Toy karvanında avtoxuliqanlıq edən şəxs cərimələnib
Toy karvanında avtoxuliqanlıq edən şəxs cərimələnib.
Bu barədə 1news.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan məlumat verilib.
Bildirilib ki, sosial şəbəkələrdə Sabirabad rayonu ərazisində “VAZ-2107” markalı avtomobilin sürücüsünün toy karvanında yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq avtoxuliqanlıq etməsini əks etdirən görüntülər paylaşılıb.
Sabirabad Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində qeyd edilən qayda pozuntusunu törədən rayonun Qaragüney kənd sakini Vüqar Əhmədzadə müəyyən edilərək polis şöbəsinə dəvət olunub.
Burada onun barəsində inzibati qaydada protokol tərtib olunub və baxılması üçün rayon məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə V.Əhmədzadə sürücülük hüququndan 1 illik məhrum edilməklə 500 manat məbləğində cərimə olunub.