Kirayə mənzil bazarında qiymətlər niyə artır? - Ekspertdən CAVAB

“Kirayə mənzil bazarında bu il qiymət artımı ötən illərlə müqayisədə daha çox oldu”.
Bunu 1news.az-a açıqlamasında əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev deyib.
“Çünki bölgələrdən gələn tələbələrin sayı çox oldu. Hər il minlərlə tələbə gəlib kirayədə qalırsa, bu artıq minlərlə mənzilin tələbələr tərəfindən kirayələnməsi deməkdir. Başqa bir tərəfdən Bakıda pilot layihələrlə bağlı köhnə binaların sökülmə işləri gedir. Bu zaman isə həm bu binalarda yaşayan sakinlər özləri təxminən iki il yarım kirayə çıxmalı olurlar, həm də sökülən binalardakı kirayə mənzillər kirayə mənzil bazarından çıxmış olur. Onların yerində tikilən binalardakı mənzillərin qiyməti isə əvvəlkilərdən 2 dəfə baha olur. Yəni “xruşovka” layihəli binada birotaqlı mənzil təxminən 250-300 manat idisə, onun yerində tikilən qiymət ortalama 500 manat olur. Şəhərin mərkəz və mərkəzə yaxın ərazilərində sökülən həyət evlərində də ucuz kirayə mənzillər olurdu. Bütün bunlar kirayə mənzil bazarında ucuz ev qıtlığı yaradır.
Bu səbəblər bu il avqustun sonu və sentyabrdan qiymət artımına səbəb oldu. “Nərimanov”, “Elmlər”, “İnşaatçılar” kimi ərazilərdə birotaqlı mənzili 250-300 manata tapmaq olurdusa, hazırda bu qiymətlər 400 manat və daha yuxarıdır. İki və üçotaqlı mənzillər daha bahadır”.
E. Fərzəliyevin sözlərinə görə Rusiyadan gələnlər kirayə mənzil bazarına elə də təsir etməyib:
“Rusiyadan gələn azərbaycanlıların demək olar ki, hamsının Bakıda və digər bölgələrdə öz evləri var. Rusiyadan gələn digər millətlərin nümayəndələri isə 800-1000 manatlıq evlərdə kirayələyirlər. Bu evlər isə uzun müddətdir boş qalan və öz müştərilərini axtaran evlərdir”.
Ekspert həmçinin kirayə mənzil bazarındakı qiymətləri tənzimləməyin yollarından da bəhs edib:
“Söküntü prosesləri nə qədər artsa, kirayə mənzil bazarında ev qıtlığı yaşanacaq. Bunu aradan qaldırmaq üçünsə birinci növbədə tələbələri evlərlə təmin etmək lazımdır. Tələbə yataqxanaları tikilib onlara təhvil verilsə, kirayə mənzil bazarında qiymətlər düşər və seçim çoxluğu yarana bilər. İndiyə qədər tələbə yataqxanalarında məcburi köçkünlər yaşayırdılar. Hazırda dövlət onları evlərlə təmin edib və yataqxanalar boşalıb. Amma həmin yataqxanalar qəzalı vəziyyətdədir və yaşayış üçün yararsızdır. Ən azından onların torpaq sahələri var. Elə tikintinin xərcini artıran da torpaq sahələridir. Əgər o torpaq sahələrində hündürmərtəbəli tələbə yataqxanaları tikilib tələbələrə minimal qiymətə kirayə verilsə, kirayə mənzil bazarı da tənzimlənmiş olar”.



Ayşən İsmayılova