Deputatdan siyasi partiyalara çağırış: “Təkliflərinizi, iradlarınızı göndərin” | 1news.az | Xəbərlər
Cəmiyyət

Deputatdan siyasi partiyalara çağırış: “Təkliflərinizi, iradlarınızı göndərin”

Qafar Ağayev12:04 - 08 / 09 / 2022
Deputatdan siyasi partiyalara çağırış: “Təkliflərinizi, iradlarınızı göndərin”

“Azərbaycanda “Siyasi partiyalar haqqında” mövcud qanun 30 il bundan əvvvəl – 1992-ci ildə qəbul edilib”.

1news.az-a açıqlamasında Milli Məclisin deputatı Naqif Həmzəyev deyib.

“Bu, qanunun yenidən formalaşdırılmasına zəruri edən əsas arqumentlərdən biridir. Bu səbəbdən də Azərbaycanda qeydiyyatdan keçmiş bir çox partiyanın təklifi əsasında Milli Məclisdə məhz "Siyasi partiyalar haqqında" yeni qanunun hazırlanması qərarına gəlinib.

Milli Məclis tərəfindən bu qanun layihəsinin hazırlanması ilə bağlı məlumat iyulun 26-da ictimaiyyətə bildirilib. O müddətdən sonra keçən dövr ərzində qeydiyyatda keçmiş bir çox partiya tərəfindən təkliflər də Milli Məclisə göndərilib. Bu da istər-istəməz qanun layihəsinin ictimaiyyətə açıq formada həyata keçirilməsini mümkün edir. Hal-hazırda bu qanunun ilkin versiyası Milli Məclisin saytına yerləşdirilib. Bu qanunun ilkin versiyadır, nəzərdə tutulub ki, sentyabrın 28-də ilkin ictimai dinləmələr keçirilsin. İlkin dinləmələr zamanı təbii ki, bir çox maddələr üzrə dəyişikliklərin olması, yeni təkliflərin gündəmə gəlməsi mümkündür və gözləniləndir. Qanun layihəsini tələsik tənqid etmək, hansısa maddələr üzrə fərqli fikirlər söyləmək doğru olmaz. Bütün siyasi partiyalar öz təkliflərini Milli Məclisə, işçi qrupa göndərsələr çox əla olar. Qeydiyyatdan keçmiş 39 siyasi partiya öz təkliflərini verib. Mən düşünürəm ki, digər qeydiyyatdan keçmiş partiyalar konkret təkliflərini, iradlarını bildirsələr çox yaxşı olar ki, onların da bu qanun layihəsinin qəbul edilməsində iştirakı mümkünləşərdi. Yeni qanun layihəsinin hazırlanması birinci növbədə qanun layihəsinin 30 il bundan əvvəl hazırlanması ilə əlaqədardır, ikincisi isə daha demokratik və daha çevik bir mexanizmə ehtiyacın olmasıdır. Həmçinin bu qanun layihəsini hazırlanması zamanı beynəlxalq təcrübə öyrənilib".

"Biz nəzərə almalıyıq ki, Azərbaycanda istahalatlar həyata keçirilir, Milli Məclisin fəaliyyətində də islahatların şahidi olmuşuq və artıq Milli Məclisdə rəhbər vəzifələrdə müxtəlif siyasi partiyaların nümayəndələri təmsil olunur" deyə, N.Həmzəyev əlavə edib:

"Düşünürəm ki, yeni qanun layihəsi qəbul edildikdən sonra Azərbaycanda siyasi proseslərdə bütün partiyaların iştirakı daha rahat, daha çevik və daha məhsuldar olacaqdır. Bu baxımından qanun layihəsinin yenidən hazırlanması dövrün tələbədir, bütün siyasi partiyaların, o cümlədən siyasi fəaliyyətlə məşğul olan ekspertlərin öz təkliflərini, iradlarını göndərmələrinə çox böyük ehtiyac var”

Xatırladaq ki, “Siyasi partiyalar haqqında” yeni qanun layihəsinin hazırlanması prosesinə başlandığı barədə Milli Məclis cari ilin iyulun 26-da mediada açıqlama vermişdir. İlk dəfə olaraq qanun layihəsi Milli Məclisin plenar iclasına, həmçinin komitələrin iclasına çıxarılmazdan əvvəl Milli Məclisin saytında yerləşdirilib. Sentyabrın 28-nə isə qanun layihəsinin ilk ictimai dinləmənin keçirilməsi təyin edilib.

Paylaş:
314

Son xəbərlər

Bütün xəbərlər