Azərbaycan “Wenzhou Nixin Trading Co.Ltd" ilə potensial əməkdaşlıq imkanlarını müzakirə edib

Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov Pekinə səfəri çərçivəsində “Wenzhou Nixin Trading Co., Ltd” şirkətinin sədri Fan Cianşan ilə potensial əməkdaşlıq imkanları barədə fikir mübadiləsi aparıb.
1news.az xəbər verir ki, bu barədə nazir “X” sosial şəbəkədəki hesabında yazıb.
M.Cabbarov qeyd edib ki, Azərbaycanın biznes və investisiya mühiti, şirkət tərəfindən ölkəmizdə keramik plitələr istehsal edən zavodun tikintisi layihəsi üzrə görülən işlər barədə müzakirələr aparıb.
Keramik plitələr istehsal edən zavodun tikintisi layihəsinə əsasən, Sumqayıt Kimya Sənaye Parkının rezidenti “Azərbaycan Vanhong Ceramics Co” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Sənaye Parkının 22,8 hektar ərazisində müəssisə inşa edəcək. Müəssisədə Çinin qabaqcıl texnologiyalarının tətbiqi ilə yüksək keyfiyyətli, müxtəlif ölçülərdə keramik plitələr istehsal ediləcək. Müəssisənin məhsulları daxili bazarda satılmaqla yanaşı, region və MDB ölkələrinə ixrac olunacaq.
100 % Çin kapitallı layihənin investisiya dəyəri 70 milyon manata yaxındır. İllik istehsal gücü 18,5 milyon kvadratmetr keramik plitə olan müəssisədə 400 nəfər daimi işlə təmin olunacaq.