Qəbul imtahanlarında yüksək nəticə göstərən yevlaxlı gənclər mükafatlandırılıblar - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Qəbul imtahanlarında yüksək nəticə göstərən yevlaxlı gənclər mükafatlandırılıblar - FOTO

15:14 - 07 / 09 / 2022
Qəbul imtahanlarında yüksək nəticə göstərən yevlaxlı gənclər mükafatlandırılıblar - FOTO

Yevlaxda 600-dən yüksək balla ali məktəblərə qəbul olan abituriyentlərlə görüş keçirilib. Görüşdə Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı Anar Tağıyev, Mərkəzi Aran Regional Təhsil İdarəsinin müdiri Elçin Kərimov və təhsil işçiləri iştirak ediblər.

1news.az xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin şəhərin mərkəzindəki abidəsi önünə güllər düzülərək, dahi rəhbərə ehtiramlarını ifadə ediblər. Yevlax Şəhər İcra Hakimiyyətində davam edən tədbirdə Azərbaycanın Dövlət himni səsləndirilib, sonra ümummilli lider Heydər Əliyevin və ərazi bütövlüyümüz uğrunda canlarını fəda edən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı Anar Tağıyev çıxışında yüksək bal toplayan məzunları, onların müəllimlərini və ailə üzvlərini təbrik edib, onlara uğurlar arzulayıb. Bildirib ki, müstəqil Azərbaycanın inkişafında təhsil önəmli yer tutur. Ümummilli lider Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə ölkəmizdə milli təhsil konsepsiyası işlənib hazırlanıb, onun uğurla həyata keçirilməsi təmin edilib. Azərbaycan təhsilinin son yarım əsrdə qazandığı böyük uğurlar məhz Ulu Öndərin adı ilə bağlıdır. Dahi şəxsiyyətin bu müdrik siyasəti onun layiqli davamçısı, Prezident İlham Əliyev tərəfindən yeni dövrün reallıqlarına uyğun olaraq davam və inkişaf etdirilir. Bu gün Prezident İlham Əliyevin milli təhsilin inkişafına göstərdiyi böyük diqqət və qayğı öz bəhrəsini verməkdədir. Azərbaycan təhsili keyfiyyətcə yeni, daha yüksək səviyyəyə çatdıqca, ölkəmizin, xalqımızın tərəqqi və intibahı daha da sürətlənir.

Azərbaycanda təhsil strategiyasının həyata keçirilməsinə Birinci-vitse Prezident Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu da öz töhfəsini verir. Belə ki, Mehriban Xanım Əliyevanın rəhbərliyi ilə Fond tərəfindən “Yeniləşən Azərbaycana yeni məktəb” proqramı, “Uşaq evləri və internat məktəblərinin inkişafı” proqramı, “Təhsilə dəstək” və dövlət maraqları baxımından əhəmiyyətə malik bir sıra digər layihələr uğurla gerçəkləşdirilib. “Yeniləşən Azərbaycana yeni məktəb” proqramı həyata keçiriləndən sonra hətta respublikamızın ən ucqar regionlarında da zəruri avadanlıq və ləvazimatlarla təchiz olunmuş, müasir tələblərə cavab verən məktəblər tikilib istifadəyə verilib. Azərbaycanda təhsilə qayğı ən yüksək səviyyədədir. Bu sahədə həyata keçirilən hər islahat, baş verən hər bir hadisə ilk növbədə Azərbaycanın parlaq gələcəyinə hesablanıb.

Diqqətə çatdırılıb ki, 2021- 2022-ci tədris ilində Yevlax rayonu üzrə orta məktəbi bitirən 1082 məzundan 357 nəfər ali məktəblərə qəbul olub. Onlardan 32 nəfəri 500-dən yuxarı və 13 nəfəri isə 600-dən yuxarı bal toplayıb. Bu il rayon üzrə 12 nəfərin Cəmşid Naxçıvanski adına hərbi liseyə, 2 nəfərin Polis Akademiyasına, 2 nəfərin Dövlət Sərhəd Xidməti Akademiyasına, 4 nəfərin Fövqəladə Hallar Nazirliyinin Akademiyasına, 1 nəfərin Dövlət Təhlükəsizlik Xidmətinin Akademiyasına, 2 nəfərin Heydər Əliyev adına Azərbaycan Ali Hərbi məktəbə qəbul olmaları məzunların vətənpərvərlik hissinin yüksək olmasına, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Şanlı Ordumuza olan inamının artmasına bariz nümunədir.

Tədbirdə Mərkəzi Aran Regional Təhsil İdarəsinin müdiri Elçin Kərimov tələbə adını qazanmış məzunları təbrik edərək, onlara gələcək həyatlarında və təhsillərində uğurlar arzulayıb, dövlətimizin daha da qüdrətlənməsi və inkişafı üçün təhsil alacaqları təhsil müəssisələrində biliklər qazanmalarını tövsiyə edib.

Mərkəzi Aran Regional Təhsil İdarəsinin Yevlax Təhsil sektorunun müdiri Namidə Abbasova, 668 bal toplayaraq rayon üzrə ən yüksək nəticə göstərmiş rayonun Nəmirli kənd tam orta məktəbinin məzunu Əsmər Orucova, valideynlər və müəllimlər gənclərin təhsil alması üçün ölkəmizdə yaradılan yüksək şəraitdən razılıqlarını ifadə edib, onlara yaradılan şəraitə, göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlığını bildiriblər.

Sonda yüksək bal toplayaraq tələbə adını qazanmış məzunlara Yevlax Şəhər İcra Hakimiyyəti tərəfindən fəxri fərman və qiymətli hədiyyələr təqdim edilib, xatirə şəkli çəkdirilib.

Paylaş:
413

Son xəbərlər

Bütün xəbərlər