Azərbaycan Rusiyadakı səfirliyində Zəfər Günü qeyd olunub - FOTO
8 noyabr tarixində Səfirlik tərəfindən Zəfər Günü ilə əlaqədar tədbir keçirilmişdir.
Səfirlikdən 1news.az-a verilən məlumata görə, tədbirdə Moskvada akkreditə olunmuş çox sayda diplomatik korpusun yüksək vəzifəli diplomatları, o cümlədən səfirlər, müşavir-elçilər və hərbi attaşelər, Azərbaycan Respublikası Milli Məclisinin deputatı Nizami Səfərov, 44 günlük Vətən Müharibəsinin iştirakçısı, torpaqlarımızın işğalçılardan azad olunması naminə döyüşən, “Füzulinin azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilmiş sıravi Kamal Quluzadə, Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin əməkdaşları, Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin fəalları, politoloqlar, Azərbaycan diasporunun və Rusiya ictimaiyyətinin görkəmli təmsilçiləri iştirak etmişlər.
Tədbir zalında Zəfər Gününə həsr edilmiş banerlər, eləcə də 44 günlük Vətən müharibəsindən bəhs edən fotostendlər quraşdırılmışdır.
Tədbirdə çıxış edən Səfir Polad Bülbüloğlu qeyd etmişdir ki, illər əvvəl ölkəmizin ümummilli lideri Heydər Əliyev demişdir: “Biz Qarabağ məsələsini həll edəcəyik. Bizə vaxt lazımdır. Heç kəs Azərbaycanın torpağını əlindən ala bilməz. İşğal olunmuş torpaqlarımız mütləq qaytarılacaqdır. Nəyin bahasına olursa-olsun".
Ulu Öndərin sözləri gerçəkləşmişdir. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə yüksək döyüş məharəti nümayiş etdirərək dəmir yumruğa birləşən rəşadətli ordumuz uzun müddət ərzində işğal altında olan torpaqlarımızı azad etmişdir.
Bu gün Azərbaycan xalqı üçün xüsusi gündür, belə ki, Böyük Qələbənin ikinci ildönümüdür. 8 noyabr təkcə milli qürur günü kimi deyil, həm də tarixi ədalətin, beynəlxalq hüququn təntənəsi, Azərbaycan Respublikasının ərazi bütövlüyünün və suverenliyinin bərpası günü kimi mühüm əhəmiyyət kəsb edir.
Bu gün Azərbaycan xalqı üçün böyük mənəvi dəyərə və rəmzi mənaya malik olan Şuşa şəhərinin işğaldan azad edildiyi elan edilmişdir. Səfir vurğulamışdır ki, Qarabağın tacı olan doğma şəhərinin azad edilməsi dünya hərb tarixində nadir əməliyyatlardan biridir.
Bu qələbə həlak olmuş qəhrəmanların - Azərbaycanın igid oğul və qızlarının həyatları bahasına əldə edilmişdir. Azərbaycan xalqı onların qəhrəmanlığını heç vaxt unutmayacaq və onların xatirəsini qəlblərdə əbədi yaşadacaqdır. Allah onlara rəhmət etsin! Allah ruhlarını şad etsin!
Daha sonra Polad Bülbüloğlu qeyd etmişdir ki, bütün beynəlxalq səylər və görülən tədbirlər münaqişənin sülh yolu ilə həllinə və ölkəmizin işğal olunmuş ərazilərinin azad edilməsinə gətirməmişdir. Beynəlxalq ictimaiyyət Ermənistanı işğalçılıq siyasətindən əl çəkməyə və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin tələblərinə əməl etməyə məcbur edə bilməmişdir.
Səfir onu da qeyd etmişdir ki, 28 illik fəaliyyəti ərzində ATƏT-in Minsk Qrupu ikili standartlar göstərmiş və bu münaqişənin həllində özünün tam acizliyini nümayiş etdirmişdir.
Polad Bülbüloğlu xüsusilə vurğulamışdır ki, Azərbaycan BMT Nizamnaməsinə uyğun olaraq özünümüdafiə hüququndan istifadə edərək əks-hücum əməliyyatına başlamış, öz suveren ərazisində beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində və beynəlxalq humanitar hüquqa uyğun olaraq hərəkət etmiş və Ermənistan hərbi əməliyyat teatrından uzaqda yerləşən dinc şəhərlərimizi bombalamasına baxmayaraq, Azərbaycan mərdlik nümayiş etdirərək, Ermənistanın yaşayış məntəqələrini atəşə tutmamışdır.
Azərbaycanın Səfiri, həmçinin qeyd etmişdir ki, işğalın ağır nəticələrinə baxmayaraq, Azərbaycan suverenliyin və ərazi bütövlüyünün, habelə beynəlxalq tanınmış sərhədlərin toxunulmazlığının qarşılıqlı tanınma və hörməti əsasında Ermənistanla dövlətlərarası münasibətlərin normallaşdırılması prosesinin təşəbbüskarı olmuş və ölkələrimiz arasında sülh müqaviləsi üzrə danışıqlara başlamağa hazır olduğunu dəfələrlə bəyan etmişdir. Eyni zamanda iki ölkə arasında dövlət sərhədlərinin delimitasiyası və demarkasiyası prosesinin başlanması, regionda nəqliyyat-kommunikasiya əlaqələrinin açılması üçün səylər göstərmişdir.
Müharibənin başa çatmasından iki il sonra Azərbaycan bir daha əmin olmuşdur ki, Ermənistan sülh istəmir, o, yenidən revanşist ideyalarla yaşayır, danışıqların imitasiya praktikasından istifadə edir və üzərinə götürdüyü öhdəliklərin vicdanla yerinə yetirmək əvəzinə, onlardan boyun qaçırır, təxribatlara əl atır, silahlı birləşmələrini Azərbaycanın suveren ərazisindən çıxartmır, əraziləri yenidən minalaşdırır və bununla da regionda sabitlik və təhlükəsizliyə yeni təhdidlər yaradır.
Polad Bülbüloğlu vurğulamışdır ki, Azərbaycan hələ də öz torpaqlarına iddialı qüvvələrə bütün mümkün vasitələrlə cavab verməyə hazırdır.
O bildirmişdir ki, bu bayram günündə Ali Baş Komandan, Prezident İlham Əliyev Şuşa şəhərindədir. Hərbçilərlə görüşdə Prezidentimiz bir sıra ciddi bəyanatlar vermişdir. Bu bəyanatlar həm Ermənistana, həm digər beynəlxalq oyunçulara bizim qırmızı xətlərimizi aydın göstərmişdir. O xətlər ki, Azərbaycan xalqı onları heç vaxt keçməyəcəkdir. Bu gün Azərbaycanın sülh istədiyi haqda mühüm mesajlar verilmişdir. Lakin, bununla yanaşı dəmir yumruğun yerində olduğu və lazım olduğu təqdirdə kimdən gəlməsindən asılı olmayaraq ərazi bütövlüyümüzə qarşı təhdidlərə cavab olaraq istifadə olunacaqdır.
Səfir tədbir iştirakçılarına münaqişədən zərər çəkmiş ərazilərin bərpası, reabilitasiyası, yenidən qurulması və reinteqrasiyası ilə bağlı görülən genişmiqyaslı işlər barədə məlumat vermişdir. Həmçinin müharibə zamanı dağılmış dini və tarixi memarlıq abidələrinin bərpası və yenidən qurulması istiqamətində işlərin sürətlə davam etdirildiyini qeyd etmişdir.
Həmçinin bildirmişdir ki, işğaldan azad edilmiş ərazilərdə “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyası əsasında müasir şəhərsalma metodlarından istifadə olunmaqla yeni şəhər və kəndlər salınır, Zəngilan rayonunun yer üzündən silinmiş yeni salınan Ağalı kəndinə artıq onlarla ailələr qayıtmışdır.
Polad Bülbüloğlu Azərbaycanın Böyük Qələbəsinin xalqımızın tarixinin ən şanlı səhifələrindən birinə çevrildiyini bildirmiş və öz çıxışını Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin: “Biz müzəffər xalq kimi, qalib dövlət kimi bundan sonra əbədi yaşayacağıq” sitatı və “Qarabağ - Azərbaycandır!” şüarı ilə bitirmişdir.
Daha sonra çıxış edən Vətən müharibəsinin iştirakçısı Kamal Quluzadə qeyd etmişdir ki, rəşadətli döyüşçülərimiz döyüşərək hər gün kənd və şəhərlərimizi azad edirdilər. O vurğulamışdır ki, hər döyüşdən sonra keçirdikləri hiss, 30 ildən sonra bu torpaqlara ayaq basan ilk azərbaycanlılar olduqlarının qürur və xoşbəxtlik hisslərini təsvir etmək qeyri-mümkündür. O, həmçinin əlavə etmişdir ki, eyni zamanda şəhərlərdən qalan xarabalıqları, yer üzündən silinən kəndləri, məscidlərin donuz tövləsinə çevrildiyini görəndə kədər və ağrı hissləri keçirmişlər. Kamal Quluzadə onu da vurğulamışdır ki, bütün bunlar Azərbaycan xalqının tarixinin, mədəniyyətinin bilərəkdən məhv edilməsi, eyni zamanda, Azərbaycan xalqının dininin ələ salınması idi. Azərbaycan xalqının iradəsi və əzmi, müasir ordusu, iqtisadi qüdrəti və ən əsası ordunun, xalqın və hakimiyyətin birliyi qələbəni təmin edən başlıca amillər olmuşdur.
Nizami Səfərov çıxış edərək vurğulamışdır ki, 44 günlük müharibədə qələbə Azərbaycan silahlı qüvvələrinin, ölkə rəhbərliyinin və şəxsən Ali Baş Komandan, Prezident İlham Əliyevin hərbi-siyasi strategiyasının parlaq şəkildə həyata keçirilməsinin nəticəsidir. Millət vəkili onu da bildirmişdir ki, bu gün Azərbaycan dövlətinin qarşısında duran əsas vəzifələr sülh müqaviləsinin bağlanması, sərhədlərin delimitasiyası və demarkasiyası, ərazilərin minalardan təmizlənməsi və Qarabağda dinc həyatın bərqərar olmasıdır ki, bunun üçün də lazım olan hər şey edilir.
Təşkil olunmuş ziyafətdə qonaqlara Azərbaycan mətbəxinin ləziz nümunələri təqdim edilmişdir. Tədbirdə iştirak edən bir çox ölkələrin səfirləri Azərbaycan xalqını böyük qələbə münasibəti ilə təbrik etmiş, hərbi əməliyyatların unikallığını qeyd edərək Azərbaycan Prezidenti və xalqına yeni uğurlar arzulamışdırlar.