Azərbaycanda oyun sənayesi: Ölkəmizdə kiberidmanın gələcəyi necə görünür?

Kiberidman ən sürətlə və dinamik inkişaf edən istiqamətlərdən biridir. Belə bir fikir var ki, bu sahə yaxın illərdə ən populyar idman növlərini “taxtdan” sala bilər.
Bütün dünyada kiberidman sürətlə inkişaf edir - məşhur oyunlar üzrə çempionatların büdcələri çoxdan 10 milyonlarla dolları, bazarın həcmi isə 1 milyard dolları ötüb. 2025-ci ilə qədər bazar həcminin təxminən 2 milyard dollara çatacağı proqnozlaşdırılır.
Kiberidman video oyunları üzrə fərdi və ya komanda şəklində keçirilən yarışların ümumi adıdır. Rəsmi olaraq ayrıca bir idman növü kimi tanınması video oyunlarını sadəcə əyləncə hesab etməyən geymerlərin qarşısında peşəkar özünüifadə imkanları açır.
Azərbaycanda video oyunlarına maraq getdikcə daha çox insanı əhatə edir. Artan janr müxtəlifliyi və oyunların əlçatanlığının yüksəlməsi də buna öz töhfəsini verir.
Ölkəmizdə kiberidman sahəsində fəaliyyətlər Elektron İdman Növləri Federasiyası tərəfindən həyata keçirilir. Bu yaxınlarda Federasiyada seçkilər keçirilib və "Gaming League Azerbaijan" şirkətinin rəhbəri Adil Mahmudov yeni prezident seçilib.
Adil Mahmudov Azərbaycanda kiberidman sənayesinin vəziyyəti, gələcək planlar və inkişaf perspektivləri barədə 1news.az saytına danışıb.
“Kiberidman sahəsində fəaliyyət mənim üçün yenilik deyil”, - Adil Mahmudov söhbətə başlayaraq deyib. “Gaming League Azerbaijan” şirkəti olaraq 2019-cu ildən etibarən kiberidmanın inkişaf etdirilməsi ilə məşğul oluruq. Həmin ilin dekabrından Qafqazın ən böyük kiberidman arenası Bakıda fəaliyyətə başlayıb. 2019-cu ildən indiyədək üçü beynəlxalq olmaqla, 50-yə yaxın turnir təşkil etmişik. 2022-ci ildə Kiber İdman Federasiyasının adının Elektron İdman Növləri Federasiyasına dəyişdirilməsi ilə bağlı təşəbbüs irəli sürülüb. Bütün dünyada “esports” adından istifad’ olunur. Buna görə də adın dəyişdirilməsinə qərar verilib”, - Federasiya prezidenti bildirib
O qeyd edib ki, Azərbaycanda kiberidman XXI əsrin əvvəllərində inkişaf etməyə başlayıb: “Azərbaycanda çoxları - bəziləri daha dərindən, bəziləri sadəcə əylənmək üçün müxtəlif oyunlar oynayıb. Kiberidmana maraq illər ötdükcə artır və bu tendensiya davam edir. Getdikcə daha çox insan kiberidmanla məşğul olur və elektron oyunlar oynamağa başlayır. Kiberidman inkişaf edir və onun öz üstünlükləri var. Gəlin pandemiya dövrünü xatırlayaq. Həmin vaxt bütün idman növlərinin fəaliyyəti dayandırılsa da, kiberidmana maraq daha da artdı. Pandemiya kiberidman sahəsinə o qədər də mənfi təsir etmədi, əksinə, sənayenin inkişafına müsbət təsir göstərdi”.
Elektron İdman Növləri Federasiyası yerli və beynəlxalq səviyyəli turnirlər təşkil edir. Adil Mahmudovun qeyd edir ki, bundan əlavə, federasiyanın məqsədi istedadları üzə çıxarmaq, onları inkişaf etdirmək və irəli çəkmək, həmçinin beynəlxalq səviyyəyə çatdırmaqdır. Federasiya Azərbaycanın oyun icmalarını birləşdirir.
“Azərbaycanın oyun icmaları oyunlar oynayan və bir qədər çalışarsa, potensial olaraq əsl oyunçulara çevrilə biləcək şəxsləri birləşdirir. Daim yeni oyunlar və müvafiq olaraq yeni oyunçular meydana gəlir. Bəzən isə oyunçular digər elektron oyun növlərinə keçirlər. Bəziləri üçün bu, sadəcə xoş əyləncədir, lakin bununla peşəkar şəkildə məşğul olan və pul qazananlar da var, çünki kiberidmanda yarışların büdcəsi kifayət də yaxşı olur. Kiberidmana maraq bir çox səbəblərdən qaynaqlanır. Son illərdə oyunların sayı artır. Bu oyunlar müxtəlif cihazlarda əlçatan olur.
Prinsipcə, Azərbaycanda kiberidmanın inkişaf tarixi bir o qədər də uzağa getmir, lakin bizim çatmağa çalışdığımız hədəflər var. Azərbaycanın bu sahədə böyük uğurlar qazanması üçün biz çox işlər görürük və bundan sonra da əlimizdən gələni edəcəyik. Biz həmçinin Bakı kəndlərində kiberidmana marağı artırmaq üçün də xeyli iş görürük.
Azərbaycanda ölkəmizi dünya arenasında təmsil edən komandalar var. Bu baxımdan oyunçuların təşviqi ilə məşğul olan “GMT Esports”u fərqləndirə bilərəm. Mobil oyunlarda, xüsusən də “PUBG Mobile”da özünü yaxşı tərəfdən göstərən oyunçular var. Onlar bundan pul qazanırlar. Hələlik, təbii ki, peşəkar geymerlərin sayı o qədər də çox olmasa da, onların sayı getdikcə artır. Hazırda belə oyunçuların sayı kifayət qədərdir. Biz onlarla yaxından işləməyə çalışırıq.
Çoxlu güclü oyunçularımız var. Məsələn, “Mortal Combat” oyununda Həmidi, “Point Blank” oyunu üzrə dünya mükafatçısı olan Orxanı göstərə bilərəm. İndi o, aktiv şəkildə “Valorant”da oynayır. Bundan başqa, FIFA oyunu üzrə güclü oyunçu olan Tural Həsənovu fərqləndirə bilərəm. Güclü oyunçuların əksəriyyəti müxtəlif sahələrdə çalışır, gündəlik həyatlarında işlə geyminqi birləşdirə bilirlər. Yalnız oyunlarla məşğul olan peşəkar oyunçular da var. Artıq qeyd etdiyim kimi, hazırda onların sayı o qədər də çox deyil, lakin biz bu istiqamətdə işləyirik. Biz beynəlxalq turnirlər də təşkil edirik”, - Adil Mahmudov bildirib.
Federasiya prezidenti son illər Azərbaycanda kiberidmana münasibətin dəyişdiyini qeyd edib: “Kiberidman sadəcə oyun və ya əyləncə deyil, ona yaxın vaxtlarda klassik idman növləri ilə bir sıraya çıxacaq və heç nə ilə onlardan geri qalmayacaq idman növü kimi yanaşılır. Onlayn yayım və pul mükafatları baxımından müqayisə etsək, kiberidman artıq bir çox klassik idman növlərindən geri qalmır.
Son illər gənclərin kiberidmana marağı xeyli artıb, komandaların sayı da artır. Kiberidman sadəcə bir oyun deyil. Bu ünsiyyət, yeni bacarıqlar deməkdir. Onlayn oyunlarda siz digər ölkələrin nümayəndələrinə qarşı da oynayırsınız. Oyunçu yeni təcrübə qazanır. Qeyd etmək istərdim ki, kiberidmana maraq hətta gözləntilərimizi də üstələyir.
Bəli, hələ də müəyyən stereotiplər var. Hər şeydə olduğu kimi, kiberidmanda da, oyunlarda da əndazəni aşmaq olmaz. Gəlin müxtəlif peşələrlə paralellər aparaq. Qanunvericiliyə görə Azərbaycanda iş günü 8 saatdan artıq ola bilməz. Kiberidmançıların da müəyyən məşq rejimi, istirahət vaxtı var. Bu da işdir. Peşəkar oyunçular sağlamlıqlarına və fiziki hazırlıqlarına nəzarət edirlər. Kiberidman sahəsində çalışdığım dövr ərzində çoxlu oyunçu ilə ünsiyyətdə olmuşam və deyim ki, kiberidmanla məşğul olmaq üçün müəyyən bacarıq və qabiliyyətlərə sahib olmaq lazımdır”.
Adil Mahmudov hazırda Azərbaycanda ən populyar oyunlara da toxunub.
“Azərbaycanda ən populyar oyun “PUBG Mobile”dır və bu, onun əlçatanlığı ilə bağlıdır. İndi hər kəsin bu oyunu yükləyə və oynaya biləcəyi telefonu var. “Valorant” oyunu da məşhurdur. Bu oyun 1-2 ildir ortaya çıxsa da, Azərbaycanda böyük populyarlıq qazanıb. Bu oyun üzrə çoxlu turnirlərimiz keçirilir. Təbii ki, futbol oyunları oynayanların sayı da çoxdur”, - o bildirib.
Elektron Oyunlar üzrə 17-ci Milli Çempionat 2023-cü ilin fevralında başlayıb və martın sonunda başa çatacaq. Çempionat 6 oyun üzrə keçirilir. Adil Mahmudovun sözlərinə görə, qaliblər Rumıniyada keçiriləcək dünya çempionatının regional təsnifat mərhələsində iştirak etmək hüququ əldə edəcəklər.
Federasiya rəhbəri 2023-cü il üçün planlardan da danışıb.
“Kiberidmançıların peşəkarlığı və bacarıqları, hər bir idman növündə olduğu kimi, turnirlərdə iştirak intensivliyindən asılıdır. Buna görə də, 2023-cü ildə turnirlərin sayını artırmaq niyyətindəyik, xüsusən də bir neçə oyun üzrə yeni oyunçuların iştirak edə biləcəyi liqalara start verməyi planlaşdırırıq. Əsas məqsəd liqaya start vermək və turnirlərin sayını artırmaqdır. Bu, oyunçulara təcrübə qazanmağa imkan verəcək.
Azərbaycanda kiberidman sahəsində böyük perspektivlər görürük. Əminəm ki, yaxın gələcəkdə kiberidman üzrə çoxlu çempionlarımız və güclü oyunçularımız olacaq”, - Adil Mahmudov bildirib.
Oyun sənayesi bazarının sürətli inkişafı onun iqtisadi potensialını artırır. İnkişaf tempini nəzərə alsaq, kiberidmanın tezliklə klassik idmanın drayverinə çevriləcəyini güman etmək olar. Kiberidman dünyanın ən sürətlə böyüyən bazarlarından biridir. Sevindirici haldır ki, Azərbaycan da bu proseslərdən kənar qalmır. Qarşıda çoxlu planlar və hədəflər var, lakin indidən deyə bilərik ki, ölkəmizdə kiberidmanın populyarlığının daha da artması qaçılmazdır. Bəlkə də yaxın gələcəkdə ölkə idmanında yeni dövr başlayacaq.
Teymur Maksudov




