Zamirə Ədilova TƏBİB-in saytının və çağrı mərkəzinin təqdimatını etdi
TƏBİB - “Tibdə müasir keyfiyyət mərhələsi – Real perspektivlər, gələcəyə baxış” adlı hesabat konfransında TƏBİB-in yeni yaradılan veb-saytı ( www.tabib.gov.az ) təqdim edilib.
1news.az xəbər verir ki, saytın təqdimatını TƏBİB-in İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili şöbəsinin müdiri Zamirə Ədilova edib.
O, bildirib ki, Vətəndaşlar kompüter və mobil cihazlardan saytı rahatlıqla ziyarət edə bilərlər.
“ Demək olar ki, böyük kütlə tərəfindən istifadə edilən çox sayda cihaz ölçüləri nəzərə alınıb və cihazın ekran ölçülərinə görə uyğunlaşması təmin edilib. Ziyarətçilərin səhifələrdə yorulmadan hərəkətini əsas götürmüşük, eşitmə, görmə və hərəkət qabiliyyəti məhdud olan insanların da veb-saytımıza daxil olmaq, buradakı məlumatlardan faydalanmaq imkanı yaradılıb. Saytdakı şəxsi kabinet, laborator analizlərin nəticələri, peyvənd randevu sistemi kimi elektron xidmətlər istifadəçi rahatlığına hesablanıb”.
Z.Ədilova qeyd edib ki, intensiv olaraq saytın funksionallığı genişləndiriləcək.
Şöbə müdiri bu gündən etibarən, həm də TƏBİB-in Çağrı mərkəzinin istifadəyə verildiyini bildirib.
“Vətəndaşlar 815 qısa nömrəsinə zəng etməklə TƏBİB-ə müraciət edə bilərlər”, - deyə o qeyd edib.