“Azərbaycanda ixtisaslı həkimlərin əməkhaqqı minimum 1000 manat təşkil edir”
“İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin qərarı ilə 1 iyun 2022-ci il tarixindən etibarən TƏBİB-in tabeliyindəki tibb müəssisələrində çalışan ixtisaslı həkimlərin aylıq vəzifə (tarif) maaşına 800 manat məbləğində sabit həvəsləndirici əlavələr tətbiq olunur”.
1news.az xəbər verir ki, bunu TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov deyib.
“Bundan əlavə ixtisaslı həkimlərin göstərdikləri tibbi xidmətlərin ölçülməsi və dəyərləndirilməsi məqsədilə həkimlərə işin nəticələrinə görə aylıq həvəsləndirici əlavələr verilir. Tibb müəssisələrinin qrup və kateqoriyalarına uyğun işin nəticələrinə görə aylıq həvəsləndirici əlavələrin məbləğinə 1-1.5 intervalında əmsallar tətbiq edilir. Bununla da ixtisaslı həkimlərə ödəniləcək əməkhaqqının məbləği vergilər və digər məcburi ödənişlər çıxıldıqdan sonra vəzifə (tarif) maaşı və sabit həvəsləndirici əlavələrlə birlikdə minimum 1000 manat təşkil edir. Eyni zamanda, ailə həkimlərinə ödənilən aylıq sabit həvəsləndirici əlavənin məbləği artırılaraq 500 manata çatdırılmışdır”.