EY yerli sahibkarlara necə dəstək olur? | 1news.az | Xəbərlər
Cəmiyyət

EY yerli sahibkarlara necə dəstək olur?

15:06 - 06 / 10 / 2023
EY yerli sahibkarlara necə dəstək olur?

İstənilən ölkə iqtisadiyyatının dayanıqlılığı kiçik və orta biznesin inkişaf səviyyəsi ilə əlaqəlidir.

Bu baxımdan Azərbaycanda sahibkarlığın inkişafı, biznes mühitinin yaxşılaşdırılması məqsədilə aparılan islahatlar və dövlət tərəfindən verilən dəstək nəticəsində özəl sektor iqtisadiyyatın aparıcı gücünə çevrilib.

Ölkənin sosial-iqtisadi inkişafında sahibkarlıq hansı rolu oynayır?

Respublikamızda sahibkarlığın inkişafına böyük diqqət ayıran Prezident İlham Əliyev deyib: “Gələcək inkişafımızın uğurlu və dayanıqlı davamı üçün sahibkarlığın inkişafı prioritet olaraq qalır. Bu gün özəl sektor inkişaf edir, o cümlədən dövlət dəstəyi hesabına güzəştli kreditlər verilir. Bu kreditlər iqtisadiyyatın real sektoruna verilir. Biz gələcəkdə bu sahədə daha da fəal işlər aparmalıyıq ki, sahibkarlığı maksimum dərəcədə inkişaf etdirək”.

Bəs sahibkarlığın inkişafı ölkəmizə nəyi qazandırır? Nəticə etibarilə özəl sektorun həm ümumi daxili məhsulda, həm də büdcə gəlirlərində xüsusi payı artır. Son illərdə Azərbaycan iqtisadiyyatının neft sektorundan asılılığının azalması, yeni istehsal müəssisələrinin yaradılması, işsizliyin azaldılması və sosial yönümlü müxtəlif problemlərin aradan qaldırılmasına xüsusilə sahibkarlığın inkişafı sayəsində nail olunub.

Həmçinin hazırda investisiya qoyuluşları üçün münbit, siyasi, iqtisadi və sosial təhlükəsizlik baxımından sabit ölkə olan Azərbaycanın beynəlxalq münasibətlər sistemində müstəqil iştirakçı olmasında və ölkə iqtisadiyyatının dinamik inkişafında sahibkarların da böyük xidmətləri var.

Bəs Azərbaycanda sahibkarlıq strategiyası necə yarandı?

Hələ ölkə müstəqilliyinin ilk illərində ümummilli lider Heydər Əliyevin zamanla səsləşən yeni iqtisadi strategiyanın əsasını qoyması ilə Azərbaycanda böhrandan tərəqqiyə yönələn yol açıldı.

Kompleks islahatlar ölkədə iqtisadiyyatın bütün sahələrinin, o cümlədən sahibkarlığın formalaşmasına güclü təkan verdi. Azad sahibkarlığın inkişafına daim diqqət göstərən və ölkənin gələcək iqtisadi inkişafının məhz özəl sektorla bağlı olduğunu vurğulayan Heydər Əliyev deyib: “Sahibkarlığın inkişaf etdirilməsi, sərbəst iqtisadiyyata yol verilməsi, bazar iqtisadiyyatının yaradılması bizim strateji yolumuzdur”.

Xarici investisiyanın ölkəmizə cəlb olunması da Ulu Öndər Heydər Əliyevin apardığı uzaqgörən siyasət sayəsində mümkün olub. 2002-ci ilin 25 aprel tarixində yerli və may ayında xarici iş adamları ilə keçirilən görüşdə Heydər Əliyev deyib: “Aparılan siyasət, islahatlar və bazar iqtisadiyyatı prinsipi ölkədə yeni təbəqənin, sahibkarlar təbəqəsinin yaranmasına gətirib çıxarıbdır. Bu, belə də olmalıydı, çünki bazar iqtisadiyyatının əsasında şəxsi mülkiyyət, özəl mülkiyyət və sahibkarlıq durur. Bizim görəcəyimiz işlər ondan ibarət idi ki, islahatları həyata keçirmək üçün, bazar iqtisadiyyatının tələblərini ödəmək üçün lazım olan qanunlar qəbul etməliydik, qaydalar yaratmalı idik və ölkəmizdə bu qanunların həyata keçirilməsini, onlara riayət olunmasını təmin etməliydik. Biz deyə bilərik ki, bunu da etmişik. İndi Azərbaycanda böyük sahibkarlar təbəqəsi yaranıbdır. Sahibkarlar təbəqəsi Azərbaycan iqtisadiyyatının aparıcı bir hissəsidir”.

EY sahibkarlığın inkişafına necə töhfə verir?

Hazırda Azərbaycanda kiçik və orta sahibkarlığın, ümumilikdə ölkə iqtisadiyyatının inkişaf etdirilməsi üçün güclü potensial və geniş imkanlar mövcuddur. Ümumi biznes mühiti yaxşılaşdırılıb, maliyyə resurslarına çıxış imkanları daha sərfəli və effektiv təşkil edilib, kiçik və orta sahibkarlıq subyektlərinin yerli və xarici bazarlara çıxışı təmin edilib.

Bəs bu sahədə “EY” şirkətinin rolu nədən ibarətdir? Şirkətin Azərbaycan üzrə idarəedici partnyoru İlqar Vəliyev deyib: “Biz dinamik və rəqabətli iqtisadiyyata sahibkarlığın dəstəklənməsinə töhfə veririk. Bu sahibkarlar yaşadıqları və fəaliyyət göstərdikləri cəmiyyət üçün dəyər yaradan, olduqca maraqlı uğur hekayəsi olan insanlardır. Sevindirici haldır ki, müsabiqədə iştirak edib qalib gələn sahibkarlar Azərbaycanı dünyada təmsil edirlər. Bu, ölkəmizdə sahibkarlığın inkişafı baxımından olduqca əhəmiyyətlidir”.

“EY İlin İş Adamı” müsabiqəsi Azərbaycana nəyi qazandırıb?

“EY” şirkəti tərəfindən təsis edilmiş “EY İlin İş Adamı” müsabiqəsi dünyada 1986-cı ildən etibarən keçirilir. Azərbaycanda isə 2019-cu ildən etibarən yerli sahibkarları layiqincə qiymətləndirmək, dəstəkləmək və birləşdirmək niyyəti ilə keçirilməyə başlayıb.

Müsabiqənin münsiflər heyəti “EY” şirkətinə aid olmayan və ölkənin ən nüfuzlu şirkətlərinin rəhbərləri və biznes icmasının, beynəlxalq maliyyə qurumlarının nümayəndələrindən ibarətdir. Dünyanın ən nüfuzlu işgüzar mükafatlarından biri olan “EY İlin İş Adamı” proqramının məqsədi yüksək potensiala malik, əzm və dayanıqlılıq nümayiş etdirən iş adamlarının sahibkarlıq fəaliyyətini təşviq etmək, liderliyi və uğurlarını nümayiş etdirməklə başqalarını da ilhamlandırmaqdır. Öz sahəsində ilk qlobal mükafat proqramı olaraq, “EY İlin İş Adamı” 60-dan çox ölkənin 145-dən çox şəhərini əhatə edən regional, milli və qlobal proqram çərçivəsində uğurlu, inkişaf edən və dinamik biznes quran sahibkarları üzə çıxarır.

Proqramda iştirak etməklə sahibkarlar öz həmkarları ilə əlaqə qura, bizneslərini böyütmək üçün yeni yollar kəşf edə, şirkət və komanda profillərini yüksəldə bilirlər. Milli mərhələnin qalibi isə Monte-Karloda keçirilən nüfuzlu “EY Dünya Üzrə İlin İş Adamı” yarışında iştirak etmək imkanını əldə edir.

Beləliklə, proqram cəmiyyətə və iqtisadiyyata müsbət təsir göstərən uğurlu sahibkarları və onların ölkə iqtisadiyyatına verə biləcəkləri töhfələri tanıyır.

Reklam hüququnda

Paylaş:
420

Son xəbərlər

Bütün xəbərlər