Kürdəmirdə zəlzələdən sonra komissiyaya 200 müraciət daxil olub | 1news.az | Xəbərlər
Cəmiyyət

Kürdəmirdə zəlzələdən sonra komissiyaya 200 müraciət daxil olub

16:31 - 04 / 09 / 2023
Kürdəmirdə zəlzələdən sonra komissiyaya 200 müraciət daxil olub

Kürdəmirdə baş verən 5,2 maqnitudalı zəlzələ zamanı rayon Fövqəladə Hallar Komissiyasına ötən gecədən bu saatlara qədər 200-dən çox müraciət daxil olub. Bu sayın artacağı da istisna edilmir. Ciddi dağıntı və tələfat yoxdur.

1news.az AZƏRTAC-a istinadən Kürdəmir rayon Fövqəladə Hallar Komissiyasının (FHK) sədri Ağali Kərimli bildirib.

O qeyd edib ki, rayon mərkəzi də daxil olmaqla, kəndlərdə ümumilikdə 100-dən çox evdə xırda çatların olması rayon Fövqəladə Hallar Komissiyası tərəfindən qeydə alınıb. “Çatların qeydə alındığı evlərin əksəriyyəti köhnə evlərdir. Hazırda komissiya öz işini davam etdirir. Əgər zəlzələ nəticəsində evləri yararsız və qəzalı vəziyyətə düşmüş sakinlər olarsa, dərhal onlarla bağlı müvafiq tədbirlər görüləcək”, - deyə komissiya sədri əlavə edib.

Xatırladaq ki, bu gün yerli vaxtla saat 20:38-də Kürdəmirdə 5,2 maqnitudalı zəlzələ baş verib. Zəlzələ Ağdam, Qəbələ, İsmayıllı, Ağsu ,Ucar, Göyçay, Bərdə, Ağdaş, Zərdab, Beyləqan, İmişli, Saatlı, Sabirabad, Biləsuvar və Cəlilabad rayonlarında 4-3 bala qədər hiss olunub.

Paylaş:
243

Son xəbərlər

Bütün xəbərlər