Mədəniyyət naziri Lənkəranda vətəndaşları qəbul edib
Mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən, mədəniyyət naziri Adil Kərimli iyulun 14-də Lənkəran şəhərində vətəndaşları qəbul edib.
1news.az xəbər verir ki, qəbuldan öncə Lənkəran şəhər Heydər Əliyev Mərkəzinə baxış keçirilib. Ümummilli lider Heydər Əliyevin Lənkəran şəhərində ucaldılmış abidəsi önünə gül dəstələri qoyularaq xatirəsi ehtiramla yad olunub.
Mədəniyyət Mərkəzində keçirilən qəbulda əsasən Lənkəran şəhəri, Astara və Lerik rayonlarından olan vətəndaşlar iştirak ediblər.
Mədəniyyət Nazirliyinin məsul əməkdaşlarının da iştirakı ilə keçirilən görüşdə vətəndaşların müxtəlif mövzularda müraciətləri dinlənilib. Müraciətlər əsasən işlə təmin olunma, mədəniyyət sahəsi və şəhid adına parkın qeydiyyata alınması ilə bağlı təkliflər, ortaya çıxan problemlərin həlli və digər məsələlərlə bağlı olub.
Vətəndaşları ayrı-ayrılıqda dinləyən nazir bütün müraciətlərin araşdırılması, qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli barədə müvafiq tapşırıqlar verib.
Görüşdə şəhid ailələri və qazilərin qaldırdıqları məsələlərə xüsusi həssaslıqla yanaşılması, vaxtında və obyektiv baxılması məqsədilə hər bir müraciət qeydiyyata alınaraq nəzarətə götürülüb.