Elnur Musayev: Qanunsuz balıq ovu ilə bağlı 149 inzibati xəta haqqında icraat başlanıb
“Qanunsuz ov, həmçinin balıq ovu ilə bağlı prokurorluqda 7 cinayət işi və 149 inzibati xəta haqqında icraat başlanıb” .
1news.az xəbər verir ki, bu sözləri Baş Prokurorluq və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə keçirdiyi "Ekologiyanın mühafizəsi" başlıqlı mətbuat konfransında çıxış zamanı Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsinin rəisi Elnur Musayev deyib.
O bildirib ki, əvvəlki dövrdə başlanmış cinayət işlərinin qabaqlayıcı təsiri ötən ilin yarımilliyində bu sahədə hüquqpozmaların sayına müsbət təsir göstərib.
Elnur Musayev bildirib ki, yerin təkinin qorunması və istifadəsi qaydalarını pozulması ilə bağlı Baş Prokurorluq tərəfindən ölkənin müxtəlif bölgələrində araşdırmaların aparılır:
"Qax, Ağstafa, Şəmkir, Lənkəran, Quba və Tərtər və başqa rayonlarında yerin təkinin qorunması və istifadəsi qaydalarını pozulması barədə 30-a yaxın məlumat araşdırılır.
Əksər hallarda qanun pozuntusuna yol vermiş fiziki və hüquqi şəxslər tərəfindən ətraf mühitə vurulmuş ziyan tam şəkildə bərpa olunub, bununla yanaşı 3 hal üzrə cinayət işi başlanılaraq istintaq olunması üçün Baş Prokurorluğun İstintaq İdarəsinə göndərilib".