Politoloq: YUNESKO bütün ədalət meyarlarını itirib

YUNESKO nə torpaqlarımızın işğalı, nə də ondan sonrakı dövrdə Azərbaycanın haqlı etirazlarına səs çıxarmayıb.
Ermənistan tərəfindən dünya mədəni irsi üçün vacib əhəmiyyətə malik abidələrimiz, kültürəl mirasımızın terrora məruz qalmağına göz yumub. Bütün bunları nəzərə alan Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva BMT-nin Təhsil, Elm və Mədəniyyət Təşkilatının (UNESCO) xoşməramlı səfiri kimi fəaliyyətinə xitam verilməsi məqsədilə UNESCO-nun baş direktoru Odri Azulaya məktub ünvanlayıb. YUNESKO ilə son illərdə baş verən proseslərdən göründüyü kimi, xanım Mehriban Əliyevanın bu qərarı faktiki olaraq YUNESKO-nun Azərbaycana münasibətdə xüsusilə son illər sərgilədiyi ikili yanaşmaya diplomatik dillə etirazdır. Azərbaycanın Birinci vitse-prezidentinin xoşməramlı səfir kimi 18 illik fəaliyyəti dövründə Azərbaycan-YUNESKO əlaqələrinin yüksələn xəttlə inkişafına, YUNESKO-nun dəyərlərinin təbliği istiqamətində səylərə, bir sıra ölkələrdə mədəni irsin qorunması istiqamətində dəstəyə rəğmən, YUNESKO tərəfindən Azərbaycanın çağırışlarına qarşılıq verilməməsi göz qabağındadır. Ölkəmizin mədəni sərvətlərinin dağıdılması və mənimsənilməsi kimi Ermənistanın cinayətləri barədə YUNESKO-ya mütəmadi olaraq məlumat verilməsinə baxmayaraq, təəssüflər olsun ki, son 30 ildə Azərbaycanın mədəni irsinə dəyən ziyanın qiymətləndirilməsi məqsədilə YUNESKO işğal olunmuş ərazilərə missiya göndərməmişdir.
Bunun əksinə, Azərbaycan Vətən müharibəsində qələbə qazanan kimi, Azərbaycanın guya bəzi abidələri dağıtmaq barədə Ermənistanın iddiaları əsas alınaraq YUNESKO missiyanın göndərilməsi istiqamətində canfəşanlıq etmişdir. Bu dəfə də, Azərbaycanın xoş məram nümayiş etdirərək missiyaya razılıq verməsinə baxmayaraq, YUNESKO səfərin təşkil olunacağı ərazilərin kimə məxsusluğu barədə Ermənistanla yaranmış fikir ayrılıqlarını bəhanə gətirmiş və yenə də missiya reallaşmamışdır. Bütün bunlar göstərir ki, Azərbaycana qarşı birtərəfli mövqe sərgilənməsinin səbəbləri sırasında Fransa əsilli baş direktorun olması istisna edilməməlidir.
Bu fikirləri 1news.az-a açıqlamasında Sosial Tədqiqatlar Mərkəzinin (STM) sektor müdiri, politoloq Tural İsmayılov söyləyib.
Ekspert bildirib ki, Azulay kimliyi kifayət qədər qalmaqallı olan bir personadır. Nəzərə alınmalıdır ki, hələ 2005-ci ildə baş direktor Koiçiro Maatsura dövründə YUNESKO ən azından Azərbaycanın çağırışlarına reaksiya vermiş, təşkilatın hesabatında missiyanın göndərilməsinin qarşısını alan səbəb kimi Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazilərinin işğalı nəticəsində əraziyə girişin mümkün olmamasını qeyd etmişdir. Əvvəlki baş direktorlar tərəfindən sərgilənən bu və başqa qismən ədalətli mövqeyə, YUNESKO-nun prinsiplərinə hörmətə baxmayaraq, Odri Azulayın yanaşmalarının təməlində Fransanın da ölkəmizə qarşı həyata keçirdiyi qarayaxma kampaniyası və Azərbaycana qarşı ziddiyyətli mövqeyinin dayandığı güman olunur. Azərbaycanın Birinci vitse-prezidentinin xoşməramlı səfir vəzifəsindən imtinasından sonra Azərbaycanla münasibətlərdə məhz itirən tərəf YUNESKO olacaqdır. YUNESKO bütün ədalət meyarlarını iytirdiyini çoxdan nümayiş etdirib.