Deputat: Azərbaycan məsuliyyətli ölkədir

“Hazırda Laçın-Xankəndi yolunda Azərbaycanın vətəndaş cəmiyyətinin fəallarının keçirdiyi etiraz
aksiyasının ciddi əsasları var.
Etirazların əsas səbəbi Qarabağda Rusiya sülhməramlılarının
müvəqqəti yerləşdiyi ərazilərdə təbii sərvətlərimizin qanunsuz istismarı və ekologiyaya ciddi ziyanın
vurulmasıdır. 30 il ərzində Ermənistan işğal altında saxladığı ərazilərimizdə əsl vandalizm törədib.
Bütün yaşayış məntəqələri dağılıb, o cümlədən həmin torpaqlar ekoloji terrora məruz qalıb. Bu gün
Rusiya sülhməramalılarının məsuliyyət zonasında olan ərazilərdə ekoloji terror və təbii
sərvətlərimizin qanunsuz istismarı davam edir. Belə halların qarşısı alınmalıdır”.
Bu fikirləri Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva 1news.az-a açıqlamasında deyib.
Deputat bildirib ki, Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyiAzərbaycan ərazilərində
təbii sərvətlərin qeyri-qanuni istismarı, habelə ekoloji vəziyyətin pisləşməsi ilə bağlı ilkin monitorinq
məqsədilə Azərbaycanın dövlət qurumlarının nümayəndələrinin və mütəxəssislərin əraziyə girişinə
maneçilik törədilməsi səbəbindən Azərbaycan vətəndaş cəmiyyəti nümayəndələrinin və ekoloqların
etiraz aksiyası təşkil olunub. Azərbaycanın sözügedən ərazilərində təbii sərvətlərin qeyri-qanuni
istismarı dayandırılmalı, bütün təbii sərvətlərin istismarı Azərbaycan Respublikası qanunvericiliyi
əsasında həyata keçirilməlidir. Bütün faydalı qazıntı yataqları, o cümlədən Qızılbulaq qızıl və
Dəmirli mis-molibden yataqlarına yerində baxış, qanunsuz istismarın dayandırılması, müxtəlif
istiqamətlər üzrə monitorinq və inventarizasiyanın aparılması, əmlakın kadastr uçotunun təşkili,
ətraf mühitə, yeraltı və yerüstü su mənbələrinə potensial zərərin və risklərin qiymətləndirilməsi və
dəymiş zərərin nəticələrinin aradan qaldırılması məsələləri üzrə işçi qrup yaradılıb. Məlumdur ki,
dekabrın 3-dən etibarən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii
Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti v“ əAzerGold”
Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin
müvəqqəti yerləşdiyi Azərbaycan Respublikası ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz
istismarı, bundan irəli gələn ekoloji və digər törəmə fəsadlar ilə bağlı sülhməramlı kontingentin
komandanlığı ilə danışıqlar aparıblar. Lakin Qarabağdakı separatçılar monitorinqin aparılmasına
əngəl törədib, sülhməramlılar isə onların qarşısını almaq üçün heç bir addım atmayıb. Hazırda isə
Laçın yolu azərbaycanlı etirazçılar tərəfindən deyil, Rusiya Federasiyasının sülhməramlı
kontingenti tərəfindən bağlanıb. Azərbaycan vətəndaş cəmiyyəti nümayəndələri sadəcə talan
edilmiş təbii sərvətlərin qanunsuz daşınmasının qarşısını almağa çalışır.
Millət vəkilinin sözlərinə görə, Ermənistan hökumətinin Azərbaycan əraziləri daxilində baş verən
hadisələrə verdiyi şərhlər ölkəmizə qarşı ərazi iddialarının hələ də davam etdiyinin göstəricisidir.
Bu cür bəyanatların Ermənistan baş nazirinin Praqa və Soçidə Azərbaycanın ərazi bütövlüyü və
suverenliyinə hörmət edilməsi üzrə bir daha qəbul etdiyi öhdəliklərə ziddir. “Bir məqamı da xüsusi
vurğulamaq lazımdır ki, Ermənistan öz qeyri-qanuni iqtisadi fəaliyyəti ilə beynəlxalq
konvensiyaların tələblərini kobud şəkildə pozur. Bu cür cinayətlər Ermənistan üçün hüquqi
məsuliyyət yaradır. Xatırladaq ki, ATƏT, BMT-nin İnkişaf Proqramı (UNDP), Ətraf Mühit Proqramı
(UNEP), Avropa Şurası Parlament Assambleyası (PACE) tərəfindən qəbul olunmuş hesabatlarda
və qətnamələrdə işğal dövründə ərazilərimizdə həyata keçirilmiş qeyri-qanuni iqtisadi fəaliyyət və
təbii sərvətlərin qanunsuz istismarı faktları qeydə alınıb. Bundna əlavə, üç ölkə liderlərinin
imzaladığı 10 noyabr 2020-ci il tarixli bəyanatın müddəaları Ermənistan tərəfindən yerinə yetirilmir.
Bəyanatın 4-cü bəndinə zidd olaraq erməni silahlı qüvvələri hələ də Azərbaycan ərazilərindən
çıxarılmayıb, 6-cı bəndinə zidd olaraq Laçın yolundan həm hərbi təxribatlar, həm də qeyri-qanuni
iqtisadi fəaliyyət üçün istifadə olunur, eləcə də 9-cu bənd də yerinə yetirilməyib. Bu bəndə görə
bölgədə bütün nəqliyyat kommunikasiya yolları açılmalıdır. Lakin Ermənistan kommunikasiyaların
açıqlmasına maneçilik törədir”,-deyən Sevinc Fətəliyeva qeyd edib ki, Azərbaycan məsuliyyətli
ölkədir və öz ərazisində yaşayan bütün erməni sakinlərin humanitar ehtiyaclarını qarşılamağa
hazırdır. Azərbaycanın ictimai fəallarının aksiyası isə Qarabağda yaşayan ermənilər üçün heç bir
təhdid yaratmır. əksinə, bu aksiya sülh aksiyası kimi dəyərləndirilməlidir. Çünki aksiya zamanı
Qarabağ erməniləri üçün humanitar məqsədli yüklərin daşınmasına lazımi şərait yaradılır.