Ülviyyə Əhmədova: “Altı yaşlı uşağın söz ehtiyatı, orta hesabla, dörd min sözdən ibarət olmalıdır” | 1news.az | Xəbərlər
Cəmiyyət

Ülviyyə Əhmədova: “Altı yaşlı uşağın söz ehtiyatı, orta hesabla, dörd min sözdən ibarət olmalıdır”

16:50 - 17 / 02 / 2023
Ülviyyə Əhmədova: “Altı yaşlı uşağın söz ehtiyatı, orta hesabla, dörd min sözdən ibarət olmalıdır”

Bakı məktəblərində ibtidai sinif müəllimləri üçün Azərbaycan dilində yeni “İnteraktiv Əlifba” tədris vəsaitinin dərsdə tətbiqi artıq bir neçə ildir ki davam edir.

Vəsaitin müəllifi, “Smart Technologies” şirkətinin direktoru Ülviyyə Əhmədova ilə “İnteraktiv Əlifba”, vəsaitdə bərpa olunan unudulmuş Azərbaycan sözləri, neologizmlər və bir çox başqa mövzular haqqında söhbət etdik.

- “İnteraktiv Əlifba”nın adi əlifbadan fərqi nədir?

- Təbii ki, istənilən əlifba, ilk növbədə, oxumağı öyrətməyə, səs və hərfləri, sait və samitləri fərqləndirməyə, sözləri hecalara ayırmağa xidmət edir. Bu mənada “İnteraktiv Əlifba”nın ənənəvi əlifbadan fərqi onun interaktiv lövhə proqramında rəqəmsal formatda yaradılmasıdır. Bununla belə, yeniliklərə gəldikdə, “İnteraktiv Əlifba” yaradılarkən bir neçə məsələyə xüsusi diqqət yetirilmişdir. Onlardan biri uşaq üçün maraqlı, aktual tədris materialı vasitəsilə onun təfəkkür bacarıqlarını formalaşdırmaq və inkişaf etdirməkdir. Dilimizdə tək bir sözlə ifadə olunan təfəkkür anlayışı, əslində, geniş bir prosesdir, bir neçə əqli əməliyyatdan ibarətdir. Qeyd edək ki, şagirddə təfəkkür bacarıqlarının inkişaf etdirilməsi əqli əməliyyatlara dair xüsusi tədris materiallarının tətbiqi ilə mümkündür. “İnteraktiv Əlifba”da bunun üçün gözəl zəmin yaradılıb ki, uşaq əyləncəli oyun şəklində hazırlanmış tapşırıqlar üzərində çalışarkən müstəqil düşünməyi öyrənsin. Biz vəsaitin məzmununu düşünərkən qarşımıza aydın məqsəd qoyduq: hazırladığımız tapşırıqlar oxumağı öyrətməklə yanaşı, uşaqda müəyyən əqli qabiliyyətləri inkişaf etdirməlidir. Çünki məktəbin əsl vəzifəsi, “bilik” adlandırdığımız məlumatları əzbərlətməkdən və mexaniki surətdə yadda saxlamaqdan ibarət deyil. Vəzifə uşaqda təfəkkür bacarıqlarını sistemli şəkildə formalaşdırmaqdan və inkişaf etdirməkdən ibarətdir. Nəticədə əldə edilən biliklər uşağın şüurunda pərakəndə deyil, müxtəlif qarşılıqlı əlaqələri olan vahid bir sistem kimi qavranılıb mənimsənilsin. Əlifbanın yaradılması prosesində üzərində işlədiyimiz ikinci məsələ isə uşağa kiçik yaşlarından düşüncə bacarıqları ilə yanaşı, öz fikirlərini ana dilində sərbəst, aydın, səlis ifadə etməyi öyrətməkdir. Bu da başqa bir məsələnin həlli ilə - övladlarımızın söz ehtiyatının və bütövlükdə dilimizin söz xəzinəsinin zənginləşdirilməsi ilə şərtlənir.

Məlumdur ki, dilimizin sovet dövrü əcnəbi sözlərin kütləvi və nizamsız axını ilə yadda qalıb. Tədqiqat işləri nəticəsində sovet dövründə sıxışdırılıb dilimizdən çıxarılaraq unudulmuş Azərbaycan sözləri yenidən bərpa olunmuş və “İnteraktiv Əlifba”ya daxil edilmişdir. Bundan əlavə, nitqimizdə istifadə olunan əcnəbi sözlər, Azərbaycan dilinin sözqurma modellərinə uyğun olaraq milli mənşəli kökdən və sözdüzəldici morfemlərdən (şəkilçilərdən) yaradılmış qarşılıqları ilə, yəni neologizmlərlə əvəz edilmişdir.

- Necə oldu ki, dildə əsrlər boyu işlədilən yüzlərlə söz nitqimizdən çıxarılaraq köhnəlmiş sözlər sırasına qatıldı?

Hər bir canlı varlıqda olduğu kimi, dildə də daima müəyyən proseslər gedi: yeni mənalara uyğun yeni sözlər əmələ gələrək dil xəzinəsinə daxil olur, mövcud mənalar köhnəlir. Puristlərin dilin saflığını qorumaq, əcnəbi sözləri heç bir halda dilin tərkibinə daxil etməmək barədə radikal çağırışları artıq əhəmiyyətini itirib, keçmişdə qalıb.

Elmin, texnologiyanın, beynəlxalq təşkilatların, ictimai qurumların inkişaf etdiyi müasir dünyada xarici dillərdən bəhrələnməmək qeyri-mümkündür. Lakin alınma sözlərin dilə daxil edilməsi kortəbii, xaotik deyil, dilin öz qanunlarına uyğun olmalıdır. Eyni zamanda, bu proses bütün dillər üçün keçərli olan universal qaydalara cavab verməlidir. Bu qaydalardan birində bildirilir: dildə hər hansı anlayışı lazımi qaydada ifadə etmək üçün linqvistik, məntiqi, psixoloji tələblərə cavab verən, milli mənşəli köklərdən törənmiş söz varsa, başqa dildən olan qarşılıq dilə daxil edilməməli, mövcüd olan leksemə üstünlük verilməlidir.

Reallığa gəldikdə isə dilimizin yaxın keçmişində bu qaydalara əhəmiyyət verilmirdi. Tarixin sovet dövrü Azərbaycan dilinə təkcə komsomol, kommunist, sosialist realizmi kimi ideoloji ştampların və klişelərin daxil edilməsi ilə əlamətdar olmadı. O zaman əcnəbi sözlər dilə yalnız yeni reallıqları ifadə etmək və nominativ boşluqları doldurmaq üçün daxil edilmirdi. Dildə əsrlər ərzində oturuşmuş sözləri sıxışdıraraq, mövcud olan leksemlərə rus dilindən gətirilən eyni məna ifadə edən “surətlər”, dublikatlar yaradırdı. Dilin məruz qaldığı bu proseslər qətiyyən onun daxili, təbii inkişafının nəticəsi deyildi. İctimai quruluşun dəyişməsi ilə ümumilikdə cəmiyyətdə hökmranlıq edən siyasi və ideoloji dəyərlər sistemi dəyişirdi. Dil də bu ideologiyanın tərkib elementi olduğuna görə bu dəyişikliklərdən kənarda qala bilməzdi. Bu dəyişikliklərin istiqamətini təsir qüvvəsini işə salaraq müəyyən ideoloji, siyasi, administrativ senzura, maneə, ling vasitəsi ilə sovet rejimi təyin edirdi (ling - böyük bir yükü kiçik bir qüvvə ilə qaldırmaq üçün istifadə olunan dayaq nöqtəsində yuxarı və aşağı hərəkət edə bilən sərt dəstək; məcazi mənada “kiməsə və ya nəyəsə təsir, idarə etmək vasitəsi” anlamında işlədilir - adətən məcazi mənada nədənsə rus “rıçaq” sözü ilə ifadə edilir).

Sovet hakimiyyətinin ilk dövrlərində partiya rəhbərlərinin, müxtəlif çaplı məmurların ideoloji səpgili ədəbiyyatda və ictimai çıxışlarında geniş istifadə etdikləri əcnəbi sözlər kütləvi informasiya vasitələri, filmlər, bədii ədəbiyyat, dərsliklər vasitəsilə yayılırdı... Bu sözlər geniş bir mühitdə meydana çıxıb qısa müddətdə bütün sahələri əhatə edərək kütləvi şəkildə istifadə olunmağa başladı. Nəinki mücərrəd anlayışlar, hətta ümumişlək, gündəlik nitqimizdə istifadə edilən sözlər belə linqvistik şüurun kənarına atıldı. Bu proses çox keçmədən öz rəsmi əksini tapdı – nitqdə geniş istifadə olunan bir çox Azərbaycan sözləri lüğətlərdə “köhnəlmiş” qeydi ilə verilməyə başladı. Nəticədə, iki-üç nəsil dəyişməsi yetərli idi ki, Azərbaycan dilinin lüğət tərkibinin əhəmiyyətli bir hissəsi nitqdən çıxarılaraq istifadəsiz qalsın. Beləliklə, əsrlər boyu istifadə olunan leksemlər lüğətlərdə unudulmuş “ölü kütlə” olaraq qaldı. Funksionallığını itirmiş milli mənşəli sözlər isə əcnəbi qarşılıqları ilə əvəz edildi.

- Dildə baş verən bu prosesləri elmi baxımdan necə səciyyələndirmək olar?

Dilə böyük bir axınla daxil edilən yad kəlmələr nitqə o qədər sürətlə yeridildi ki, sözlərin mövcud dil normalarına uyğunlaşmasına belə cəhd edilmədi. Əcnəbi leksemlərin heç bir dəyişiklik aparılmadan olduğu kimi dilə gətirilməsi çox vaxt yad mənşəli izlərin, qrammatik özəlliklərin sözdə qalması ilə nəticələndi. Bu halda xarici köklə birlikdə rus qrammatikasına aid şəkilçilər Azərbaycan dilinə keçir və bu cür tərkib sözlərin bütöv kökünə çevrilir. Beləliklə, yeni sözün qrammatik forması dəyişdikdə, məsələn, təkdən cəm halına çevrilirkən, Azərbaycan dilinin morfemləri rus dilinə xas qrammatik şəkilçilərə əlavə olunur. Nəticədə kökdən, rus dilinin sözdüzəldici morfemlərindən və Azərbaycan dilinin morfoloji şəkilçilərindən ibarət mürəkkəb ikidilli eybəcər bir calaq əmələ gəlir. Söz rus dilinə başqa dildən gələn leksemin iştirakı ilə yarandıqda hətta üçdilli qarışıq ortaya çıxır (məsələn, “botinkalar” sözü ilə müqayisə edin).

Xarici leksemlərdən danışarkən alınma sözlərlə barbarizmləri fərqləndirmək lazımdır (termin yunanca barbarismos, latınca barbaris – “yad, əcnəbi” sözündən yaranıb). Alınma sözü barbarizmdən fərqləndirən təməl özəllik - sözün alıcı dilin qayda-qanunlarına uyğunlaşmasıdır.

Söz başqa bir dilə keçdikdə, fərqli bir dil sisteminə daxil olur. Bu yeni sistem mənbə dildən qrammatik quruluşu, orfoqrafik yazılışı, müəyyən leksik, semantik (termin Azərbaycan dilinə anlamsal kimi tərcümə edilə bilər) cəhətləri və fonetik özəlliklərinə görə fərqlənir. Əcnəbi söz əvvəlkindən fərqli şəraitə düşərkən çox nadir hallarda olduğu kimi işlənir. Xarici söz başqa dil sistemində sərbəst və təbii işlənə bilməsi üçün həmin dilə uyğunlaşmalı, adaptasiya prosesindən keçməlidir. Əgər söz qəbul edən dil sisteminə uyğunlaşmırsa, deməli, barbarizm olaraq qalır, alınma sözə çevrilmir və tədricən köhnələrək istifadədən çıxır.

Alınma söz barbarizmdən fərqli olaraq, onu qəbul edən dildə mənimsənilmə prosesindən keçir və lazımi fonetik, qrammatik, semantik dəyişikliklərə məruz qalır, bu dəyişikliklərdən sonra dilin bir hissəsinə çevrilir.

Hər hansı sözün dilə gətirilməsi fəal prosesdir: yad sözü dil passiv şəkildə qəbul etmir, onu öz qanunauyğunluqlarına tabe etmək üçün dəyişdirir. Baş vermiş dəyişikliklər və mənimsəmə nəticəsində alınma söz “yadlıq” xüsusiyyətlərini itirir, eyniköklü sözlər yaradaraq həmin dilin ömrünü yaşayır. Bunlar baş vermirsə, həmin söz “yad” olaraq qalır, dil sisteminə inteqrasiya olunmamış barbarizm hesab edilir.

Dilçilikdə bəlli meyarlar var ki, bu meyarlar əsasında əcnəbi sözün yeni dilin tərkib hissəsinə çevrilməsini, həqiqətən onun leksik tərkibinə daxil olduğunu və yaxud mənimsənilməmiş barbarizm olaraq qaldığını müəyyən etmək olur. Burada sözün səslənməsinin dilin ümumi fonetik ahənginə uyğunluğu, morfoloji tərkibi və onu təşkil edən hər bir morfemin dildə qəbul edilmiş normalarla uzlaşması, bütövlükdə dilin qrammatik quruluşu ilə düz gəlməsi, törəmə sözlər əmələ gətirmək qabiliyyəti və sözdüzəltmə fəallığı kimi amillər nəzərə alınır.

“Sözdüzəltmə fəallığı” dedikdə, alıcı dilin şəkilçiləri ilə yeni törəmə söz yaratmaq, eyniköklü sözlərin törəməsi üçün bünövrə təşkil etmək qabiliyyəti nəzərdə tutulur. Bu amil əcnəbi leksemin dildə barbarizm deyil, alınma söz kimi mövcudluğunun mühüm göstəricisidir. Dildə yayılan, lakin alıcı dilin sisteminə tabe olmayan yad kökənli sözlər çağdaş dilçilikdə barbarizm adlanır.

“Rus dilinin üslubi ensiklopedik lüğəti”nə əsasən, bu termin “xarici dildən götürülmüş və alıcı dil tərəfindən tam mənimsənilməyən (leksik, qrammatik, sintaktik uyğunsuzluğa görə), dil daşıyıcılarının şüurunda yad kimi qəbul edilən əcnəbi söz və ifadə”ni nəzərdə tutur. Bu fikir Yefremovanın “Rus dilinin müasir izahlı lüğəti”ndə də təsdiqlənir: “Barbarizmlər, alınma sözlərdən fərqli olaraq, ədəbi dilin leksik sisteminə daxil olmayan və onun saflığını pozan yad söz və ifadələrdir”.

Beləliklə, sovet dövründə dilin lüğət tərkibinə daxil edilən əksər rusizmlər dilçilik baxımından alınma sözlər sayıla bilməz. Yazılı və şifahı nitqimizdə geniş istifadəsinə, hətta lüğətlərdə qeyd edilməsinə baxmayaraq həmin leksemlər bir əsrlik dövr ərzində dilimiz tərəfindən mənimsənilməmişdir. Özgəlik əlamətlərini qoruyub saxlamaqla dilimizin daxili tələblərinə tabe olmayan rusizmlər Azərbaycan dil sistemində yad ünsürlər olaraq qalmışdır.

- Passiv söz ehtiyatından hansı sözlər bərpa olunaraq «İnteraktiv Əlifba»ya daxil edilib?

– Bu cür sözlərdən danışarkən, ritorik olsa da, bir məntiqi sual ortaya çıxır: gündəlik nitqimizdə işlənən, ən adi məişət nəsnələrinin adlandırılmasında əcnəbi sözlərin istifadəsinə necə bəraət qazandırmaq olar? Bu hal hər hansı təbii səbəblərlə izah oluna bilərmi?

Qədim dövrlərdən bəri dil daşıyıcılarını əhatə edən, gündəlik istifadələrində olan bir çox geyim, qab, məişət və s. nəsnələrin adları nədənsə artıq işlənmir, unudulub. Adətən anlamı ifadə edən sözün işlənməsinə mövcud mənanın köhnəlməsi səbəbindən son qoyulur və o, tədricən fəal istifadədən çıxır. Anlayış aktuallığını itirmədikdə, ona tələbat olduqda, həmin mənanı ifadə edən işlək sözdən imtina edilməsini məntiqi, təbii səbəblərlə izah etmək çətindir.

Burada məcməyi sözünü xatırlamaq yerinə düşər. Təəccüblüdür ki, məcməyi sözünün mövcudluq hüququndan məhrum edilməsinin (nitqdə bu söz “podnos” rus barbarizmi ilə əvəz edilib) səbəblərindən biri ulu babalarımızın sovet hakimiyyəti qurulmadan əvvəl daha çox sənətkarların əl işi olan mis qablardan istifadə etməsidir (söhbət orta təbəqədən gedir - əhalinin varlı təbəqəsi mislə yanaşı gümüş qablardan istifadə edirdi).

Tarixə nəzər saldıqda görürük ki, xalqımızın gündəlik məişətdə istifadə etdiyi qabları belə sənətkarlar dəyərli materiallardan zövqlə hazırlayıb. Təəssüf ki, sovet rejimi bərqərar olduqdan sonra mis və gümüşlə, eləcə də bir çox başqa tətbiqi sənət növləri ilə işləyən sənətkarlar bir zümrə olaraq “ləğv edildi”. Sovet hakimiyyəti müstəqil sənətkarlara deyil, kolxozlara təhkim olunmuş kəndlilərə üstünlük verdiyinə görə fərdi sənətkarlıq ənənələri unuduldu. Əvəzində fabriklərdə kütləvi istehsal olunan plastik “padnos”lar gəldi. Beləliklə, əsnafların hazırladığı əl işləri ilə birgə həmin nəsnələri ifadə edən sözlər də dilimizdən didərgin salındı.

Yaxın keçmişimizdə işlənilən mis qabların çeşidinin zənginliyini, onların müxtəlifliyini belə bir fakt təsdiq edir - təyinatından, zahiri görkəmindən asılı olaraq, dilimizdə yalnız su saxlamaq və daşımaq üçün nəzərdə tutulmuş iyirmiyə yaxın qab adı mövcuddur: səhəng, satıl, sərnic, şəhrəng, güyüm, sürahi, bardaq, dolça, küp, kuzə, badya, parç, qumquma, cürdək...

Bütün bu zənginlik əvəzinə “qazanc”ımız “butulka” və “qrafinka” oldu. Eyni mahiyyətə və təyinata malik nəsnə başqa materialdan istehsal olunduğuna görə adı dil şüurunun ucqarına atıldı, yerinə rus sözləri gəlib dilimizə hakim kəsildi. Bəlkə də, buna daha çox psixoloji amillər səbəb olub: “məcməyi” adı fərdi ustaların əl işi olan, saatlarla naxış döyüldüyü, artıq keçmişdə qalan mis məmulat üçün işləndiyinə görə bu gün kütləvi şüurda gündəlik istifadədə olan nəsnə deyil, keçmişə aid məfhum olaraq qəbul edilir.

Beləliklə, material və forma baxımından fərqli olsa da, təyinatına görə ona bənzər müasir nəsnələrin məcməyi sözü ilə adlandırılması daha praqmatik və məntiqlidir. Bu halda biz nitqdə həm sözü, həm də anlayışın özünü saxlamış oluruq. Həmçinin, istəsək, müasir məcməyilər əldə edərək Lahıcdan, Şəkidən və ölkəmizin digər bölgələrindən olan sənətkarlara dəstək ola bilərik.

Rus dili vasitəsi ilə dilimizə gələn butulka leksemi ingilis sözündən əmələ gəlib. Leksemin kökünü alınma bottle sözü təşkil edir. Gördüyümüz kimi, ingilis kökənli söz rus dilinin fonetika və qrammatikasına uyğunlaşdırılıb, rus şəkilçiləri ilə “təchiz” olunub. Amma Azərbaycan dilində eyni hadisə baş verməyib: ruslaşdırılmış bu söz olduğu kimi, dilimiz üçün məna və qrammatika baxımından əhəmiyyət daşımayan rus şəkilçiləri ilə birlikdə dilimizə keçirilib. Yəni ingilis kökünə pərçimlənən rus sözünün leksik və qrammatik morfemləri kökdən kəsilməyib, Azərbaycan dilindəki müvafiq qarşılıqları ilə əvəzlənməyib. Nəticədə bu “calaq” dilimizdə sözün bütöv kökünə çevrilib.

Onun tərkibində, məna bildirən kök hissəsi ilə yanaşı, Azərbaycan dili baxımından heç bir qrammatik mahiyyət kəsb etməyən, lazımsız ünsürlər var. Sözü cəm halında işlətdikdə tərkibindəki tək halın və Azərbaycan dilinə yad, qadın cinsinin göstəricisi olan -a morfeminə -lar cəm şəkilçisini əlavə etməliyik. Nəticədə iki dilin fərqli say kateqoriyası sözdə öz əksini tapır. Razılaşın ki, bu cür mürəkkəb, üçdilli quruluş cəfəngiyatdır.

Halbuki, izahlı lüğətimizdə, oxşar məna daşıyan cürdək sözü vardır: “maye saxlamaq üçün şüşədən və ya saxsıdan hazırlanmış dar boğazlı uzun qab”. Qədim cürdəkdən fərqlənən müasir su qablarının görünüşü və materialı dəyişsə də, təyinat baxımından həmin anlayışın mahiyyətini əks etdirir. Həmçinin, etimologiyaya görə, bu söz tarixən “su qabı” mənasını daşıyıb: qədim türkcədən tərcümədə cür “su”, dək “qab” deməkdir. Beləliklə, barbarizm sayılan «butulka» əvəzinə cürdək sözünün işlədilməsi daha məqsədəuyğundur.

Dilimizdə ayaqqabıçəkmə sözləri ilə yanaşı, tufli rusizmi də işlənir. Haqsız yerə unudulmuş, yaxud unutdurulmuş sözlərimiz sırasında türk xalqlarının qədim yazılı abidələrində rast gəlinən eyni məna daşıyan ədik sözünün dilimizdə bərpasını məqsədəuyğun hesab edirik. Ümumtürk yazılı tarixi mənbə olan Mahmud Qaşğarinin "Divani-lüğət-it-türk" əsərində (1073) bu anlayışın mənasını əks etdirən etük sözü qeyd edilir. Əsası islamdan əvvəlki dövrlərdə qoyulan “Kitabi-Dədə Qorqud” dastanında eyni mənada işlədilən ədik sözü yer alıb. Məlumdur ki, tədqiqatçılar dastanın yaranmasını islamdan və türk dillərinin yazıya alınmasından əvvəlki dövrə aid edir. O zaman qədim türklər tenqriçilik dininə sitayiş edirdilər, bu hal dastanın mətnlərində öz əksini tapır. Məlum olduğu kimi, şifahi xalq ədəbiyyatına aid dastan, yazı yarandığı dövrdə qələmə alınıb və əsrlər boyu aşıqların sözlərindən dəfələrlə köçürülüb. Təəssüf ki, dastanın yalnız son iki əlyazması günümüzə qədər gəlib çatmışdır. Məlumdur ki, dili əski türkcəyə yaxın olan, XIX əsrə aid Vatikan əlyazmasından fərqli olaraq, dastanın əski Azərbaycan dilində yazılmış daha qədim, XVI əsrə aid Drezden əlyazması Şirvandan Osmanlı İmperiyasına çatdırılıb, daha sonra isə oradan Drezden muzeyinin kitabxanasına verilmişdir.

Dastanın Drezden əlyazmasında qəhrəmanları təsvir edərkən geyim, papaq, ayaqqabı adları ilə yanaşı (köynək, şalvar, cübbə, çuxa, kaftan, qurşaq, kürk, dolbənd, börk, külah, niqab, duvaq, yaşmaq, çəmbərin, başmaq, soqman, sərmuzənin və s.), ədik (ədük) sözünə də rast gəlinir. Söz Mahmud Qaşğarinin lüğətində də mövcuddur, həmçinin “etüklük sağrı” (ayaqqabı istehsalı üçün heyvan dərisi), “etükçi” (çəkməçi) kimi ifadələr də lüğətdə qeyd olunur. Azərbaycan dilinin fonetikasına yaxın müasir türkmən dilində ädik şəklində işlənir.

Maraqlıdır ki, min ildən artıq bir müddət ərzində bu söz cüzi dəyişikliklərə məruz qalaraq öz əsas semantik mənasını qorumuş və geniş coğrafi yayılma arealında günümüzə qədər gəlib çatmışdır. Bu qəbildən olan sözlər leksik-semantik mənada türk dillərinin əksəriyyətində eyni olmaqla fonetika baxımından areal fərqlərə malikdir. Müəyyən fonetik dəyişikliklərə uğrayaraq (etük, etik, itək, idik, ötük, ətük, ədük, ədik) söz müasir özbək, qazax, qırğız, türkmən, uyğur, tatar, tuva dillərində, habelə türk dillərinin dialektlərində işlədilir. Söz təyinat, funksiya baxımından cüzi dəyişiklərlə əsas mənasını saxlamışdır: uzunboğaz ayaqqabı; ayağı topuqdan aşağı örtən ayaqqabı; vəhşi heyvanların dərisindən hazırlanmış ayaqqabı növü və s. Azərbaycan dilində çəkmə sözü “dizə qədər uzanan ayaqqabı növü”nün (“çəkmək” feilindən) müəyyən semantik xüsusuyyətini daşıdığına görə ədik sözü “ayağı topuqdan aşağı örtən ayaqqabı növü” mənasında bərpa edilərək “İnteraktiv Əlifba”ya daxil edilmişdir.

Oxşar səbəblərdən məişətə aid bir çox anlayışların adları nitqdən çıxaraq unudulub passiv lüğətə keçmişdir. Buraya məişətdə istifadə olunan sini, dövrə, bərni, sapılca, qəndil, qəndab, qumquma, qurşaq, ləpik kimi nəsnələrin adlarını aid etmək olar. Süfrəyə plov gətirilən böyük, yastı qabı ifadə etmək üçün dilimizdə sini sözü mövcud olduğu halda, qabın adı nitqdə rus qarşılığı ilə əvəzlənib. Rus sözünün əvvəlində olan qoşa samitin işlənməsi fonetik qaydalara zidd olduğuna görə söz təhrif olunaraq artıq Azərbaycan dilində mövcud olan başqa mənalı leksemin - “bulud” sözünün “donuna girib.” “Блюдо” rus lekseminin tələffüzü dil daşıyıcıları üçün çətin olduğundan söz dilimizin fonetikasına uyğunlaşdırılıb. Zahirən dilimizdə “bulud” sözünün yeni omonimi yaranmış kimi görünür.

Eyni zamanda, əvvəllər işlənən “sini” sözü (yaxın keçmişimizdə plov uzun müddət soyumasın deyə sini misdən hazırlanırdı) istifadədən çıxaraq qismən yaşlı nəslin işləksiz söz ehtiyatında qalıb. Bənzər hal plovun qarasının süfrəyə gətirildiyi, orta dərinlikdə böyük qabı ifadə edən “dövrə” sözünə də aiddir – lüğətdə ümumişlək söz olaraq verildiyi halda nitqdə nadir hallarda səslənir.

“Piroq” sözünü çoxları rus sözü hesab etsələr də, əslində bu söz rus dilinə türk dillərindən keçib. Rusiya və Avropanın bir çox dilçiləri V.Radlov, Q.Ramstedt, o cümlədən türk dillərinin ilk etimoloji lüğətinin müəllifi A.Rəsənen kimi tanınmış şərqşünası bu sözü türk mənşəli hesab edir. Tanınmış rus türkoloqu, türk kökənli üç yüz rus soyadının təhlilinə həsr olunmuş “Türk kökənli rus soyadları” kitabının müəllifi N.Baskakov da bu faktı qeyd edərək fikrini əsaslandırır.

Rusiya ərazilərində Qazan (1552-ci ildə süquta uğrayaraq rus çarı IV İvan tərəfindən Moskva dövlətinə qoşulmuşdu), Həştərxan, Krım, Sibir xanlıqları, Noqay Orda kimi türkdilli dövlətlərinin tarixən XVI –cı əsrin ortalarına qədər mövcudluğu börək sözünün türk dilindən alınmasını təsdiqləyir.

Börək sözü əksər türk dillərində işlənib, həmçinin cüzi fonetik dəyişiklərlə (börek/börək/bäräk/burek/berek/piroh/pürək) bir çox çağdaş türk dillərində qorunub günümüzə qədər gəlib çatmışdır: tatar dilində "çeburek" formasında (çig “çiy ət” və bäräk, yəni “çiy ətli piroq” mənasında) türk, türkmən, krım-tatar, qaraqalpaq, çağatay, noqay, çuvaş dillərində, qazax dilinin dialektlərində. Azərbaycan dilində börək sözü bir qədər dəyişilərək şəkərbura, badambura (şirin içlikli börək, badam içlikli börək) kimi sözlərin tərkibində bura formasında qorunub saxlanılmışdır. Şəkər börək ifadəsi həmçinin Nizaminin əsərlərində qeyd olunur.

Börək sözündən törəmə börəkcik sözü morfoloji sözdüzəltmə üsulu ilə yaranıb (sözün kökünə -cik kiçiltmə şəkilçisi qoşmaqla alınıb) və “İnteraktiv Əlifba”ya daxil edilib. Beləliklə, dil daşıyıcılarına nitqdə təhrif olunmuş “peraşki” barbarizmi əvəzinə börəkcik sözünü istifadə etmək tövsiyə edilir.

Dil canlı, daim dəyişən orqanizmdir. Təbii ki, dildə baş verən dəyişikliklər lüğətlərdə öz əksini tapır. Yaranan sözlər ilkin olaraq həqiqi məna daşısa da, bir çoxları zaman keçdikcə həm də məcazi məna daşımağa başlayır. Dilçilikdə bu prosesə məna genişlənməsi deyilir. Amma bəzən əksinə, məna daralması, yəni müəyyən səbəblərdən hər hansı sözün mənalarından birini, yaxud bir neçəsini itirməsi də baş verir.

“Havadar” sözünü buna misal gətirə bilərik. Sözün mənasının daralmasını, baş verən dəyişiklikləri lüğətlərdən və bədii ədəbiyyatdan da izləmək olar. Klassik Azərbaycan ədəbiyyatında “yaxşı havası olan, havası tez-tez təzələnən, təmiz olan, havalı” mənasında ilkin, həqiqi mənada sifət kimi işlənmişdir. Bu da klassik Azərbaycan ədəbiyyatında işlənən sözlər lüğətində əksini tapmışdır.

Bununla yanaşı, sözün zamanla qazanılmış, “birinin tərəfini saxlayan, ona tərəf çıxan, onu müdafiə edən; tərəfdar” məcazi mənası da lüğətdə göstərilir. XX əsrin birinci yarısında bu söz hələ də nitqdə öz ilkin mənasında işlənirdi. Bunu, 1938-ci ildə repressiyaya məruz qalmış yazıçı, Bakı Universitetinin rektoru Tağı Şahbazi Simurqun yaradıcılığından da əyani görə bilərik. Bildiyimiz kimi, söz məcazi mənada işləndikdə əsas mənadan yaranan yeni mənalar dilin lüğət tərkibini zənginləşdirir.

Lakin havadar sözündə bunun əksi olan proses müşahidə olunur: sözün törəmə, məcazi mənası müasir dildə geniş işlənsə də, ilkin, əsas mənası işlənməyib və, zaman keçdikcə, lüğətin işlək, aktiv fondundan çıxıb. Bu transformasiya Azərbaycan dilinin izahlı lüğətində öz əksini tapıb – burada sözün məcazi mənası əvvəldə göstərilir, həqiqi mənası isə artıq “köhnəlmiş” qeydi ilə verilir. Bəlkə də, sözün “yaxşı havası olan, havası tez-tez təzələnən, təmiz olan” mənası çağdaş dilimizdə havalı sözü ilə daha məqbul şəkildə ifadə edildiyinə görə havadar lekseminin ilkin mənası köhnəlmişdir.

Dilimizin daxili resurslarına səmərəli yanaşma, dil ehtiyatından tam şəkildə yararlanmaq baxımından havadar sözünün artıq mövcud olan mənasına daha bir məna əlavə etməklə - “binaları, otaqları havalandıran məişət cihazı” anlamında isim şəklində işlənməsini məqsədəuyğun hesab edirik. Tələffüz baxımından ahəng qanununa uyğun gələn, lakonik havadar sözü dilimizin daşıyıcıları üçün alınma kondisioner sözündən daha əlverişlidir. Beləliklə, əlavə bir məna qazanmaqla məişət cihazının adını nəzərdə tutan havadar sözü “İnteraktiv Əlifba”ya daxil edildi.

- Azərbaycan dilinin inkişaf prosesinə sovet dövrünün daha hansı təsiri olub?

- Əcnəbi sözlərin alınması qaçılmaz olsa da, bu proses kortəbii keçdikdə, müəyyən çərçivəni aşdıqda, dilin özümlülüyünə, özünəməxsusluğuna, vahidliyinə xələl gətirə bilir. Alınma sözlərin geniş yayılması dilə xas olan qrammatik quruluşa təhlükə törətməklə dilin daxili inkişaf qanunlarını poza bilər.

Belə ki, alınma sözlərdən fərqli olaraq məhz daxili ehtiyatlar hesabına yaradılan sözlər hər bir dili zənginləşdirən, əsas lüğət fondunu qoruyub saxlayan, dilin mövcud qrammatik quruluşunun dəyişməzliyini təmin edən başlıca mənbədir.

Bu baxımdan, əcnəbi sözlər axını nə qədər böyük problemə çevrilsə də, Sovet və bütövlükdə müstəmləkəçilik dövrünün dilimizdə yaratdığı fəsadlar daha ağrılıdır. Azərbaycan dilinə məxsus milli sözlər süni şəkildə “köhnəldilib” işləksiz qalmaqla yanaşı, üstəlik dilin bilavasitə təyinatı olan sözdüzəldici funksiyası unudularaq, daxili imkanları sayəsində yeni söz yaratmaq qabiliyyəti “donduruldu”.

Həmin dövrdə lüğət fondunun daxili resurslar hesabına zənginləşməsinin ən səmərəli üsullarından biri olan morfoloji üsulu, demək olar ki, tətbiq edilmədi. Bu, uzun sürən ağır xəstəlikdən yatağa düşən insanın tələbat olmadığından hərəkətsiz qalan əzələlərinin gücdən düşməsinə, iflic olmasına bənzəyir. Halbuki hər bir dilin yaşaması milli kök və şəkilçilərdən yaralanmaqla öz daxili imkanları hesabına yeni sözlər yaratması ilə mümkündür. Məhz bu universal qanun dilin bilavasitə vəzifəsidir, daim inkişafını təmin edən əsas şərtdir.

Sovet dövründə Azərbaycan dilinin və eyni zaman kəsiyində müasir türk dilinin (Türkiyə türkçəsi) inkişafını müqayisə etdikdə, dilimizin vaxtında reallaşmamış imkanları əyani şəkildə üzə çıxır. Dilimiz digər bir şəraitdə, süni ideoloji çərçivələrlə məhdudlaşdırılmadan, təbii yolla inkişaf etsəydi, şübhəsiz ki, çağdaş türk dilində mövcud olan türk kökənli törəmə söz və ifadələrin əksəriyyətinin qarşılığı və yaxud da eynisi Azərbaycan dilində də yaranıb lüğət tərkibinə bir neçə onilliklər əvvəl daxil ediləcəkdi. Hər iki dildə müxtəlif siyasi quruluş mühitində baş verən inkişaf prosesləri arasındakı fərq həmin dillərdə ən çox yayılmış sözlərdən yaranan törəmələri müqayisə etdikdə aydın şəkildə nəzərə çarpır.

Söz yaradıcılığının ən məhsuldar üsulu olan morfoloji üsuldan nə qədər səmərəli yararlanmasını hər iki dildə bir çox ümumişlək sözün özəyini təşkil edən ol, iş, et köklərindən yaranan eyniköklü törəmələrin təhlili göstərir. Örnəyən, çağdaş türk dilində həmin köklərə şəkilçi qoşmaqla yaranan bəzi söz və ifadələri sadalamaq olar: olay (hadisə, hadisə, hal), olgu (fakt), oluş (ortaya çıxma, yaranma, əmələ gəlmə prosesi), oluşmaq (yaranmaq, əmələ gəlmək, meydana çıxmaq), olağan (adi, tez-tez təkrarlanan), olağanüstü (qeyri-adi, fövqəladə), olanaklı (mümkün), olanaksız (qeyri-mümkün), olguculuk (pozitivizm), olgucu (fəlsəfi termini qismində - pozitivist), etken (amil), etki (təsir, effekt, təəssürat), etkilemek (nəyəsə / kiməsə təsir göstərmək), etkileşim (qarşılıqlı təsir), etkili (təsirli, effektiv; səmərəli), etkin (etibarlı; fəal, mövcud, effektiv), edim (hərəkət; musiqi ifa tərzi; hüquqi termin qismində - ödəniş, kompensasiya), işlem (prosedur; əməliyyat; riyazi termin olaraq - əməllər - əsas hesablama üsulu), işleniş (işləyib hazırlama), işlev (funksiya; öhdəlik), işlemci (İKT termini olaraq - prosessor), işlenti (iş üsulu) və həmin sözlərin işləndiyi bəzi sabit ifadələr: oluruna bırakmak (öz axarına buraxmaq), etkin öğretim (effektiv /fəal tədris), işlem işareti (riyazi işarə).

Sadalanan sözlər dilçilikdə ən məhsuldar üsul – morfoloji derivasiya ilə (latınca derivatio – ayrılma, budaqlanma, törənmə) yaradılır. Dünya dillərində yeni sözlərin əksəriyyəti məhz bu yolla - ilkin söz kökünə şəkilçi qoşmaqla yaradılır. Buradan belə bir məntiqi nəticə çıxır: təbii inkişaf şəraiti olsaydı ötən müddət ərzində, şəksiz, Azərbaycan dilində də eyni proseslər baş verəcəkdi. Şübhəsiz ki, eyni mənaların Azərbaycan dilində ifadəsi üçün, adı çəkilən köklərdən türk kökənli sözlərin yaranması tamamilə təbiidir.

Belə ki, sadalanan sözlərin tərkib hissələri – istər kökü, istərsə də sözdüzəldici şəkilçiləri, demək olar ki, hər iki dildə eynidir. Bununla, dilimizdə yarana biləcək sözlərin də əksər hallarda türk sözləri ilə eyni olacağını güman edə bilərik. Bu isə tam məntiqlidir, çünki hər iki dil eyni mənbədən - qədim ümumtürk dilindən inkişaf edib. Beləliklə, hər iki dilin qrammatikası və fonetikasını ümumi cəhətlər birləşdirir, əsas leksik fond eyni kök və şəkilçilərdən yaranmış sözlərdən ibarətdir, sözdüzəldici modelləri də eynidir.

Bu baxımdan, düşünürük ki, izafi zəhmətə qatlaşmadan türk dilindəki həmin sözləri bəzi fonetik və orfoqrafik dəyişikliklərlə artıq dilimizdə mövcud olan sözlərin sinonimi kimi işlədə bilərik.

Burada dilçi alim İlkin Əsgərin “Məhsuldarlıq yaradan qeyri-məhsuldar şəkilçilər” monoqrafiyasını qeyd etməmək qeyri-mümkündür. Bu kitabın adı bir çox mətləblərdən xəbər verir. Müəllif uzun tarixi dövrə aid zəngin faktoloji materiala əsaslanaraq, Azərbaycan dilinin sözdüzəldici morfemlərini araşdırır. Müxtəlif nitq hissələrinin yaradılmasında az istifadə edilən yaxud ümumiyyətlə işlənməyən şəkilçilər tədqiqatçının diqqət mərkəzindədir. Ətraflı təhlil klassik və müasir bədii ədəbiyyatdan, şifahi xalq yaradıcılığı əsərlərindən nümunələrlə müşayiət olunur.

Son onilliklər ərzində söz yaradıcılığının morfoloji üsulu linqvistik şüurdan elə əsaslı surətdə sıxışdırılıb çıxarıldı ki, artıq müasir dil daşıcılarının böyük qismi onu mənfi qəbul edir. Bütün dillərin söz varlığının zənginləşməsində böyük səmərəsi olan bu üsul o qədər yadırğanıb ki, cəmiyyətimizdə ona qarşı ögey, yad münasibət yaranıb. Dilimizə elmi yanaşmadan uzaq münasibəti sosial şəbəkələrdə dil məsələlərinə aid Grammar.Azi səhifəsində də müşahidə etmək olur. Danışıq dilimizdə təhrif edilən “atvyortka” barbarizmininə buraç qarşılığı verilən paylaşıma istehzalı, hətta qeyzli şərhlərin ümumi məğzi “uydurma kəlmələr yaratmayın” sözləri ilə ifadə oluna bilər. Görünür, bəzi insanlar dilimizin mövcud vəziyyəti ilə barışıb, bunu adi hal kimi qəbul edir və bu məsələdə dəyişiklik istəmirlər. Bu isə ürəkaçan vəziyyət deyil.

Biz dilin “iflic olunmuş əzələ”lərini dirildərək hərəkətə gətirmək üçün, dilimizdə meydan sulayan “barbarizmlər” əvəzinə doğma köklərimizdən yaranan yeni sözləri “İnteraktiv Əlifba”ya daxil etmişik.

- Neologizmlərin yaradılmasında əsas prinsip nədir?

- Müxtəlif varlıqlar üçün dil vahidləri yaratmaq, reallığın mücərrəd və konkret anlayışlarına ad vermək dilçilik elmində nominasiya adlandırılır (latınca “nominatio” – “adlandırma” deməkdir).

Dilçilik elminə əsasən nominasiyada, yəni müxtəlif anlayışlara ad verməkdə həmin sözün semantik (anlamsal) və morfoloji (başqa sözlə, qrammatik) şərtləndirilməsi mühüm amildir. Bu nə deməkdir? İngiliscə semantic and morphological motivation of word, rusca cемантическая и грамматическая мотивированность слова kimi dilçilik terminlərini doğma dilimizə semantik və morfoloji şərtləndirmə kimi tərcümə etmək uyğun olar. Bildiyimiz kimi, dil təfəkkürlə sıx bağlıdır. Hər bir dilin inkişafında yeni sözlərin yaradılması, məfhumların adlandırılması təfəkkür qanunlarına, məntiqi qanunauyğunluqlara cavab verir. Çox sadə şəkildə desək, biz istədiyimiz səsləri hər hansı ardıcıllıqla calaq edib söz yarada bilmərik. Neologizm yaratmaqda, başqa deyişlə, hər hansı anlayışın adlandırılmasında vacib şərt – yaradılan sözdə həmin varlığın, daha geniş desək, məfhumun mənaca mahiyyəti və yaxud onu səciyyələndirən əsas cəhəti əksini tapmalıdır. Yəni, semantik şərtləndirilmiş söz ifadə etdiyi məfhuma xas olan, həmin anlayış üçün əhəmiyyət daşıyan cəhəti, yəni təməl və yaxud səciyyəvi, xarakterik, özgü əlamətini əks etməlidir. Məsələn, sayğaca verilən ad onun mənasını şərtlərdirən əsas təyinatından irəli gəlir (saymaq üçün cihaz).

Yaxud semantik şərtləndirilməsi olan digər sözlərdə anlayışın adında üstünlük təşkil edən fərqləndirici, xarakterik, özgü cəhəti əks edilir. Məsələn, qırxayaq və ya şanapipik anlayışları canlının dominant, yəni səciyyəvi, fərqləndirici xüsusiyyətinə görə adlanır. Qırxayağa verilən ad (qurdabənzər bədənə və çoxlu sayda ayaqlara malik canlı) onu digər canlılardan fərqləndirən səciyyəvi xüsusiyyəti əks etdirir. Şanapipik sözündə quşun görünüşündə onu oxşar canlılar sırasından fərqləndirən, ayırd edən xüsusiyyəti – yelpikvari kəkili vurğulanır (şana – bir neçə dişi olan kənd təsərrüfatı aləti, yaba; pipik – quşun başındakı ətli çıxıntı).

Digər bir misal. Geyim anlayışına verilən ad məfhumun təməl özəlliyini - “bədənə geyinilən” xüsusiyyətini əks etdirir. Xarakterik, ayırdedici özəlliklər isə bir sinif daxilində fərqli nəsnələri, məsələn, gödəkcəni (gödək geyim növü mənasında) digər geyim növlərindən, çəkməni (dizə qədər çəkilən ayaqqabı növü) başqa ayaqqabı növlərindən fərqləndirir.

Təməl əlamətlər müəyyən cisimlər sinfinin digər siniflərdən, məsələn, ağacları digər bitkilərdən fərqləndirən əlamətlərdir. Özgü, yəni xarakterik əlamətlər isə bu sinif daxilində müxtəlif cisimləri bir-birindən fərqləndirən, məsələn, küknarı bütün digər ağaclardan ayırd edən əlamətlərdir.

Yeni sözlərin morfoloji şərtləndirilməsi də xüsusi önəm daşıyır. Söz düzəltmədə ikinci vacib şərt - sözün quruluşu, onun tərkibi dilin qaydalarına cavab verən şəkilçilərlə formalaşmasıdır. Morfoloji şərtləndirilmə sözün tərkibindəki morfemlərin dilin sözdüzəltmə qaydalarına uyğunluğunu, quruluş düzənini, nizamlılığını nəzərdə tutur. Morfoloji cəhətdən şərtləndirilən sözün mənası ibarət olduğu morfemlərin mənası ilə şərtlənir (yunanca μορφή forma - sözün leksik və ya qramatik yük daşıyan hissəsi).

Dilçilərin təbirincə desək, morfoloji cəhətdən şərtləndirilən sözün mənası şəffafdır, çünki onu söz kökünün və sözdüzəldici şəkilçilərinin mənasından çıxarmaq olur. Bu da sözün və ifadə etdiyi anlayışın mənasını asanlıqla qavramağa, həmin anlayışın digərləri ilə semantik əlaqələrini təyin etməyə kömək edir.

Müasir dilçiliyin söz yaradıcılığında sözün məna və tərkib üzrə semantik və morfoloji şərtləndirilməsi mühüm amildir. Dilçilərə görə, inkişafda olan hər bir dil öz söz aləminin anlayışlar aləminə tam uyğun olmasına istiqamətlənib. Təbii ki, müxtəlif dillərdə şərtləndirilməyən (bunlar mənşəyi tarixin dərinliklərinə gedib çıxan ilkin sözlərdir), habelə qismən şərtləndirilən yaxud yanlış şərtləndirilmiş sözlərin sayı az deyil. Bununla belə, son oniklliklər ərzində yaranmış yeni sözlərin əksəriyyəti hər hansı cismin təməl cəhətlərinə əsaslanan, morfolojı baxımdan şəffaf söz tərkibi olan, yəni semantik və morfoloji şərtləndirilmiş sözlərdir. Müasir dillərdə anlaşılan, asan izah olunan sözlərin yaranması meyli aydın müşahidə olunur. Yeni leksik vahidlər yaradılarkən anlayışların məğzini əks etdirən təməl cəhətləri, təyinatı baxımından əhəmiyyətli, ən vacib xassələri yaxud onların ayırdedici, xarakterik əlamətləri əsas götürülür. Pedaqogika, bilik nəzəriyyəsi, tədris metodikası baxımından bu prinsipə əməl olunması xüsusi əhəmiyyət daşıyır.

Dil və idraki fəaliyyətlərin, təfəkkürün sıx bağlılığı təbiidir. İnsanın zehnində yaranan anlayışlar üçün dil bünövrədir. Dil əsasında anlayışlar formalaşır, digər tərəfdən, təfəkkür də, əslində, anlayışlarla aparılan əqli əməliyyatlardan ibarət fəaliyyətdir. Hər hansı cismə, varlığa ad vermək insanların onları əhatə edən maddi reallığı daha dəqiq ifadə etmək istəyindən irəli gəlir. Sözlər yalnız nəsnələri təyin etmək və fərqləndirmək üçün etiket, yarlıq deyil. Onlar uşağın təfəkkürünün inkişaf prosesləri ilə birbaşa qarşılıqlı təsiredici əlaqədədir. Yəni sözlər, əslində, təkcə müxtəlif cisimlərin səsli inikası deyil, insanın erkən yaşındakı əqli, təfəkkür inkişafı ilə qırılmaz tellərlə bağlı olan amildir. Uşaq şüurunda hər hansı cismi əks edən anlayış, yəni həmin məfhumun məzmunu və onu bildirən söz bir-birinə uyğun olmalıdır. Bu mənada, məsələyə daha geniş yanaşsaq, adların məntiq və, ümumilikdə, təfəkkür qanunlarına uyğun gəlməsi tədris prosesi baxımından əsaslı əhəmiyyətə malikdir. Nominasiya, yəni məfhumun adında mənasının nə qədər dəqiq və doğru əks etdirilməsi uşağın təfəkkürünün formalaşmasına bilavasitə təsir edən mühüm amildir.

Uşaqların ilk görüb adını öyrəndiyi məişət nəsnələrindən birini ifadə edən nimçə ilə yanaşı danışıq dilində boşqab sözü də işlənir. Sağlam düşüncə və məntiq baxımından leksemin ifadə etdiyi məna əks etdirdiyi həmin anlayışın real məzmunu ilə uyğun gəlmir. Mürəkkəb sözün tərkibindəki “boş” sözü həmin nəsnənin nə təməl xassəsini, də də ayırdedici cəhətini əks etdirir. Bu baxımdan həmin söz yanlış şərtləndirilən sözlərə aiddir. “Boş” sözügedən cismin əslində dəyişkən, qeyri-sabit əlamətini əks etdirir. Məntiq baxımından bu anlayış üçün müvəqqəti sayılan xüsusiyyəti onun adında əks etdirmək tamamilə yersizdir. Məsələn, masa üstündə iki nimçə olduğunu, bununla bağlı belə bir söhbəti təsəvvür edək: “Boş boşqabı ver”, “Dolu boşqabı ver”. Ətraf aləmi öz məntiqi əlaqələri və münasibətləri ilə dərk etməyə yenicə başlayan uşağın bu cür qəribə səslənən xahişi necə qavraya biləcəyini təsəvvür etmək çətin deyil. Belə sözlərin dildən kənarlaşdırılması, həm uşaqların intellektual inkişafı, həm də ümumiyyətlə, dil üçün faydalı olacaqdır.

Məktəbəqədər dövrdə əyaniliyə, konkretliyə söykənən təfəkkürün əvəzinə formalaşan söz-məntiqi, mücərrəd təfəkkürün bünövrəsi məhz ibtidai məktəb yaşında qoyulur. Məhz həmin yaşda ilk elmi anlayışlar formalaşır, onlar bütün qarşılıqlı əlaqələri ilə nizamlı, sistemli bir şəkildə şüurda yerləşdirilərək dərk edilir və uşağın dünyagörüşünün bünövrəsini təşkil edir. İntellektual inkişafın bu mərhələsində bir-birindən asılı, bir-birinə qarşılıqlı sıx təsir göstərən iki proses gedir – dilin söz varlığı sürətlə mənimsənilir və təfəkkürün formalaşması, oluşumu baş verir. Bu baxımdan, nominativ işarə olan sözün mənasının əks etdirdiyi məfhumun anlamına nə dərəcədə uyğun gəlməsi yalnız dil üçün deyil, həm də pedaqogika üçün təməl məsələdir.

- “İnteraktiv Əlifba”ya hansı neologizmlər daxil edilib?

- Hər bir dilin özünəməxsus səs tərkibi və səs birləşmə normaları var. Hər birimiz kiçik yaşdan etibarən ana dilinin fonetikasına, orfoepiyasına xas olan səs xüsusiyyətlərinə alışır, vərdiş edir, onu mənimsəyirik. Məsələn, slavyan dillərində söz nq-, mb- kimi səs birləşmələri ilə başlaya bilməz, Afrikanın bir sıra dillərində isə bu adi haldır. Yaxud, erməni dilində bir leksemin tərkibində bir neçə samit yanaşı dura bilər, hətta bütöv bir söz saitsiz sırf beş samitdən ibarət ola bilər (ermənilərdə geniş yayılmış “Mkrtç” kişi adını xatırlamaq olar). Bir çox dillərdə isə bu cür hal qeyri-mümkündür.

Bir çox əcnəbi sözlər dilimizin fonetik qaydalarına, mövcud tələffüz normalarına uyğun olmadığına görə dil daşıyıcılarına tələffüzdə müəyyən çətinliklər yaradır. Qonşu samitlərin ardıcıllığı, müəyyən səslərin birləşməsi, sözün tərkibində ц, ё kimi səs və səs birləşmələri (aktyor, suflyor, pulemyot kimi yazılışda verilən leksemlər), bu kimi yad, tələffüzü dilə yatmayan mürəkkəb dil vahidləri nitq üçün uğursuz sayılır.

Məlumdur ki, sözün əvvəlində iki samitin yanaşı işlənməsi Azərbaycan və bütövlükdə türk dillərinə yaddır. Bu cür sözlərin böyük əksəriyyəti dilimizə kənardan gələn əcnəbi sözlərdir. Məsələn, rus блины, блинчики sözləri (əksər hallarda danışıq dilində “blinçik” deyilir) dil daşıyıcılarının səs vərdişlərinə uyğun olmadığına görə, adətən, ilk samitlər arasına sait əlavə etməklə tələffüz olunur. Halbuki, səslənməsi çətin olan barbarizminin əvəzinə bu un məmulatını öz dilimizin imkanları vasitəsilə adlandırıb məsələni həll etmək olar.

Nəticədə tələffüzdə çətinlik çəkərək həm öz dilimizi, həm də başqa dili təhrif etməyə ehtiyac qalmayacaq.

Semantik mahiyyətinə görə, anlayışın ayırdedici özəlliyi duru xəmirin tava üzərində yayılmasıdır. Çoxmənalı yaymaq (yayılmaq) feili semantik baxımından bircins maddənin bərabər surətdə paylanma və yaxud yayılmasını əks etdirir. Bu semantik xüsusiyyət, məsələn, “yuxa” və “lavaş” sözlərinin sinonimi olan yoğrulub yayılan xəmir məmulatını bildirən yayma sözündə də (yay- kök morfemindən və -ma şəkilçisindən ibarətdir) aydın şəkildə görünür. Anlayışın semantikasını əsas götürməklə morfoloji üsulla yay- kökünə ma c şəkilçilər qoşmaqla daha bir törəmə - “yaymac” sözü yaradılıb “İnteraktiv Əlifba”ya daxil edilmişdir.

Dilimizdə barbarizmlərin çoxu əslən rus mənşəli deyil. Onlar rus dilinə ingilis və digər avropa dillərindən alınıb. Bu növ sözlərin tərkibi əcnəbi sözün kökündən və rus dilinin qrammatik morfemlərindən ibarətdir. Bəzi barbarizmlər dil daşıyıcısı üçün daha məqbul formaya salınıb. Nəticədə bu barbarizmlər dilimizə uyğunlaşdırılmış alınma söz olaraq “İnteraktiv Əlifba”ya daxil edilmişdir. Məsələn, rus dili vasitəsilə nitqimizə gələn və geniş işlədilən“krosovka” sözünün tərkibində ingiliscə “kross” kökü və rus dilinin üç morfemi -ov, -k, -a mövcuddur. İngilis əsilli kök və rus qrammatik morfemlərdən ibarət bu qurama dilimizə kor-koranə keçərək sözün bütöv kökünə çevrilib. Tərkibi əsas mənanı ifadə edən kök, leksik morfem, cins və say göstəricili qrammatik şəkilçilərdən ibarət bu leksem cəm halında işləndikdə, sözə əlavə olaraq Azərbaycan dilində çoxluq bildirən - lar şəkilçisi də qoşulur.

“Yüyürmək və gəzmək üçün idman ayaqqabısı” mənasını verən anlayışı dilimizdə ifadə etmək üçün söz yad şəkilçilərdən təmizlənərək semantik baxımdan nəsnənin təyinatını (“nəyəsə xidmət etmək”) bildirən -luq şəkilçisi ilkin kökünə əlavə olundu. Beləliklə, söz “krosluq” şəklində “İnteraktiv Əlifba”ya daxil edildi (orfoqrafiya qaydalarına uyğun olaraq qoşa “s” bir hərflə yazılır).

İngilis mənşəli “boots” sözündən əmələ gələn rus şəkilçiləri ilə yüklənmiş “botinka” sözü də rus dilindən Azərbaycan dilinə keçmişdir. Əslində, sözün tərkibindəki rus şəkilçiləri semantik məna daşımır, qrammatik baxımdan da yad morfemlərə ehtiyac yoxdur.Təəssüf ki, sözün bu formada işlədilməsi nəinki Azərbaycan dilinə xələl gətirir, heç rus dilinə də fayda vermir. Bu mənada, sözü istər qrammatik, istərsə də məna baxımından lüzumsuz olan şəkilçilərdən təmizləmək zərurəti ortaya çıxdı. Nəticədə, sözün ilkin kökü həmin ünsürlərdən təmizlənib dilimizdə mövcud olan tələffüzə uyğun, yığcam “bot” şəklinə gətirildi. Bu, həm dilimizin qaydaları, həm də rahatlıq baxımından rus dilindəki variantdan daha məqbuldur.

Ümumiyyətlə dilçilikdə mövcud olan yazılmamış qaydaya görə hər hansı sözü vasitəçi dildən deyil, birbaşa mənşə dilindən alıcı dilə gətirmək daha məqbuldur. Çünki ilkin mənbə dildən gələn söz dolayı yolla çatan, vasitəçi dilin ünsürlərini qəbul edən ruslaşmış sözdən daha rahatdır. Bu halda söz “barbar” leksemi statusunda deyil, ana dilin normalarına uyğunlaşdırılaraq alınma söz kimi dildə yerini alır və nitqdə daha rəvan işlənir.

“İnşaatın nəticəsi, tikilmiş obyekt” anlayışını dilimizdə binatikili sözləri ifadə edir. Lakin elə bina növləri var ki, tikilibina sözlərini onlara aid etmək çətindir, çünki bu leksemlər anlayışların məzmununu tam və dəqiq çatdırmır. Məsələn, innovativ texniki həlləri ilə fərqlənən ən son texnologiya ilə inşa edilən, memarlıq cəhətdən daha mürəkkəb obyekt olan müasir körpünü, hava limanını, və ya rəsədxananı bu sözlərlə adlandırmaq çətindir. Bu mənada məscidlərə, yaxud Qız qalası kimi tarixi memarlıq abidələrinə də bu sözü yaraşdırmaq olmur. Bunlar adətən yaşayış sahələrini nəzərdə tutmayan ictimai təyinatlı tikililərdir. Bu məsələdə sözügedən məfhumlar arasında müəyyən sədd çəkib, onların məna məzmununu fərqləndirmək və mövcud boşluğu tamamlamaq məqsədi ilə “İnteraktiv Əlifba”ya inşagah sözü daxil edilmişdir. İnşa söz kökünə hər hansı fəaliyyətin göstərildiyi məkanı, yaxud vasitəni ifadə edən -gah sözdüzəldici şəkilçisinin qoşulması ilə (qərargah, ibadətgah, dəzgah sözlərinin modelinə görə) inşagah leksemi yaradılır. Yeni söz daha geniş məna daşıdığına görə rus dilindəki “сооружение”, türk dilindəki "yapı" sözlərinə uyğundur.

Günorta yeməyini ifadə edən “nahar” sözündən fərqli olaraq səhər və axşam yeməyini adlandırmaq üçün dilimizdə söz yoxdur. Səhər yeməyi və ya şam yeməyindən danışarkən “səhər yeməyini yemək”, “axşam (şam) yeməyini yemək” kimi təsviredici ifadələrə müraciət etməli oluruq. Səhər və axşam yeməyinə aid anlayışların adları nitqdə vahid, ayrılmaz sözdən ibarət leksemlə deyil, söz birləşmələri vasitəsi ilə ötürülür. Halbuki bir çox türk xalqlarının dillərində, “səhər yeməyi, səhər qidası” anlayışının məzmununu çatdırarkən “səhər tezdən, sübh çağı” mənasında olan ertə sözündən (“sabah” mənasını verən ertə omonimi ilə qarışdırılmamalıdır) və həmin söz kökünün əsasında müvafiq şəkilçilərlə qurulan törəmələrindən istifadə olunur. Məsələn, türkmən dilində “səhər yeməyi” mənasında ertirlik, başqırd dilində irtəngelek, tatar dilində irtənge aş ifadəsi mövcuddur, digər dillərdə də bu mənada ertə sözündən əsas anlayış kimi istifadə olunur. “Səhər yeməyi, səhər qidası” anlayışını vahid sözlə ifadə etmək üçün ertə isminə biçənək, tozanaq sözlərində olan -ənək (-anaq) şəkilçisini artırmaqla törəmə ertənək leksemi alınmışdır. Morfemlərin qovşağında təkrarlanan - ə saitindən biri ixtisar olunur. Düşünürük, tam formalaşmış lakonik leksemin işlədilməsi “səhər yeməyi” ifadəsindən daha əlverişlidir, dilin lüğət tərkibinin zənginləşməsi isə əlavə üstünlükdür.

Yaxın keçmişdə tək plov deyil, ümumiyyətlə hər hansı yemək, xörək sözü ilə adlanırdı. Məlum olduğu kimi, plov olmayan xəmiraşı, qatıqaşı, ayranaşı kimi milli xörəklərin adları da bundan irəli gəlir. Elə aşpaz sözünün aş kökündən yaranması da təsdiq edir ki, aş ümumiyyətlə yemək sözünü nəzərdə tutur. Bu da məntiq baxımından öz təsdiqini tapır, çünki aşpaz yalnız plov hazırlamır.

Azərbaycan dilinin izahlı lüğətində sözünün “plov” mənası ikinci məna olaraq göstərilir. Sözün “xörək, yemək” olan ilkin və başlıca mənası isə “köhnəlmiş” qeydi olmadan verilir. Lüğətə əsaslanaraq, belə nəticəyə gəlmək olar ki, sözün ümumişlək olan əsas mənası fəal işlədilir. Lakin, hazırda söz ilkin mənasında deyil, daha çox “plov” sözünün sinonimi kimi ikinci mənada istifadə olunur.

Bu söz “qida, yemək, ərzaq, yeyinti malları, qida məhsulları” mənaları ilə qədim türk lüğətlərində qeydə alınmışdır. Mahmud Qaşqarinin “Divani-lüğəti-it-türk” lüğətində kökü olan sözlərdən aşa (xörək yemək, qida qəbul etmək), aşaç (qazan), aşat (yedirmək) və s.mövcuddur. Hazırda bu leksem “yemək, qida” mənasında, müasir türk dillərinin əksəriyyətində, həmçinin, türkmən, tatar, qaraçay-balkar dillərində həm müstəqil, həm də törəmə sözlərin tərkibində, mövcuddur. Məsələn, tatar dilində aşxana sözü “yeməkxana”, aşyaylıq sözü “süfrə örtüyü” mənasında işlənir.

Şam yeməyi anlayışını tam formalaşmış, bir sözdən ibarət leksemlə adlandırarkən şam sözü və “yemək” mənasında az işlənən sözündən istifadə edilmişdir. Məlum olduğu kimi, nitqdə “axşam yeməyi” ilə yanaşı “şam yeməyi” ifadəsi də işlənir (“şam işığında yeyilən yemək” mənasını verir). Mürəkkəb şamaşı leksemi iki kökün birləşməsinə mənsubiyyət şəkilçisi artırmaqla yaranıb və vəsaitə daxil edilib (vurğu birinci hecada olmaqla).

Ümumiyyətlə, dilçilik elmində hər hansı bir yeni söz lüğətə daxil edildikdə onu bu vaxta kimi işləndiyi qarşılığı ilə birlikdə vermək məqsədəuyğundur. Belə ki, xoşagəlməz barbarizmin milli kökənli sözlə əvəzlənməsi üçün yeni söz lüğətdə həmin barbarizmin sinonimi kimi göstərilir. Yeni söz müəyyən bir vaxt ərzində yayılıb ümumişləklik qazandıqdan sonra isə barbarizm artıq “köhnəlmiş” qeydi ilə verilir. Nəticədə yeni söz barbarizmi əvəzləyərək nitqdə və yazıda bərqərar olur.

- Yeni sözlər necə yaranır? Dili daxili imkanlar hesabına zənginləşdirmək üçün hansı yollardan istifadə etmək olar?

Müasir dövrdə dillərin daxili imkanları hesabına söz ehtiyatını zənginləşdirməsi iki fərqli yolla baş verir. Lüğətin tərkibi ya yeni sözlərin əmələ gəlməsi yaxud dildə artıq mövcud olan sözlərə əlavə yeni mənaların verilməsi ilə formalaşır. Hər hansı cisim, hadisə, əlamətə ad vermək üçün yeni söz yaratma dilçilikdə mövcud sözyaratma qaydaları əsasında baş verir. Söz köklərinə şəkilçilər qoşmaqla eyniköklü sözlərin törəməsi yaxud iki və daha çox leksemin birləşməsi ilə mürəkkəb sözlərin yaradılması bütün dillərdə lüğət tərkibini zənginləşdirən ən səmərəli üsullardır.

Bunlarla yanaşı, çoxmənalı leksemlərin yeni mənalarının yaradılması, köhnəlmiş və dialekt sözlərin ümumişlək kimi istifadəsi hər bir dil sistemində geniş tətbiq olunur. Lüğətdə mövcud olan sözə əlavə məcazi məna yaratmaq dili zənginləşdirməyin başqa bir səmərəli üsuludur. Bir çox hallarda mövcud sözlər yeni məna qazanmaqla məcazi mənada işlənərək yeni anlayışları dildə ifadə edir. Sözdə məcazi mənaların yaranması adətən insan şüurunda oxşar əlamətlərə malik cisim və ya hadisə arasında əqli bənzətmə aparılmaqla əlaqədardır. Bu, insan şüurunda əlamətləri oxşar iki obyekt və ya hadisə arasındakı zehni əlaqələrin qurulması, zehni çağrışımların yaranması ilə bağlıdır. Belə ki, sözün adı ifadə etdiyi cisimlərin zahiri və ya daxili xüsusiyyətləri, yerinə yetirdiyi funksiyaların oxşarlığı əsasında başqa cisimlərə də şamil olunur. Nəticədə yeni anlayış dildə artıq fəaliyyət göstərən, lakin bir qədər fərqli məna daşıyan sözün adını götürür. Həmin söz də, öz növbəsində, məzmununu genişləndirərək əlavə mənalar qazanmaqla çoxmənalı sözə çevrilir.

Ədəbi dilin zənginləşdirilməsində geniş tətbiq edilən üsullardan biri də dildə mövcud olan leksik boşluqların dialekt sözləri hesabına tamamlanmasıdır. Hər bir dildə olduğu kimi, Azərbaycan dilində də məhdud ərazidə işlədilən sözlər var. Ədəbi dildə yer almayan bu sözlər, bir çox halda dilin daha qədim qatlarına aiddir. Zamanla yenidən işləklik qazanan köhnəlmiş yaxud dialekt sözləri həm də əlavə məna almaqla yaxud yeni - oxşar və ya təmamilə fərqli mənada, - məqbul səslənməsi əsas götürülərək dilin ümumişlək söz xəzinəsinə qaytarıla bilər. Bu halda söz mənasını qismən və ya tamamilə dəyişərək yaxın, yaxud tamamilə yeni, bambaşqa mənada işlənməyə başlayır.

Rus dilçisi Vladimir Dal bu üsulu geniş tətbiq etməklə XIX əsrin ortalarında tərtib etdiyi “Canlı rus dilinin izahlı lüğəti”ndə rus dilinin dialektlərini ədəbi dilə daxil etməklə, o cümlədən “indiyədək qəbul edilmədiyi mənada” ümumişlək sözlər kimi işlədərək rus dilini kəskin şəkildə zənginləşdirmişdir.

Dilin daxili imkanlarından yararlanaraq təsviri şəkildə söz birləşməsi ilə ifadə olunan “məktəbli çantası” anlayışının adı zahiri bənzətmə və oxşar təyinatına görə köhnəlmiş sayılan heybə (çiyinə geyilən kiçik xurcun) sözü ilə ifadə edildi. Həmçinin, dartınmaq üçün istifadə edilən idman avadanlığını adlandırmaq üçün atama dialekt sözü ümümişlək mənada “turnik” barbarizmi əvəzinə “İnteraktiv Əlifba”ya daxil edilib.

Dilimizə rus dili vasitəsilə daxil olan alman mənşəli qalstuk sözünə (almanca Hals “boyun” və Tuc “yaylıq”) qarşılıq yaratmaq üçün “yaxa” mənasında işlədilən önür dialekt sözü əsas götürülmüşdür. Önürlük sözü önür kök morfeminə -lük şəkilçisi artırmaqla yaradılmışdır (hərfi mənada “yaxa üçün nəzərdə tutulan” deməkdir).

Digər bir nominasiya növü, səs təqlidinə əsaslanan üsul bütün dillərdə tətbiq edilir. Məsələn, zümzümə, cırcırama, quqqu, şaxşax kimi sözlərin tələffüzündə sanki ifadə etdikləri cisim və ya hərəkətlərin yaydığı səs əks olunur. Hər hansı sözün birinci və digər bir sözün sonuncu hissəsindən, yaxud müxtəlif sözlərin parçalarından da sözlər yarana bilər. Məsələn, motel (avtomobilçilər üçün mehmanxana) motor sözünün birinci və hotel sözünün sonuncu necalarından yaranıb. Sambo sözü (silahsız özünümüdafiə) rus dilində “samooborona bez orujiya” sözlərinin parçalarından yaranmışdır. İngilis dilindən alınmış lazer sözü, tərcümədə “stimullaşdırılmış şüalanmanın köməyi ilə işığın gücləndirilməsi” mənasını verən light amplification by simulated emission of radiation ifadəsindəki sözlərin baş hərflərindən yaranıb.

- Neologizmlərin – yeni sözlərin əmələ gəlməsini tənzimləyən xüsusi dil qaydaları varmı?

- Əlbəttə, yeni sözlər kor-koranə, öz-özündən yarana bilməz. Dilçilikdə olan məntiq heç də riyaziyatdakından az deyil. Hər bir dildə yeni sözlərin, təriflərin yaranması müəyyən qaydalarla tənzimlənir. Qrammatik aspektdən götürsək, yaradılan sözlər morfoloji tərkibinə görə şəffaf olmalıdır. Bu deməkdir ki, sözün kökündən tutmuş hər bir şəkilçisinədək bütün morfemləri dilin sözdüzəltmə qaydalarına uyğun gəlməlidir. Belə olduqda, sözün mənasının tam və dəqiq əks etməsini morfemlər təmin edir. Həmçinin, bu halda sözün kökünə qoşulan şəkilçilər neologizmlərin yaranmasına maneələr törətmir. Əksinə, digər eyniköklü sözlərin əmələ gəlməsinə zəmin yaradır. Beləliklə, bu qayda ilə yaranmış sözlər gələcək dəyişiklərə açıq olur, bununla da dilin daim zənginləşməsini dəstəkləyir, təmin edir.

Bəzi sözlərin dilimizdə kök salmamasının səbəbi məhz bununla bağlıdır. Məsələn, “başıbəlalı” ipəzor sözü nominasiyanın əsas tələbinə cavab vermədiyinə görə özünü doğrultmadı. Belə ki, söz nə semantik, nə də morfoloji baxımından şərtləndirilməyib. Sözün tərkibində olan zor şəkilçisi dilimizdə mövcud deyil. Həmçinin, leksik baxımından, ip sözü anlayışın təməl özəlliyini, xüsusən bu növ nəsnələrin funksional təyinatını (başqa sözlə, nəyə xidmət etdiyini) əks etdirmir. Bu amilləri nəzərə alaraq “İnteraktiv Əlifba”ya mövcud dil qaydalarına daha uyğun, tut söz kökünə -ac şəkilçisi qoşmaqla əmələ gələn tutac sözü daxil edilib.

Burada “işıqfor” sözünü də qeyd etmək olar. Sözün ikinci hecasındakı morfemə dilimizdə uyğun şəkilçi yoxdur. Semantik və morfoloji şərtləndirilməsi olmayan söz həm tərkib, həm anlayışın məna məzmununu ifadəsi baxımından məntiqsizdir. Çünki söz anlayışın təməl özəlliyini, yəni təyinatını, nəyə xidmət etdiyini ifadə etmir. Bu qurğunun təyinatı yolu, yol hərəkətini tənzimləməkdən ibarətdir. “Tənzimləmək” lekseminə türk kökənli yaxın mənalı söz “ayarlamaq” feilidir, hansı ki, orfoqrafiya lüğətimizdə də öz əksini tapmışdır. Həmin feilin “ayar” kökündən və “yol” ismindən yaranan yolayar mürəkkəb sözü anlayışın məzmununu tam ifadə edir.

Dildə mövcud olan bəzi anlayışların adı tək, vahid sözlə deyil, bəzən bir neçə sözlə ötürülən təsviri ifadədən ibarətdir. Gündəlik nitqdə çox istifadə etdiyimiz rus dilindən gələn rozetka, vıklüçatel, vilka (elektrik ştepsel) barbarizmlərini misal göstərmək olar.

Məlum olduğu kimi, fransız kökənli rozetka sözü (fransızca rosette – kiçik qızılgül) rus dilində bir neçə mənaya malikdir. Bir mənasının Azərbaycan dilində tam vahid sözdən ibarət qarşılığı var - memarlıq və zərgərlik işində istifadə edilən “xonça” termini (eyni ləçəklərə malik simmetrik çiçək şəklində yaradılmış naxış, bəzək, dekor). Daha çox yayılmış digər iki məna şifahi nitqdə rus barbarizmi, yazıda isə təsviri söz birləşmələri ilə ifadə olunur.

Sadalanan bu anlayışlara dilimizdə ad vermək məqsədi ilə uyğun neologizmlərin yaradılması üçün aşağıdakı prinsiplər əsas götürülmüşdür: semantik və morfoloji şərtləndirmə, dildə mövcud olan sözdüzəltmə modellərinə görə sözlərin formalaşması; lakoniklik; ahəng qanununa uyğunluq. Leksik şərtləndirmə prinsipinə əsasən, söz yaratmaq üçün varlığın (anlayışın, məfhumun) mənasını – məntiq dili ilə desək, onun mahiyyətini təşkil edən təməl özəlliyini və ya fərqləndirici əlamətini əks etdirən söz kökü əsas seçilməlidir. Lüğətə görə, rozetka sözünün bir mənası “mürəbbə, bal və s. üçün kiçik nəlbəki”dir. Həmin anlayışı Azərbaycan dilində ifadə etmək üçün “mürəbbə” ərəbizmindən fərqli olaraq daha yığcam, türk mənşəli bal söz kökünə kiçiltmə mənasını daşıyan -ça sözdüzəltmə şəkilçisini qoşmaqla balça sözü yaradılmışdır.

Rus dilində rozetka omonimi ilə ifadə edilən ikinci anlayışın lüğətdəki tərifinə əsasən, bu, “elektrik cihazlarını şəbəkəyə birləşdirmək, qoşmaq üçün divara yerləşdirilən vasitə”dir. Bu nəsnənin “bəndləmək, ilişdirmək, birləşdirmək” təməl özəlliyini Azərbaycan dilində qoşmaq feili ən dəqiq və lakonik şəkildə ifadə edir. Sözün başlıca məna yükünü nəzərə alaraq qoş kökünə daha uyğun gələn -qac şəkilçisini artırmaqla (tutqac sözünün modelinə görə) qoşqac leksemi yaradılmışdır.

Müxtəlif məişət avadanlıqlarını elektrik şəbəkəsinə qoşmaq təyinatına xidmət edən “razetka” adlandırılan nəsnə ilə yanaşı işıqlandırma cihazlarını şəbəkəyə qoşan, “vıklüçatel” kimi işlətdiyimiz nəsnə əslində bənzər funksiya daşıyır. Hər iki nəsnənin funksional məqsədi cihazları elektrik mənbəyinə qoşmaqdır. Dilin daxili resurslarından faydalanaraq anlayışı adlandırmaq üçün məfhumun mənaca mahiyyətini nəzərə alaraq bu halda da “qoş” söz kökü əsas seçildi. Burada da təməl özəllik qoşmaq feili ilə ifadə olunur, deməli, bu anlayışın mənasını qoş kökü əks etmiş olacaq. Sözlər mənaca oxşar olsa belə, semantik xüsusiyyətlərə malik fərqli anlayışları ifadə edir. Bu baxımdan, müəyyən fərqi olan və özünəməxsus semantik səciyyəyə malik anlayışları ifadə edən sözlərin şəkilçiləri də fərqli olmalıdır. Beləliklə, ikinci anlayışı ifadə etmək üçün qoş kökünə “-ar” şəkilçisi artırmaqla qoşar sözü (açmaq – açar modeli üzrə) yaradılaraq “İnteraktiv Əlifba”ya daxil edilib.

Nitqimizdəki elektrik vilka və ya elektrik açar, yaxud elektrik yuvası kimi söz birləşmələrini öz dilimizdə lakonik vahid sözlə adlandırmaq üçün morfoloji sözdüzəltmə üsulu deyil, fərqli üsul tətbiq edilmişdir. Neologizm yeni leksik vahid yaratmaqla deyil, dildə mövcud olan sözə yeni məna verməklə ərsəyə gəlmişdir.

Bildiyimiz kimi, çoxmənalı olan çatal sözünün əsas lüğəvi mənası “haça uclu” (iki ucu olan) deməkdir. Belə ki, “çatal yaba” anlayışının adında yabanın iki uclu olduğunu ifadə edən çatal sözü sifət qismində işlədilir. Bu sözün isim olaraq mənası “süfrə başında sinidən nimçələrə ət, toyuq, balıq çəkmək üçün istifadə edilən adi çəngəldən fərqli iki uclu daha iri alət”dir. Beləliklə, çatal sözünün mövcud mənalarına, analogiya (bənzətmə) ilə zahiri oxşarlığı əsas götürülərək “cihazların elektrik şəbəkəsinə qoşulan iki uclu hissəsi” anlamı əlavə məcazi məna kimi artırılmışdır.

Təəssüf ki, Azərbaycan dilində mövcud olan xeyli sayda sözyaratma morfemlərindən lazımınca istifadə edilmir. Dilimizdəki söz köklərinə dildə olan şəkilçilər artırmaqla mövcud sözdüzəltmə modelləri əsasında bir çox barbarizmlərin qarşılıqları yaradılaraq “İnteraktiv Əlifba”ya daxil edilmişdir.

Məsələn, axaq (“su kranı” mənasında), açaq (konserv açan alət), bürünük (“böyük yun şal və ya örtük” mənasında, rus. плед), üzgü – (“üzgüçülükdə istifadə edilən, ayaqlara taxılan nəsnə”, rus. ласты), üzənək (“hovuzda, dənizdə və s. üzmək, çimmək üçün geyim növü”, rus.купальник ) bağlaq (“üst-üstə yığılmış və ya birlikdə bağlanmış oxşar nəsnələrin yığını” – rus. пачка, стопка), hörünc (“başdan geyilən toxunma yun köynək, hörmək feilindən yaranıb, rus. свитер), hopmac (hopmaq feilindən yaranıb - rus. салфетка), silgər (“döşəməni silmək üçün alət” mənasında, rus. швабра), masadar (rus. официант), seyriyyə ( rus. – достопримечательности), süslük (rus. брошка), bərkiç (rus. кнопка) çənbərək (rus.ободок) ocaqdar (rus. камин) hesablayıcı (rus. калькулятор) doluq (rus. кошелек) döyməcə (rus.котлета) şorbac (rus. супник), yayca (rus. майка) sovurqu (rus.насос), 1939-cu ilin lüğətində yer almış üfürdək (rus. мыльный пузырь), rus barbarizmi əvəzinə verilən unudulmuş sözümüz dol (“vedrə” – ведро qarşılığı), kürə tərcüməsi dilimizdə olan, lakin uşaq əyləncəsi mənasında tərcümə edilmədən işlənilən şar sözünün əvəzinə - üfürük (rus. воздушный шар), uçurtma (fars cərpələng sözünün əvəzinə), kargah (bədnam sex sözünün əvəzinə, lüğətdə mövcud mənaya ikinci məna əlavə olunaraq ərsəyə gəlib, milli mənşəli olmasa da, hər halda səslənməsi daha məqbuldur – rus.цех ) biləklik (rus. манжет), yüklük (rus. багажник), bilgəc (rus. дорожный указатель), söykənc (rus.подоконник), çiləyən (rus.душ) və s.

Nominasiyanın mahiyyəti önəmlini vurğulamaq, önəmsizdən imtina etməkdən ibarətdir. Söz yaradıcılığında mənanın çatdırılması ilk baxışdan bir-biri ilə uzlaşmayan amillər - snayper sərrastlığı və yaradıcı təxəyyül tələb edir. Bu iki şərtə əməl olunsa yaradılan sözlər həm dəqiq, həm də ifadəli olar. Bundan əlavə yeni söz elə bir model əsasında qurulmalıdır ki, ondan gələcəkdə digər törəmə leksemlərin yaranması mümkün olsun. Bunun üçün, yeni sözün qrammatik quruluşunun aşkarlığı, hər bir hissənin məna aydınlığı zəruridir.

Keyfiyyətli nominasiyanın daha bir mühüm şərti mənanın dolğun ötürülməsi ilə bərabər onu ifadə edən adın yığcam olmasıdır. İnkişaf etmiş dillərdə lakonik anlayış adları bölünməzliyi, bütövlüyü ilə fərqlənir. Belə ki, müasir dilçilikdə dil vasitələrinə səmərəli yanaşma və onlardan qənaətlə istifadə əsas prinsiplərdən biridir.

Xüsusi ehtiyac olmadan təsvirçilikdən uzaqlaşmaq, dəqiqliyə və müxtəsərliyə üstünlük vermək, anlayışları söz birləşmələri ilə yox, bir sözlə ifadə etmək müasir dilin mühüm əlamətləridir. Prinsip ondan ibarətdir ki, dildə əks olunan anlayışlar iki və daha çox sözdən ibarət leksik vahidlərlə deyil, mənanı tam və aydın şəkildə açıqlayan tək sözlə ifadə edilməlidir. Tək söz tərkibli leksik vahidlər daha rasional, səmərəli, əlverişli və rahat hesab olunur. Beləliklə, izahedici ifadə əvəzinə yeni yaranmış vahid söz lüğətdə yer alaraq həm də dilin xəzinəsini artırır.

Məsələn, “uşaq oyunları üçün qumla doldurulmuş qutu” (rus. песочница) anlayışı türk dilində “qum hovuzu” (kum havuzu) söz birləşməsi ilə ifadə olunur. Bu anlayışı dilimizdə təsviri, izahedici şəkildə deyil, bir leksemlə ifadə etmək üçün, kök morfeminə iki şəkilçi qoşmaqla yaradılmış qumluqca sözü “İnteraktiv Əlifbaya” daxil edildi.

Neologizmlər yaradılarkən ahəng qanununa və, ümumiyyətlə, dilin fonetikasına uyğunluq məsələsinə xüsusi diqqət yetirilməlidir. Əgər bir neçə seçim imkanı varsa, o zaman ahəng qanununa uyğun leksemə üstünlük verilməlidir.

Bütün bunlarla kiçik cisimdən tutmuş irimiqyaslı hadisəyədək, insan qəlbinin ən incə çırpıntısından tutmuş mücərrəd anlayışlaradək müxtəlif məfhumların təməl məzmununu ifadə edən sözlər yaratmaq mümkün olacaq.

- Qeyd etdiniz ki, dildə və təfəkkürdə baş verən proseslər bir-biri ilə bağlıdır. Bunu əyani şəkildə necə ifadə etmək olar?

Hər bir xalqın dili gerçək dünyanın mənzərəsini özünəməxsus şəkildə əks etdirir. Hər hansı bir xalq üçün əhəmiyyət daşıyan anlayışlar onun dilində təfsilatı ilə əks olunur, öz “adını” alır. Digər xalqın dilində isə həmin anlayış olmur, olmadığına görə anlayışı ifadə edən söz də lüğətdə əks olunmur.

Məsələn, Azərbaycan dilində mücərrəd və ya konkret məfhumlar var ki, başqa dillərdə dəqiq adı yoxdur və onları bir sözlə tərcümə etmək mümkün deyil. Buna misal olaraq əmanət, yadigar, nisgil, tamarzı, müjdə, tay, buxaq və s. sözləri göstərmək olar. Yeri gəlmişkən, buxaq sözü günümüzdə nədənsə yanlış olaraq “ikinci çənə” kimi tərcümə olunur; bu tərcüməyə görə yalnız təəssüf hissi keçirtmək olar. Halbuki, Azərbaycan şairlərı şeir və qəzəllərdə qadın gözəlliyini vəsf edərək bu hissəyə misralar həsr etmişlər. Bu və ya digər xalqın sözlərində əks olunan mənzərə təkcə onun mentaliteti, mənəvi dəyərləri, mədəni irsi ilə bağlı deyil. Müəyyən xalqın şüurunda əksini tapan gerçəkliklərin dildə necə ifadə olunmasına hətta iqlim və hava kimi adi amillər də təsir edə bilər. Dilçilər zarafatla deyir: “Şimal xalqlarının dillərində qarın rəng çalarlarını təsvir etmək üçün iki yüz ad var.”

Azərbaycanda isə iqlim fərqli olduğuna, qış mülayim keçdiyinə görə, tarixən buz üstündə sürüşmə kimi əyləncələr olmayıb. Ən soyuq qışda belə, şaxta kifayət dərəcədə sərt olmadığından suyun səthində əmələ gələn buz qatı üzərində sürüşən insanın ağırlığına tab gətirəcək qədər möhkəm olmur. Bu səbəbdən, buz üstündə sürüşmək üçün ləvazimat, xüsusi bir nəsnə də olmayıb, təbii ki, müvafiq sözlər də yaranmayıb. Müasir dövrdə isə yeni texnologiyaların inkişafı ilə buz meydançalarının hazırlanması artıq iqlim və hava şəraitindən asılı deyil.

Dilimizdə məcburi işlətdiyimiz “barbar” sözlər əvəzinə öz sözlərimizi işlətmək yerinə düşərdi. Belə ki, dildə istifadə olunan “konki" barbarizmi və "buz meydançası" söz birləşməsi ilə ifadə olunan anlayışların adları üçün daha uyğun türk kökənli qarşılıqlar seçilmişdir. Mənbələrə, xüsusən də Mahmud Kaşğarinin lüğətinə istinadən, “sürüşmək” mənasını verən ümumtürk qayımaq (kayımak) sözü müasir Azərbaycan dilində hal-hazırda işlədilməyən qay/kay tarixi kökündən əmələ gəlib. Maraqlıdır ki, feilin ilkin kökü öz məna yükünü itirsə də, həmin kökdən əmələ gələn törəmə sözlər qorunub saxlanaraq gündəlik nitqdə işlədilir. Müasir Azərbaycan dilində bu leksemlər morfoloji baxımdan bölünməz, bütöv olsa da, sözlərin bir vaxtlar müstəqil morfem olmuş tarixi kökünü asanlıqla ayırd etmək olar.

Yüzlərlə düzəltmə sözlərin daxilində “ölü” köklərə çevrilmiş əski kök morfemlərlərimiz var. Bu mənada vaxtı ilə -qay kökündən törəyən qayıqqaya kökdaş sözlərini xatırlamaq olar.

Etimoloji mənşəyinə görə “qaya” sözü “sıldırımlı, sürüşkən dağ”, “qayıq” sözü isə “su üzərində sürüşən nəqliyyat vasitəsi” semantikasına uyğundur. Müasir türk dilində kay kökündən törəmə sözlər geniş işlənir: kaymak (“sürüşmək”) feili, kaygın (“sürüşkən”) sifəti və s. Bu sözlərdən yaranan dili kaymak (“dilindən qaçırmaq” mənada), gözü kaymak (“qeyri-ixtiyari baxmaq”) və s. kimi sabit ifadələr geniş istifadə olunur.

“Konki” anlayışının mənasını dilimizdə əks etdirmək üçün tarixi ümumtürk kökü əsasında qayar sözü (buz üzərində sürüşmə vasitəsi) yaranmışdır. Həmçinin “İnteraktiv Əlifba”ya “buz meydançası” mənasını verən qayaq sözü daxil edilib, bu söz qaqauz dilində də eyni mənada işlənir.

Bəzən isə əks vəziyyət də baş verir: sözün funksional mənası köhnəlməsə də, həmin sözdən imtina edilir, söz istifadən çıxaraq dildən “didərgin” salınır. İstifadədən çıxan sözlə yanaşı həmin sözün ifadə etdiyi anlayış da yoxa çıxır.

Haqqında danışacağımız söz də, demək olar ki, istifadədən çıxıb, onu müasir Azərbaycanlıların nitqində eşitmək mümkün deyil. Lüğətlərdə bu söz “köhnəlmiş” qeydi ilə göstərilir – halbuki, dilimizdə artıq işlənməyən sözlə birlikdə unudulan anlayışa da kəskin ehtiyac duyulur. Rusiyada və ya Qazaxıstanda, Böyük Britaniyada və ya Almaniyada, Türkiyədə və ya Pakistanda bu terminə rast gəlmək üçün ibtidai sinif riyaziyyat dərsliklərini açmaq kifayətdir. Lakin bu termin və müvafiq anlayış Azərbaycan dərsliklərində yoxdur, daha dəqiq desək, funksional olaraq işlədilmir: Bizim dərsliklərdə “çərək” keçmişdə istifadə edilən ölçü vahidinin “köhnəlmiş” adı olaraq xatırlanır.

Amma biz çərək sözünü köhnəlmiş hesab edərək onunla vidalaşmağa tələsmişik: bu cür zəruri anlayışlardan imtina etmək yolverilməz israfçılıqdır. Bütün müasir türk dillərində tələffüz və yazılışda cüzi dəyişikliklərə məruz qalan bu söz həm gündəlik ünsiyyətdə işlədilir, həm də riyazi termin qismində riyaziyyatın tədrisində geniş tətbiq olunur: türkcə çeyrek, türkməncə çȁyrek, qırğızca чейрек, özbəkcə chorak və s.

Ümumişlək mənadan əlavə, çərək sözü riyaziyyatın tədrisində bir termin olaraq zəruridir. Tədris metodikası baxımından əvəzolunmaz bu sözü mövcud olmadığı təqdirdə icad etmək lazım idi.

“Bütövün dörddə bir hissəsi” mənasında istifadə olunan çərək anlayışı birinci siniflər üçün nəzərdə tutulmuş yeni “İnteraktiv riyaziyyat” vəsaitinin “Tam və hissələr” mövzusunda propedevtika məqsədi ilə (yunancadan “ilkin olaraq öyrədirəm” – hər hansı bir elmə, mövzuya giriş mənasını verən didaktik termin) elmi anlayış qismində tətbiq edilmişdir.

Bu termin sayəsində itidai sinif şagirdləri üçün adətən çətinlik yaradan "Kəsrlər" mövzusu asanlıqla qavranılıb mənimsəniləcəkdir. Həmçinin, çərək anlayışı “Vaxt, vaxtın ölçülməsi və saat” mövzusunun tədrisində “bir saatın dörddə biri (“on beş dəqiqə” ifadəsinin əvəzi)” mənasında da istifadə edilir. Bu anlayış “Vaxtın ölçülməsi” mövzusunun qavramasını və mənimsənilməsini asanlaşdırır. Qənaətimizcə, dövriyyəyə qaytarıldıqdan sonra o, gündəlik nitqdə də ümumişlək söz olaraq “saatın dörddə biri, on beş dəqiqə” mənasında geniş işlənərək dil daşıyıcıları üçün faydalı olacaq. Çünki, “beşə on beş dəqiqə qalıb” və ya “beşə on beş dəqiqə işləyib” ifadələrinin yerinə “Beşə çərək qalıb” (“beşə on beş dəqiqə qalıb” mənasında), yaxud “Dörddən çərək keçib” və ya daha qısa olaraq, “Dörd və çərək” (“beşə on beş dəqiqə işləyib” mənasında) ifadələrini işlətmək daha rahatdır.

Uşaq üçün müxtəlif anlayışların, o cümlədən dünyanı dərk etməsində, təfəkkürünü inkişaf etdirməsində vasitə olan elmi məfhumların adı mühüm əhəmiyyət daşıyır. Nominasiya həm dilçilik, həm də elmi pedaqogika baxımından vacibdir, xüsusilə ibtidai təhsil mərhələsində böyük əhəmiyyət kəsb edir. Hər bir sözün leksik mənası həmin anlayışın məna məzmunu əsasında formalaşır. Əslində, söz müəyyən dilin daşıyıcıları tərəfindən qəbul edilmiş nominativ (adlandırıcı) işarə, simgədir, yəni müəyyən məna, anlam üçün bir qılafdır. Nominativ işarə fonetik (səslənmə) və qrafik (yazılış) vasitə olaraq sözün mənasını nə qədər aydın və tam ifadə edirsə, uşaq həmin anlayışın məna məzmununu bir o qədər asanlıqla dərk edir. Belə ki, sözdə əks etdirilən anlayışın qavranması ilə yanaşı, məhfumun mahiyyətini, xas olan təməl özəlliklərini, ayırdedici xüsusiyyətlərini, digər məhfumlarla qarşılıqlı əlaqə və münasibətlərinin tam qavranması və, nəticədə, möhkəm mənimsənilməsi vacibdir.

Şifahi nitq və yazıda əks olunan dil daşıyıcılarına xas bir “fenomen” mövcuddur. Bu “fenomenal” üsuldan çox vaxt heyvanlara və bitkilərə ad verərkən istifadə olunur. Azərbaycan dilində bəzi flora və fauna nümayəndələrinin adlarını ifadə edən sözlərdə müəyyən canlının adı ilə yanaşı, həm də bu növə aid digər anlayışın adı verilir. Yazıda bu, söz birləşməsi və ya ayrılmaz mürəkkəb söz olaraq əks edilir. Məsələn: söyüd ağacı, nərə balığı, tovuzquşu, hindquşu, səkkizayaq ilbiz və bu kimi adlar. Bəzən səkkizayaqlı osminoq kimi gülünc tavtologiyalara (məzmun təkrarlanmalara) da rast gəlinir. Təəssüf ki, bu tədris ədəbiyyatında da öz əksini tapır.

Məlumdur ki, məntiq baxımdan anlayışlar arasında müxtəlif növ qarşılıqlı əlaqələr mövcuddur. Məsələn, çaydan və lüləyi, ev və damı, pişik və pəncəsi anlayışları arasında “tam və hissə” münasibətləri var. Heyvan və bitkilər aləminin, həmçinin digər bu kimi sistemlərə aid anlayışların arasındakı münasibətləri iyerarxiya, yəni pillələrlə (məntiqi termin olaraq “sinif”, “kateqoriya”) aşağıdan yuxarıya tabeçilik əlaqəsi əsasında düzülmüş bütöv bir sistem kimi təsvir etmək olar. Bu sistemdə hər hansı varlıq özündən daha üstün kateqoriyadakı soya tabedir (“soy” – məntiq elmində termin olaraq işlənir, “cins” –dilçilikdə qrammatik kateqoriya üçün istifadə edilən termindir; hər iki termin rus. dilində «род» kimi işlənir).

Bu cür söz formaları heyvan və ya bitkinin təkcə xüsusi növ adını deyil, həm də, məntiq dili ilə desək, aid olduğu soy (bir üst sinif) adını da əks etdirir. Bu cür adlarda mürəkkəb sözün köklərindən biri (yaxud, söz birləşməsindəki sözlərdən biri) – məsələn, ağac, balıq, quş, çiçək, böcək – soy kateqoriyasının ümumiləşdirici, yəni, daha üstün sinfin adıdır. Beləliklə də həmin sözdə, yaxud söz birləşməsində konkret heyvan və ya bitkinin adı ilə yanaşı əslində həmin heyvan və ya bitkinin tabeçilik telləri ilə bağlı olduğu daha bir məfhumun adı da yer alır.

Bu linqvistik hadisənin heç bir tutarlı izahı yoxdur. Linqvistik hadisəni məntiqi cəhətdən əsaslandırmaq çətin olsa da, ehtimal etmək olar ki, bu hadisə dilin erkən inkişaf mərhələsinə aiddir. Bu cür adlandırma zamanı anlayışların növ adında daha üstün təsnifat vahidi olan anlayış haqqında artıq, lüzumsuz məlumat verilir. Bu o deməkdir ki, iki müxtəlif anlayışı – növ və soy anlayışlarını (tabe olan və tabeedici) əks etdirən sözlər bir anlayış adı çərçivəsində yerləşdirilir. Halbuki, adlandırmanın əsas prinsipi, məhz bir neçə anlayış sırasından müəyyən anlayışı fərqləndirmək, ayırd etməkdən ibarətdir.

Dərsdə baş verə biləcək vəziyyəti təsəvvür etmək çətin deyil. Altı-yeddi yaşlı uşaqların əqli bacarıqlarının inkişaf etdirilməsi və məktəbə hazırlıq səviyyəsinin yoxlanması məqsədi ilə bütün dünyada xüsusi qiymətləndirmə vasitələrindən - müəyyən diaqnostik test tapşırıqlarından istifadə olunur. Tutaq ki, uşağa bir neçə varlığın adından ibarət söz toplusu verilir (kiçik yaşlı uşaqlar üçün təsvir ola bilər) və təklif olunur ki, verilmiş sözlərə (anlayışlara) uyğun ümumiləşdirici söz desin. Məntiq dili ilə desək, həmin anlayışlar üçün daha üstün kateqoriya adını bəlirləmək, müəyyən etmək tələb olunur. Uşaqda anlayışları ümumiləşdirmək, soy-növ əlaqələrini qurmaq, təməl özəlliklərini təyin etmək kimi bacarıqların vaxtında inkişafı bu növ tapşırıqlarla yoxlanılır. Uşaqlara təklif edilən söz sırası Azərbaycan dilində belə ola bilər: tovuzquşu, tutuquşu, hindquşu, qu quşu və s. Bu sözlər üçün ümumiləşdirici anlayış olan “quş” canlıların adlarında yer aldığına görə cavabın tapılması çətinlik yaratmır və, nəticədə, tapşırıq öz əhəmiyyətini itirir. Beləliklə, bir sözdə hər hansı varlığın həm növü, həm də daha yüksək təsnif adının verilməsi kimi dil nöqsanı tədris fəaliyyətində müəyyən maneələr yaradır. Bu qəbildən olan tapşırıqları icra edən uşaq şüurunda varlıqların əhəmiyyətli və ikinci dərəcəli əlamətləri arasındakı fərqi dərk edərək hər bir anlayışı müvafiq, daha ustün anlayışa bağlamağı öyrənir. Beləliklə, hər bir anlayışı təsnif edərək müəyyən bir sistemdə yerini təyin edə bilir. Nəticədə, hər bir cismin, hadisənin gerçək dünyada yerini, onların gözəgörünməyən əlaqə və münasibətlərini müəyyənləşdirməyi, varlıqların mahiyyətini ayırd etməyi öyrənir. Bunları nəzərə alanda, anlayışların dəqiq adlandırılmasının nə qədər əhəmiyyətli olduğu aydın görünür.

Həmçinin bu qəbildən olan adlar dilin özü üçün də səmərəsizdir. Belə ki, leksemə tərkibində ehtiyac duyulmayan əlavə söz və ya söz kökü lüzumsuz “ağırlıq” gətirir. Məsələn, “işıldaböcək” (“atəşböcəyi” də deyilir) kimi adlar yəqin ki, bir üst kateqoriya adı olan “böcək” söz kökünü ayırmaqla daha yığcam hala gətirilə bilər. Sözügedən anlayışın adlandırılması üçün semantik şərtləndirmə qaydasına uyğun ayırdedici cəhət əsas götürüldü. Beləliklə, morfoloji derivasiya (törəmə) üsulu tətbiq edilərək “nurluca” sözü yaranıb “İnteraktiv Əlifba”ya daxil edildi. Bütövlükdə isə heyvanlara və bitkilərə verilən bu cür qoşma adlar çaşqınlıq yaratdığına görə təlim nəticələrinə nail olmaq baxımdan əlverişsizdir, uşaqlarda sistemli, məntiqi təfəkkürün yaranmasına yardım etmir. Ona görə də “İnteraktiv Əlifba”da üst səviyyəli təsnifat vahidi bildirən ümumiləşdirici adlardan yayınaraq “söyüd”, “nərə”, “tovuz”, “hindi”, “səkkizayaq” kimi yığcam adlar tətbiq edilib.

Digər bir nümunə qarağatın ağ və qırmızı növlərinin adı ilə bağlıdır. Nitqimizdə giləmeyvənin növlərini ağ qarağat və qırmızı qarağat söz birləşmələri ilə adlandırırıq, bu da məntiqsizdir. “Qarağat” sözün tərkibində olan “ğat” türk dillərində “giləmeyvə” anlamını verən ən qədim sözlərdəndir. Beləliklə, qarağatın digər növləri rənginə uyğun olaraq ağğat və alğat (“al” – “qırmızı” mənada) adları ilə “İnteraktiv Əlifbaya” daxil edildi.

Bu mənada, dildə daşlaşmış “qızılgül”, “qaranquş”, “bayquş”, “dəmirağacı” kimi bəzi sözlər istisnadır.

- Siz “İnteraktiv Riyaziyyat”ı qeyd etdiniz. Digər vəsaitlər haqqında da məlumat verə bilərsinizmi? “İnteraktiv Riyaziyyat” tədris vəsaitinə daha hansı terminlər daxil edilib?

“İnteraktiv Əlifba” ilə yanaşı “İnteraktiv Riyaziyyat” və “İnteraktiv Məntiq” vəsaitləri üzrə layihəmiz 2020-ci ildə yüksək ballarla qiymətləndirilərək Təhsil Nazirliyi tərəfindən keçirilən Təhsildə İnkişaf və İnnovasiyalar üzrə IV Qrant müsabiqəsinin qalibi olmuşdur. Müəyyən səbəblərə görə həmin qalib layihə qismən icra edilmişdir - yalnız “İnteraktiv Əlifba” tədris vəsaiti məktəblərdə tətbiq edilmişdir. Digər iki qalib vəsaitlər üzrə layihələr təkrarən növbəti 2021 və 2022-ci illərdə V və VI qrant müsabiqələrinə təqdim edilmişdir. Hazırda müvafiq təlimləri keçən Bakı məktəblərinin müəllimləri “İnteraktiv Əlifba”nı tədrisdə tətbiq edir.

2017-ci ildən etibarən məktəb və müəllimlər arasında keçirilən Təhsildə inkişaf və innovasiyalar üzrə Qrant müsabiqəsinə layihələr hər il fevral-mart ərzində təqdim edilir, aprelin sonunda isə qalıb layihələrin siyahısı Təhsil nazirliyinin saytında dərc edilir (son illər qalib layihələr iyulun sonunda elan edilib).

İnnovasiyalar çox zaman tədqiqatlarla bağlıdır. Təbii ki, məktəb üçün tədqiqat işlərini aparmaq bir qədər çətindir. Odur ki, biz pedaqoji məsələlərlə bağlı keçirilən araşdırmalar üzrə layihələrimizi ekspertlik edərək məktəblərlə birlikdə qrant müsabiqəsinə təklif edirik. Layihələrimizdə 2018-ci ildən etibarən Təhsil institutu tərəfindən hazırlanan dərsliklərin təkmilləşdirilməsi, müvafiq məzmun standartlarına dair dərsliklərdə yer almamış təlim nəticələri üzrə qiymətləndirmə vasitələrinin hazırlanması, yeni standartların qəbul edilməsi və bununla bağlı müvafiq bacarıqlarının inkişafı və digər bu kimi mövzulara dair məsələlərin həllini təklif edirik.

Belə ki, müəyyən terminləri təkmilləşdirib vəsaitlərimizə, həmçinin “İnteraktiv Riyaziyyat” vəsaitinə daxil etmişik. Gəlin, müxtəlif sahələrdə istifadə olunan elmi məfhumların bəzilərinin üzərində dayanaraq dil, məntiq, tədris metodikası baxımından qısaca təhlil edək. Bu məsələ təkcə dərsliklər üçün deyil, bütövlükdə dilimiz üçün də günün tələbidir. Bu mənada terminoloji məsələlərin həlli həm də dərsliklərin söz tərkibinə müsbət təsir göstərəcək.

Bəzi terminləri isə tədqiq edib nəticələri bölüşürük. Araşdırılmış müəyyən terminlərin əvəzlənməsinin məqsədəuyğunluğu yalnız dilçilik baxımından deyil, digər aspektlərdən də ətraflı nəzərdən keçirilməlidir.

Tədrisin məqsədi şagirdlərin dərs materialını aydın qavraması və möhkəm mənimsəməsini təmin etməkdir. Tədris metodikası, bir elm olaraq, təlimin səmərəsini artıran üsul və vasitələri araşdırır. Qarşıya qoyulan vəzifələr sırasında şagirdin yeni bilik və bacarıqları səmərəli əldə etməsini təmin edən üsulları tapıb tətbiq etmək, digər tərəfdən isə tədris işlərini çətinləşdirən amilləri aradan qaldırılmaqdır. Təsadüfi deyil ki, bir elm olaraq tədris metodikasının söykəndiyi elmlər sırasında pedaqogika və psixologiya ilə yanaşı dilçiliyin də mühüm yeri var.

Bu mənada, ibtidai siniflərdə istifadə olunan terminlərin və ümumiyyətlə, elmi anlayışların adlandırılması tədris üçün əsaslı əhəmiyyətə malikdir. Nominasiya, yəni anlayışların adları şagirdlərin dərsi qavramalarını əngəlləməməli, əksinə asanlaşdırmalıdır. Məlum olduğu kimi, bir çox ümumişlək sözlər əlavə mənalar qazanaraq müxtəlif elm sahələrində müəyyən anlayış və terminləri ifadə edir. İbtidai sinif şagirdi üçün ilk elmi anlayışları ifadə edən sözlər ətraf aləmin dərk edilməsinin və, ümumiyyətlə, əqli inkişafın əsasını təşkil edir. Məhz onların köməyi ilə uşaqda bayağı deyil, elmi, sistemli, anlayışlara bağlı düşünmə tərzi, təfəkkür inkişaf edir. Burada, anlayışların adları isə elm aləmini tanımağa kömək edən əvəzolunmaz bələdçilərə çevrilir.

Gündəlik danışıq dilində işlədilən çoxmənalı sözlər elmi termin qismində istifadə olunduqda isə vəziyyət çətinləşir. Mütəxəssislərin fikrincə, yazılışı və səslənməsi eyni, lakin mənaca fərqli sözlər uşağın erkən inkişaf mərhələsindəki məntiqi ilə ziddiyyət təşkil edir. Üstəlik müxtəlif məna məzmunlu tam fərqli anlayışları ifadə edən eyni sözlər bir elm sahəsində istifadə edilirsə, çətinliklər daha da artır. Belə ki, yaranmış bu şəraitdə, şagird həmin elmi anlayışları eyni fənn, eyni mövzu daxilində işlətməli olur. Bu cür qeyri-müəyyən vəziyyətdə uşağın məruz qaldığı çaşqınlığı təsəvvür etmək çətin deyil.

Məsələn, “kök”, “parça”, “bel” kimi sözlərin hər biri ümumişlək mənaları ilə yanaşı elmi məfhum kimi müxtəlif mənalarda istifadə olunur. Həmin sözlərin bəzi mənaları isə eyni elm sahəsində elmi anlayış kimi işlənir. Tədris metodikası baxımından təlim materialı, tapşırıqların məzmunu və təlimat mətni son dərəcə aydın, dəqiq olmalıdır. O hər hansı başqa məna daşımamalı, şagirdin mövzunu qavramasını, anlamasını və icrasını çətinləşdirməməlidir. Belə ki, ətraf aləminə dair mövzuların tədrisində müəllim hər hansı tərəvəzin hissələrini sadalamağı təklif etdikdə şagirdlər sırf dilin yaratdığı çətinliklə üzləşə bilərlər. Məlum olduğu kimi, Azərbaycan dilində bir neçə leksik məna daşıyan kök sözü digər mənalarla yanaşı, biologiya elmində tərəvəzin adı və, eyni zamanda, hər hansı bitkinin hissəsi mənasında işlənir. Dərsdə tədris tapşırığının icrasını çətinləşdirən səbəb məhz budur - eyni səs və qrafik ifadəli söz fərqli bioloji termin qismində çıxış edir. Zahirən eyni söz forması müxtəlif məzmunu olan, üstəlik eyni elm sahəsinə aid terminlər sistemində, ümumi mövzuya xidmət edən fərqli anlayışlar üçün istifadə olunur.

Uşaqlarda konkret-əyani təfəkkürün mücərrəd təfəkkürdən əvvəl inkişaf etdiyi məlumdur. Bu səbəbdən təməl anlayışlar ümumişlək mənası ilə yanaşı həm də termin qismində işləndikdə ibtidai sinif şagirdləri tərəfindən daha çətin qavranılır və mənimsənilir.

Bu yaşda mücərrəd təfəkkür yenicə formalaşmağa başlayır. Uşağın şüurunda yaranan ümumi dünya mənzərəsində hər bir konkret varlıq haqqında təsəvvür, anlayış müəyyən adla əlaqələndirilir, yalnız bu ada bağlı olur. Yəni həmin sözün səslənişi və yazılışı - səs və hərf ardıcıllığı uşağın zehnində müəyyən varlığı canlandırır.

Qeyd etdiyimiz çoxmənalı sözlər (bu kontekstdə “çoxmənalı sözlər” ifadəsi həm polisemiyanı, həm də omonimiyanı nəzərdə tutur) tədris materialında mövcud olduğu halda, şagird dərsdə bir fənn, bir elmə aid məfhumlar sistemi daxilində eyni ad daşıyan, şifahi və yazılı olaraq eyni biçimdə işarə olunan fərqli anlayışlarla işləməli olur. Eyni görünən sözlərin anlam ayrılığı anlayışlar arasındakı əlaqələrin təməl prinsiplərini, mahiyyətini dərk etməkdə uşağa çətinlik yaradır.

Belə ki, erkən inkişaf mərhələsindəki təfəkkürə malik uşaq eyni söz qəlibinə “bürünən”, amma fərqli məna daşıyan anlayışları şüurunda bir-birindən ayırmaq üçün buna əlavə zehni əmək sərf etməli olur. Belə bir vəziyyətdə uşaq qarşısına qoyulan əsas tədris vəzifəsindən, müəllimin qoyduğu məsələdən öz diqqətini yayındıraraq tapşırığı yerinə yetirmə olur.

Bu halda dil amili anlayışları funksiya (təyinat) cəhətdən səciyyələndirmək və aralarındakı münasibətlərə görə fərqləndirmək, müəyyən toplulara birləşdirməyə, aralarında qarşılıqlı məntiqi əlaqə və münasibətlər qurmağa mane olur. Bir sözlə, dil amili təfəkkürün inkişafına müəyyən maneələr yaradır.

Məntiq baxımından “kök” sözü ilə ifadə olunan tərəvəz və bitkinin yeraltı hissəsi anlayışları arasında “bütöv – hissə” əlaqəsi var. Təfəkkürün, zehni əməliyyatın mahiyyəti də bu iki məfhumun müxtəlif leksemlərlə adlandırılmasını zəruri edir. Bundan əlavə, bu hal nitqdə “texniki” narahatlıq yaradır, çünki hər dəfə sözün hansı mənasının nəzərdə tutulduğunu aydınlaşdırmaq lazım gəlir.

“Kök” sözünün ilkin mənası məhz bitkinin yeraltı hissəsini əks etdiyi halda sonradan kök hissəsi qida kimi istifadə edilən tərəvəz də bu sözlə ifadə olunmağa başladı. Burada ikinci məna birinci mənadan törəmədir. Tərəvəz üçün gündəlik dildə işlənən “yerkökü” sözü də (yəni hərfi mənada “yerin altındakı kök”) məntiq baxımından heç də uğurlu variant sayıla bilməz, çünki hər iki mənada kök yerdə, torpaqda bitir. Halbuki, müasir türk xalqları qədim zamandan bəri bu tərəvəz üçün başqa bir ad istifadə edib. 1073-cü ildə Mahmud Qaşqarinin “Divani lüğət-it-türk” lüğətində geşür sözü yazılı şəkildə qeyd olunur. Etimoloji araşdırmalara əsasən, əsrlər boyu oğuz türklərinin dilində işlədilən bu sözün mənşəyi tarixən proto-Hind-Avropa dilinə aid olan gacur sözünə gedib çıxır (proto-Hind-Avropa dili Hind-Avropa ailəsinə aid olan dillərin dilçilər tərəfindən bərpa olunmuş əcdadıdır). Hazırda bu söz cüzi fonetik fərqlərlə bir çox müasir türk dillərində işlənir: tatar, başqırd və çuvaş dillərində (kişir), qaraqalpaq dilində (geşir), eləcə də müasir Türkiyə türkcəsinin bəzi dialektlərində (geşür), türkmən dilində (kəşir) - söz bu formada Azərbaycanın bəzi bölgələrində, həmçinin Cənubi Azərbaycanda yaşayan soydaşlarımızın nitqində qorunub saxlanılmışdır. “İnteraktiv Əlifba”ya sözügedən tərəvəzi adlandırmaq üçün “kəşir” sözü daxil edilmişdir.

Dilimizdə çaşqınlığa səbəb olan çoxmənalı leksemlərdən biri də parça sözüdür. Həm polisemantik (çoxmənalı), həm də omonimik mənaları olan parça leksemi ümumişlək olmaqla yanaşı, həmçinin termin kimi istifadə edilir. “Parça” sözünün ilkin və əsas olan “hissə”, “qisim” mənası Hind – Avropa dilindəki “perə” sözü ilə, habelə müasir fars dilindəki “pare”, latın dilində “pars”, ingilis dilində “part” ilə əlaqələndirilir.

Bu sözün “qızılı və ya gümüşü naxışlarla işlənmiş qalın ipək parça” olan ikinci mənası fars dilindən gəlmədir. Zaman keçdikcə parça sözünün ikinci omonim mənası daha geniş mənada, ümumiyyətlə “hər hansı bir tekstil parça” anlamında işlənməyə başlayıb. Halbuki, leksemin “tekstil məmulatı” mənası lüğətimizdə qumaş sözü ilə də ifadə olunur. Lüğətə istinadən demək olar ki, söz “köhnəlmiş” kimi qeydə alınmayıb, ümumişləkdir. Buna baxmayaraq, nitqdə daha çox qumaş yox, parça sözündən istifadə olunur. Ötən əsrin ikinci yarısında qumaş sözü “toxucu dəzgahında ipəkdən, yundan, pambıqdan və s. toxunan mal, material” mənasında geniş işlədilmiş və bu hal həmin dövrün bədii ədəbiyyatında da öz əksini tapmışdır.

Parça mənasını verən qumaş (kumaş) sözü müasir türk, tatar, krım tatar, noqay, kumık və başqa dillərdə işlənir. Rus dilinə türk dillərinin vasitəsi ilə gətirilib və hazırda daha dar mənada (“parlaq qırmızı rəngli parça” - кумач) işlənir.

Ümumişlək “dəzgahda toxunan mal, material” mənası ilə yanaşı riyaziyyatda parça leksemi “başlanğıc və son nöqtə ilə məhdudlaşan düz xəttin bir hissəsi” mənasında termin olaraq istifadə edilir. Bundan əlavə, bu söz riyazi kontekstdə daha bir məfhumun adı qismində - hissə sözünün sinonimi kimi işləndiyinə görə, sözün elmi anlayışları ifadə edən mənaları çaşqınlıq yaradır və bu hal müəyyən qarışıqlığa səbəb olur.

Bu anlayış çaşqınlığı tədrisdə, xüsusilə də, ibtidai sinif səviyyəsində şagirdlərin təlim materiallarını mənimsəməsinə maneələr yarada bilər. Bu baxımdan parça lekseminin mənalarından birini ifadə etmək üçün unudulmuş qumaş sözünün işlək nitqə qaytarılması faydalı ola bilər. Qumaş lekseminin nitqimizdə bərpası parça sözünü əlavə mənalardan azad etməyə, anlayışların məzmununu konkretləşdirməyə, sərhədlərini cızmağa kömək edir.

Qeyd olunanlara əsaslanaraq, bu vəziyyətdə, parça anlayışını daha dəqiq əks etdirən başqa bir sözün riyazi termin kimi istifadə edilməsinin məqsədəuyğunluğunu nəzərdən keçirməyə dəyər. Bəlkə də, terminin semantik məzmununu daha aydın çatdırmaq məqsədi ilə türk mənşəli kəs kökünə malik sözlərə (kəsmək felindən) müraciət etmək yerinə düşər. Dilimizdə bu mənanı ifadə edən kəs kökündən törəmə sözlər kifayət qədərdir, məsələn: kəsinti, kəsik, kəsim (nəyinsə kəsilməsi prosesi), kəsmə (cismin kəsildiyi səth, müstəvi), kəsik və s. Belə ki, özbək dilindəki “kesmə”, türkmən dilində “kesim”, qazax, qırğız, qaraqalpaq dillərində “kesindi”, türk dilində “kesim”, “kesinti” sözləri müvafiq ölkələrin riyaziyyat dərsliklərində yer alır. Beləliklə, “kəsinti” sözünün lüğətdə verilən ümumişlək mənasına əlavə məna verməklə riyazi termin qismində də istifadə etmək olar.

Bu halda “qumaş”, “kəsinti” (riyazi termin kimi), “parça” (“hissə” mənasında), anlayışlarının hər birinin məna məzmununu fərqli adlarla ayıraraq qarışıqlıq ehtimalını aradan qaldırmaq mümkündür.

Oxşar vəziyyət “bədənin hissəsi” və “qazma aləti” mənalarını daşıyan bel omonimi ilə də yaşanır. Söz ümumişlək omonimik mənalarla yanaşı hərbiçilik sahəsinə aid aləti ifadə edən termin kimi də işlədilir. Tədqiqatçı S.Əfəndiyev bel omoniminin mənalarının birindən imtina edərək əsgər təchizatına aid “qazma aləti” anlayışının rus sözü lopata ilə ifadə edilməsini təklif edir. Tədqiqatçının fikirlərinə hörmətlə yanaşırıq. Lakin məsələnin başqa dildən söz gətirmədən həll edilməsini daha məqsədəuyğun hesab edirik. Bunun üçün ana dilinin daxili imkanlarından istifadə etmək kifayətdir. Məlumdur ki, ədəbi dilin lüğət tərkibini zənginləşdirməyin üsullarından biri də dialekt sözlərindən istifadədir. Bu üsuldan Vladimir Dal rus dilinin lüğətini tərtib edərkən fəal şəkildə istifadə edib. Həmin lüğətin ərsəyə gəlməsi nəticəsində rus dilinin dialektizmləri ümumişlək sözlərə çevrilərək dildə bərqərar olmuşdur. Ötən əsrin 20-ci illərində Türkiyədə aparılan dil islahatları nəticəsində bir çox ərəb və fars sözləri xalqın canlı dilində qorunub saxlanılan dialekt sözlərlə əvəz olundu. Həmçinin çağdaş türk dili əski türkçənin unudulmuş ilkin köklərindən yaranan neologizmlərlə zənginləşdirildi.

Beləliklə, “qazma aləti” anlayışını adlandırmaq məqsədi ilə “İnteraktiv Əlifba”ya belkən dialekt sözü (ahəng qanununa uyğun olaraq “ə” saiti ilə) daxil edildi. Nəticədə bel sözünün omonim mənaları fərqli qrafik və fonetik tərtibata malik oldu. İbtidai sinif səviyyəsinə aid edilən ilk elmi anlayışların fərqli nominasiya ilə ayırd edilməsi tədris metodikası, idrak nəzəriyyəsi, psixologiya, habelə qavrama nəzəriyyəsi kimi elm sahələrinin müddəalarına əsaslanır.

Aydındır ki, ikili mənaya malik terminlər təfəkkürü formalaşmaqda olan uşağın təlim-tədris materiallarını düzgün qavramasına və dərk etməsinə təsir göstərir. Belə ki, leksik mənanın bir neçə formada anlaşılması, o cümlədən, müəyyən fənn daxilində bir sözün bir neçə anlayışı ifadə etməsi mətnin qavranılmasını çətinləşdirə, məzmununun təhrif olunmasına səbəb ola bilər. Belə bir şəraitdə dilçilik vahidi olan sözlə təfəkkür hadisəsi olan anlayış arasında ziddiyyət yaranır. Nəticədə yaranan məna ikitirəliyi fundamental prinsiplər və anlayışlar arasındakı münasibətlərin anlaşılmasını çətinləşdirir. Bu cür hallar üçün dildə universal bir qayda var: bir neçə anlayışı ifadə edən termin qismində istifadə edilən söz müəyyən elmə aid termin sistemi çərçivəsində öz mənalarından yalnız birində işlənə bilər. Belə bir vəziyyətdə məsələnin həlli sözün mənalarından birinə əvəz tapmaq, bununla da anlayış çaşqınlığı ehtimalını aradan qaldırmaqdır. Beləliklə, müəyyən bir elm sahəsi çərçivəsində bəlirli semantik xüsusiyyətlərə malik hər bir anlayış yalnız ona uyğun gələn leksik vahidlə ifadə olunur.

İbtidai sinif səviyyəsində tədris materiallarının qavranmasına maneələr yarada bilən digər məsələ ərəb, fars, rus dillərindən (yaxud rus dili vasitəsilə) dilimizə keçən elmi anlayış və termin adları ilə bağlıdır. Məsələn, riyaziyyat dərslərində istifadə olunan “siferblat” sözünü götürək. Alman mənşəli “siferblat” sözünü anlamaq rusdilli uşağa bir qədər çətin olsa da, mürəkkəb leksemin tərkibindəki tanış “цифра” (“rəqəm”) kökü şüurda zehni bağlantılar yaratmaqla ona anlayışı qavramağa kömək edir. Lakin Azərbaycan dilli şagird üçün bu söz hərf və səslərin heç bir məna kəsb etməyən təsadüfi birləşməsidir (Azərbaycan əlifbasında Ц hərfi və müvafiq səs olmadığına görə bu söz dilimizdə “siferblat” formasında işlənir).

Hər hansı bir sözü oxuyarkən və dinləyərkən uşağın şüurunda ifadə edilən varlıqla bağlı müəyyən bir təsəvvür yaranır. Yabançı dilə aid olan leksem qaynaq dildə sözün mənasına xas olan anlamsal (semantik) əlaqələrdən məhrumdur, buna görə də Azərbaycandilli şagirdin təfəkküründə sözün yazılışı və səslənməsi zehni bağlantılar yaratmır. Dilçilərin fikrincə, siferblat sözü qeyri-şəffaf formalı, anlayışın mənasını açıqlamayan sözlərə aiddir. Bu mənada leksemin tərkibi və forması həmin sözün mənasını ifadə etmir, aydınlaşdırmır. Nə bütöv söz, nə də onun hissələri məna yükü daşımadığına görə siferblat sözü Azərbaycandilli uşaq üçün sadəcə təsadüfi səslər toplusudur.

Bu terminlə ilk tanışlıq “Saat və vaxt” mövzusunun tədrisində baş verir. Lakin təlim zamanı mənası anlaşılmayan sözün işlənməsi dərsin məzmununu açıqlamaq əvəzinə yeni biliklərin qavranmasını çətinləşdirir.

Rus dili vasitəsilə dilimizə gətirilən alman mənşəli siferblat (Zifferblatt, hərfi mənada - “rəqəmləri olan vərəq”) leksemi mahiyyətcə “şkala” sözünün sinonimidir. Lüğətlərdə verilən izaha görə, siferblat - hər hansı ölçü cihazının (saat, tərəzi, termometr, barometr və s.). göstəricilərini əks etdirən hissədir. Belə ki, müasir saatlar və digər ölçü cihazları analoqlu və dijital (rəqəmsal) təsvirlidir, buna görə də söz həm ənənəvi, həm də rəqəmsal cihazlara aid oluna bilər.

Beləliklə, anlayışı ifadə etmək üçün anlaşıqlı, aydın, semantik və morfoloji cəhətdən şərtləndirilmiş sözün yaradılmasına ehtiyac duyulurdu. Odur ki, rəqəmlək sözü morfoloji üsulla rəqəm kökünə -lək şəkilçisi əlavə etməklə yaradıldı. Ən məhsuldar şəkilçilərdən biri olan “-lək” şəkilçisi təməl yaxud özgü əlamətinə görə abstrakt (mücərrəd) və ya konkret varlıqların topluluğunu nəzərdə tutur və bu mənanı daşıyan isimlərin yaranmasında iştirak edir. Beləliklə, “siferblat” barbarizmini əvəz etmək üçün rəqəmlək sözü “İnteraktiv riyaziyyat” vəsaitinə daxil edildi.

Söz fonetik baxımından xoşahəngli olduğundan asanlıqla tələffüz edilir. Tərkib düzgüsü və semantik mənası şəffaf olduğuna görə leksemin dərk edilməsi şagirdə çətinlik yaratmır. Anlayışa xas olan xarakterik, özgü əlaməti sözün adında əks olunur. Nəticədə, yad dilə məxsus “siferblat” sözündən fərqli olaraq, “rəqəmlək” sözü asanlıqla qavranılır və mənimsənilir.

Əcnəbi dillərdən alınmış terminlər ibtidai sinif şagirdləri üçün daha böyük çətinlik yaradır. Məntiq qanununa görə naməlumun izahını naməlum, bilinməyən anlayışlar üzərində qurmaq olmaz. Bu qayda pedaqogikada da mütləq hesab olunur və ibtidai sinif pilləsində mühüm əhəmiyyət daşıyır. Uşağa tədris edilən yeni, onun üçün tanış olmayan mövzunun məzmununda naməlum sözlər işlədilməməlidir.

İdrak nəzəriyyəsi baxımından alınma sözlərin qavranılması və tanınması çətindir, çünki əcnəbi söz şagirdin şüurunda heç bir zehni bağlantı, çağrışım yaratmır. Bu səbəbdən, söz termin qismində işləndikdə tədris materialının mənimsənilməsini çətinləşdirir. Məsələn, birinci sinif şagirdi “Tənliklərin həlli” mövzusunu öyrənərkən, ərəb dilinə məxsus “məchul” sözü ilə ifadə olunan “naməlum” anlayışı onu ciddi çətinliklərlə üzləşdirə bilər.

Halbuki türkdilli ölkələrin riyaziyyat dərsliklərində bu termini ifadə edərkən dil daşıyıcıları üçün anlaşılan tanış sözlərdən istifadə olunur: bilinmeyen (türk), nabelli (türkmən), nomalum (özbək), belgisiz (qırğız, qazax, qaraqalpaq). Qeyd olunan sözlər (bilgisiz, bilinməyən, naməlum, nabəlli) Azərbaycan dilində də mövcuddur. Lüğətdə başqa leksemlər də var, məsələn: bilinməz – bu sözün mənasını anlaşılmaz, dərkedilməz, məlum olmayan, bilimsiz sözləri ilə açıqlamaq olar. Bəlirmək (sinonimi - bəlli etmək), bəlirmə kimi mənaca yaxın leksemlər də lüğətdə qorunub saxlanmışdır. Anadolu türklərinin dilində, eləcə də müasir türk dilində bəlirmək feilindən törəmiş bəlirsiz sözü “naməlum”, müəyyən olmayan (sinonimi – nabəlli) mənasında işlənir. Bu mənada sadalanan sözlərdən birini termin qismində tətbiq etməyin daha məqsədəuyğun olduğunu düşünürük.

1925-1932-ci illərdə özbək dilinin daxili imkanları hesabına 600-dən çox riyazi termindən ibarət lüğət tərtib etmiş akademik T.Qarı-Niyazov xatirələrində qeyd edir: “Elm dili danışıq dili əsasında yaranır. Belə ki, xüsusi növ təriflər vasitəsilə dilə yeni ifadələr daxil edilir, mövcud ifadələr dəqiqləşdirilib aydınlaşdırılır. Beləliklə də, hər hansı bir elm çərçivəsində dəqiq, vahid mənaya malik söz və ya ifadələr toplusu - elmi terminologiya ərsəyə gətirilir... Terminlər, elmi terminologiyanın inkişaf etməsindən əvvəl danışıq dilində yazılan mətnlərə daxil edilərək qeyri-dəqiq və çoxmənalı ifadələri əvəzləyir”.

Akademik T. Qarı-Niyazov daha sonra etiraf edir: “Bu gün riyaziyyatla məşğul olan hər bir özbək tenglama (tənlik), tengsizlik (bərabərsizlik), yakinlaşuçi (yaxınlaşan), uzaqlaşuçi (uzaqlaşan) kimi özbək terminlərini bilir. Ancaq vaxtilə bu terminlərin necə yaradıldığı barədə fikir onun ağlına belə gəlmir. Bu sahədə əvvəllər mövcud vəziyyəti təsəvvür etmək üçün qeyd etmək kifayətdir ki, həndəsə bir tərəfə qalsın – hətta arifmetikada (riyaziyyatın sadə növ ədədlər və onlar üzərində aparılan sadə hesab əməllərini öyrənən bölməsi) ərəb sözlərindən istifadə olunurdu. Məsələn, toplama – cəm, çıxma - tərx, vurma - zərb, bölmə - taksim, vuruq - məzrub, bölünən - məqsum, qismət - horiji qısmət və s. Bu alınma sözlərin heç biri müasir özbək elmi-riyazi terminologiyasına daxil olmayıb.”

Terminologiya üzrə mütəxəssislər bildirirlər ki, terminin məzmunu ilə ifadəsi arasında tam və aydın uyğunluq olmalıdır. Fərqli dil sisteminə aid olduğuna görə ərəb mənşəli sözlə ifadə edilən məchul termini, söz və elmi anlayış kimi türk kökənli leksemlərimizə xas olan dildaxili leksik və məntiqi əlaqələrdən məhrumdur.

Məfhumun daşıdığı məna həmin terminlə ötürülmədiyinə görə ayırd edilib tanınmır, “naməlum” obyekt kimi qəbul edilir, nəticədə ibtidai sinif şagirdi tərəfindən dərk edilmir. Beləliklə, şagird həmin anlayışı qavramadan onu kor-koranə əzbərləməyə məcbur olur. Qavrama və idrak nəzəriyyəsinə görə termin vəzifəsini daşıyan belə bir söz yeni mövzu kontekstində tədris materialının mənimsənilməsini ciddi şəkildə çətinləşdirir. Təbii ki, yuxarı sinif şagirdlərini əcnəbi terminlərlə tanış edərkən sözün etimologiyasını, tərcüməsini, mənasını onlara açıqlamaq, terminin məzmunu ilə söz arasında əlaqə qurmaq çətinlik yaratmır. Lakin ibtidai siniflərdə bu müşkül məsələdir və pedaqogika, tədris metodikası baxımından məqsədəuyğun deyil.

Bundan əlavə, flektiv dillərdən alınma sözlərin semantik və morfoloji şərtləndirilməsi olmadığına görə bu cür sözlər lüğətimizin söz ehtiyatının zənginləşməsinə mane olur, dilin ümumi inkişafına xələl gətirir. Ərəb və fars dillərindən fərqli olaraq Azərbaycan dili tamamilə başqa sistemə - aqlütinativ dillər qrupuna daxildir. Bütün türk dillərində olduğu kimi Azərbaycan kökənli sözlər morfoloji törəmə qabiliyyətinə (morfoloji derivasiyaya) – yəni dəyişməyən sabit kökdən yeni mənalar çıxarmaq xüsusiyyətinə malikdir. Bir qayda olaraq, Azərbaycan dilində söz kökləri öz müstəqilliyini qoruyur, törəmə sözlər dəyişməyən köklərə şəkilçilər qoşmaqla yaranır (qrammatik hallanma da bu qaydaya uyğun aparılır). Məsələn, bilik, bilikli, bilgi, bilgisiz, bilim, bilmə, bilməməzlik, bilmək, bildirmək, bildiriş, bilinən, bilinməz, bilinməyən, biləndər, bilmədən, bilərəkdən, biliş, bilməcə kimi yaranan eyniköklü leksemlər “bil” köklü qohum sözlərin semantik strukturunu təşkil edir.

Halbuki, flektiv dillərdən olan ərəb dilində yeni sözlər təmələn fərqli qaydalarla yaranır: burada söz əmələ gəlməsi yalnız kök dəyişdikdə mümkündür (məsələn, “katib”, “kitab”, məktub”, “məktəb” sözlərini xatırlayaq). Quruluşca türk sözlərindən əsaslı şəkildə fərqlənən ərəb alınmaları (fars alınmaları kimi) Azərbaycan dilində mövcud olan sistem tələblərinə uyğun yeni söz yaratmaq iqtidarında deyil. Beləliklə, məhsuldarlığı olmayan bu cür sözlərin yayılması dilimizdə yeni söz törətmə imkanlarını məhdudlaşdırır. Ərəb və fars sözləri özlərinə yad dil mühitində çoxalmaq iqtidarında olmadığından bizim dilimizin zənginləşməsini də ləngidir, dilin yaşamasını şərtləndirən, onun sistemli şəkildə inkişaf etməsinə təkan verən daxili qüvvədən məhrum edir. “Cansız” sözlərlə həddən artıq, aşırı yüklənmə nitqimizi dinamik və hərtərəfli inkişaf üçün stimuldan məhrum edir. Bu mənada, dilimiz üçün əsas qaynaq eyniköklü söz əmələ gətirməyə aciz olan ərəb, fars mənşəli sözlər deyil, türk mənşəli leksemlər, o cümlədən, köhnəlmiş sayılan, səslənməsi xoş olan dialekt sözlərimiz, həmçinin digər türk dillərində qorunub saxlanılan kəlmələr olmalıdır. Vəziyyətə dil deyil, təfəkkür cəhətdən yanaşsaq, aydın olur ki, ərəb sözlərinin ifadə etdiyi anlayışlar da yeni anlayış əmələ gətirə bilmir. Yəni ərəb sözləri ilə işarələnən leksemlər həmin məfhumlardan yeni anlayışlar doğurmağa əngəl olur. Bu isə nəinki dilin imkanlarını məhdudlaşdırır, həm də dil daşıyıcılarının düşüncəsi üçün “çərçivə” yaradaraq onun inkişafına müəyyən hədd qoyur.

Hər bir elmin dəqiqliyi aləti olan terminlərin dəqiqliyinə söykənir. Lüğətlərdə “termin” sözünün mənası “anlayışların dəqiq adlandırılması üçün qəbul edilmiş xüsusi nominativ leksik vahid (söz və ya söz birləşməsi)” kimi izah olunur. Elmi terminologiya ümumişlək leksika ilə müqayisədə daha ciddi sistemli quruluşa malikdir. Terminlə bağlı başlıca şərtlərdən biri ifadə edilən anlayışa tam uyğun olmasıdır. Belə ki, elmi termin qismində müəyyən edilmiş bəlirli məna daşıyan, başqa yozuma yeri olmayan, ikitirəlik yaratmayan sözlər işlənir.

Terminologiya elmində mövcud olan qaydaya görə, bir-birinə yaxın məna daşıyan sözlərdən birini elmi termin kimi seçərkən müvafiq anlayışı daha aydın və dəqiq ifadə edən leksemə üstünlük verilir.

Termin kimi işlənən söz (yaxud söz birləşməsi) ifadə etməli olduğu anlayışın məzmununa birmənalı, yəni başqa şərhlərə yol vermədən uyğun olmalıdır. Ümumişlək sözlərdən fərqli olaraq, termin xüsusi, dəqiq bir anlayışdır və onun arxasında fərqli anlamlar nəzərdə tutulmamalıdır. Dəqiqlik məna məzmununun məhdudluğunu nəzərdə tutur. Bu nə deməkdir? Elmi terminin mənası onu ifadə etdiyi anlayışın dəqiq tərifi ilə verilir. Elmi anlayış terminin tərifi ilə müəyyən edilən dəqiq cızılmış “sərhəd”lərə malikdir. Belə ki, terminin tərifi onun mahiyyətini qavramağa kömək edən anlayışın təməl xassələrini, vacib xüsusiyyətlərini əks edir. Faktiki olaraq, termin elmi anlayışın tərifinin yığcam, “qatlanmış” formasıdır.

Birinci sinif “Riyaziyyat” dərsliyində və metodiki vəsaitdə termin qismində ədəd üçlüyü ifadəsi işlədilir. Termin kimi istifadə olunan söz birləşməsi anlayışın məna məzmununu doğru əks etdirib fərqləndirmir. Terminin adında anlayışın təməl xüsusiyyətləri deyil, sabit olmayan dəyişən tərəfləri əksini tapıb.

Terminin təyinatı müvafiq anlayışın mahiyyətini dəqiq və birmənalı şəkildə müəyyən etməkdən ibarətdir. Lakin anlayışın ədəd üçlüyü kimi kifayət qədər amorf, dəqiq məzmun sərhədləri olmayan ifadə ilə ötürülməsi onun aydın şəkildə qavranmasına mane olur. Terminin adı formal bir “etiket” ola bilməz. Onu ifadə edən sözün vəzifəsi anlayışı dəqiq səciyyələndirmək, onun əsas təyinatını, təməl xüsusiyyətini əks etdirməkdir. Bundan əlavə, bu söz birləşməsi uşağın şüurunda arzuolunmaz, lazımsız semantik əlaqələr, yəni faydasız istinadlar yaradır. Anlayışın məzmunu, mahiyyəti ilə bilavasitə əlaqəsi olmayan hər hansı bir rəqəmi terminin adında istifadə etmək məqsədəuyğun deyil. Bu hal şagirddə lazımsız zehni bağlantılar yaradaraq terminin doğru, düzgün qavranmasına mane olur. Bu cür qeyri-müəyyənlik məna ikitirəliliyinə gətirir, anlamada çaşqınlıq yaradır. Terminin mənasının dəqiq dərk edilməməsi ümumilikdə tədris materialının keyfiyyətsiz mənimsənilməsinə səbəb ola bilər. Bir neçə əsr bundan əvvəl terminlərin dəqiq ifadəsindən danışan tədqiqatçılar qeyd edirdilər: “... nəzərə almaq lazımdır ki, linqvistik forma fikrin məzmununa o qədər təsir edir ki, ötürülən fikir mükəmməl şəkildə (yəni söz olaraq fikrin dəqiq surəti) çatdırıla yaxud təhrif edilə bilər. Riyaziyyat elmi üçün bu sözlər xüsusilə önəmlidir.

“Ədəd üçlüyü” riyazi ifadənin tərkibini və hissələrinin sayını əsas götürürsə, toplama və çıxma əməliyyatında həmin say arta da bilər. Sistemlilik termin üçün vacib meyardır: terminin adında mümkün hallardan birinin əks olunması digərinin nəzərə alınmaması yolverilməzdir. Aydındır ki, komponentlərin sayı həmin anlayışın sabit, məntiq dili ilə desək təməl özəlliyi deyil.

Bu anlayışın əsas mahiyyəti bir tərəfdən bütövü təşkil edən ədədlərin, digər tərəfdən isə ədədlərə ayrılan bütövün əlaqəsidir, qarşılıqlı asılılığıdır. Beləliklə, bu xüsusiyyət terminin adında öz əksini tapmalıdır.

Məsələnin mahiyyəti şagirdə öncəliklə hissələrdən necə, hansı üsullarla bütöv təşkil etməyi, ikincisi, bütövü necə, hansı fərqli üsullarla tərkib hissələrə ayırmağı, üçüncüsü də, hissələrin bütövləşməsi ilə bütövün hissələrə ayrılmağı arasında nə kimi qarşılıqlı əlaqələr olmasını izah etməkdir. Məhz həmin iki prosesin qarşılıqlı əlaqəsi anlayışın və, beləliklə də, terminin mahiyyətini təşkil edir. Bu anlayışa yiyələnmək gələcəkdə şagirdə böyük ədədləri asanlıqla hesablamağa kömək edəcəkdir.

Rusdilli riyaziyyat dərsliklərində bu anlayış “состав числа” (ədədin tərkibi) termini vasitəsi ilə verilir. Müqayisə üçün deyək ki, ingilis dilində anlayış “number bond”(ədəd bağı), türk dilində isə “sayı bağı”(“say”- türk. ədəd) termini ilə ifadə edilir. “İnteraktiv Riyaziyyat”a daha məqsədəuyğun, terminologiya tələblərinə cavab verən “ədəd bağlılığı” termini daxil edilib. Yaxın gələcəkdə terminin təkmilləşməsinə və anlayışın dəqiq ifadə edilməsinə ümid edirik.

- Uşaqlarda anlayışlara əsaslanan sistemli təfəkkürün inkişaf etdirilməsi nə üçün vacibdir?

- Məlumdur ki, söz konkret obyekti adlandırmaqla yanaşı, həm də adlandırılan cisim (hadisə, əlamət) haqqında insan şüurunda yaranan ümumi anlayışı ifadə edir. Başqa sözlə desək, söz nominasiya işarəsi olaraq insan şüurunda bir tərəfdən gerçəkliyin tək və yeganə real obyekti ilə, digər tərəfdən isə oxşar xassələrə malik eyni obyektlər sinfi haqqında ümumiləşdirilmiş zehni təsəvvürlə bağlıdır.

Anlayış elə bir mücərrəd kateqoriyadır ki, məhz onun əsasında uşaq təfəkkür bacarıqlarına yiyələnir, düşünməyi öyrənir. Uşağın anlayışsal düşünməyə, yəni anlayışa əsaslanan təfəkkürə (ingiliscə “conceptual thinking”, rusca «понятийное мышление», türkcə “kavramsal düşünme”) yiyələnməsi nə üçün əhəmiyyətlidir? İnsan həyatını səbəb-nəticə əlaqələri ilə bağlı hadisələr ardıcıllığı kimi təsvir etmək olar. Orta təhsilini bitirmiş gənc, məktəbdən sonrakı həyatında fizika, iqtisadiyyat, sosiologiya kimi elmi qanunların işlədiyi dünyada “yetkin həyat”ı yaşamalı olacaqdır. Anlayışsal təfəkkürü formalaşmamış insanda ətrafında baş verən hadisələrin səbəblərini ayırd etmək, nəticələrini təxmin etmək, mahiyyətini dərk etmək, hadisələr arasındakı qarşılıqlı əlaqə və münasibətləri anlamaq bacarığı yoxdur. Belə insan şəxsi, peşə həyatında yaranan və ya gözlənilmədən baş verən hadisələri lazımınca dəyərləndirməkdə, təhlil etməkdə, müvafiq şəkildə məsələni həll etməkdə çətinlik çəkir.

Mövcud araşdırmalara görə, dünyada yetkinlik yaşına çatmış əhalinin yalnız beşdə biri anlayışsal təfəkkürə tam malikdir. Cəmiyyətdə qeyri-peşəkarların bu qədər çox olmasının səbəbi həmin göstəricilərlə sıx bağlıdır. Anlayışsal təfəkkür insan yaşa dolduqca öz-özünə əmələ gələ bilməz. Təfəkkür (düşünmə) zehni əməliyyatların strukturudur, bu əməliyyatlarla işləmək bacarığı kortəbii deyil, uşağa məqsədyönlü şəkildə keçirilən xüsusi təlimlə formalaşır.

Məsələn, qonşu Rusiyada yeni nəsil dövlət təhsil standartlarında anlayışsal düşünməyə yiyələnmə öncül vəzifə sayılır. Mütəxəssislər qeyd edirlər ki, təfəkkür bacarıqlarına yiyələnmə məhz erkən yaşda, ləngimədən başladıqda uşağın intellektual inkişafına bilavasitə təsir göstərir və ümumilikdə irəliləyişinə əsaslı şəkildə təkan verir. Belə ki, düşünmə bacarıqlarının aşılanması məktəbəqədər pillədən başlayaraq yaşa uyğun tərtib edilən tədris materialları vasitəsi ilə ibtidai siniflərdə həyata keçirilir. Nəticədə, metodik baxımdan müəyyən ardıcıllıqla verilən tapşırıq və çalışmalar uşaqda anlayışsal düşünmə bacarıqlarını formalaşdırıb inkişaf etdirir.

Söz-məntiqi təfəkkür və ya, başqa deyişlə, sistemli anlayışsal təfəkkür təhsilin ilk illərindən tədris mühitində məqsədyönlü surətdə inkişaf etdirilirsə artıq yuxarı siniflərdə tam təkmilləşdirilir. İnsanın dünyanı qırıq-qırıq, pərakəndə, rabitəsiz deyil, tam şəkildə qavraması üçün ona həyata sistemli baxış və düşüncə tərzi aşılamaq vacibdir. Bu baxımdan, sözlər, daha doğrusu, onların nominativ funksiyası, başqa deyişlə, ətraf aləmin müxtəlif məfhumlarının doğru adlandırılması insanın təfəkkürünün, intellektinin inkişafı üçün xüsusi önəm daşıyır.

- Daha hansı terminləri və elmi anlayışları təkmilləşdirməyə ehtiyac var?

- Müxtəlif elm sahələrində müəyyən terminlərin təkmilləşdirilməsinə ehtiyac duyulur. Bu baxımdan, terminlərlə, ümumilikdə, terminologiya məsələləri ilə bağlı bəzi məqamlara toxunmaq yerinə düşərdi. Terminlərin adlandırılmasında doğma dilin resurslarından istifadə etmək daha məqsədəuyğundur.

Bədii əsərlərin qəhrəmanlarının təhlili kontekstində termin qismində rus dilindən alınmış “obraz” sözündən istifadə edilir. Rus leksemi ilkin olaraq ümumişlək söz qismində “zahiri görkəm, görünüş” mənasını daşısa da, sonradan termin kimi “yazıçının, rəssamın, artistin yaratdığı tip, xarakter” mənasında da işlənməyə başlayıb.

Sözsüz ki, müxtəlif sahələrdə elmi anlayış xarici dilə mənsub sözlə də ifadə edilə bilər. Əksər hallarda bu məqsədlə geniş yayılmış və mənası hamıya tanış olan beynəlmiləl sözlər işlənir. Lakin “obraz” sözünün ədəbiyyatşünaslıq və sənətşünaslıq termini kimi istifadəsi müəyyən çərçivə ilə məhdudlaşır - yalnız rus və bəzi slavyan dillərini əhatə edir. “Obraz” rusizmi termin qismində işlənən “universitet”, “respublika”, “atom”, “diplom”, “sistem” kimi universal sözlərlə yaxud “böyük hadron kollayderi” ifadəsi ilə müqayisə edilə bilməz. Belə ki, sonuncu termini ifadə edən üç sözdən ikisini tərcümə etməyə ehtiyac yoxdur.

İstifadəsi bir neçə dillə məhdudlaşan alınma sözlərin elmi termin qismində işlənməsi özünü doğrultmur. Bu baxımdan, termin qismində milli mənşəli ümumişlək sözlərə əlavə mənalar verərək istifadə etmək, başqa dildən söz almaqdan daha məqsədəuyğundur.

“Obraz” rusizminə gəldikdə isə terminin mənasını ifadə etmək üçün başqa dildən söz almağa ehtiyac yoxdur. “Üz, sifət, zahiri görkəm, kiminsə yaddaşında oyanan sima” mənalarında lüğətdə qeyd olunan “surət” sözü, eyni zamanda, ədəbiyyatşünaslıq və sənətşünaslıqda termin kimi geniş istifadə edilir (bədii surət, mənfi surət və s.).

Bir çox xalqlar sözyaratmada reduplikasiyadan (reduplication), yəni sözün və ya hissəsinin təkrarlanmasından istifadə edib. Adətən, reduplikasiya, prosesin, hərəkətin, əlamətin intensivliyini, sürəkliliyini, təkrarlanmasını ifadə etmək üçün istifadə olunur. İnsan təfəkkürünün arxaik, primitiv formasını əks etdirən reduplikasiya dilin inkişafı tarixinin ən erkən, qədim dövrünə aiddir.

Bunu əyani göstərmək üçün şumer dilində cəm şəklinin necə ifadə olunduğuna nəzər salaq: lu sözü “insan”, lulu isə “insanlar” mənasını əks edir. Azərbaycan dilində də tarixən hərəkətin tərzini, müddətini və ya intensivliyini təsvir etmək üçün reduplikasiyadan istifadə edilib (məsələn, asta-asta, ağlaya-ağlaya və s.). Daha çox danışıqda işlənən bu arxaik formalarla yanaşı, sonrakı dövrdə şəkilçi qoşmaqla yaranan sözlər ədəbi dilə daxil olub (“astaca”, “ağlayaraq” və s.).

Danışıqda bir-bir (iki-iki, beş-beş) saymaq kimi ifadələrdən istifadə edərkən də reduplikasiya işlənir. Bununla belə, nitqdə unudulmuş, lakin lüğətlərdə və bədii ədəbiyyatda yer alan eyni mənanı ifadə edən sözlər mövcuddur: birər (bir-bir), ikişər (iki-iki, cüt-cüt), üçər (üç-üç), beşər (beş-beş), onar (on-on) və s. Bu forma ər/ar sözdüzəldici şəkilçisinin köməyi ilə yaranır (sözün kökü saitlə bitdikdə, morfemlərin qovşağında ş səsi əlavə olunur).

“İnteraktiv Riyaziyyat”da “Bir-bir, iki-iki, beş-beş say” mövzusunun tədrisində reduplikasiyadan imtina edilərək həmin leksemlərin əvəzinə daha müasir və yığcam “birər, ikişər, beşər, onar” sözlərindən istifadə edildi.

Dilimizdə «çertyoj» barbarizmi ilə ifadə edilən anlayış və həmin anlayışla bağlı digər məfhumlar mənanı tam və dəqiq ötürməyən, semantik çəhətdən aydın struktura malik olmayan, fərqli köklərdən əmələ gələn müxtəlif sözlərlə ifadə edilir. Məsələn, “səth üzərində xətt və cizgilərlə çəkilmiş həndəsi cisim, bina, texniki cihaz və onun hissələrinin qrafik təsviri” Azərbaycan dilində cizgirəsmi və çertyoj sözləri ilə, həmin anlayışa aid iş, fəaliyyət (rus qarşılığı - “черчение”) isə rəsmxət, cizgiləmə, cızılma, cızma kimi sözlərlə ifadə edilir. Lakin nəinki rus və ərəb leksemləri, türk kökənli sözlər də anlayış adı olaraq əks etdirdiyi müvafiq məfhumların mənasını qarışıq şəkildə ötürür. Müvafiq sözün mənalarına aid izah isə lüğətimizdə qismən yalnız fənn adı olaraq verilir.

Leksemləri daha yaxından araşdırdıqda, anlayışları ifadə edən sözlərin müəyyən səbəblərdən qüsurlu olduğu üzə çıxır. Belə ki, cizgirəsmi anlayış adında “rəsm” sözünün yer alması mənanın dəqiq ötürülməsi baxımından özünü doğrultmur. Çertyoj alınma sözü ilə bağlı vəziyyət daha mürəkkəbdir - dil daşıyıcısı üçün bu sözü tələffüz etmək çətindir. Digər məsələ isə anlayışların adlandırılmasında ciz və cız söz köklərinin çaşqınlıq yaratması ilə bağlıdır. Cizcız köklərə malik törəmə sözlərin müvafiq mənaları həmin köklərə əsasən bir birindən fərqləndirilməlidir. Beləliklə, eyniköklü qohum sözlər cuzi fərqləri olsa da, yazılışı və səslənməsi aydın semantik struktura malik olacaqdır. Bununla məna dolaşıqlığı aradan qaldırılacaq, həmçinin dilimizin söz varlığı zənginləşəcəkdir.

Ciz/çiz/cız/çız cüzi dəyişikliklərlə tarixən geniş coğrafi ərazidə yayılaraq ümumtürk köklər olaraq işlənir. Bu köklərdən törəmə sözlər türk dillərinin lüğətlərində tarixən mövcuddur. Məsələn, Mahmud Qaşqarinin lüğətində, həmçinin 1303-cü ildə yaradılmış qıpçaq (kuman, polovets) dilinin Codex Cumanicus lüğətində qeydə alınıb. Ticarət, din, astronomiya, hərb işi, dövlət xidməti və s. sahələrə aid terminologiyanı və məişət sözlərini əks etdirən bu lüğətdə, örnəyən, “nişān çızıb bitig birdim” (qıpçaq dilindən tərcümədə “damğa cızıb yazı verdim”) ifadəsinə rast gəlinir.

Fikrimizcə, cizgi sözü ilə eyniköklü olan cizmək feilini nitqimizdə bərpa edərək digər cızmaq feilindən ayırd etməyə ehtiyac var. Bununla da, cizmək sözünün “xətt, cizgi çəkmək; səth üzərində xətt və cizgilərlə həndəsi cisim, bina, texniki cihazların və onların detallarının qrafik təsvirini çəkmək” mənaları cızmaq lekseminin “nəyinsə eskizini, ilkin təsvirini çəkmək; qaralama çəkmək; sivri, itiuclu nəsnə ilə basaraq iz buraxmaq; siyirmək, dərisini qoparmaq” mənalarından fərqləndirilir. Beləliklə, cizmək və cızmaq fərqli leksemlər olduğundan onların müvafiq mənalarını da ayırmaq mümkün olacaqdır. Qeyd etdiyimiz anlayışları isə ciz kökündən əmələ gələn, asan tələffüzü olan, lakonik cizmə ( “rəsmxət” sözün qarşılığı kimi – rus. «черчение»,) və cizim (“çertyoj”, “cizgirəsmi” sözlərin qarşılığı olaraq – rus. «чертеж») leksemləri ilə adlandırmaq dilçilik və məntiq baxımından daha uyğun olardı.

Məlumdur ki, ərəb dilində söz cəm şəklində işlənərkən kökündən dəyişir. Ərəb kökənli “əşya” sözü Azərbaycan dilində tək mənada işlədilsə də, əslində cəm şəklindədir və “çoxlu şey” mənasını verir. Müasir türk dillərində bu sözün qarşılığı olaraq “şey, əşya, cisim” mənasında hazırda nerse, həmçinin nəsnə (nesne) sözü işlənir: narsa (özbək), narse (qazax), närse (türkmən), nerse (qırğız), narsә (tatar). Etimologiyaya uyğun olaraq, nəsnə sözü tarixən ümumtürk nerse/nese/ne ise sözündən irəli gəlir. Azərbaycan dilinin lüğətində ümumişlək kimi qeyd olunan nəsnə sözü, təəssüf ki, günümüzdə fəal işlənmir. Qədim nəsnə sözünü nitqimizdə bərpa edərək əşya ərəbizmi əvəzinə işlətməyi daha məqsədəuyğun hesab edirik.

Məktəb proqramına aid olmasa da, kargüzarlıqda termin qismində işlədilən alınma “predmet” sözünə nəzər salaq. Fikrimizcə, anlayışı ifadə etmək üçün tələffüzü dilimizin fonetikasına uyğun olmayan bu alınma sözə ehtiyac yoxdur. Həmin leksemin əvəzinə dilimizə daha uyğun oxşar mənalı, mahiyyət, məğz, mətləb sözlərindən birini işlətmək kifayətdir. Sadalanan çoxmənalı sözlərdən hər biri “müqavilənin predmeti” ifadəsindəki mənaya uyğun “işin, məsələnin mahiyyəti, məğzi” mənasını verir. Bu sözlərin kargüzarlıq termini olaraq işlədilməsi, ilk baxışdan, qəribə görünsə də, “müqavilə predmeti” ifadəsi ilə müqayisədə daha məqbuldur.

Elm inkişaf etdikcə anlayışları bildirmək üçün istifadə olunan bəzi sözlər köhnəlir və onların daha dəqiq ifadə edilməsinə ehtiyac yaranır. Bu, təbii prosesdir. Məsələn, fizikada “radio dalğaları” hadisəsi kəşf edildikdə, onu ifadə etmək üçün ilk dəfə simsiz teleqraf termini tətbiq edilib. Sonradan radio dalğaları yalnız məlumatların ötürülməsi üçün istifadə olunmadığından bu ad radio radio rabitəsi olaraq dəyişdirilib.

Sözdə bir şəkilçinin rolu o qədər əhəmiyyətlidir ki, hətta səhv seçilmiş morfem bəzən anlayışın dəqiq mənasını təhrif edə bilir. Beləliklə də, bu təhriflə fəaliyyət və onun nəticəsi qarışıq salınır. Məsələn, “tənlik” termininə diqqət yetirək. Dərindən düşündükdə, aydın olur ki, riyaziyyatda işlətdiyimiz "tənlik" termininin adı əslində anlayışın mahiyyətini dəqiq ifadə etmir, çünki həmin terminlə müəyyən bir proses deyil, alınmış nəticə ifadə olunmalıdır. Əslində, mahiyyətcə bu proses bərabərlik işarəsinin hər iki tərəfindəki riyazi ifadənin bərabərləşdirilməsi, bilinməyənin (dəyişənin) hesablanaraq tənlənməsi, dəyişənlərin qiymətlərinin hesablanması, doğru ədədi bərabərliyin tapılmasıdır. Tənləmə ilə əldə edilən nəticə isə bərabərlik, yəni tənlikdir. Məhz bu səbəbdən naməlum ədədi tapmaq üçün aparılan hesablama əməliyyatının mahiyyəti “tənlik” termini ilə dəqiq ifadə olunmur. Beləliklə, mövcud vəziyyətdə “tənlik” sözü ilə ifadə edilən məfhumu daha aydın və dəqiq çatdıracaq söz “tənləmə” dir. Bu iki eyniköklü terminin məna məzmununu həmin sözləri yaradan şəkilçilərin mənası ilə müqayisə etdikdə, aydın görünür ki, -lik şəkilçisi deyil, məhz tənləmə lekseminin tərkibində olan hərəkəti, prosesi əks etdirən - ləmə şəkilçisi anlayışın mənasını tam dəqiqliklə ifadə edir.

Azərbaycan dilində “tənlik” kimi ifadə edilən terminin mənası digər türk dillərində tenglama (özbək), deňleme (türkmən), tendeme (qırğız), tendeu (qazax), teňleme (qaraqalpaq), denklem (türk) ifadələrlə daha dəqiq əks olunur. Müvafiq olaraq, həmin dillərdə “bərabərlik” termini tenglik, deňlik, barabardyk, tendik, tenlik, eşitlik sözləri ilə ifadə olunur. Bu terminlərlə əks edilən anlayışlar yalnış şərtləndirilmiş sözlərlə ifadə edilsə də, bununla belə, terminin dəyişdirilməsi və terminoloji lüğətlərdə qeyd edilməsi yaxud dəyişmədən olduğu kimi qalmasına dair qərar müəyyən bir vaxt tələb edir.

- “İnteraktiv Əlifba”ya daha hansı sözlər daxil edilib?

Kalka (“calque”) sözü fransız dilindən tərcümədə “hər hansı təsvirin dəqiq surətini almaq üçün onun üzərinə qoyulan şəffaf kağız” deməkdir. Dilçilikdə işlədilən termin də bu mənadan irəli gəlir. Termin başqa dildən kortəbii tərcümə edilən sözü dilə gətirməyi nəzərdə tutur. Kalka üsulu ilə dilə daxil edilən sözlərin çoxluğu doğma dildə yetərli qədər dil vasitələrinin olmamasından, yaxud dil daşıyıcılarının bu vasitələri tapmaq üçün lazımınca səy göstərməməsindən xəbər verir. Bu üsul dilin zənginləşməsinin rahat yolu olsa da, onun sağlam inkişafına mane olur. Mənası hərfi tərcümə ilə ötürülən əcnəbi sözün dilə gətirilməsi əksər hallarda həmin anlayışın mahiyyətini əks etdirmir. Anlayışın məna məzmununu ana dili vasitəsi ilə çatdırmaq üçün əcnəbi sözün “surətini çıxartmaq”, tərcümədə daha bir “nüsxə” yaratmaq müəyyən mənada asan yolu seçməkdir. Əcnəbi leksemin düşünülmədən, kor-koranə “kopyalanması” əvəzinə onun mənasının tam qarşılığını ifadə edən yeni sözün yaranması daha doğrudur. Əgər həmin anlamın formal tərcüməsindən uzaqlaşaraq mənanı dilimizdə mövcud vasitələrlə ifadə etməyə çalışsaq, nəticədə “kor-koranə” kalka əvəzinə dilimizdə hər zaman mövcüd olmuş söz təəssüratı bağışlayan yeni kəlmə yaranacaqdır.

Məsələn, «besedka» barbarizmininə milli kökənli qarşılıq yaradılarkən “söhbət” kimi tərcümə olunan «beseda» sözünə əsaslanmaq ilk baxışdan cəlbedici görünür. Lakin düşündükdə, “besedka” deyilən sadə tikilinin əsas təyinatı ancaq söhbət deyil. Skamyadan fərqli olaraq bu divarsız, lakin damla örtülü kiçik tikili kölgə verir, insanı qızmar günəşin şüalarından qoruyaraq açıq havada kölgəlikdə oturmasına imkan yaradır. Belə ki, kalkaya yol vermədən, nəsnələrin zahiri görünüşü və ya başqa ikincidərəcəli cəhətləri deyil, daha önəmli olan təməl özəllikləri - funksional təyinatı əsas götürülərək kölgənək, paylac (tort dilimlərinin paylanması üçün kiçik alət - «лопатка» sözün qarşılığı), gəzingəc (uşaq arabası - «коляска» sözünün qarşılığı) sözləri yaradılıb. Digər tərəfdən, qeyd edilməlidir ki, bəzən kalkalama üsulu məqbul sayılaraq müəyyən sözləri yaratmaqda çıxış yolu ola bilər. Məsələn, “İnteraktiv Əlifba”da ayaqqabı növlərinin adları verilərkən qadın yay ayaqqabı növü “bosonojka” barbarizmini əvəzləmək məqsədi ilə vəsaitə “yalınayaq” sözü daxil edilmişdir.

Kalkalama geniş tətbiq edilən üsul olsa da, özünə qarşı ehtiyatlı münasibət tələb edir. Çox vaxt bu üsulla yaradılan söz özünü doğrultmur, məfhumun mahiyyətini lazımınca ifadə etmir. Məsələn, açıqca adı uğursuz kalka nümunələrindəndir – rusca “otkrıtka” sözünün hərfi tərcüməsidir. “Açıqca” sözünün etimoloji mənşəyi “açıq məktub” («открытое письмо») ifadəsi ilə bağlıdır. Lakin, zamanla açıqca anlayışının məna məzmunu ilə onu ifadə edən söz arasında əlaqə obyektiv səbəblərdən itmişdir. Belə ki, hazırkı internet dövründə “açıq məktub/göndəriş” anlayışının semantik məzmunu dəyişilərək genişlənib. Bu baxımdan, zərfə qoyulmadan, açıq şəkildə xüsusi poçt vərəqələrinə yazılaraq göndərilən məktubları ifadə edən bu söz anlayışın məna məzmununa tam cavab vermir. Müasir dövrdə açıq göndərişlər təkcə poçt formatında deyil, həm də real formatda əldən ələ yaxud internetlə ötürülə bilər. Beləliklə, bu anlayışın adlandırılmasına səbəb olan səciyyəvi əlamət artıq ayırdedici özəllik olmadığına görə onu digər nəsnələr sırasında fərqləndirmir. Bu mənada, anlayışın adında açıq göndəriş üsulunun ifadə edilməsi öz əhəmiyyətini itirir.

Belə ki, təsviri göndərişlərin bir növü – daha dəqiq desək, hər hansı mərasimə dəvət etmək məqsədi daşıyan vərəqə üçün dilimizdə dəvətnamə adı mövcuddur. Anlayışın funksional təyinatını adında əks edən təbrikcə sözü isə təbrik çatdırmaq məqsədi daşıyan digər bir növ vərəqə üçün yaradılıb “İnteraktiv Əlifba”ya daxil edilmişdir.

- Siz mənaca yaxın anlayışların və onları ifadə edən sözlərin fərqləndirilməsi məsələsinə toxundunuz. İnteraktiv vəsaitlərdə bu məsələ öz əksini necə tapıb?

- Diqqətəlayiq aktual məsələlərdən biri mənaca yaxın olan anlayışların fərqləndirilməsi, ayırd edilməsidir. Hər bir anlayışın məzmununu həmin anlayışla (və yalnız onunla) ifadə olunan ona xas olan, səciyyəvi, özgü cəhətlərin məcmusu təşkil edir. Məsələn, “ayaqlarla, oturacaqla, söykənəcəklə təchiz olunmuş, oturmaq üçün nəzərdə tutulan mebel növü” – stul anlayışının məzmunudur. Bu xüsusiyyətlər bir yerdə stulun quruluşu və təyinatına aiddir, həmin xüsusiyyətləri də yalnız və yalnız stul daşıyır. Stulun struktur hissələrindən birini – məsələn, söykənəcəyi yığışdırsaq, cisim artıq stul deyil, kətil olacaq. Beləliklə, anlayışın məzmunu da məfhuma uyğun dəyişəcək.

Məsələn, bizdə kəmər, qayış, hətta qurşaq sözləri durarkən bəzən toqqa sözünü də lüzumsuz yerə “kəmər” mənasında işlədirik. Məzmunca yaxın, lakin müxtəlif anlayışları ifadə edən sözlərin mənalarını bir-birindən fərqləndirərək anlayışların məzmun sərhədlərini ayırd etmək vacibdir. Məsələn, boya fırçasını və ayaqqabı/paltar təmizləyəni fərqləndirmək üçün qılqaç (“qıl” sözünə müvafiq şəkilçi qoşulub – rus dilində “щетка – щетина” sözlər kimi, bu da törəmə sözdür), “hər şeylə, hətta ona aid olmayanla maraqlanan” mənasını ifadə etmək üçün maraqbaz (kəndirbaz, sehrbaz sözdüzəltmə qəlibi üzrə; -baz şəkilçisi “nəyəsə maraq, aludəçilik göstərən” anlayışını ifadə edir), bilik həvəskarı üçün bilgikeş (azarkeş, zəhmətkeş kimi sözdüzəltmə qəlibi üzrə) kimi sözlər həmin anlayışları ifadə edərək onları ayırd etməyə kömək edir. Razılaşın ki, müdrik, bilici, biləyən, bilgikeş, maraqbaz kimi sözlərin hər biri kifayət qədər asanlıqla aşkarlanan məna fərqlərinə malikdir, buna görə də onlar dildə müxtəlif nominativ işarələrlə ifadə olunmalıdır.

Məsələn, nitqdə qapamaq bağlamaq feillərinin işlənməsində çaşqınlıq yaranır. Hazırda itirilmiş lakin tarixən eyni kökə malik qapamaq, qapı qapaq sözləri qohum sözlər olub. Məna baxımından, qapamaq heç də bağlamaq yox, örtmək sözü ilə sinonimdir (müqayisə üçün: qapalı dövrə - замкнутый круг). İkinci feil məna etibarı ilə bağ (sap, ip, tel mənasında işlənir) sözü ilə qohumdur (müqayisə üçün: bağlamaq - связывать).

Biz nitqdə yaxın, lakin mənaca müxtəlif anlayışları fərqləndirmədikdə nitqi və, nəticədə, dili kasadlaşdırırıq. Bundan əlavə, çox vaxt bu hal anlayış çaşqınlığına da gətirib çıxarır. Tədris ədəbiyyatında bəzi bədii əsərlərin adları yanlış tərcümə ilə verilir. İ.Krılovun “Cırcırama və qarışqa” təmsilini, “Turpun nağılı”nı buna misal göstərmək olar. Rus xalq nağılının adı Azərbaycan dilində “turp” adı ilə ifadə edilsə də, nağılda sözügedən tərəvəzi turp deyil, şalğam adlandırmaq daha düzgün olardı. Anlayış çaşqınlığını heyvanların adlarında da müşahidə edirik, məsələn: cırcırama iynəcə, çəyirtkə şala, dələ sincab kimi canlıların adları qarışdırılır.

Mənaca yaxın anlayışlarla onları ifadə edən adların fərqləndirilməsi məsələsi dil üçün aktualdır. Fərqli canlıların, məsələn, qaranquş, arı, ayı və tülkünün qurduğu yaşayış yerlərinə aid müxtəlif anlayışlar ümumiləşdirilərək bir leksemlə - “yuva” (rusca гнездо) sözü ilə ifadə edilir. Leksemlərdən təyinatına görə daha çox işlənən pətək (улей) sözüdür, kaha (берлога)zağa (нора) sözləri unudulub, demək olar ki, heç işlənmir. Halbuki, lüğətdə anlayışların dəqiq adları mövcuddur və köhnəlmiş sözlər kimi qeyd edilməyib. Sözlərin nitqimizdə daha fəal işlənməsi, anlayışların dəqiq ifadə olunması məqsədi ilə yuva, zağa, kaha, pətək leksemləri "İnteraktiv Əlifba"ya daxil edilmişdir.

Bildiyimiz kimi, rus dilində kifayət qədər türk kökənli yaxud türk dili vasitəsi ilə alınmış sözlər var. Hər kəsin bildiyi kərpic, ütü, sandıq, duman, boran sözləri ilə yanaşı, tam mənimsənilərək rus dilinə uyğunlaşdırılan elə sözlər mövcuddur ki, bəzən onların alınma olduğunu müəyyən etmək çətindir. Bu sözlərə bahadır (богатырь), davar – xırdabuynuzlu heyvan (товар), tamğa/damğa – möhür (таможня), börək (пирог), qaftan (кафтан), şalvar (шаровары), qurşaq (кушак) kimi Azərbaycan və ümumtürk leksemlərini misal göstərmək olar. Bu mənada rus dilli yazılı mənbələrdə чулок sözünə də rast gəlinir. Uzun corabı ifadə edən söz ilk dəfə rus çarı İvan Qroznının əmlakının siyahıya alınması zamanı (1582-1583) чулъкъ şəklində qeyd edilib.

Qədim türk dillərində, həmçinin qıpçaq dilində čulgau (dolama, sarıma) sözü işlənib. Hazırda bir çox müasir dillərdə cüzi fonetik dəyişikliklərlə qorunub saxlanan çuvaş dilində tšūlga, tatar dilində čolgåu (ayaq sarğısı), čolga (dolamaq), qazax dilində şulqau (“ayaq sarğısı, ayaqqabını geyinmədən öncə ayağa dolanan qumaş parçası” mənasında) günümüzə qədər istifadə olunur. Azərbaycan dili lüğətlərində “bələmək, sarımaq, bürümək” mənasında çulğamaq feili qorunub saxlanılır. Məzmunca yaxın, lakin müəyyən fərqləri olan anlayışları ayırd etmək üçün çulğalamaq feilindən çulaq sözü (uzun corab) yaranmışdır. Çulaq sözü ilə yanaşı qunc (corabın, uzunboğaz çəkmənin dizə qədər hissəsi) ismindən “uzunluğu dizə qədər olan corab” mənasında quncaq sözü yaranmış və “İnteraktiv Əlifba”ya daxil edilmişdir.

Əlifbaya bəbək sözü də daxil edilib. Bu söz dildə göz bəbəyi ifadəsində və bəbəkoyunu mürəkkəb sözünün tərkibində qorunub saxlanılmışdır. Bəbəkoyunu sözü Azərbaycan teatrının tarixinə aid termindir. Qədimdə xalq teatrının bir növü, kuklalarla göstərilən tamaşalar bu sözlə adlanırdı. Bəbək leksemi, mənaca yaxın olan başqa sözlərdən fərqli olaraq çağanı, körpəni ifadə edən kukla deməkdir. Dilimizdə bəbəkgəlincik ifadələri ilə yanaşı, kukla (qədim yunan dilində “koukia”, latınca “cuculla”) və marionet (fransızca “marionnette”) alınma sözləri də işlədilir. Alınma sözlər daha çox teatr sahəsində istifadə edilən, həmçinin əl işi olaraq hazırlanan və xüsusi tətbiqi sənət növünə aid kuklalara şamil edilir.

Burada, bu və ya digər səbəbdən semantik (anlamsal) strukturunun bütövlüyünü qismən itirmiş qədim türk mənşəli sözlər haqqında danışmaq yerinə düşərdi. Bu sözlər qohum olduqlarına görə vaxtilə ümumi kökə malik olublar. Lakin zaman keçdikcə tarixi köklər qorunaraq işlədilmiş, törəmə sözlər isə itirilmişdir. Bəzi hallarda isə əks vəziyyət yaranıb - müasir dildə törəmə sözləri əmələ gətirən, leksemin özəyini təşkil edən ilkin köklər unudulmuş və ümumişləkliyini itirib istifadədən çıxmışdır. Bu cür vəziyyət dilin zənginləşməsinə mənfi təsir göstərir. Bu itki nəticəsində tarixi kök müstəqil morfem olmaqdan çıxır. Nəticədə dil eyni kökdən yeni törəmə sözlər yaratmaq imkanından məhrum edilir. Məsələn, yaxın keçmişdə dildə mövcud olan aşlamaq (yemək, qida qəbul etmək) feilini qeyd edə bilərik. Aydındır ki, aşlamaq feilinin nitqdə vahid söz şəklində istifadəsi “yemək yemək” söz birləşməsindən daha yaxşı səslənir. Belə sözləri dildə niyə bərpa etməyək?

- Qeyd etdiniz ki, “İnteraktiv Əlifba” rəqəmsal vəsaiti elektron lövhədə işləmək üçün hazırlanıb. Uşaqların yeni sözləri mənimsəməsi və gündəlik nitqdə sərbəst işlətməsi üçün, yəgin ki, qırx beş dəqiqəlik dərs kifayət etməz. Sizcə, bu işdə daha yaxşı nəticələr qazanmaq üçün nə etmək olar?

- Bir neçə il öncə müəllimlər “İnteraktiv Əlifba” vəsaiti ilə tanış olduqda bərpa edilmiş sözlərin sayı nisbətən az idi. Bununla belə, əcnəbi leksemləri əvəzləyən milli sözlərimizə xüsusi maraq göstərildi. Tədrisin onlayn təşkili valideynlər üçün övladlarının dərslərini evdən müşahidə etmək imkanı yaratdı. Nəticədə “İnteraktiv Əlifba”da bərpa edilən, həmçinin yeni yaradılan sözlərimizlə tanış olan valideynlər və yaşlı nəslin nümayəndələri dərs boyu keçirdikləri hiss və duyğuları təlimin sonunda təlimçilərimizlə paylaşaraq xoş münasibət bildirirdilər.

Aydın oldu ki, dilimizin saflaşması və zənginləşməsi məsələsi tək bizi narahat etmirmiş. Bu münasibət bizi həmin istiqamətdə səylə çalışmağa, tədqiqatları davam etdirməyə sövq etdi. Bu tədqiqat işində, təbii ki, dilçilik ixtisasına malik filoloji təhsil də kömək etdi və bunun üçün həyatda olan, həmçinin dünyadan köçmüş bütün universitet müəllimlərimizə minnətdarıq.

Tədqiqatlar nəticəsində passiv lüğətdən bərpa olunmuş sözlərin, eyni zamanda Azərbaycan dilinin söz yaratma qaydalarına söykənərək əzəli kök və sözdüzəldici şəkilçilər əsasında yaranan neologizmlərin ümumi sayı yüzlərlə hesablanır. Tədqiqat işlərinin nəticəsində toplanılan materialların çoxluğu onları elmi işdə əks etdirmək zərurəti yaratdı, sözsüz ki, biz bu istiqamətdə çalışırıq. Qeyd edək ki, “İnteraktiv Əlifba”, müəllimlərin dərsdə tətbiq edəcəyi rəqəmsal vəsait kimi hazırlansa da, xeyli valideyn vəsaitlə tanış olmaq üçün müraciət etdi. Beləliklə, hər kəsin əlifbadan yararlana bilməsi üçün “İnteraktiv Əlifbanı” kitab şəklində hazırlayıb nəşr etdik. Rəngarəng maraqlı təsvirlər rəssam Dinara Əli tərəfindən yaradılıb. Vəsaitdə yer almış maraqlı tapşırıqlar, təsvirlər və yeni sözlər https://www.instagram.com/education_aze/?next=%2F səhifədə bölüşülür.

Sözsüz, hər bir nəsil əmin olmaq istəyir ki, onu əvəzləyən gələcək nəsillər onlara ötürülən irsi itirmədən qayğısını çəkəcək, zənginləşdirib növbəti nəsillərə çatdıracaq. Rusiya təhsil portalların birində istifadəçilər üçün dərc edilmiş “Ümumi İmla” layihəsinin müraciət mətni diqqətimizi çəkdi. Bir haşiyə çıxaraq qeyd edək ki, “Ümumi İmla” - rus dilinin təbliğinə yönəlmiş 2000-ci ildən etibarən hər il keçirilən, yaşından, təhsilindən, yaşayışından asılı olmayaraq hər kəsin iştirak edə biləcəyi imla yazma müsabiqəsidir. Saytda verilən müraciət doğma dilə qarşı səmimi sevgi ilə doludur. Sanki müraciətin hər bir sətri oxucunu dilə qarşı xüsusi məhəbbətə kökləyir. “Yazdığınız imlanın nəticəsindən asılı olmayaraq, unutmayın ki, ana dilini bilmək heç də sabit qaydaların alqoritmik icrası deyil, onun gözəlliyini və əzəmətini hiss etməkdir. Bu hiss uzun illik təcrübə və dilə qarşı bəslədiyimiz qayğı ilə inkişaf etdirilir. Hər birimizin istər şifahi, istər yazılı nitqi gələcək nəsillərin söykəndiyi dil normalarına, bütünlüklə dilə təsir edir.”

Mətnin müəllifləri ilə razılaşmamaq mümkün deyil. Gələcək nəsillərə miras qalacaq dil quruluşu bizim onlara nə ötürəcəyimizdən asılıdır. Sadəcə yeni söz icad edib, onun varlığını bəyan etməklə dilə yeni sözlər gətirmək mümkün deyil. Sözlər, ilk növbədə, gündəlik nitqdə fəal istifadə edilməlidir. Bu halda, vəzifənin icra edildiyini və dilin yeni (o cümlədən bərpa edilmiş) sözlərlə zənginləşdiyini hesab etmək olar. Düşündük ki, praktiki olaraq, belə bir vəzifəni “İnteraktiv Əlifba” vasitəsilə həyata keçirmək məqsədəuyğundur. İbtidai sinifdə yaşla əlaqədar olaraq dil fəal surətdə mənimsənilir və uşağın söz ehtiyatı intensiv şəkildə inkişaf edir. Buna görə də, bu dövr fəal söz ehtiyatının zənginləşdirilməsi üçün ən optimal və uyğun dövrdür. Mütəxəssislərin fikrincə, uşaqların söz ehtiyatı 6-7 yaşında 4000-dirsə, 10-11 yaşında 7000-dən 15000-ə çatır. Bu, orta rəqəmlərdir, yəni orta inkişaf səviyyəsinə malik uşaq üçün buna nail olmaq çətin deyil. Biz isə çalışmalıyıq ki, dərsliklərimizin lüğət tərkibi, eləcə də valideynlərin övladları ilə ünsiyyəti bu göstəricilərə uyğun olsun. Sirr deyil ki, insanın nitqi bilavasitə təfəkkürlə bağlıdır. Biz söz ehtiyatının daim zənginləşməsinə zəmin yaratmaqla təfəkkür bacarıqlarının formalaşmasını ləngitmirik, əksinə - uşaqların ümumi əqli inkişafını təmin edirik, ona təkan veririk.

Müəllimlər tez-tez şikayətlənirlər ki, rənglərin adını çəkəndə uşaqlar Azərbaycanca deyil, türkcə sözlərdən istifadə edirlər: mor, turuncu, pembe, gri və s. Bu kimi rənglərin adları dilimizdə olduğu halda, onlara təkrarən mənası tamamilə eyni olan qarşılıq gətirməyə ehtiyac yoxdur. Axı dilin özəlliyi, saflığı bundadır.

Təbii ki, türk dili oğuz qrupuna aid dil olmaqla, Azərbaycan dilinə yaxındır. Qohum dillər arasında qarşılıqlı əlaqə və zənginləşmə tamamilə təbii bir prosesdir və bu cür təsir yalnız fayda gətirə bilər. Xüsusən, nəzərə almaq lazımdır ki, bizdən fərqli olaraq, müasir türk dilinin ötən əsrdə inkişafı ideoloji sərhədlərlə məhdudlaşmayan şəraitdə baş verib.

Lüğətlərimizdə eyni rəngin müxtəlif çalarlarını ifadə edən onlarla söz var. Bununla belə, onları gündəlik nitqdə, televiziya verilişlərində, digər media – vasitələrində nadir hallarda eşitmək olur. Əksəriyyətimiz rəngləri ifadə etmək üçün 10-12 sözlə kifayətlənir. Belə ki, darçını, şabalıdı, xurmayı, xınayı, qonur, qumral kimi qəhvəyi rəngin müxtəlif çalarlarını ifadə edən sözləri nitqdə nadir hallarda istifadə edirik.

Biz valideynlər hansı dildə təhsil almağımızdan asılı olmayaraq ana dildə gözəl, səlis danışmaqla övladlarımızı da buna sövq edib ana dilə hörmət, sevgi aşılamış oluruq. Niyə nitqdə ərəb, fars sözləri əvəzinə qədim türk kökənli sözlərdən istifadə etməyək? Məsələn, hesab etmək ifadəsinin yerinə sanmaq (saymaq, güman etmək), xüsusiyyət sözünün əvəzinə, özəllik (səciyyəvi əlamət, fərqləndirici cəhət) sözündən istifadə etmək olar. Passiv lüğətdə az işlənən sözləri davamlı istifadə etməyimiz onların fəal, aktiv nitqimizə keçməsinə səbəb ola bilər. Məsələn, yüngül, asan sözləri ilə yanaşı, qolay (asan, rahat) sözü tətbiq oluna bilər. Qolay (qol sözündən törəmədir) sözünün mənası - qol gücünə görülə bilən, asan iş, yəni köməkçi vasitələrdən istifadə etmədən öhdəsindən gəlinən işi nəzərdə tutur.

Biz gündəlik həyatımızda bəlirtmək (bəlli etmək, aydınlaşdırmaq), sivri (itiuclu), qəndil (çilçıraq), sapılca (tava növü), parç (böyük fincan), qumquma (su qabı), кaşı (saxsı divar örtüyü), zökəm (soyuqlama), işgənə (ətlə, toyuqla və ya balıqla bişirilən yeməyin xalis suyu), üyüdücü (qəhvə və ya ədviyyat dəyirmanı), qulaqlıq, damcılıq (pipet), qısqac (kağız üçün sancaq), ötkəm (təkəbbürlü, lovğa), qurabiyə (“peçenye” barbarizminin qarşılığı), cağanı (xırçıldayan nazik qurabiyə), kökə (“bulka”), şirni (“pirojna” barbarizmi əvəzinə), bərni (“banka”), qəndab (“kompot”), yüyürük (qamak), cağdan (“futlyar”), buruntaq (heyvanlarda istifadə edilən ağız qayışı), xalta (ev heyvanları üçün boyun qayışı), qəfəslik (“dəmir barmaqlıq” əvəzinə), yüklük (maşının yük yeri), cəngəri (yasəmən rəngi) və s. kimi sözlərimizi övladlarımızla ünsiyyət zamanı işlədərək onların söz ehtiyatını zənginləşdirə bilərik.

Müasir İsrail, ümumiyyətlə yəhudilik tarixinə adını həkk etmiş şəxsiyyətlərdən biri olan Ben-Yehudanı (1858-1922) xatırlayaq. Qədim ibranicəni bərpa etməyi həyatının amalı bilən E.Ben-Yehudanın fədakar zəhməti sayəsində həmin dil bu gün İsrailin dövlət dilinə, habelə dünya yəhudilərini birləşdirən güclü amilə çevrilib.

İbrani (qədim ivrit) dili hələ eramızın II əsrində danışıq dilləri sırasından silindi. Artıq insanlar ünsiyyətdə bu dildən istifadə etmirdi, bu dil yalnız Tövratın, müqəddəs kitabların və duaların dili olaraq yaşayırdı. Eliezer Ben-Yehudanın həyatının məramı qədim ibrani dilini - gündəlik danışıq dilinə çevirmək idi. Müasirləri bunu qeyri-mümkün ağlasığmaz bir təşəbbüs hesab edir, soydaşlarının bir qismi isə açıq şəkildə buna qarşı çıxırdı. Qədim dövrün ibrani dili ilə müasir dünyanın reallıqları arasında keçilməz bir uçurum var idi. 1500 ildən artıq bir dövr ərzində inkişafını dayandırıb “yuxu”ya getmiş dili oyadaraq həyata qaytarmaq, onu ümumişlək hala gətirmək, yenidən hər ailədə gündəlik danışıq dilinə çevirmək kimi nəhəng vəzifənin icrasına E.Ben-Yehuda özündən, öz ailəsindən başladı. Yenicə dünyaya gələn oğlu ilə yalnız ibranicə danışaraq evdə başqa dillərə qadağa qoydu.

Təbii ki, aradan keçən əsrlər boyu Tövratın dili müasir həyatdan o qədər geri qalmışdı ki, bu müddət ərzində dünyada baş verən dəyişiklikləri lazımi şəkildə çatdıra bilmirdi: minlərlə nəsnəni ifadə etmək üçün söz yox idi. Buna görə o, oğlu ilə ana dilində danışmaq üçün bəzən ən adi anlayışları ifadə edən sözlər icad etməyə başlayır. Beləcə, "buba" (kukla), "qlida" (dondurma), "ofanaim" (velosiped) və s. sözlər ortaya çıxır. Ben-Yehuda müəllimlik fəaliyyətində yeni sözlərdən istifadə edir. O, bu dili ünsiyyətdə işlətməyi dost və tanışlarından xahiş edir. Həyat yoldaşına isə küçədə, bazarda, qonşularla gündəlik söhbətlərdə yeni sözlərdən daha çox istifadə etməyi tapşırır. Bu cür inadkarlıq qısa zamanda öz bəhrəsini verir: digər ailələr də Ben Yehudadan nümunə götürərək körpələrilə yalnız ivrit dilində danışmağa başlayır.

Digər dillərdə təbii olan sözyaratma prosesi ibri dilində məhz Ben Yehudanın iradəsi və səyləri sayəsində həyata keçirilib. Bununla belə, sözlər kortəbii və ya təsadüfi yaranmayıb: bunun arxasında elmi əsaslı və hərtərəfli düşünülmüş məqsədyönlü işlər dayanırdı. Neologizmlərin mənbəyi qədim dilin özü idi: yeni sözlər dini mətnlərin lüğəti əsasında və dilin qaydalarına uyğun olaraq yaranırdı. Beləliklə, ivrit dilinin qrammatik qaydalarına uyğun olaraq mövcud sözlərdən yeni sözlər əmələ gəlirdi. Məsələn, “milon” (lüğət) sözü “mila” (söz), “iton” (qəzet) sözü “et” (zaman) sözündən yaranıb. İki sözün birləşməsi ilə mürəkkəb sözlər əmələ gəlir: “miqdal” (qüllə) və “ya” (işıq) sözlərindən “miqdalyor” (mayak), “haya” (heyvan) və “qan” (bağça) sözlərindən “qan-hayot” (heyvanxana) sözləri yaranıb. Başqa bir üsulla isə dildə artıq mövcud olan sözlər yeni, əlavə məna qazanır: “aniva” (xüsusi bant növü) sözü “qalstuk” mənasında da istifadə olunmağa başlayıb, qədim “zoxalim” (sürünən) sözü isə, həmçinin, biologiya termini olaraq “sürünənlər” mənasını da qəbul edib.

Ben-Yehuda öz lüğətinin ön sözündə yazırdı: “Əgər istifadəsi dayandırılmış bir dili bərpa edib, bir nəfərin demək istədiyi hər şeyi ifadə edə biləcəyi danışıq dilinə çevirmək olarsa, heç şübhəsiz, bu dil bütün toplumun da danışıq dilinə çevrilə bilər”.

Bir müddət sonra 1886-cı ildə dünyanın yeni tarixində ilk dəfə bütün fənlərin ibri (ivrit) dilində tədris olunduğu ilk məktəb yaradıldı. Bundan həvəslənən müəllimlər fənləri tədris etməklə yanaşı öz ana dilində ilk dərsliklərin tərtib edilməsi ilə də məşğul olurdular. 1913-cü ildə ilkin olaraq alman dilində tədris aparılan Texnionda – İsrail Texnologiya İnstitutunda ibri dili rəsmi tədris dili oldu.

Fələstində Britaniya mandatı təsdiq edildikdən sonra 1922-ci ildə Ben Yehuda və onun tərəfdarları sayəsində ingilis və ərəb dilləri ilə yanaşı, ibri dili də rəsmi dil statusu alıb. Bu hadisə Ben Yehudanın ölümündən iki həftə əvvəl baş verib və sağlığında fədakar əməyinin bəhrəsini görmək ona nəsib olub. Bu, cəsarətli dilçilik təcrübəsi idi. Beləliklə, bəlkə də misli görülməmiş bu dil inqilabının nəticəsində ibri dili adətən yüzillərlə vaxt sərf olunan böyük bir mərhələni onillər ərzində qət etməyi bacardı.

Qıpçaq yazılı irsinin, həmçinin, Codex Cumanicus lüğətinin tədqiqatçısı Aleksandr Qarkavets türk dilini belə tanımlayırdı: “qədim türk dilinin nəfis özəlliyi və heyrətamizcəsinə cəsarətli dil yaradıcılığı”. Yeri gəlmişkən, Codex Cumanicus lüğəti Petrarka tərəfindən Venesiya Respublikasına hədiyyə edilmişdi (hazırda Venesiyada Müqəddəs Mark Evangelist Milli Kitabxanasında saxlanılır).

Biz ki, dərin kökləri olan türk dilinin varisi, qüdrətli Azərbaycan dilinin daşıyıcısıyıq. Qədim tarixi olan dilimizin gələcək nəsillərə necə və hansı vəziyyətdə çatdırılması bizim öhdəliyimizə düşür. Dil gündəlik nitqimizdə hisslər və düşüncələrimizi, təcrübə və dünyagörüşümüzü bölüşərkən istifadə etdiyimiz sözlərdən asılıdır. Çünki dil bir tərəfdən ünsiyyət aləti, digər tərəfdən isə ünsiyyət nəticəsində yaranan məhsuldur.

Paylaş:
5816

Son xəbərlər

Bütün xəbərlər