəm.

Təcavüzə uğrayan qıza ölüm arzulayırlar. Nə deyə bilərəm? Onlar artıq o psixologiya ilə qocalıblar. Kənddəki o baxışlar 14 yaşlı qızın iki bacısına da yönələcək”.

"Mənə elə gəlir ki, bununla bağlı daha ətraflı danışmağa ehtiyac var. Bərdədə, həmin kənddə niyə o cür oğlanlar yetişib? Bir sosioloq olaraq məni dərhal bu düşündürür".

Bu sözləri isə 1news.az-a açıqlamasında sosioloq Əhməd Qəşəmoğlu deyib:

"Çox təəssüf ki, ölkəmizdə belə bir hadisə baş verib. Hadisəni törədənlər özləri də bədbəxt oldular, qızı da bədbəxt etdilər. Çünki o oğlanlar müəyyən cəza görəcəklər, həyatları dəyişəcək. Onların bir axmaq hərəkətinə görə o kənddə nə qədər gərginlik və problemlər yaranıb. Təkcə həmin oğlanlar ilə həmin qız problem yaşamır, onların ailələrini, yaxınlarını nəzərə alsaq, nə qədər insanı böyük bir gərginlik içərisinə salıblar. Bu gənclər normal bir həyat yaşaya, ölkələri və xalqı üçün faydalı bir insan ola bilərdilər, lakin hazırda bu sual altındadır".

"Bərdədə qızlara, qadınlara qarşı cəhalətdən qaynaqlanan dəhşətli bir vəziyyət var. Qız uşağı axşam saat 6-dan sonra niyə çölə çıxdı? Niyə belə geyindi? Bu anormal bir vəziyyətdir" deyə fikirlərinə davam edən sosioloq bu hadisənin həmin ərazidə mövcud sosial və mənəvi problemlərlə bağlı bir siqnal olduğunu qeyd edib:

"Doğulan hər körpə bir ümiddir. Onlar böyüyəcəklər və ölkə üçün faydalı insanlar olacaqlar. Həmin hadisədə artıq bu ümidlər korlandı. Mən bir müddət öncə Bərdə, Ağdam kimi bölgələrdə sosioloji araşdırmalar aparmışam. Bərdədə qızlara, qadınlara qarşı cəhalətdən qaynaqlanan dəhşətli bir vəziyyət var. Qız uşağı axşam saat 6-dan sonra niyə çölə çıxdı? Niyə belə geyindi? Bu anormal bir vəziyyətdir. Biz gənc nəsil hansı mühitdə böyüyür, hansı informasiyaları alır, hansı dəyərlərə üstünlük verir? Bu hadisələri başlı-başına buraxmışıq. Bunlara lazımi şəkildə yanaşan yoxdur. Nə valideynlər bununla məşğul olur, nə də ki məsul qurumlar.

Burada mənəviyyatla bağlı problem var və bu hadisə həmin ərazidə mövcud sosial və mənəvi problemlərlə bağlı bir siqnaldır. Gənclər və İdman Nazirliyi, Mədəniyyət Nazirliyi, Elm və Təhsil Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi bölgələrdə nələr baş verməsi, hansı işlərin görülməsi ilə bağlı birgə müzakirələr aparmalıdırlar".

Psixoloq Gülnar Orucova isə cəmiyyətin yıxılana balta vurmaq yerinə ona dəstək olmalı olduğunun vacibliyindən danışıb:

"Ağlında, zəkasında qüsur olanlar nəzarətdə olmalıdırlar. Onlar nəinki ailənin, hətta dövlətin nəzarətində olmalıdırlar. Və əgər ailələri onlara himayədarlıq edə bilmirlərsə, onları dövlət öz öhdəsinə götürməlidir ki, Bərdədə yaşanan hal kimi hallar yaşanmasın.

Məsələnin ikinci tərəfi isə odur ki, hər bir insanda empatiya qurmaq hissi olmalıdır. Bu cür hallarda müvafiq qurumlar dəstək olmalıdır. Həmçinin həmin qıza və ailəyə dəstək olmaq lazımdır.

Kimsə “mənim övladımın başına belə bir şey gəlməz” deyə düşünə bilər, amma bir dəfə yaşanıbsa, deməli, yaşanma ehtimalı mümkün olan bir haldır. Bəzən bu cür vəziyyətlərdə yıxılana balta vurulduğunu görürük. Biz cəmiyyət olaraq yıxılan, təcavüzə məruz qalan, zorakılıq görən insanlara dəstək olmaq əvəzinə onları qınayırıq, kimdəsə günah axtarırıq, amma o səhvi özümüzdə axtarmırıq".

Qeyd edək ki, faktla bağlı Cinayət Məcəlləsinin 152.1-ci (On altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) maddəsi ilə cinayət işi başlanılıb və istintaq aparılır.

Ayşən İsmayılova

Paylaş:
4116

Son xəbərlər

Bütün xəbərlər