Sahibə Qafarova: “İran parlamentini Azərbaycana qarşı bu cür təxribatlara son qoymağa çağırırıq”
"Aprelin 5-də İran parlamentində Azərbaycana qarşı qərəzli siyasi aksiya təşkil olunmuş, saxta və uydurma ittihamlar üzərində qurulan bir bəyanat qəbul edilib".
1news.az xəbər verir ki, bunu Milli Məclisin spikeri Sahibə Qafarova parlamentin 7 aprel 2023-cü il tarixli iclasında Milli Məclisin bəyanatı ilə əlaqədar çıxışında deyib.
"Təəssüf ki, Azərbaycan torpaqlarını 30 il işğal altında saxlamış, xalqımızın əsrlər boyu yaratdığı sərvətləri vəhşicəsinə talan etmiş Ermənistana bir dəfə də etiraz etməyən, hətta ona müxtəlif vasitələrlə dəstək verən İran bu gün Azərbaycanın İsrail Dövlətində Səfirliyinin açılmasından narahat olur.
Hamı bilməlidir ki, Azərbaycan müstəqil dövlətdir və hansı ölkə ilə necə münasibətlər qurması onun öz daxili işidir. Azərbaycanın suveren hüquqlarına qarışmağa heç kəsin ixtiyarı yoxdur".
"Biz İran parlamenti tərəfindən ölkəmizə qarşı irəli sürülmüş əsassız ittihamları qətiyyətlə rədd edirik" - deyə, S.Qafarova əlavə edib:
"İran parlamentini Azərbaycana qarşı bu cür təxribatlara son qoymağa və ikitərəfli münasibətlərə xələl gətirə bilən hərəkətlərdən çəkinməyə çağırırıq.
Hörmətli həmkarlar, onu da deməliyəm ki, bu gün bəzi ölkələrdə müəyyən qüvvələr Azərbaycan torpaqlarının düşmən tapdağından azad edilməsi, tarixi ədalətin bərpa olunması ilə heç cür barışa bilmirlər. Onlar ölkəmizə böhtanlar atır, bölgədə münaqişəni yenidən alovlandırmağa, Ermənistanla Azərbaycan arasında uzunmüddətli sülh yaradılması səylərini pozmağa çalışırlar.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin bu sözləri həmin qüvvələrə ən yaxşı cavabdır. Cənab Prezident demişdir: “Erməni havadarları, Ermənistanın işğalçılıq siyasətinə şərik olan ölkələr bizə qarşı informasiya müharibəsi elan ediblər.
...Əgər kimsə fikirləşir ki, bizə qarşı cızılmış çirkin planlar həyata keçə bilər, səhv edir”" - deyə, spiker söyləyib.