Hüquqşünasdan protokoldan narazı olan sürücüyə dəstək: “Əgər qeyd olunan kimidirsə, ləğv olunmalıdır”
Xəbər verdiyimiz kimi ötən gün bir avtomobil sürücüsü Faiq Bağırov 1news.az-a müraciət edərək, yol polisi tərəfindən ona yazılan protokoldan yanlış olduğunu bildirərək, protokolun ləğv olunmasını istəmişdi.
O bildirib ki, Bakı Şəhəri Xan Şuşinski küçəsindən 1 saylı ASAN xidmətin arxasında olan küçəyə - Möhsün Sənani küçəsinə dönəndən sonra yol polisi onu saxlayaraq “Giriş qadağandır” nişanının tələbini pozduğunu deyərək, cərimə edib.
Yazılan cərimədən narazı olan sürücü bildirib ki, Möhsün Sənani küçəsinin girişində hərəkət istiqamətinin sağ tərəfində “Giriş qadağandır” nişanı olsa da Xan Şuşinski küçəsində məcburi hərəkət istiqaməti nişanı olan 4.1.5 Düzünə və ya sola hərəkət nişanı olmayıb.
Belə olan halda sürücü küçəyə daxil olandan sonra giriş qadağandır nişanını görüb və elə o an da yol polisi saxlayıb, cərimə yazıb.
Məsələ ilə 1news.az-ın sorğusuna cavab verən Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin rəsmisi polis mayoru Araz Əsgərli, ilkin baxışda cərimənin doğru yazıldığını qeyd edərək, məsələnin araşdırılacağını qeyd etmişdi.
1news.az şikayətlə bağlı nəqliyyat sahəsi üzrə ekspert, hüquqşünas Ərşad Hüseynovun da fikrini öyrənib.
Ə.Hüseynov bildirib ki, yazılan protokolla bağlı dəqiq şərh etmək üçün həmin əraziyə baxmaq, araşdırmaq lazımdı.
“Ancaq nəzəri olaraq deyə bilərik ki, bir küçədə birtərəfli hərəkət varsa, giriş qadağandırsa, həmin küçəyə dönülə bilən bütün döngələrdə, küçələrdə həmin istiqamətdə dönməni qadağan edən nişanlar olmalıdı. Belə məcburi hərəkət nişanları olduqda sürücü də əvvəlcədən başa düşür ki, qarşısına “giriş qadağandır” nişanı çıxacaq. Bu məsələnin hüquqi tərəfidir. Əgər faktiki olaraq da vəziyyət sürücünün dediyi kimidirsə, o zaman protokol ləğv olunmalıdır”.
Həmçinin oxuyun: https://1news.az/az/news/20230718055514430-Surucu-yazilan-protokolla-razilashmadi-DYP-resmisi-cavab-verdi-FOTO