Qanlı 20 Yanvar faciəsindən 33 il ötür | 1news.az | Xəbərlər
Cəmiyyət

Qanlı 20 Yanvar faciəsindən 33 il ötür

08:58 - 20 / 01 / 2023
Qanlı 20 Yanvar faciəsindən 33 il ötür

Azərbaycan tarixinə Qanlı Yanvar faciəsi kimi daxil olmuş 1990-cı il 20 Yanvar hadisələrinin ildönümüdür.

1news.az-ın xəbərinə görə, Qanlı Yanvar hadisələrindən 33 il ötür.

1987-ci ilin sonlarında yenidən ortaya atılmış qondarma Dağlıq Qarabağ problemi Azərbaycanın ərazi bütövlüyünün pozulmasına, torpaqlarımızın işğalına, Ermənistanda və Dağlıq Qarabağda yaşayan yüz minlərlə azərbaycanlının öz doğma yurdlarından qovulmasına yönəlmişdi. Keçmiş Sovet İttifaqının iki respublikası arasında başlanan bu münaqişə XIX–XX yüzilliklərdə ermənilərin Azərbaycan torpaqlarında ardıcıl məskunlaşdırılması, habelə xalqımıza qarşı məqsədyönlü şəkildə aparılmış etnik təmizləmə və soyqırımı siyasətinin növbəti mərhələsi idi.

Ermənistan SSR-nin respublikamıza ərazi iddialarına, radikal erməni millətçiləri tərəfindən qızışdırılan separatizmə və soydaşlarımız əleyhinə törədilən kütləvi zorakılıqlara SSRİ rəhbərliyinin bilavasitə və ya dolayısı ilə dəstək verməsi, habelə Azərbaycanın o zamankı rəhbərlərinin cinayətkar qətiyyətsizliyi və milli maraqlara zidd addımları xalqımızı respublikanın ərazi bütövlüyünün qorunması naminə ayağa qalxmağa sövq etdi. Beləliklə, respublikada geniş sosial spektrli xalq hərəkatı yarandı və proseslərin gedişi onun tədricən milli azadlıq hərəkatına çevrilməsinə zəmin yaratdı.

1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə birbaşa Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibi Mixail Qorbaçovun əmri ilə SSRİ Müdafiə Nazirliyi, Dövlət Təhlükəsizlik Komitəsi və Daxili İşlər Nazirliyinin qoşun hissələri Bakıya və Azərbaycanın bir neçə rayonuna yeridilib, dinc əhali ağır texnikadan və müxtəlif tipli silahlardan atəşə tutularaq kütləvi qətlə yetirilib. Sovet ordusunun xüsusi təyinatlı dəstələrinin və daxili qoşunların iri kontingentinin Bakını zəbt etməsi xüsusi qəddarlıq və misli görünməmiş vəhşiliklə müşayiət edilib. Fövqəladə vəziyyətin tətbiqi əhaliyə elan olunanadək hərbi qulluqçular 82 nəfəri amansızcasına qətlə yetirib, 20 nəfəri ölümcül yaralayıb. Fövqəladə vəziyyət elan edildikdən sonra isə bir neçə gün ərzində Bakı şəhərində 21 nəfər öldürülüb. Fövqəladə vəziyyətin elan olunmadığı rayon və şəhərlərdə - yanvarın 25-də Neftçalada və yanvarın 26-da Lənkəranda daha 8 nəfər qətlə yetirilib.

Beləliklə, qoşunların qanunsuz yeridilməsi nəticəsində Bakıda və ətraf rayonlarında 131 nəfər öldürülüb, 744 nəfər yaralanıb.

Həlak olanların arasında qadınlar, uşaqlar və qocalar, həmçinin təcili yardım işçiləri və milis nəfərləri olub. Qoşunların qanunsuz yeridilməsi həm də dinc əhali arasında kütləvi həbslərlə müşayiət olunub. Əməliyyatların gedişi boyunca paytaxt Bakı və respublikanın digər şəhər və rayonlarından 841 nəfər qanunsuz həbs edilib, onlardan 112-si SSRİ-nin müxtəlif şəhərlərindəki həbsxanalara göndərilib. Hərbi qulluqçular tərəfindən 200 evə, 80 avtomobilə, o cümlədən təcili yardım maşınlarına atəş açılıb, yandırıcı güllələrin törətdiyi yanğınlar nəticəsində külli miqdarda dövlət və şəxsi əmlak məhv edilib.

Sovet qoşunlarının hərəkətlərində 1945-1946-cı illərdə keçirilmiş və tarixə Nürnberq prosesi kimi düşmüş beynəlxalq
tribunalda pislənilən bütün əlamətlər müşahidə edilib. Ümumilikdə, Azərbaycanın 150 nəfər 20 Yanvar şəhidi var.

Həmin qətliamdan bir gün sonra, yanvarın 21-də xalqımızın böyük oğlu Heydər Əliyev Azərbaycanın Moskvadakı Daimi Nümayəndəliyinə gedərək Bakıda kütləvi qırğın törətmiş SSRİ hakimiyyətini və Azərbaycanın yarıtmaz rəhbərliyini kəskin ittiham edən bəyanat verdi. Azərbaycan xalqının məruz qaldığı bu dəhşətli və amansız terroru dünyanın mütərəqqi qüvvələri də qətiyyətlə pislədi.

Azərbaycanda vaxtında dərindən araşdırılmayan və adekvat qiymətini almayan faciəyə yalnız bir neçə il sonra ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə dövlət səviyyəsində siyasi-hüquqi qiymət verildi. Azərbaycan Respublikası Prezidentinin “20 Yanvar faciəsinin 4-cü ildönümünün keçirilməsi haqqında” 1994 cü il 5 yanvar tarixli Fərmanında Milli Məclisə Qanlı Yanvar hadisələri ilə bağlı xüsusi sessiyanın keçirilməsi məsələsinə baxmaq tövsiyə edildi. Milli Məclisin 1994-cü il martın 29-da qəbul etdiyi Qərarda 20 Yanvar faciəsinin günahkarları konkret qeyd olundu və bu qanlı aksiya Azərbaycanda milli azadlıq hərəkatını boğmaq, xalqın inamını, iradəsini qırmaq üçün totalitar kommunist rejimi tərəfindən törədilmiş hərbi təcavüz və cinayət kimi qiymətləndirildi.

1990-cı ilin 20 yanvarında Azərbaycan xalqı öz azadlığı və müstəqilliyi uğrunda çox sayda şəhid verdi. Lakin onun iradəsi sınmadı və milli ruhu sarsılmadı. Həmin qırğın zamanı ümummilli mənafelərin müdafiəsi naminə canlarından keçmiş və şəhidlik zirvəsinə ucalmış Vətən övladları misilsiz fədakarlıqları ilə xalqımızın qəhrəmanlıq salnaməsinə yeni parlaq səhifə yazdılar.

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 2020-ci ilin Vətən müharibəsində əldə edilmiş Tarixi Zəfər ilə həm də 20 Yanvar şəhidlərinin narahat ruhları dinclik tapdı. Bu gün Azərbaycan xalqının milli ideyası tarixi torpaqlarına qayıdışı nəzərdə tutur. Qarabağ və Şərqi Zəngəzurda böyük quruculuq işləri gedir, artıq Zəngilanın Ağalı kəndi ilə Böyük Qayıdış başlayıb, bu il qayıdış prosesi daha da sürətlənəcək.

Azərbaycanlı qaçqınlar Ermənistandakı əzəli yurd yerlərinə də qayıdacaqlar, 20 Yanvar hadisələrindəki milli müqavimət nümunələri, 30 illik dövr ərzində işğalla barışmazlıq və 2020-ci ilin Vətən müharibəsində əldə edilmiş Tarixi Zəfər, Ermənistanın diz çökdürülməsi bu ümidləri daha da gücləndirir.

Artıq Prezident İlham Əliyev Qərbi Azərbaycana qayıdışı yeni prioritet kimi müəyyən edib.

Xatırladaq ki, hər il 20 Yanvar Azərbaycanda Ümumxalq Hüzn Günü kimi qeyd edilir.

Paylaş:
433

Son xəbərlər

Oqtay Əliyev “Qurd qapısı” qəbiristanlığında dəfn olunacaqBu gün, 11:19Mehriban Əliyeva Azərbaycan xalqını Ramazan ayının başlanması münasibətilə təbrik edib - FOTOBu gün, 10:49Daşkəsəndə narkotik satmaqda şübhəli bilinən şəxs saxlanılıb - FOTOBu gün, 10:36Bakıda 4 otaqlı ev yanıbBu gün, 10:11Azərbaycanı təmsilçilərinin “Avroviziya 2023”də çıxış edəcəyi nömrə bəlli olubBu gün, 09:46Yardımlıdan Bakıya külli miqdarda narkotik gətirmək istəyən şəxs saxlanıldı - FOTOBu gün, 09:36Ağcabədi sakinindən “Kalaşnikov” silahı aşkarlanıb - FOTOBu gün, 09:18Laçın-Xankəndi yolunda keçirilən aksiyanın 102-ci günü - FOTOBu gün, 08:58Azərbaycanda 11 ayın sultanı - Ramazan ayı başlayıb - TƏQVİMBu gün, 00:21Oqtay Əliyev yol qəzasında dünyasını dəyişib - FOTO22 / 03 / 2023, 19:25Zelenski Baxmutda ukraynalı hərbçilərlə görüşüb22 / 03 / 2023, 17:50Son sutkada Azərbaycanda vaksin vurulmayıb22 / 03 / 2023, 17:15Azərbaycanda 209 aktiv koronavirus xəstəsi var - STATİSTİKA22 / 03 / 2023, 17:07BQXK-nın altı avtomobili Xankəndiyə geri dönüb22 / 03 / 2023, 16:47İti avtomobilin arxasına bağlayaraq sürüyən şəxs məsuliyyətə cəlb edilib22 / 03 / 2023, 16:24Bakıda 3 otaqlı mənzildə yanğın olub22 / 03 / 2023, 15:38Allahşükür Paşazadə İƏT-in baş katibi ilə görüşüb22 / 03 / 2023, 15:09Bakıda yaşayış binasında yanğın olub - VİDEO22 / 03 / 2023, 14:49Pakistan vətəndaşı Bakıda mopedlə qəzaya düşdü22 / 03 / 2023, 13:59Ölkəyə qaçaqmalçılıq yolu ilə 93 ədəd “iPhone” keçirmək istədilər, qarşısı alındı22 / 03 / 2023, 13:39
Bütün xəbərlər

Next TV