Memarlıq və İnşaat Universitetinin tələbələri “Azərişıq”da təcrübəyə cəlb olunacaqlar- FOTO

Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Təcrübə və Karyera Mərkəzinin təşkilatçılığı ilə “Azərişıq” ASC-nin nümayəndələri ilə görüş keçirilib. Görüşdə AzMİU ilə “Azərişıq” ASC arasında əməkdaşlıq müqaviləsi imzalanıb.
AzMİU-dan 1news.az-a bildirilib ki, prorektor Akif Qasımovun və “Azərişıq” ASC-nin Tədris və İnnovasiyalar Mərkəzinin direktoru Araz Məmmədzadənin imzaladıqları müqavilə iki qurum arasında əməkdaşlıq üçün geniş imkanlar açır. Müqaviləyə əsasən, AzMİU-nun tələbələri “Azərişıq” ASC-nin Tədris və İnnovasiyalar Mərkəzində təcrübəyə, həmçinin elmi tədqiqatlara cəlb olunacaqlar. Mərkəzdə təşkil olunan təcrübə proqramına qoşulan tələbələrin şirkətin bazasında istehsalat təlimi keçmələrinə də şərait yaradılacaq. Müqavilədə “Azərişıq” ASC-nin kadr ehtiyaclarının ödənilməsi istiqamətində birgə fəaliyyət göstərilməsi məsələsi razılaşdırılıb.
Prorektor Akif Qasımov “Azərişıq” ASC-nin rəhbərliyinə AzMİU-nun rəhbərliyi adından təşəkkürünü bildirib və təhsilin keyfiyyətinin artırılmasında istehsalat təcrübələrinin önəminə toxunub. Prorektor bu istiqamətdə universitetə yardımçı olan partnyor şirkətlərin ildən-ilə artdığını vurğulayıb və “Azərişıq” ASC ilə əməkdaşlığın AzMİU tələbələri üçün faydalı olacağına inandığını qeyd edib.
“Azərişıq” ASC-nin kadr potensialının gücləndirilməsi işinin qurumun əsas prioritetlərindən olduğunu deyən mərkəz direktoru Araz Məmmədzadə bildirib ki, bu işdə əsas məqsəd tələbələrin inkişafına dəstək vermək, onların mütəxəssis kimi yetişməsi prosesini sürətləndirməkdir.
Daha sonra “Azərişıq” ASC-nin işğaldan azad olunan ərazilərimizdəki fəaliyyətinə dair “İşıqlı Qarabağ” filmi nümayiş olunub.
Diskussiya formatında davam edən görüşdə qonaqlar tələbələri maraqlandıran sualları cavablandırıblar.





