Deputat: Azərbaycan dünyada etibarlı tərəfdaş kimi qəbul olunur
“Azərbaycan dünyada etibarlı tərəfdaş kimi qəbul olunur".
Bu fikirləri 1news.az-a Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva deyib.
"Bu səbəbdəndir ki, dünyanın bir çox ölkələri Azərbaycanla əlaqələrin daha da genişləndirilməsinə maraqlıdır. Son illərdə Azərbaycan-Bolqarıstan münasibətləri də uğurla inkişaf etməkdədir. Prezident İlham Əliyevin aprelin 25-də bu ölkəyə işgüzar səfəri qarşılıqlı əlaqələrin daha da inkişafının göstəricisidir”.
Deputat bildirib ki, bu səfər ölkələrimiz arasında yüksək səviyyədə olan əlaqələri daha da inkişaf etdirəcək və qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığı gücləndirməyə töhfə verəcək. Səfər çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevin bolqarıstanlı həmkarı ilə təkbətək görüşündə ölkələrimiz arasında münasibətlərin strateji xarakter daşıdığı vurğulanıb.
Millət vəkilinin sözlərinə görə, Mərkəzi və Şərqi Avropa ölkələri, o cümlədən Bolqarıstanla ikitərəfli və çoxtərəfli əməkdaşlığın inkişaf etdirilməsi ölkəmizin xarici siyasətinin vacib istiqamətlərindən biridir. Bu mənada Azərbaycan ilə Bolqarıstan arasında münasibətlər hər zaman yüksək səviyyədə olub və müsbət dinamikası ilə seçilib. Qarşılıqlı hörmət və etimad üzərində qurulmuş Azərbaycan-Bolqarıstan əlaqələri ötən dövr ərzində iqtisadi, siyasi, enerji, humanitar və digər sahələrdə dinamik şəkildə inkişaf edib. Bir sözlə, Bolqarıstan Azərbaycanı Cənubi Qafqazda və Qara dəniz regionunda prioritet, strateji və etibarlı tərəfdaş hesab edir. Azərbaycan da Bolqarıstanla dostluq və əməkdaşlıq əlaqələrinin gücləndirilməsində maraqlıdır.
Sevinc Fətəliyeva qeyd edib ki, Azərbaycanın uğurlu enerji siyasəti Bolqarıstan üçün də faydalıdır. Azərbaycan təbii qazını Bolqarıstana çatdıracaq Yunanıstan-Bolqarıstan İnterkonnektoru (Interconnector Greece – Bulgaria, IGB) bu ölkənin Azərbaycan qazı ilə təchizatı baxımından mühüm əhəmiyyətə malikdir. Beləliklə, Azərbaycan təbii qazının Bolqarıstana çatdırılması ilə ölkələrimiz arasında münasibətlər yeni mərhələyə yüksələcək. Cənab Prezidentin bu ölkəyə işgüzar səfəri çərçivəsində aprelin 25-də Sofiyada “Bulgartransgaz” (Bolqarıstan), “Transgaz” (Rumıniya), FGSZ (Macarıstan) və “Eustream” (Slovakiya) və Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR) arasında əməkdaşlığın təşviqi ilə bağlı Anlaşma Memorandumu”nun imzalanması enerji sahəsində əməkdaşlığı daha da gücləndirəcək. Anlaşma Memorandumu Azərbaycandan Avropaya əlavə qazın tədarükü üçün 4 ötürücü sistem operatoru ilə SOCAR arasında əməkdaşlığın istiqamətlərini müəyyən edir. Əlavə qaz tədarükü “Həmrəylik halqası” adlandırılan Bolqarıstan, Rumıniya, Macarıstan və Slovakiyanın təkmilləşdirilmiş ötürücü şəbəkə sistemləri vasitəsilə həyata keçiriləcək. Prezident İlham Əliyevin imzalanma mərasimində dediyi kimi, Anlaşma Memorandumu icra olunduqdan sonra Avropada enerji təhlükəsizliyini birmənalı olaraq gücləndirəcək və Azərbaycan üçün daha çox Avropa ölkəsinə daha çox qazı ixrac etməyə fürsət yaradacaq. Bolqarıstan Prezidenti Rumen Radev isə Azərbaycanın təkcə Bolqarıstanın deyil, həm də Avropa İttifaqının strateji tərəfdaşı olduğunu vurğulayıb. Dövlət başçısı bu hadisəni Bolqarıstanla Azərbaycan arasında etibarlı, uzunmüddətli strateji əməkdaşlıqla əlaqələndirib.
“Bütün bunlar deməyə əsas verir ki, Azərbaycan-Bolqarıstan münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib və davamlı olaraq güclənir”,-deyə Sevinc Fətəliyeva vurğulayıb.