Ermənistanın beynəlxalq müharibə cinayətləri və Fransanın davamlı ermənipərəst siyasəti
Müasir dövrdə Azərbaycan Cənubi Qafqaz regionunda əsas söz sahibi olan dövlət kimi çətin və mürəkkəb geosiyasi şəraitdə müstəqil xarici siyasət həyata keçirir. Bu gün Azərbaycan regionun yeganə ölkəsidir ki, düşünülmüş daxili və xarici siyasəti ilə həm inkişaf edir, iqtisadi sistemini təkmilləşdirir, həm də regional təhlükəsizliyin təmin olunması istiqamətində ardıcıl və sistemli addımlar atır. Hazırda Azərbaycan dövlətinin həyata keçirdiyi enerji layihələri, regional inteqrasiyaya xidmət edən əməkdaşlıq formatları Cənubi Qafqazda sabitliyin təmin edilməsində mühüm rol oynayır. Bununla yanaşı, Azərbaycan dünyada sülhyaratma prosesində fəal iştirak edir, səmərəli təklif və təşəbbüslərlə çıxış edir, praktik fəaliyyəti ilə sülhün və təhlükəsizliyin möhkəmlənməsinə dəyərli töhfələr verir.
1news.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının professoru, siyasi elmlər doktoru Elçin Əhmədov Azərbaycana qarşı Fransa Senatında qəbul edilmiş tamamilə həqiqətdən uzaq və qərəzli müddəaların əks olunduğu “qətnamə”yə münasibət bildirərkən deyib.
Professor bildirib ki, Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu sentyabrın 27-dən Ermənistanın hərbi təcavüzünə cavab olaraq işğal altında olan torpaqlarımızı azad etmək üçün genişmiqyaslı əks-hücum əməliyyatları həyata keçirməklə yanaşı, xalqımız bütünlüklə dövlətimizin başçısının ətrafında səfərbər oldu. Azərbaycan torpaqlarının hər qarışının azad edilməsi uğrunda gedən döyüşlər, qüdrətli ordumuzun şanlı tarix yazaraq düşmən üzərindəki sarsıdıcı zərbələri, eləcə də işğalı altında olan şəhərlərimizin, yaşayış məntəqələrimizin, həmçinin müxtəlif istiqamətlərdə strateji yüksəkliklərin işğalçılardan azad edilməsi xalqımızda böyük inam və ruh yüksəkliyi yaratdı.
İkinci Qarabağ müharibəsində 44 gün ərzində dövlətimiz, beynəlxalq hüquq prinsiplərini, xüsusilə BMT Nizamnaməsinin 51-ci maddəsini rəhbər tutub öz ərazilərini azad etmək hüququndan istifadə edərək uğurlu və genişmiqyaslı əks-hücum əməliyyatları həyata keçirdi. Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli və prinsipial mövqeyi hərb meydanında olduğu kimi, diplomatiya meydanında da uğurlarımızı şərtləndirdi. Azərbaycan dövləti oktyabrın 4-də Cəbrayıl şəhərini, 17-də Füzuli şəhərini, 22-də Zəngilan şəhərinin işğalçılardan azad olunması ilə BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi və 27 il yerinə yetirilməmiş qalan 874 və 884 saylı qətnaməni özü icra etdi.
Azərbaycanın hərbi-diplomatik qələbəsi ilə nəticələnən 44 günlük Vətən müharibəsinin nəticəsində noyabrın 20-də Ağdamın və 25-də isə Kəlbəcərin işğaldan azad edilməsi noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanatın müvafiq maddəsinin yerinə yetirilməsini, eləcə də münaqişənin hərbi-siyasi həllini müəyyənləşdirdi. Bununla yanaşı, Prezident, Ali Baş Komandan İlham Əliyevin qətiyyətli və prinsipial mövqeyi nəticəsində BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi və 27 il yerinə yetirilməmiş qalan, eləcə də işğalçı qüvvələrin Azərbaycan Respublikasının Kəlbəcər və Ağdam rayonlarından çıxmasını nəzərdə tutan 822 və 853 saylı qətnamələr də məhz Azərbaycanın şərtləri ilə icra edildi. Bunun davamı olaraq üçtərəfli Bəyanatın müvafiq maddəsinə əsasən Ermənistan silahlı qüvvələrinin 2020-ci il dekabrın 1-dən Laçın rayonundan çıxması Azərbaycan hərbi-diplomatik uğurlarının nəticəsi kimi qiymətləndirilir.
Bununla yanaşı, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu sentyabrın 27-dən Ermənistanın hərbi təcavüzünə cavab olaraq, 30 ildən artıq işğal altında olan torpaqlarımızı azad etmək üçün genişmiqyaslı əks-hücum əməliyyatları həyata keçirilməklə yanaşı, düşmənin bu illər ərzində yaratdığı “yenilməzlik” mifologiyasını son qoydu. Prezident İlham Əliyevin xarici kütləvi informasiya vasitələrinə verdiyi çoxsaylı müsahibələri Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü, davam edən hərbi əməliyyatlarla bağlı tarixə, beynəlxalq hüquqa və ədalətə əsaslanaraq tutarlı arqumentlər üzərində qurulan aydın, məntiqli fikirləri, ölkəmizin haqlı mövqeyinin dünya ictimaiyyətinə çatdırılmasında müstəsna rol oynadı. Həmçinin bu müsahibələr informasiya məkanında da düşmənin yalan üzərində qurulmuş təbliğat maşınına ağır zərbə vurdu və Ermənistanın təcavüzkar siyasətinin, eləcə də onun himayədarlarının ifşa olunması ilə nəticələndi.
Qeyd etmək lazımdır ki, Fransa həmsədr ölkə kimi 30 ilə yaxın müddətdə fəaliyyətsiz qalmış ATƏT-in Minsk qrupundakı mandatını kobud şəkildə pozaraq işğalçı Ermənistana hər zaman dəstək vermişdir. 2020-ci il sentyabrın 27-də Ermənistanın davamlı təcavüz aktları nəticəsində başlanmış İkinci Qarabağ müharibəsi zamanı da Fransa ermənipərəst mövqeyini daha açıq şəkildə büruzə verdi. Fransa dövləti hərbi əməliyyatların dayandırılması, Azərbaycana qarşı mənfi beynəlxalq rəyin formalaşdırılması, müxtəlif təzyiq və tədbirlərin həyata keçirilməsi məqsədilə bir sıra səylər göstərdi. Fransa XİN-i ardıcıl şəkildə bəyanatlar verərək birmənalı şəkildə Ermənistanın işğalçılıq siyasətini demək olar ki, dəstəkləmişdi.
Ermənistanın bütün sahələrdə ağır məğlubiyyətini həzm edə bilməyən dairələrdən biri də məhz Fransa Senatı oldu. Bu baxımdan lap yaxın tarixi yada salaq. 2020-ci il noyabrın 18-də Fransa Senatının erməni diasporunun və lobbisinin təsiri altında olan bir qrup senator tərəfindən qondarma “Dağlıq Qarabağ respublikası”nın tanınmasının zəruriliyinə dair” 145 nömrəli qətnamə layihəsi təqdim olunmuş, noyabrın 25-də isə müzakirə edilərək qəbul edilmişdir. Təbii ki, hələ o vaxt qəbul edilən “qətnamə” Azərbaycan üçün adi “kağız parçası”ndan başqa bir şey olmadı və heç nəyi dəyişmədi.
2022-ci sentyabrın 15-də Fransa Senatının Azərbaycana qarşı sanksiyaların tətbiqi ilə bağlı “qətnamə” qəbul etməsi erməni canfəşanlığının növbəti nümunəsi oldu. Senatın yalan və əsassız mülahizələrə dolu, həmçinin qərəzli, ermənipərəst “bacı sevgisi”ndən irəli gələn, Azərbaycan üçün “kağız parçası” hesab edilən ənənəvi “qətnamə”si, beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozmaqla yanaşı, iki dövlət arasında 1993-cü ildə imzalanmış “Dostluq, qarşılıqlı anlaşma və əməkdaşlıq haqqında Müqavilə”yə də tamamilə ziddir. Eyni zamanda, bu “qətnamə” Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə kobud müdaxilə və açıq-aşkar daxili işlərə qarışmaq kimi beynəlxalq hüququn təməl prinsiplərinin də pozulması deməkdir.
Qəbul edilən “qətnamə”də beynəlxalq hüququn normalarının fransızsayağı təfsiri, 30 ilə yaxın müddətdə Azərbaycan torpaqlarını işğal altında saxlayan təcavüzkar Ermənistanın dəstəklənməsi, ermənipərəst Senatın “kiçik bacı”nın vəkili rolunda çıxışı olmaqla yanaşı, dövlətlərin ərazi bütövlüyü və sərhədlərin pozulmasının qeyri-mümkünlüyü haqqında 1990-cı il noyabrın 21-də qəbul edilmiş yeni Avropa üçün Paris Xartiyasına da tamamilə ziddir və qəbuledilməzdir.
Qeyd etmək lazımdır ki, 30 ilə yaxın müddətdə Ermənistan beynəlxalq hüququn bütün prinsiplərini, o cümlədən 1949-cu il tarixli Cenevrə konvensiyalarının əsas norma və prinsiplərini kobud şəkildə pozmaqla dinc azərbaycanlı mülki əhaliyə qarşı cinayət əməllərini törətməkdə davam etmişdir. Ermənistan bütün beynəlxalq hüquqi sənədləri, xüsusilə BMT Nizamnaməsinin I və II maddələrində, 1970-ci il 24 oktyabr tarixli beynəlxalq hüququn prinsipləri haqqında Bəyannamədə, eləcə də 1975-ci il 1 avqust tarixli ATƏM/ATƏT-in Helsinki Yekun Aktında ifadə olunmuş beynəlxalq hüququn əsas prinsiplərini kobudcasına pozmuşdur.
Qəbul edilən “qətnamə” adi “kağız” parçası olmaqla yanaşı, təkcə ermənipərəst Senatın “üz qarası” deyil, Fransa kimi bir dövlətin adına da ləkədir. Fransa Senatı çox da uzağa getməyib iki il əvvəl baş verənlərə, təkcə İkinci Qarabağ müharibəsi dövründə mülki insanlara qarşı Ermənistanın beynəlxalq cinayətlərinə nəzər salsın. 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək, yəni, 44 gün ərzində cəbhə zonasından xeyli kənarda dinc əhaliyə qarşı Ermənistan tərəfindən törədilmiş beynəlxalq cinayətlər, həmçinin Ermənistanın Azərbaycana qarşı etnik təmizləmə, soyqırımı və dövlət terrorizmi siyasəti 30 ildən çox bütün dünyanın gözü qarşısında davam etmişdir. İkinci Qarabağ müharibəsinin gedişində Ermənistan silahlı qüvvələrinin yaşayış məntəqələrimizi ağır artilleriya qurğularından və raket sistemlərindən atəşə tutması nəticəsində 60 nəfərə yaxın insan həlak olmuş, 300-dən çox mülki insan yaralanmışdır. Bundan başqa, 2020-ci il sentyabrın 11-də Ermənistan silahlı qüvvələrinin cəbhə zonasından xeyli kənarda yerləşən, Azərbaycanın ikinci böyük şəhəri olan Gəncənin mərkəzi hissəsindəki çoxmənzilli yaşayış binasını gecə saatlarında raket atəşinə tutması nəticəsində 5-i qadın olmaqla 10 nəfər həlak olmuş, 16 qadın, 6-sı azyaşlı olmaqla 34 nəfər yaralanmış (onlardan 10 nəfəri məktəbli olmuşdur). Oktyabrın 15-də təcavüzkar Ermənistanın silahlı qüvvələrinin Tərtərdə dəfn mərasimi zamanı qəbiristanlığı atəşə tutması nəticəsində 4 nəfər həlak olub, 4 nəfər xəsarət alıb. Oktyabrın 17-də gecə saat 1-də Ermənistan silahlı qüvvələrinin Gəncəni raket atəşinə tutması nəticəsində 52 dinc sakin xəsarət almış, 13 nəfər həlak olmuşdur ki, onların arasında 4-ü qadın, 3-ü azyaşlı uşaqdır. Ümumilikdə, Ermənistan ordusunun Gəncəyə oktyabrın 4-də, 11-də və 17-də raket və ağır artilleriya hücumları nəticəsində 10-u qadın, 6-sı uşaq olmaqla 26 nəfər həlak olmuş, 138 nəfər yaralanmışdır.
Beynəlxalq birliyin cəzasızlığından istifadə edərək faşist ideologiyası yürüdən təcavüzkarın cinayətləri davamlı olmuş, 2020-ci il oktyabrın 27-də Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın Bərdə rayonuna “Smerç” yaylım atəşli reaktiv sistemdən atılan raket atəşləri nəticəsində 5 nəfər mülki şəxs, o cümlədən azyaşlı uşaq həlak olmuş, uşaqlar və qadınlar da olmaqla 13 nəfər ciddi yaralanmışdır. Bunun ardınca oktyabrın 28-də Ermənistan silahlı qüvvələri tərəfindən Bərdə şəhərinin dinc sakinlərin sıx olduğu əraziyə beynəlxalq hüquqla qadağan olunmuş kaset bombalarından istifadə edilməklə zərbələr endirilməsi nəticəsində 21 nəfər həlak olmuş, 70-dən çox insan isə yaralanmışdır. Ermənistan ordusunun Bərdəyə 2 gün ərzində “Smerç” yaylım atəşli reaktiv sistemdən atılan raket atəşləri nəticəsində 26 nəfər həlak olmuş, 80-dən çoxu yaralanmışdır.
Ümumiyyətlə, bütün dünyanın gözü qarşısında dövlət terrorizmi siyasəti həyata keçirən Ermənistanın hərbi təcavüzü və beynəlxalq cinayətləri nəticəsində 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək, yəni 44 gün ərzində mülki insanlardan 90 nəfərdən çoxu həlak olmuş (onlardan 30 nəfərdən çoxu uşaqlar və qadınlar), 400 nəfərdən çox, o cümlədən 100-dən çox qadın və 30-dan çox uşaq yaralanmışdır.
2022-ci il noyabrın 8-də Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev Şuşada hərbçilər qarşısında çıxışında deyib: “Ermənistan bilməlidir ki, bizi indiki çərçivələrdə saxlayan Ermənistanın hansısa havadarının bəyanatı deyil, bizim öz siyasətimizdir. Biz heç kimdən qorxmuruq, heç kimdən çəkinmirik. Əgər biz kimdənsə qorxsaydıq, heç vaxt İkinci Qarabağ müharibəsinə start verməzdik. Biz hər birimiz ölümə gedirdik, öldü var, döndü yoxdur, ya azadlıq, ya ölüm! İndi də ölümə getməyə hazırıq öz haqlarımızı tələb edərək”.
Ermənistana bir daha xəbərdarlıq edən Prezident İlham Əliyev bildirib: “Onlar bunu anlamalıdırlar ki, xaricdə oturan və bu bölgəyə bir oyun meydançası kimi baxmaq istəyən dairələrin qurbanına ikinci dəfə çevrilməsinlər. Biz burada əsas söz sahibiyik, biz burada əsas güc sahibiyik”.
Bu baxımdan Ermənistanda revanş haqqında düşünənlər və hələ də kiməsə güvənənlər heç vaxt Azərbaycanın dünyaya nümayiş etdirdiyi XXI əsrin müharibə nümunəsini unutmasınlar. Dövlətimizin başçısı birmənalı olaraq bildirib ki, Azərbaycanın işi haqq işidir və Qarabağ Azərbaycandır!