“Azərbaycanın daxili işlərinə müdaxilə yolverilməzdir” - Nigar Məmmədova

Qarabağ və Şərqi Zəngəzur Azərbaycanın suveren ərazisidir.
1news.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Nigar Məmmədova deyib.
"Rəsmi Bakı bu torpaqlarda müstəqil şəkildə bərpa və yenidənqurma işləri həyata keçirir. Heç kim bu prosesdə Azərbaycanın daxili işlərinə müdaxilə edə bilməz. Xankəndidə qanunsuz quraşdırılan erməni əsilli rəssam İvan Ayvazovskinin abidəsinin sökülməsi də, əzəli torpaqlarımızdan separatçılığın izlərinin silinməsi də Azərbaycanın daxili işidir, Konstantin Zatulin kimi ermənipərəst təxribatçıların bu mövzuda müdaxiləsi yolverilməzdir. Qarabağ xanlığını riyakarcasına “erməni xanlığı” adlandırmağa çalışan, işğal dövründə Azərbaycan torpaqlarına qanunsuz səfərlər edən, daim separatçılara havadarlıq edən, hərbi cinayətkarlıqda təqsirləndirilən erməniəsilli şəxslərin azad olunması üçün beynəlxalq təşkilatları Azərbaycana təzyiqləri artırmağa çağıran Zatulinin davam edən cəfəng mövqeyi başadüşülən deyil. Bu şəxs hər zaman ikitərəfli münasibətdə bərabərhüquqlu əməkdaşlığın əleyhinə olub. Qarabağ məsələsinin Azərbaycanın haqq işi olduğunu həzm etməyən K.Zatulin rəsmi Bakının mövqeyinin güclənməsindən hər zaman narahat olub.
Zatulinkimilər dərk etməlidir ki, Azərbaycanın milli maraqları hər zaman üstün olub və bundan sonra da belə olacaq. Bütün tərəfdaşlar da bu faktoru nəzərə almalıdır.
30 ilə yaxın davam edən işğal dövründə Azərbaycan torpaqlarında dağıdılan mədəni abidələrə, məhv edilən tarixi-mədəni irsə göz yumulub. Burada separatizmin kök salmasına məqsədli şəkildə şərait yaradılıb. Amma Azərbaycan öz gücü hesabına öz tarixi torpaqlarında separatçılığın kökünü birdəfəlik kəsib. Azərbaycan XİN-in bəyanatında da qeyd olunduğu kimi, Rusiya rəsmilərinin işğaldan azad edilmiş ərazilərimizdə, Şuşada olan zaman Natəvan, Üzeyir Hacıbəyli, Bülbül və Azərbaycanın digər mədəniyyət xadimlərinin abidələrinə qarşı vandallıqlar, habelə Azərbaycan ərazisində törədilmiş dağıntılarla tanış olarkən cəsarət tapıb bu halları pisləyən açıqlamalar verməməsi təəssüf doğurur".